Havalı adam
Page 1 of 2
Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:
– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?
Havva xala xüsusilə oğlu Fərman haqqında danışmağı sevərdi. Əkbər kişinin sualı bəhanə oldu, Havva güyümü çiynindən yerə qovub çöməldi, söhbətə başladı:
– Ay Əkbər qardaş, yazmaq deyəndə, niyə, hərdənbir yazır. Ancaq bir parça kağız ilə bəyəm ürəyim sakit olur? Odur ey, səs-sədası Ukraynadan, beşgünlük yollardan gəlir. Uzaq yer, əlim çatmır heç olmasa görüşünə gedəm...
Havvanın sözü Əkbər kişiyə qəribə gəldi:
– Sən də qəribə adamsan. Uzaq yer deyəndə, Fərman, şükür, uşaq deyil, nabələd deyil, onun üçün darıxasan. İgidin biridir, on dənə sənin, mənim kimisini dolandırar. Sən niyə onun üçün darıxırsan? Kefini pozma.
– Necə darıxmayım, nişanlı oğlandır, qız da yetişib, demişdim payız tədarükünü görərəm, vurdu dava düşdü. Bu yandan da Nabat şəfqət bacılığına yazıldı, davaya getdi.
– Lap davaya?
– Davaya!
– Fərman bilir, ya yox?
– Fərman haradan bilir, mən də gizlədirəm. Bəlkə oralarda tapışarlar. Nə deyim, qoy heç bilməsin.
Havvanın deməyə sözü çox idi. Ancaq Əkbər tələsik iş sahibi kimi qalxıb getdi.
Bir əsgər kəhriz başındakı qarağaca söykənib dolaqlarını bağlayırdı, Havva sudan evə qayıdandan ikicə dəqiqə sonra qapısı döyüldü. Havva həmin əsgəri qapıda görəndə nə isə demək istədi. Əsgər ona macal vermədi:
– Ay ana, Allah qonağı istərsinizmi?
Havva ev qapılarını taybatay açıb, könül rahatlığı ilə dedi:
– Niyə istəmirəm, bala, təki həmişə sizin kimi igidlər gəlsin! Buyurun içəri!
Qonaq içəri girdi. Şeylərini yerə qoydu. Havva ləyən gətirdi, su tökdü, əsgər əl-ayağını yudu. Ev sahibi eyvanda stol qoyub çay süfrəsi saldı. Qonaq soruşdu:
– Ana, bu süfrə mənim üçündürsə, içəridə sal!
– Balkon sərindi, dedim...
– Soyuqdəyməm var, evdə otursam yaxşıdır.
– Neylək, bala, harda ürəyin istəyir, orda otur. Ev-eşiyim peşkəşdi sizə!
Havva bunu deyə-deyə süfrəni içəriyə, evə apardı. Qonağın qabağına xörək qoydu. Özü də çəkilib bir tərəfdə oturdu. Havva qonağı aramsız gözləyirdi. Gözləyirdi ki, yesin-içsin, sonra təzə-təzə söhbətlər eləsin. Qonaq isə, deyəsən, arvadın ürəyindəkini hiss elədi. Süfrə başında söhbətə başladı:
– Ana, - dedi, - məni tanımırsan?
Havva diqqətlə onun üzünə baxdı. Bu sarıyanız, göygöz, gödərək, şirindil oğlanı harada gördüyünü yadına salmaq, tanışlardan birinə oxşatmaq istədi, bacarmadı.
– Yox, bala, - dedi, - zehnim kütləşib, fikrimə gəlmir. Kimlərdənsiniz?
Qonaq araya söz qatdı:
– Bu otaqda kim olur?
Havva xalanın ürəyinə damdı ki: "Qonaq gecə qalmağın dərdini çəkir, elə bilir yan otaq mənim deyil."
– Heç kim olmur, bala, özümündür. Öz ixtiyarımızdadır, yerdən sarı heç fikir-zad eləmə. Vaxt olub buraya oğlumun 5-6 yoldaşı gəlib, gecə də qalıblar, boluna dolanmışıq...
Qonaq, deyəsən, elə bu sözləri gözləyirmiş. Süfrədən kənara çəkildi:
– Ana, – dedi, – sən düz demirsən. Zehnin-zadın küt deyil. Nə sən məni görmüsən, nə mən səni. Sən məni tanıya bilməzsən, amma mən səni yaxşı tanıyıram. Muştuluğumu ver, Fərmandan xəbər gətirmişəm.
Havva bunu eşidən kimi irəli çəkildi.
– Ay səni xoş xəbər olasan, bala, de görüm, de görüm!
