Havalı adam
Page 2 of 2 · 50%
Havva yaxın gəlib, qutuya diqqət yetirmək istəyəndə qonaq mane oldu:
– Yaxın düşmə. Amanın bir günüdür, təsirini itirərsən. Kənar adam yaxınlaşdı kəsəri azalır, xarab olur. Axı öz başımın ölçüsünə tikilib. Bu xarab oldumu, məni də ölmüş bil!
Havva bu sözləri eşitcək geri-geri çəkildi. Qonaq qutunun üstünü örtdü. Havva ayıq yatan adam idi. Xüsusilə bu gecə, evdə havalı adam olduğunu düşünmüşdü. Yatağına uzansa da, ürəyi səksəkədə idi. Gecənin bir aləmində qonaq ehmallıca durdu. Aşağı başa sürünüb, qutunu qabağına qoydu sayıqlamağa başladı.
Havva arvadı vahimə götürdü. Ha diqqət elədi ki, qonağın sözlərindən bir şey seçsin, mümkün olmadı. Qonaq yuxulu adamlar kimi, ahəstə səs çıxarırdı, ancaq sözləri qarmaqarışıq idi. Bir istədi durub həyətə yüyürsün. Əsgərin tapşırığı yadına düşdü. Əlacsız qalıb yerində çöməldi, tez-tez "bismillah" dedi, salavat çevirib Allahı çağırdı.
Havvanın duası, deyəsən, əsər elədi. Çox çəkmədi ki, qonaq qayıdıb dinməz-söyləməz yerinə girdi, o saat da xorhaxor şirin yuxuya get di.
Havva arvadın isə gözünə yuxu girmirdi. Cavan vaxtında bu dərdə düşən oğlana yazığı gəlir, anasının halına yanırdı.
Havva arvad qonağının belə havalı vaxtını görəndən sonra onunla daha ehtiyatlı dolanırdı. Qonaq da sakitləşmişdi. Gündüz axşamacan oturub kağız-kuğuz ilə qurdalanırdı. Gecələri də sayıqlamaqla keçirirdi. Üçüncü gün qonaq Havvaya dedi:
– Yadındadımı, sənə bir söz demişdim axı! Deyəsən unutmusan. Dedim mənə əsgər kimi baxma. Sizlərdə molla var, dua yazan var? Niyə tapıb gətirmirsən, niyə dərdimə əlac etmirsən? Fərman məni yola salanda arxayın elədi ki, "anam hamısını düzəldər." Bilirsən ki, biz əsgərlərə molla, dua söhbəti ayıbdır. Açıb danışa bilmərik, amma sənin kimi bir ev qadınına kim nə söz deyə bilər? Gecə buraya bir dua yazan tapıb gətirmək çətindirmi?
Havva qonağın bu xahişini boynuna aldı, amma ürəyinə cürbəcür fikirlər gəldi. Düşündü ki, "Fərmanın mollalardan zəhləsi gedərdi. Onlara fırıldaqçı deyərdi. Əsgər gedəndən bəri niyə gərək belə şəriətpərəst olsun? Yoxsa onun da ürəyinə vahimə düşüb, yoxsa bu cür adamlar ilə oturub-durandan dəyişilib?"
Bu fikir-xəyal ilə Mirzə Ələsgərin evinə gedirdi. Mirzəni çağırmayacaq idi. Belə bir xəstənin olduğunu danışacaq, əlac istəyəcəkdi. Mirzə xəstəni öz gözü ilə görmək niyyətində olsa, onda qonaq ilə məsləhətləşəcək idi.
Sərin bir yay axşamı idi. İşdən çıxmış adamların çoxu dayanıb radioya qulaq asırdı. Radio boruları isə gur-gur guruldayır, cəbhə xəbərlərini yayırdı. Havvanın evində radio yox idi. Ona görə də adət etməmişdi. Amma küçələrdə rast düşəndə dayanıb xəbərlərə, çalğı-şikəstəyə qulaq asardı.
Diqqətlə qulaq verdi. Radioda düşmənlərin hiyləsindən danışır, camaatı sayıq salırdılar:
– Vətəndaşlar, ayıq olun, tanımadığınız, şübhələndiyiniz adamları yoxlamamış müəssisəyə, evinizə buraxmayın. Faşistlər çox yerdə qızıl əsgər paltarı, milisioner libası geyinib, içərimizə soxulmaq istəyirlər.
