Fitnə
Page 1 of 2
Bəhram şahın ay üzlü, çöhrəsindən min bir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi.
Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən-gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.
Çalğı və içki məclisində, ovda şah Fitnəni dinləməkdən ləzzət alar, rahatlanardı. Fitnənin çalğısı çəng, şahın çalğısı ox idi. Fitnə çəng vurardı, şah ov vurardı. Bir gün şah çöldə, dağ-dərədə ov etmək istədi, Fitnəni də özü ilə götürdü, maral dırnaqlı qara atını çölə çapdı.
Şah ov gördükcə nərə çəkib dağa-daşa səs salır, ox ilə ceyranları vurub yıxırdı. Şahın atlıları da hər tərəfdən çölü əhatə etmişdilər, ceyranları şah olan səmtə qovurdular.
Bəhram şah isə şir kimi pusquda durmuşdu. Atı altında oynaqlayırdı, əli isə ceyranların başına ox yağdırırdı. Tez-tez kirişi boşaldıb kamanını doldururdu. Oxun polad ucu gah ceyranları yerə sərirdi, gah daşa dəyib od qoparırdı. Sanki bu od ceyran ətini kabab bişirmək üçün lazım idi. Doğrudan da, şah oxu dəyən ovu kabab edirdi. Şah qabağına çıxan heç bir ovu buraxmırdı, ya vurur, ya tuturdu. Birdən çöldən bir neçə ceyran qalxdı. Şah qızmış şir kimi kamanı əlinə aldı, atın başını buraxdı, ceyranlara çatanda hədəfi tuşlayıb atdı, ox ceyranın buduna sancıldı. Ceyran ağzı üstə yıxılıb torpağı öpdü. Beləliklə, şah ceyranların bir neçəsini öldürdü, bir neçəsini tutdu.
Onun bu şücaəti aləmi heyrətə salır, bədnəzərlərin isə gözünü tökürdü. Fitnə şahın bu igidlik və qoçaqlığına susurdu: nazındanmı, hiyləsindənmi, nədənsə şaha tərif demirdi. Şah bunu hiss edirdisə də gözləyirdi.
Birdən uzaqdan bir ceyran qaçmağa başladı. Şah qıza dedi:
– Deyəsən, bizim ovçuluq şücaətimizi görmürsən. Elə olar, bizim məharətimiz tərifdən yüksəkdir. Dar gözlər onu seçməz... Budur, bir ceyran gəlir, təpədən-dırnağa qədər - harasını deyirsən nişan alım?
Fitnənin incə dodaqları tərpəndi:
– Gərək, - dedi, - məharət göstərəsən, bu ceyranın dırnağını başına tikəsən.
Şah onun dediyini yerinə yetirmək istədi, tez kaman tələb etdi, ağır və yuvarlaq mazım kamana qoydu, atdı. Mazı ceyranın beynini qızışdırdı. Yazıq ceyran dırnağını başına qaldırdı ki, ağrıyan yerini qaşısın, bu zaman şahın ildırım kimi aləmi işıqlandıran oxu ceyranın dırnağını başına tikdi. Ceyran üzüüstə yıxıldı. Şah Fitnəyə tərəf döndü:
– Necə atıram?
Qız dedi:
– Şah bunu vərdiş etmişdir. Adət edilən heç şey çətin olmaz. Adam vərdiş ilə hər bir işi edə bilər. Şahın düz vurması güc və ya məharətdən deyil, ancaq vərdişdəndir.
Fitnənin cavabı şaha çox ağır gəldi, iti balta ağacı kəsən kimi, onu kəsdi və qəzəbləndirdi. Şahın ürəyində Fitnəyə qarşı dərin bir kin doğdu.
Şahlar ürəklərindəki intiqam hissini qan ilə söndürərlər, ova acıqlandıqda atın üzəngisini qoparar və itin dərisini soymaq istərlər. Bəhram şah ürəyində deyirdi:
"Bu hayıfı kənizdə qoymaq olmaz, onunla hesablaşmaq lazımdır." Ancaq kənizi öldürməyə şahın əli gəlmirdi, çünki qadın öldürməyi özü üçün əskiklik sayırdı. Onun fikrincə qadın kişiyə tay, hərif deyil.
Şahın böyük bir sərkərdəsi var idi. Şah onu yanına çağırdı.
– Get, - dedi, - bu kənizin başını bədənindən üz. Bu bizim dövlət sarayımızın fitnəsidir. Fitnəni dəf eləmək ağıllı işdir.
