Bəzi mütəxəssislərimizi qəribə bir azar tutub. Soruşursan: "Filan kitab necədir?" Deyir: "Əladır." Soruşursan: "Nəyə görə əladır?" – "Polşada çap olunub."

Soruşursan: "Filan nəğmə necədir?" Deyir: "Əla!" – "Nəyə görə?" "Avstriyada, Bolqarıstanda oxunur." – "Filan rəsm necədir?" – "Əla, çünki, Marseldə göstərilir."

Əvvəl bu azar tək-tək adamlarda görünürdü. İndi yavaş-yavaş çoxlarına sirayət eləyib.

Dünən bir aqronomun redaksiyamıza gətirdiyi məqaləsini oxumuşam. Yazır ki, hulu, şaftalının bir "sortudur" ki, XIX əsrin axırında Amerikada "tapılıb." 1897-ci ildə Sovetlər İttifaqına gətirilib, oradan dəmiryolla Qafqaza, Azərbaycana gəlib çıxıb.

Sonra da aqronom yoldaşımız bu şaftalıların cinsindən, rəngindən, dadından yazır və sübuta yetirməyə cəhd edir ki, bu şaftalını "tapan" Amerika alimi bütün alimlərin, xüsusən Azərbaycan alimlərinin boynuna böyük haqq qoyub, onu heç vaxt unutmaq olmaz. Aqronom yazısının axırında belə bir qüssəli nəticə çıxarır: "Təəssüf ki, bizim qədirşünas camaat həmin böyük nəbatat, meyvəcat aliminin haqq-sayını lazımınca yad edib, onu kitablarda, qəzetlərdə, radiolarda və mitinqlərdə, səhər, günorta, axşam tərifləmirik. Hulunu yeyirik, onu ərsəyə gətirəni, onun dahi ixtiraçısını yadımıza da salmırıq. Gör biz nə qədər zəmanədən geridə qalmışıq. Tərəqqidən uzaq olmuşuq".

"Hörmətli aqronomun" məqaləsini oxuyandan sonra məni fikir götürdü. Yazı sahibinin "elm dəryası", "əsl əhli-qələm" olmasına zərrə qədər şəkkim olmasa da, ona bir neçə sual verməyi özümə borc bildim:

– Hörmətli aqronomdan soruşmaq istəyirəm ki, şaftalı növləri Amerikada çoxdur, ya, məsələn, Ordubadda, Gəncədə, Qubada, Batumda, Qoridə, sair Qafqaz şəhərlərinin bağlarında? Soruşmaq istəyirəm ki, 1897-ci ildə SSRİ-nin adı nə idi? Bir də soruşmaq istəyirəm ki, şaftalı, ya hulunun (sortu) rəngi, dadı onun məqaləsində yazılan, daha doğrusu, tərcümə olunan kimidir, ya ayrı cür olur?

Bir də onu demək istəyirəm ki, müəllif dostumuz şaftalını şaftalı ağacından, əsl mənbəyindən yox, Avropa dillərində höccələyib oxuduğu kitablardan tanıyır.

İkinci, demək istəyirəm ki, müəllif şaftalını vətəndaşlara sevdirmək, bu meyvəyə iştaha oyatmaq, bağbanlar, bağlar içində yaymaq üçün yox, onu calaq eləyən adamı tanıtmaq üçün vazır.

Üçüncü, nəbatat mütəxəssislərinə, şagird, tələbə, aspirant, ya oxuculara xidmət üçün yox, mərkəzi institutda çalışan aqronomlardan gələcək yazı işlərinə yaxşı rəy almaq üçün yazıb.

Dördüncü, beşinci və habelə...

Bu müəllif bilmir ki, Amerikadan buraya hər şey gəlsə də, şaftalı, ya hulu gəlməz. Ordan yumurta tozu, kokteyl-mokteyl gələr, saqqız-maqqız, rezin corab, müşəmbə gələr, amma nə şaftalı, nə əncir, nə şanı, nə Şamxor qarpızı, nə Corat qovunu, nə bedana tut, nə Quba alması, nə Şirvanın şirin narı, nə Lənkəran pomidoru, nə də Hövsan soğanı gələr.

Bizim bu aqronom, bitkilər, meyvələr, təbii nemətlər barəsində kənd camaatının yanında beş-altı il təcrübə keçsəydi, heç belə-belə məqalələri yazmazdı, ya da ayrı cür yazardı. Biz görmüşük ki, əsəri fəhlə, kəndli, zəhmət adamları üçün yazarlar. Qədim Yunanıstanda şəkli çəkib divardan asırdılar, xəlvətdə dayanıb qulaq asırdılar ki, görək camaat nə fikir deyəcək.

İndi bəzi müəlliflər əsəri yazıb tərcüməyə verirlər, heç oxuyanı gözləmirlər.

Bir də mənə məlum deyil ki, bəzi institutlarımız niyə həmişə, hər məsləhəti ancaq o yan-bu yandan alırlar. Çox təəccüblüdür ki, ənciri öyrənmək üçün Bilgəh bağlarını qoyub qaçırlar Kaliforniyaya. Arıçılığı öyrənmək üçün Meksikaya gedən bir tələbədən Qabaqtəpə balını, Dəstəfurdakı arıların xasiyyətnaməsini soruşublar. Tələbə kəndə qayıdıb, buradan neçə şan bal, neçə qutu arı aparmalı olub, çünki burada həmin işin təcrübəsini öyrənməmişdi, qədrini bilməmişdi, kənara gözübağlı getmişdi.

Hörmətli aqronom dostumuz bəlkə macal tapıb qələm sahiblərinin yazılarını, bəlkə də bu yazını oxudu. Oxusa, elə güman eləməsin ki, biz kənara, üfüqlərə, gələcəyə baxmağın, qonşulardan, hətta yadlardan öyrənməyin ziddinəyik. Biz bircə şeyin, öz yurduna, öz varına, öz varlığına firəng eyvanından baxmağın, özü də kəc baxmağın ziddinəyik. Biz istəyirik ki, aqronom olsun, həkim olsun, müəllim, artist, mühəndis olsun, hər kəs qabaqca yaşadığı yeri, o yerin, o yurdun nemətlərini, məziyyətlərini diqqətlə, məhəbbətlə öyrənsin. Öyrənəndən sonra cəsarətlə təbliğ etsin, tanıtsın, başqalarına sevdirsin...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets