Ata
Zəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.
Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.
Səyyahlıqdan da xəbəri yoxdur. Çünki, o ömründə Xaçmaz ilə Soğanlı stansiyasından qırağa çıxmamışdır. Cavanlıqda, əmisi fayton işlədən zaman bəzən miniklər ilə gedib-gəlməli, atları idarə etməli olurdu.
Ancaq fayton da, məlumdur ki, nə qədər çox və yeyin getsə, dünya səvahəti üçün yaramaz.
Bəs Salman kişinin xəritəyə baxmaqda məqsədi nədir? Bir baxmır, iki baxmır, əlini çənəsinə qoyub gözünü divara zilləyir, sanki, o, rənglər, yazılar arasında vacib bir şey axtarır. Bir də görürsən şəhadət barmağını aparıb bir nöqtə üzərinə qoydu, əyilib gözünü o yerə zillədi, köksünü ötürdü, dodaqlarında bir şey mızıldadı...
Bunun səbəbini tapmaq üçün Salman kişinin ailə həyatından bəzi şeyləri bilməliyik. Bilməliyik ki, Salman kişinin təmiz və mehriban bir ailəsi vardır. On bir yaşlı qızı Rübabə, özünün qulluq etdiyi məktəbdə oxuyur. 17 yaşlı kiçik oğlu Əsgər traktor sürür. Böyük oğlu İsfəndiyar beş aydan artıqdır ki, ordudadır.
Salman kişinin bu oğlu əsgərliyə getməzdən qabaq da çox hörmət sahibi idi. İndi daha onu atası ilə yox, atasını onunla tanıyırdılar. Məktəbə nabələd adam gələndə, Salman kişi, özünə qarşı lazımi etinanı görmədikdə dillənməyə məcbur olurdu:
– Tanımırsınız, İsfəndiyarın atasıyam da, Ağayev İfəndiyarın... Ağayev İsfəndiyar!
Salman kişinin xəritəyə olan marağı da həmin İsfəndiyar ilə, əziz oğlu ilə əlaqədardır. İsfəndiyarın Qərb cəbhəsində olduğunu bilir və ona görə də bərk həyəcan keçirir.
Xüsusilə son hadisələr. Faşist ordularının Şərqə doğru yürüş cidd-cəhdi Salman kişini əsəbiləşdirir. Hər gün qəzetdə oxunanları, radioda danışılanları eşitdikcə oğlu İsfəndiyar gəlib gözünün qabağında dayanır. Bir gün Salman kişi radiodan eşitdi ki, quduz düşmən vətənimizin paytaxtına, qızıl Moskvaya doğru can atır. Varını-yoxunu, soldatını, zabitini, topunu, təyyarəsini bu tərəflərə töküb. Qızıl əsgərlər, dizlərini yerə verib gələni qırırlar. Faşistlərin Moskvaya doğru üz qoyduğu yollarda nemes meyiti qalaq-qalaqdır. Ancaq onlar buna baxmırlar. Onların Yezid kimi zalım zabitləri var. Soldatı hey qabağa itələyirlər.
Moskva ətrafında gedən vuruşmaların şiddətini və dəhşətini düşünəndə Salman kişi xəritəni öyrənmək istəmişdi. Bilal müəllim, uzanan cızıqların birləşdiyi böyük və qırmızı bir ulduzu göstərib başa salırdı:
– Salman əmi, bunu görürsənmi, bu yer paytaxtımızdır, Moskva dır. Düşmən qoşunları o yandan, gün batan tərəfdən Moskvaya can atırlar.
– Bəs bizim qoşun hayandan atışır?
– Bəyəm bizim qoşun bir yandan atışır? Düşmənin meyitini yerə sərmək üçün qoşunumuz göydə də, suda da, quruda da qızğın vuruşur. Təyyarələrimiz hər gün faşistlərin başına yüzlərlə bombalar yağdırır.
– Bəs, ay Bilal müəllim, bu cızıqlar nədir? Ulduzun o yan-bu yanındakı bu xətlər nə deməkdir?
– Bunlar Moskvadan çıxan dəmiryollardır. Görürsən, hər tərəfdən neçə-neçə dəmiryollar gəlir. Faşistlər gün batan tərəfdən yeriyib bəzi yollarımızı tutmaq istəyirlər. Bu saat qızıl əsgərlərimizin qəhrəmanlığı da elə bundan, düşmənin quduz axınının qabağını almaqdan ibarətdir. Burada sovet igidləri vuruşur ki, biri bir bölüyə güc gələr!