Sadə və adil xasiyyətli sərkərdə Fitnəni qabağına salıb öz evinə apardı, onun başını bədənindən ayırmaq istədi. Qız ağladı və dedi:
– Ey sərkərdə, belə çirkin işi özünə layiq bilmə. Öz şərəfinə düşmən deyilsənsə, mənim kimi günahsız bir qızın nahaq qanını boynuna götürmə. Mən şahın ən yaxın adamı, müsahibi, kənizlərin seçilmişiyəm. O, məclislərində məndən başqası ilə maraqlanmazdı. Ərköyünlük məni aldatdı, şeytan məni yoldan çıxartdı. Kiçik bir hərəkətim şaha xoş gəlmədi. O mənə qəzəbləndi və ölümə hökm verdi. Sən gəl məni öldürməyə bu qədər tələsmə. Bir neçə gün səbir et, döz. Şaha de ki, onu öldürdüm. Şah bu xəbərdən sevinsə, qayıt məni öldür, qanımı sənə halal edirəm, əgər mənim ölüm xəbərimdən şah qüssələnsə, sən məni öldürmədiyindən qorxma, sənə heç nə olmaz. Sən şahın qəzəbindən qurtararsan, mən də ölümdən xilas olaram. Doğrudur, layiqli bir adam deyiləm, lakin bir gün gələr ki, bu yaxşılığının əvəzini verərəm. Sənin yanında xəcalətli olmaram.
Qız bunu deyib, balaca bir düyünçə açdı. Sərkərdənin qabağına yeddi parça ləl qoydu. Bu daşların hər birinin qiyməti bir ölkənin gəlirinə bərabərdi. Ümman dənizinin bütün gəliri o daşların yarı qiyməti qədər olmazdı.
Sərkərdə o gözəlin ağıllı məsləhətini dinləyib qanından keçdi və dedi:
– Amandır, söz burada qalsın. Heç kəsin yanında şahın adını çəkmə. Qoy səni mənim evimdə qulluqçu bilsinlər. Öz işində ol, bəxtim kömək eləsə, mən hər şeyi düzəldəcəyəm.
Onlar bu şərtləşməyə söz verib and içdilər. Sərkərdə zülm əməlindən, qız isə zəncirdən qurtardı.
Bir həftə sonra şah sərkərdəni gördü, ondan Fitnənin işini soruşdu:
– Ay necə oldu?
Sərkərdə cavab verdi:
– Ayı əjdahaya tapşırdım, ancaq qan bahasını göz yaşımla verdim.
Şah Fitnənin ölüm xəbərindən qüssələndi, gözü yaşardı. Sərkərdə şahın bu halını görüb sevindi, qızı öldürmədiyi üçün ürəyi sakit oldu.
Şəhərdən uzaq, kənar yerdə sərkərdənin abad bir kəndi və göyün bir qatına yüksəlmiş köşkü var idi. Sərkərdə altmış pilləli sarayın eyvanında Fitnəyə yer eləmişdi. Fitnə həmişə orada yaşayırdı. Həmin günlərdə sərkərdənin inəyi qəşəng bir buzov doğmuşdu. Fitnənin buzovdan xoşu gəlirdi. Hər gün onu boynuna alıb, ayaqlarını döşünə sıxar, pilləkənlərdən qaldırıb eyvana aparardı. Buzov isə get-gedə böyüyürdü, kökəlirdi. Fitnə də öz adətindən əl çəkmirdi. Gün o gün oldu ki, buzov altı yaşlı bir böyük öküz oldu. Fitnə yenə onu yerdən dama qaldırırdı, buna adət etdiyi üçün əziyyət çəkmir, ağırlıq hiss etmirdi. Öküz kökəlib ağırlaşdıqca, Fitnənin də qüvvəti artırdı.
Günlərin birində Fitnə ilə sərkərdə əyləşib dərdləşirdilər. Qız qulağındakı cavahirlərdən dörd dənəsini açıb sərkərdəyə verdi:
– Apar, - dedi, - bunları sat, puluna gülab ilə suvarılan kök qoyunlar al. Dünyanın naz-nemətindən ürəyin nə istəyirsə al, şam, şərab, şirni, noğul! Cənnət bağı kimi gözəl və böyük bir qonaqlıq məclisi düzəlt. Şahın bu tərəflərə yolu düşəndə üzəngisindən asıl, onu qonaq çağır. O, mehriban və nəcib adamdır. Sənin xahişini yerə salmaz, bizə gələr və başımızı ucaldar. Bu yüksək, qonaq sarayımızda qonaqpərəstlik edib şaha süd və şərbət içirdərik. Belə bir tədbir baş tutsa, hər iş düzələr.
