Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4

Page 1 of 4

1

Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:

– İlahi! Balamı yaman əldən saxla!

Pilləkənlərdən yuxarı dırmaşan adam düz buraya, Səltənətin evinə gəlirdi. Ağır və dəmirli soldat çəkmələri ilə möhkəm və yeyin yeriyən, heç nə soruşmadan, heç kəsi çağırmadan, heç bir tərəddüd etmədən gələn adam kim ola bilərdi?

Bunu düşünən kimi, Səltənətin vücudu bir an od təki yandı. Əlini duadan salıb cəld ayağa qalxmaq istədi. Yerimək istəyəndə dizlərinin tutulduğunu duydu. Daha bərkdən, bəlkə də, müdhiş bir ifadə ilə dedi:

– Xeyir ola?

O, qapıya sarı dönməmişdi ki, alçaqboy, dolu gövdəli, bir əlini çiynindən asmış, qolsuz kürk geyinmiş bir əsgər astanada dayandı, hərbi təzim edirmiş kimi, əlini alnına apardı, icazə istədi:

– Razreşite!

Səltənət çətinliklə dönüb qapıdakını görəndə, gələn adamın Nəcəf olmadığını biləndə vücudu buza döndü. Bütün əsəbləri sustaldı. Qadın pərişan bir halda kəlağayısını başında düzəldib qonağın qabağına çıxdı:

– Kimdir gələn?

Əsgər qoltuq cibindən qatlanmış bir kağız çıxarıb əlində tutdu və gülümsəyərək dedi:

– Nəcəf Turabovun evi buradadırmı?

Səltənət heç bir cavab vermədi. Ona görə dinmədi ki, bu sualı çox eşitmişdi və özü də belələrindən çox görmüşdü. Nəcəf orduya gedəndən bir neçə ay sonraya qədər hərbi komissarlıqdan çağırış vərəqəsi gətirirdilər. Nəcəfin adını necə çalpaşıq salmışdılarsa, onu axtarır, orduya çağırırdılar. Səltənət bütün bunlara əsəbiləşmiş, çağırış vərəqəsi gətirənə ağır sözlər demişdi:

– Nəcəf altı aydır davada ölüb-öldürür, siz hələ burada axtarırsınız?!

Səltənət bugünkü qonağı da çağırış vərəqəsi gətirən bilmişdi. Ona çörə deməvə söz axtarırdı.

Əsgər Səltənətin sükutunu görüb elə güman etdi ki, qadın təsirlənmişdir. Oğlundan gələn xəbərin nigarançılığından anaların bəzən dili də tutulur.

– Sizə, – dedi, – xala, xoş xəbər gətirmişəm! Nəcəfdən məktub var!

Səltənət bunu eşidən kimi, bükülmüş qamətini düzəltdi, parıldayan gözlərini əsgərin əlindəki cızıqlı kağıza dikib bərkdən dedi:

– Nə danışırsan? – Cəld məktubu aldı. – Can! Anan ölsün, ay Nəcəf! – deyib öpdü, gözünə sürtdü. Kürsü çəkib əsgərə təklif etdi. – Otur, bala!

Əsgər oturdu. Səltənət aşağı qaçıb Mehribanı çağırdı:

– Mehriban, xəbər var, yuxarı çıx!

Mehribanı gözləməyib evinə qayıtdı. Məktubu qoynuna, can köynəyinin altına qoydu. Sol əlini ipək köynəyinin üstündən qoyub sıxdı. Sanki, oğlunun məktubunda gözə görünməyən, lakin insana can verən bir şey, bir qüvvə, bir hikmət duymuşdu: bu qüvvət qəlbinə, vücuduna keçsin deyə, məktubu sinəsinə, ürəyinin başına sürtür, dodaqlarını tərpədərək körpəyə deyilən, eşidilməz bir səslə deyirdi:

– Can bala!

Tək oturan, maraqla Səltənətin evini süzən, hər səliqəyə diqqət edən əsgər Nəcəfin döyüş yoldaşı Aleksandr Zvonaryov idi. O, Nəcəflə cəbhədə tanış olmuşdu. Yaralanan günə qədər baş leytenant Nəcəfin adyutantı idi. Nəcəf onu Alyoşa çağırır, xatirini çox istərdi. Sakitlikdə həqiqi köməkçi, döyüşdə möhkəm arxa olan bu rus gənc komandirinin həyatını öz həyatından əziz tutub qoruyurdu. Dubovka kəndi uğrundakı axırıncı vuruşmada vücudunu təhlükəyə atan və Nəcəfi qəfil güllədən xilas edən Alyoşa sol qolundan yaralansa da, ağac başında gizlənən bir düşmən snayperini vurub gəbərtmişdi. Nəcəf nə qədər əmr edib hədələmişdisə, Alyoşa meydanı tərk etməmişdi:

– Yoldaş komandir, – demişdi, – mən sizi qoyub gedə bilmərəm. Sağ əlim salamatdır!

Axşam Nəcəf özü onu tibbi məntəqəyə yola saldı. Alyoşanın uzunmüddətli müalicəyə möhtac olduğunu görüb məntəqədə onu saxlamadılar. Təyyarəyə qoyub arxa xəstəxanaların birinə göndərməli oldular.

Alyoşa Bakıya göndərildiyini bilib sevindi. Komandirdən məktub, xüsusən adres almadığına təəssüf etdi: "Hər halda, mən Nəcəfin anasını sevindirməliyəm..."