Onların hiylələrini seçməyi, açmağı bacarın!
Düşmənlər özlərilə radio aparatı gəzdirirlər, hərbi sirlərimizi öyrənib, öz qərargahlarına çatdırmağa cəhd edirlər. Belələrini məhv etmək hər bir vətəndaşın müqəddəs borcudur. Bunlara qarşı amansız olun!
Radiodakılar, deyəsən, bu sözləri məhz Havva arvad üçün deyirdilər. Sanki, onun bu küçədən keçdiyini, evində yeni və tanımadığı bir qonaq saxladığını bilmişdilər. Odur ki, səs-səsə verib danışırdılar. "Bəlkə bizə gələn qonaq da faşistdir. Bəlkə fitnəkarlıq üçün bu cildə girib?"
Bu şübhə Havvanın qəlbindən keçəndə vücudunu bir üşütmə tərpətdi. Avamlıq ucundan qorxulu bir adamın felinə düşdüyünü güman edəndə canına daha bərk titrətmə düşdü. Xəyalında öz-özünü yoxlamaq istədi. Qonağın gəlişini, ilk gündən onun söz-söhbətini yadına saldı: "Yox, - dedi, - bu tərtəmiz adamdır. Xalis əsgərdir ki, var. Fərmanın yanından gəlməsə idi, məni nə tanıyırdı. Oğlumu nə tanıyır, nişanlısını nə bilir, adresini haradan alırdı. Yox, lənət kor şeytana."
Havva Mirzə Ələsgəri evində tapa bilməyib qayıtdı. Amma ürəyinə daman bir mətləbi unuda bilmirdi. Qonağın həmişə qutu qabağında sayıqlaması onu şübhəyə saldı: "Düz deyirlər, o aparatdır. Elədi, mərdimazar öz yerləri ilə dilləşir. Yoxsa havası başına vuranda eşiyə niyə çıxmır? Günün istisindən niyə tutması gəlmir?.. Ayrı yerdə nə üçün danışmır?.."
Evdə lampanın tamam söndürüldüyünü, qonağın isə qutunu qabağına qoyub sayıqladığını gördü. Hisslərinə daha da yəqinlik vermək üçün hərifin ağzını yoxlamaq istədi:
– Oğlum, - dedi, - xalqın arasına işpiyon-zad girir, gizlənir. Odur ki, milislər bu gecə bəlkə axtardılar, əsgərlik kağızını hazırla.
Qonaq əli ilə sinəsinə, başına döydü.
– Budur ey, bundan yekə kağız. Əsgərlikdə can qoymuşam, mənidəmi axtaracaq?
– Nə bilim, bəlkə, adamdı...
Qonaq etinasız oldu. Bir azdan sonra yanaşıb təkrar soruşdu:
– Kim dedi axtaracaqlar?
– Elə eşitdim...
– Lap evləri?
– Lap evləri!
Qonaq bir az fikirləşəndən sonra yenə soruşdu:
– Sənə kim dedi?
– Radio!
– Radio?
– Bəli!
– Nə dedi?
– Dedi də.
Qonaq donub qalmışdı. Nə tərpənir, nə durur, nə otururdu. Cinli-dualı kimi, birdən gülməyə başladı. Qəribə, məzəli bir söz eşitmiş, ya sirk tamaşası görmüş adamlar kimi qəh-qəh çəkdi, güldü, güldü:
– Aha, - dedi, - tapıblar! Havva xala şpiyon! Buna kim inanar?
Qonağın duruşu və gülüşləri Havva arvadın şübhəsini bir az da artırdı. Ancaq bunu hərifə hiss etdirməmək üçün tez söhbətinə davam etdi:
– Srağagün bir eləsini tapmışdılar. Gəzmək bəhanəsilə, nə bilim haçandan ey, yola düşüb. Gəlib ki, əlinə keçəni, ayağı dəyən yeri dağıtsın.