Sərkərdə Fitnənin məsləhətini bəyəndi. Ancaq cavahirləri götürmədi, çünki onun min o qədər dövləti var idi. O, gizlin xəzinəsinin ağzını açdı, qonaqlıq dəsgahının hamısını düzəltdi - özü də şaha layiq şeylər düzəltdi: quş, balıq, erkək quzu ətindən bişirilmiş növbənöv ləzzətli xörəklər, şərbətlər, ətirli şirnilər, məclis bəzəyən gül və çiçəklər...
Bəhram şah adəti üzrə ova çıxmışdı. Çox gəzdi, çox ov vurdu, ancaq görün Fitnə qız onun özünü necə ovladı.
Şah sərkərdənin sarayı olan kənddən ötəndə çox münasib bir istirahət yeri gördü. Hər yan başdan-başa yaşıllıq və kölgəlikdi. Şah soruşdu ki, bu yer kimindir. Sərkərdə baş əyib şahın üzəngisindən öpdü və dedi:
– Şahım sağ olsun, qulunuza bağışladığınız kənddir. Şahım o kəndi xoşlasa, qulunun başını ucaldar, uğurlu qədəmini bu qulun evinə bassa, məni dünyanın başıucalarından edər. Sayənizdə başı göylərə dəyən bir köşküm var. Ətrafı sıx bağlar, güllər-çiçəklər, meyvə ağacları ilə örtülmüşdür. Sarayımın yanında cənnət bağları və behişt otaqları yalandır. Şah bu sarayda şərab buyurarsa, ulduzlar mənim astanamı öpər. Şahın qədəmi evimə ənbər iyi səpər, bəxtim açılar, milçəyim bal, öküzüm süd verər.
Şah sərkərdənin xahişini qəbul edib dedi:
– Get hazırlaş, ovdan qayıdanda sənin sarayında düşəcəyəm.
Sərkərdə baş əyib sevincək qayıtdı. Sarayını qiymətli fərşlərlə döşətdirdi, rum parçaları, çin qumaşları ilə bəzədi. Sarayın hər tərəfi par-par parıldayırdı.
Ev sahibi şahın qədəmlərinə cavahirat səpdi. Şah altmış pilləli eyvana çıxanda başı göylərə dəyən, kainata şəfəq salan Xəvərnəqin bütün gözəlliklərini əks edən bir eyvan gördü. Sarayda şadlıq məclisi quruldu. Yemək-içməklə məşğul oldular.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-fitne
Use ← → keys to move, R for a random poem
More by this author
Pəncərəmdən bir məktub atdılar. Oğlum yazırdı, Qafqaz cəbhəsindən yazırdı. Məktub karandaş ilə tələsik və qısa yazılmışdı. Əsgərin iri və möhkəm barmaqları, əsəbi hərəkətləri sətirlərdən hiss olunurdu. O, məktubunda heç bir yeni mətləb yazmamışdı, mənə deməli, sevindirməli bir xəbər yox idi. Salam göndərir, salamatlığını xəbər verirdi. Mən üç sətirdən ibarət olan oğul məktubunu əsgər məktubu kimi oxudum. Onun müəllifini, bu saat Qafqaz dağlarında düşmənə sinə gərib, bəla sellərinin qabağını kəsmək istəyən igid əsgəri gözümlə gördüm. O, irəli baxır, hətta atasının gəldiyini eşitsə də dönmür, bütün vücudu, diqqət və duyğuları irəlidə, canavar kimi qabağa soxulmaq istəyən faşist avtomatçılarının yerişi, hərəkətindədir. O, güllələrinə qənaət edir. Nişanını bəlləməmiş atmır, çayı bəri keçən, kolluqlarda qurdalanan düşmən nəfərlərini bir-bir şikar kimi dənləyir.Bu xəyal da olsa, oğlum ilə yaşadığım bu mənzərə mənə dərin, mənəvi bir təskinlik oldu. Başıuca bir ata iftixarı ilə sinəm qalxdı, ürə yim döyündü.
Qələmdan1Əntiqəfüruş Hacı Qılman Daşlı küçədən keçirdi. Yuxarı mərtəbələrdən bir göy pəncərəni taqqıldatdılar. Cavan bir oğlan başını eşiyə uzadıb Hacını səslədi:
Silah qardaşları1Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:
Mənim də haqqım varKonduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:– Niyə?