Aleksandr Zvonaryov xəstəxanada 42 gün yatdı. Bu günlər onun ən çox darıxdığı günlər idi.

Xəstəxanaya çevrilmiş bu otaqlar, vaxtilə şəhərin məşhur məktəblərindən birinin binası idi. Aleksandr uşaq vaxtı burada oxumuşdu, gəncliyində burada dərs demişdi. İndi də burada müalicə olunurdu. Aleksandrı hər şeydən artıq darıxdıran bu idi ki, qolunun lülə sümüyiınü zədələyən güllə yarası çox yavaş-yavaş yaxşı olur. O, bu yaranın müalicəpəzir olduğunu eşidəndə güman etmişdi ki: "Beş-on günə vəzifəmə qayıdaram". Sən demə, bədən, insan üzvləri öz qanunları ilə yaşayıb inkişaf edirmiş. Buradakı tədric nə əmr, nə xahiş, nə də həkim hökmü ilə dəyişər. Bir an içində amansız güllənin söküb açdığı yara yerinin əvvəlki vəziyyətinə qayıtması üçün bir xeyli vaxt lazımdır. Atalar demişdir: azar batman-batman gələr, misqal-misqal çıxar.

Doğrudur, burada yoldaş çox idi. Müxtəlif cəbhələrdən, müxtəlif vəzifəli, müxtəlif xasiyyətli adamların hamısına indi bir ad verilmişdi: "Xəstə."

Həkimlər də, bacılar da, qulluqçular da, söhbətə gələn mühazirəçilər də buradakıları həmin adla çağırırdılar. İstirahət saatlarında hər kəs öz başına gələndən danışır, müharibə haqqında mülahizələrini, gələcək niyyətlərini deyirdi.

Alyoşanın isə çox vaxtı kağız oxumağa və kağız yazmağa sərf olunurdu. Bu qırx iki gündə o, Nəcəfə beş məktub yazmışdı, ancaq ikisinə cavab almışdı. Birinci məktubda öz halını təsvir edib Nəcəfdən ünvan və cavab istəmişdi: "Yoldaş komandir, mən istəmirəm, sizin evinizə əliboş gedim. Anana ən yaxşı hədiyyə oğul məktubudur. Xahiş edirəm, mənim zərfimdə ananıza yazın, mən özüm təqdim edəcəyəm.

Nəcəf də Alyoşanın xahişinə əməl etmişdi.

Alyoşanın yarası yaxşı olmuş, bağlanmışdısa da, qolu ağrısız hərəkət etmirdi. Onu üç ay möhlət ilə buraxıb vaxt bitəndə yenidən komissiyaya salınmasını lazım gördülər. Xəstəxanadan çıxan, hərbi libasını geyən kimi, Alyoşa birbaş şəhərin yuxarı hissəsinə, Mirzə Fətəli küçəsinə, Nəcəf Turabovun evinə gəldi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yanlış barmaqlar

Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan-sirkə, camış qatığı, sarı yağ, kəhrəba kimi buğda çörəyi. Süfrənin ortasında qızıl minarə kimi yüksələn bir çetverlik Kaxet çaxırı. Çay stəkanları dolur, şüşə get-gedə ağarır, süfrənin nizamı pozulur, çəngəl, bıçaq bir-birinə qarışır. Süfrə başındakıların qəhqəhəsi ucalır. Bayatı, şikəstə, musiqi, mahnı, "sağ olaq, mən ölüm" səsləri bir-birinə dəydikcə qabların içinə tökülüb, çilik-çilik olur. Çox keçmir, bu balaca otaq özünə gəlir. Doymuş qarınlar stola yapışır, sərxoş başlar söykənəcək axtarır. Yuxu, gecənin hakim komandanı, bir ilıq duman olub gözlərə dolur. Gözlər xumarlanır, kirpiklər süzülür, otaqda hərəkət kəsilir. Kimi üfürür, kimi xoruldayır, kimi də keçinmək üzrə olan xəstələr kimi, əl-qolu sallanmış, boyun əyilmiş halda xoruldayır. Bir sözlə, hər şey sərxoş və qeydsizdir. Pəncərədən baxan ay bu dostlara gülüb ötür.Muradlı saat 11-da gözlərini açan kimi, dərs yadına düşdü. Tələsik özünü yığışdırdı, papağım başına basıb qaçdı. Məktəbə çatanda gördü ki, uşaqlar idman meydançasında atılıb oynaşırlar. Muradlı utandığından başını aşağı salıb yeyinlədi, özünü vacib bir iş və ya təsadüf üzündən gecikmiş göstərmək istəyərək ciddiləşdi. Uşaqlar onu görən kimi, toplanmağa başladılar.

19365 min
Pərzad

Mən bu hekayənin adını "Pərzad" qoyuram. Qəhrəmanım arvaddır. Onun iri və uzun gövdəsi, at kimi yerişi vardır. Hər addımında bir metr məsafəni geridə qoyur. Enli və dəyirmi üzündə şübhəli bir keçmiş oxunur. İlk baxışda bıçaq tiyəsi kimi işıldayan nazik, qara hörükləri nəzərə çarpır.Məni ən çox maraqlandıran cəhət onun analığıdır. O, qəssab Hacının ikinci arvadıdır. Otuz yeddiillik həyatında üç qız anası olmuşdur.

193615 min
Kağızlar aləmi

Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.

193713 min
Kərpic məsələsi

Hər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.

193713 min

Poems by other poets