Salman kişi xəritənin bu yerini yaxşıca bəlləmişdi. Gündə neçə dəfə baxırdı. Qəzetdə faşist ordularına vurulan zərbə, onlardan alınan silah, sursat haqqında oxuyan kimi, Salmanı xəritə qabağında görərdin. O, elə ehtirasla baxır ki, deyirsən, cəbhədə əmələ gələn hadisələri burada da görəcəkdir. O, bu yollara, paytaxtı ümumi sovet torpağı ilə birləşdirən yollara elə baxır ki, deyirsən, hərəkət edən orduları, maşınları, qatarları, təyyarələri görəcəkdir. Deyəsən, İsfəndiyarı, ağır və odlu topunu bu yerdən o yerə çəkən, hər faşist tankını dağıtdıqca ürəyindən tikan çıxan igid oğlunu da burada görmək istəyirmiş.
Salman kişi, doğrudur, xəritədə, divarda vurulmuş adi bir kağız üzərində oğlunu görə bilməyəcək idi və görə də bilməzdi. Ancaq hansı bir hiss, hansı bir qayibanə xəbərsə ona deyir ki, "İsfəndiyar buradadır!" Bəlkə Salman kişinin həqiqi vətəndaşlıq hissi bunu xəbər verirdi. Bəlkə Salman kişi hər bir hücum edən qızıl əsgəri, ordumuzun hər bir nəfərini oğlu İsfəndiyar qədər əziz və doğma görürdü. Onların hər biri haqqında eşitdikdə öz oğlundan aldığı xəbər kimi qəbul edir, həyəcanlanırdı.
Bunların hamısı doğrudur, hamısı təbiidir. Bu mehriban atanın, oğlundan aldığı son xəbər daha maraqlıdır. Bu elə bir xəbərdir ki, onu camaat atadan tez bilmiş, tez xəbər tutmuşdur.
Bu səhər, birinci dərsə zəng vurulandan sonra Salman kişi öz adəti üzrə xəritənin qabağında oturub onu seyrə dalmışdı. Gözünü qırmızı ulduza dikib durmuşdu. Xəyalı ilə də cəbhələri, vuruşma meydanlarını, barıt qoxulu göyləri, gurultulu çölləri, partlayışlı suları gəzirdi.
Həmin bu dəqiqədə beşcə addım məktəbdən kənarda, damda səslənən radio aləmə səs salıb İsfəndiyardan, Salman kişinin oğlundan danışırdı. Radio bilsə idi ki, həmin igid oğlanın atası bu saat xəritə qabağında dayanıb cəbhənin nigarançılığını çəkir, ağzını məktəb həyətinə çevirib kişini çağırardı. Salman kişi bu dəqiqə bilsə idi ki, radio onun öz oğlu haqqında söhbət edir, İsfəndiyarın Moskva ətrafında on bir faşist tankını böyür-böyürə yıxdığını bir muştuluq xəbəri kimi ucadan sevinclə söyləyər, təpəsi üstdə küçəyə qaçardı.
Çox çəkmədi ki, radiodakılar Salman kişini tapdıqları kimi, Salman kişi də İsfəndiyardan gələn xəbərləri eşitdi. Qəzetin bugünkü nömrəsini alıb uşaq kimi evə yüyürdü. İsfəndiyarın anası, kürd qızı Mahı çay ağzında oturub paltar suya çəkirdi. Salman kişi həyət qapısından qışqırdı:
– A Mahı, bir bəri gəl!
Mahı ərinin səsinə dönüb baxdı, amma durmaq istəmədi:
– Əlimdə iş görürəm, nə deyirsən?
– Bura bax, a qız, oğlundan xəbər var!
Mahı oğlunun adını eşidəndə dik qalxdı. İri addımlarla kişiyə yaxınlaşdı, intizar və ürək döyüntüsü ilə soruşdu:
– Nə xəbərdi? Hanı?
Salman kişi arvadının həyəcanını çox gözəl duyurdu. Əlini uzadıb onun soyuqdan göyərmiş biləyindən tutdu:
– Qorxma, a qız, xoş xəbərdi! İsfəndiyar faşistləri qırıb töküb!