Qonağın boynunu qucaqlamaq istədi. Əsgər mane oldu. Əli ilə işarə etdi ki, "əyləş, qulaq as."
Havvanın rəngi qızarmışdı. Həyəcandan gözlərində qığılcımlar oynayır, qəlbi döyünür, nə isə demək istəyən dodaqları əsirdi. Lap əsgərin yanında bardaş qurub oturdu. - Danış görüm, sən Allah, ürəyim dözmür, de görüm, bəs Fərman hanı?
Əsgər zahirən cavan olsa da, sözlərindən dünyagörmüş, işbilən adama oxşayırdı.
– Əvvəla, - dedi, - ana, qoy özümdən deyim. Sizdə qonaq olmağımı, xahiş edirəm, bilən olmasın, çünki, biz əsgərlərə icazə yoxdur. Xəstə olduğuma görə məni buraxıblar. Evimizə gedirdim. Yoldan buraya dönmüşəm. Həm yoldaşım Fərmanın tapşırığını yerinə yetirmək, həm də bu istilərdən nəfəs almaq üçün sizə gəldim. Komandirimiz bilsə ki, mən özgə evinə-zada düşmüşəm, yaxşı olmaz...
Qonağın ehtiyatına qarşı Havva and-aman elədi.
– Arxayın ol, bala, kim var, kim bilə. Ev bizim, sirr bizim. Söhbə tini elə, Fərmandan de!..
Əsgər danışmaq istəyəndə Havvanın yadına nə düşdüsə soruşdu:
– Bala, eyib olmasın, ismin nədir?
Qonaq duruxdu:
– Nədən yanı soruşdun?
– Deyirəm elə sən də mənim oğlum, adını bilim axı!
– Ana, Fərmandan heç nigaran olma. Ukraynada bir yerdə, lap mənimlə bir bölükdə idik. Üzünə demirəm, elə bir oğlu böyüdən anaya əhsən olsun. Qızıl parçasıdır, ikimizin yoldaşlığımız yaxşı tuturdu. Vaxt olanda sizdən, ailədən söhbət salırdı. Əvvəllər darıxırdı, qəribsəyirdi. Elə ki, qız gəlib çıxdı, gədənin gözləri işıqlandı, kefi qalxdı göyün bir qatına.
Havva maraqla soruşdu:
– Hansı qız?
– Hansı qız olacaq, nişanlısı...
– Bəyəm Nabat lap gedib oralara çıxıb?
– Eh, çoxdan! Bizim bölük atıcılar bölüyüdür, onlarınkı da sanitar. Sabah-birigün davada, Allah eləməmiş, birimiz yaralansaq, Nabat başımızın üstündədir. Nabat da, maşallah, ölü üstünə getsə dirildər!
Qonaq söhbətinin ahəngini dəyişdi. Fərmanın sevgisi ilə maraqlandı.
– Hələ, ana, başa sal görüm, Nabatı ona sən tapmısan, ya özü rast gəlib?
Havva oğlunun nişanlanma tarixini, qızın yeddi arxa ''pak-pakizə" nəslini, özünün toy arzu-kamını, bəzi şeylər üstündə qohumlar ilə sözə də gəldiyini açıb yerbəyer söylədi.
Qonaq Havva arvadın söhbətini elə maraqla dinləyirdi ki, gözünü də qırpmırdı. Havva xala özü isə başqa şey ilə, Fərmanın həyatı ilə maraqlanırdı. Başı açılmış göy bir zərf gətirdi: "gör adresi düzmü yazılıb?"
Oğlunun hərbi libasda şəklini gətirdi. Qonaq baxdı və dedi:
– İndi daha bu paltarı dəyişib, komandir olub, boğazında nişanı var. Qayıdanda deyərəm təzədən çəkdirsin. İkimiz lap bir yerdə çəkdi rərik.
Qonaq başını tutub ufuldandı, Havvanın yadına düşdü ki, "axı bunu xəstəliyinə görə buraxıblar, kefini soruşmadım, xətrinə dəyər." Havva ərk ilə onun naxoşluğunu soruşdu. Qonaq da öz anasına, ailəsinə söyləyən kimi, heç şeyi gizlətmədi.
– Bilirsən, ana, - dedi, - mən bədbəxtəm. Zahirimə baxan deyər əməlli-başlı adamdır. Amma yox. Bir azarım var ki, Allah heç bir müsəlmana qismət eləməsin.
Havvanın ürəyi köyrəldi. Bu cür cavan, yeniyetmə, xoşsifət oğlanı yaxalayan azara lənət oxudu, bir də soruşdu:
– Axı, bala, mən də sənin anan-bacın, necə azardı o, həkimi, dərmanı olmamış olmaz?