Havva bu söhbətdən sonra hərifin özünü itirməsini aşkarca hiss elədi. Fürsət axtardı ki, yüyürüb adam çağırsın. Evdə qonağı tək qoyub getməkdən qorxurdu. Göndərməyə də heç kəs yox idi. Astanaya çıxıb boylananda qonaq onu çağırdı:
– Ana, qapıda niyə durmusan, içəri gəl.
– Nə var içəridə?
– Sözüm var, içəri gəl!
Qonağın bu təklifi daha ev sahibində şübhə yeri qoymadı.
– Sözünü de, bala, eşidirəm!
– Xəlvətidir, bir bəri gəl!
Qonaq bunu deyib qadına yaxınlaşdı, onun qolundan tutub evə çəkmək istədi. Havva astanadan da ötüb həyətin ortasına düşdü. Qonaq "bir şey yadımdan çıxıb" deyə ev qapısından eşiyə çıxanda Havva qışqırdı:
– Qoymayın, faşist var. Gəlin, hay! O əsgər deyil, Hitlerin adamıdır!
Əlini dizinə çırpıb hay saldı, özü də küçəyə qaçdı. Adamlar hərifi qamarlayıb tutanda o, dartınıb atıldı. Havvanın gicgahına bir yumruq ilişdirdi.
Qonağı çağırılmamış qonaqlara məxsus olan yerə apardılar. Üzastarını tapıb təyin elədilər. Bəlli oldu ki, hərif Almaniyada casusluq məktəbi qurtarmış bir ağ zabitdir. Pozucu işlər üçün, xəbərçilik üçün, alman işğalçılarına xidmət üçün Sovet şəhərinə soxulmuşdur.
Bunların hamısı Havva arvada da aydın oldu. Ancaq Havva arvad bir şey başa düşə bilmirdi. Başa düşə bilmirdi ki, bu hərif Fərmanın sirlərini haradan bilir? Axı gələn kimi o, yeri-yurdu ilə Fərmandan xəbər verdi, hətta, Nabatı da tanıdı.
Bunları düşündükcə Havva çaşırdı: "Bəlkə, - deyirdi, - Fərmanı da aldadıb, bəlkə oğlanın kağızını ələ keçirib, bəlkə özünü ona yaxşı tanıdıb, inandırıb?.."
Özünün kəhriz başında oturub naqqallıq etdiyi, bildiyindən, bilmədiyindən dəm vurduğu heç yadına düşmürdü. Havalı qonağın tarixçəsini eşidən Əkbər kişi keçən gün kəhrizin başındakı söhbəti xatırlatmasaydı, bəlkə də Havva arvad yenə nigaran qalacaqdı.
Ondan sonra hər evdən çıxanda, hər evə dönəndə, binalar başında səslənən radio borularını gördükdə, Havva arvad minnətdarlıq edirdi:
– Həmişə ayıq olasan, məni yaxşı ayıltdın.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-havali-adam
Use ← → keys to move, R for a random poem
More by this author
Bəhram şahın ay üzlü, çöhrəsindən min bir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi.Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən-gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.
AtaZəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.
Qardaş qanıKomandir ilə mənim aramda əyri bitmiş, sıx kölgəli bir qarağac var idi. Sanki, komandirin işarəsini görüm deyə, ağac gövdəsini sağa tərəf yayındırmışdı. Mən komandirimin düz, cəld uzanan və bir istiqamət göstərən əlini, xüsusilə hədəfə tutulmuş süngü kimi şax dayanan şəhadət barmağını gördüm, tez yola düzəldim.Biz yaralılar üçün gedirdik. Onları dərhal şose yoluna, sanitar maşınına gətirməli idik. Axtarış yerlərimiz isə başdan-ayağa atəş xətti idi. Yaralı axtardığımız hər addım torpağa hər dəqiqə ölüm yağırdı.
QorxuAşağıdan, ev idarəsinin balaca klubundan musiqi səsi gəlirdi. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu. Oxuyanı Rəşid səsindən tanıdı. İskəndər idi. Rəşid bildi ki, uşaqlar çalıb-oynamağa yığılıblar. Sevincdən bilmədi nə etsin. Tez papağını başına qoydu, atasına dedi:– Ata, İskəndərgil klubdadırlar, mən də gedirəm.
Poems by other poets
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,