Mahının gözlərində ildırımlar çaxdı. İxtiyarsız əlini sinəsinə döydü:
– Nə deyirsən, a kişi!..
Salman kişinin sifətini məsud bir təbəssüm işıqlandırdı.
– Vallah!
Eyni təbəssüm Mahının çöhrəsində də göründü. O, sevincdən yaşarmış gözlərini ərinin əlinə sarı çevirdi:
– Hanı? Harada?
Deyəsən o, bu şad xəbəri gətirən vasitəni arayırdı. Ərinin əlində məktub, ya teleqramma olacağını güman edirdi. Salman kişi əlini qoltuq cibinə atıb qəzeti çıxaranda Mahı sevincindən qızardı:
– Qəzetə vurulub?
– Bə nə! Şəhər hamısı oxuyub!
Mahı çəkib qəzeti ərinin əlindən aldı. Balkona qaçdı. Divardan boylanıb qonşu qızını səslədi:
– Tutu, ay Tutu! Bir oxu görüm! Oxu, İsfəndiyarı yazıblar, oxu!
Qonşu qız Sovet İnformasiya Bürosunun Moskva ətrafında gedən döyüşlər haqqında məlumatını oxudu. İsfəndiyarın adı gələndə Mahı dözə bilmədi:
– Can, – dedi, – bala! Vuran əllərin var olsun, bala! Uzun qollarına anan qurban, oğul!
Salman kişi də özünü saxlaya bilmədi. Gözlərindən iki damcı fərəh yaşı axdı. Ər-arvad evlərinə qayıtdılar. Qəzeti bir də oxutmaq, İsfəndiyar haqqında daha çox şeylər eşitmək istədilər. Ancaq qapı döyülürdü. Qəzetçilər İsfəndiyarın atasını, anasını axtarırdılar. Hərbi komissariatdan gələn cavan və şinelli oğlan onları təbrik edir, vətəni üçün qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edirdi.
Həmin axşam bütün ölkə İsfəndiyarın atasının səsini, qoca məktəb xadiminin səsini eşitdi.
Salman kişi böyük bir iftixarla, haqlı bir ictimai ləzzət hissi ilə mikrofon qabağında dayanıb vətənə və oğluna deyirdi:
– İsfəndiyar, əməyim sənə halal olsun! Halal olsun sənə ananın südü! Halal olsun sənə qızıl əsgər adı! Atanın üzünü ağ elədin, həmişə üzün ağ olsun!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-ata
Use ← → keys to move, R for a random poem
More by this author
Şərqin qədim şəhərlərindən birində ömrünü bina tikməyə, abadlığa sərf edən qoca bənna yaşardı. Rahatlıq bilməyən bu möhnətkeş qocanın günü ağır zəhmətlə keçərdi. Adi torpaqdan, sudan qutu kimi kərpic yaradardı. Əlinin əməyini tikilişdə görəndə sevinər, qanadlanardı. Yaşayışın fərəhini bu mənalı əməkdə görərdi.Günün birində işinə məşğul ikən bir göyçək oğlan ona yanaşıb nəsihət eləməyə başladı. Təşəxxüslə dayanıb dedi:
Şaftalı söhbətiBəzi mütəxəssislərimizi qəribə bir azar tutub. Soruşursan: "Filan kitab necədir?" Deyir: "Əladır." Soruşursan: "Nəyə görə əladır?" – "Polşada çap olunub."Soruşursan: "Filan nəğmə necədir?" Deyir: "Əla!" – "Nəyə görə?" "Avstriyada, Bolqarıstanda oxunur." – "Filan rəsm necədir?" – "Əla, çünki, Marseldə göstərilir."
Beş almışam!Bizdə, el-oba içində bəzi rəqəmlər çox işlənir. Çox da məşhurdur: üç, yeddi, on iki, qırx."Atalar üçəcən deyib", "Qırx gün, qırx gecə toy elədilər", "İl on iki ay əlim işdədir."
DüzəlmədiUtancaqlıq!Kimdən soruşsan deyər ki, utancaqlıq yaxşı xasiyyətdir. İnsanın qanacağını, mərifətini, abır-həyasını göstərir. Beləsinin hər yerdə hörməti, izzəti var. Adı yaxşılığa çəkilir, ünvanına bir irad tutan olmur.