– Yoldaşlarım da elə deyir, amma bilirəm ki, ürək-dirək verirlər. Mənim dərdimin çarəsi yoxdur. Dərdimi səndən niyə gizlədim. Fərmanın anası mənim də anamdır. Bu yayın əvvəlindən mənim başıma hava gəlib. Nədən olub, haradan gəlibsə, Allahın bəlasıdır, yapışıb xirtdəyimdən... Hərdən başımın havası tutur, gecə vaxtı yatağımdan qalxıram, başlayıram öz-özümə danışmağa, həkimlər dava-dərman verirlər, hələ ki, təfavüt görməmişəm. Tutanda azarın zərbindən az qalır ürəyim partlasın...
Qonaq dərdini danışdıqca Havva arvad "can-can" deyir, öz balasına yanan kimi, ürəyinin başını ovuşdururdu. Ürəyindən cindar çağırmaq, dua yazdırmaq keçirdi. Amma belə tədbirə əsgərin acıqlanacağını bilib dinmədi. "Havalı" adam ilə mülayim dolanmağı, sözünü dərhal eşidib əməl etməyi, xörəyinə istiot, bibər kimi təsirli şeylər salmamağı, yerini həmişə kölgə və sərin etməyi kəsdirdi. O, gözü gəncin üzündə, əl-əl üstə qoyub dayanmış, namərd xəstəliyi düşünürdü. Qonaq başını qaldırıb xahiş elədi:
– Ana, - dedi, - Fərman mənə bəzi şeylər tapşırıb. Gərək göndərəm. Mənim adım olmasın, vağzala sarı zəhmət çək, gör Ukrayna tərəfə pasılka götürürlərmi. Minik qatarı havaxt olur, hərbilərdən-zaddan heç gedən yoxdurmu?
Qonağın havası tutmasın deyə, ana onun hər sözünə cavab qəytarmırdı. Evdən çıxıb getdi. Qayıdanda əsgəri küncdə qurdalanan gördü.
Küncdə qoyulmuş balaca, yaraşıqlı bir qutu Havvanın nəzərini cəlb etdi. Ancaq soruşmağa utandı. Deyəsən qonaq ev sahibinin marağını duymuşdu. Qutunu əlinə alıb izah elədi:
– Ana, - dedi, - bunu nəyə oxşadırsan?
Havva gülümsündü:
– Nə bilim, - dedi, - bala, vayonnu adamsan, məndən soruşsalar ona ya saat deyərəm, ya qutu!
– Yaxşı dedin, qutudur. Amma voyenniyə-zada dəxli yoxdur. Sən nahaq mənə əsgər kimi baxırsan. Azad olmuşam. Xəstə adamam, məndən hərbçi heç bir şey ola bilməz. Görmürsənmi nə tüfəngim var, nə süngüm, hamısını alıblar. Bu qutunu azarıma görə mənə veriblər, havalananda qabağıma qoyuram. Nəki sayıqlayıram, hamısı özümə qayıdır. Öz səsim özümü havadan, sövdadan ayıldır. Zəhrimar belə də ağır şeydir ki...
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-havali-adam
Use ← → keys to move, R for a random poem
More by this author
Bəhram şahın ay üzlü, çöhrəsindən min bir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi.Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən-gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.
AtaZəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.
Qardaş qanıKomandir ilə mənim aramda əyri bitmiş, sıx kölgəli bir qarağac var idi. Sanki, komandirin işarəsini görüm deyə, ağac gövdəsini sağa tərəf yayındırmışdı. Mən komandirimin düz, cəld uzanan və bir istiqamət göstərən əlini, xüsusilə hədəfə tutulmuş süngü kimi şax dayanan şəhadət barmağını gördüm, tez yola düzəldim.Biz yaralılar üçün gedirdik. Onları dərhal şose yoluna, sanitar maşınına gətirməli idik. Axtarış yerlərimiz isə başdan-ayağa atəş xətti idi. Yaralı axtardığımız hər addım torpağa hər dəqiqə ölüm yağırdı.
QorxuAşağıdan, ev idarəsinin balaca klubundan musiqi səsi gəlirdi. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu. Oxuyanı Rəşid səsindən tanıdı. İskəndər idi. Rəşid bildi ki, uşaqlar çalıb-oynamağa yığılıblar. Sevincdən bilmədi nə etsin. Tez papağını başına qoydu, atasına dedi:– Ata, İskəndərgil klubdadırlar, mən də gedirəm.
Poems by other poets
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,