Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4

Page 2 of 4 · 25%

2

Səltənət oğlundan aldığı son məktubdan həm sevinmiş, həm qüssələnmişdi. Sevinmişdi ona görə ki, məktubu oxunanda Nəcəfin səsini eşitmiş, nəfəsini duymuş, gülümsər üzünü görmüşdü. Qüssələnməyinə də səbəb o idi ki, Nəcəf əziz bir yoldaşının yaralandığını yazırdı. Əl bət ki, Səltənət yaralanan adamı görməmişdi, tanımırdı və onun halına, ancaq başqa yaralıların halına yandığı qədər yana bilərdi.

Onu daha çox qüssələndirən bir ayrı şey idi. O, Nəcəfin məktubundan duyurdu ki, oğlu lap qabaqda, qorxulu yerdədir. "Bu gün yoldaşının başına gələn iş, Allah eləməmiş, dilim qurusun, sabah Nəcəfin başına gəlsə, mən neylərəm, əlimdən nə gələrdi?.." deyə düşünürdü.

Bu qayğı ilə düşünən, gəzən, işləyən, dincəlmək bilməyən qadın bəzən özünü lap itirir, nə etdiyindən xəbər tutmurdu.

Ötən gecə gördüyü qarışıq yuxularda oğlu ilə əlləşmişdi. Başını yastığa atan kimi, deyəsən, onu götürüb dava meydanına apardılar. Ağaclıq bir çöldə bir-birilə bıçaqlaşan adamları gördü. Odur, necə yüyürür! Başında papaq yoxdur. Yüyürür, qabaqdan əsən bərk soyuq küləyə qarşı yüyürür. Külək onun saçlarını, ətəklərini əzmək istəyir. Səltənət onu çağırır. O eşitmir, Səltənət qaçmaq istəyir, ayaqları yerdən üzülmür. Əllərini qıçına çataqlayıb, qıçını yerdən qoparmaq istəyir. Bir ayağı qalxanda o birisi daha dərinlərə, isti torpaqlara gedir. Səltənət var gücü ilə "oğlum !" deyib qışqırdı. Bu halda gözünü açıb özünü qan-tər içində gördü.

Bu gün əli iş tutmadı. Sexdə dayana bilmədi. Briqadirə yanaşıb: "Başım ağrıyır" dedi, izin alıb evə gəldi.

Doğrudur, başı ağrıyırdı, ancaq işləyə bilərdi və işləyəcəkdi də. Lakin Səltənət ayrı şey üçün evə gəlirdi. Bütün yollar boyu onun gözü bir şey axtarırdı. Küçədə qiymətli bir şey itirmiş adamlar kimi, gözünü yerdən ayırmır, gah su kəmərləri keçən yerlərdə dayanıb kölgələrə diqqət edir, gah yeraltı lağımlara baxırdı. Kənardan göz yetirənlər onu sərsəri adlandıra bilərdilər. Ancaq Səltənət heç kəsə baxmırdı. Bu halda bəlkə oğlu Nəcəf də onun yanından ötsə tanımaz, duymaz və onu danışdırmazdı.

Səltənət nə axtarırdı. Səltənət, Bakıda olmayan bir şeyi axtarırdı. Özii əslən bakılı olsa da, bu şeyin Bakıda olmadığını gözəlcə bilsə də, yenə axtarırdı.

Səltənət axar su axtarırdı. Axtarırdı, çünki ona axar su lazım idi. Bakıda yox, uzaqda, hətta, rayonda olsa da o, axar su tapmalı idi və tapacaqdı da. Ancaq uzağa getmədi. Nə düşündüsə, tələsik evə qaçdı.

Vedrələri əlinə götürüb həyətə, krantın qabağına endi, vedrənin birini sağa, birini sola qoydu. "Bismillah!" deyib krantı açdı. Su daşlara tökülüb arxa doğru axmağa başladı. Səltənət yuxusunu aram-aram sərin axar suya danışdı.

Pəncərə qabağında, taxt üstündə oturub yorğan sırıyan Mehriban Səltənətin hərəkətlərini izləyirdi. Qadının ayaqüstə dayandığını, suyun isə havayı axdığını görüb düşündü ki, "arvad özünü itirmişdir". Pəncərəni açıb onu səslədi:

– Səltənət bacı, Səltənət bacı! Suyu niyə axıdırsan.

Səltənət nə döndü, nə tərpəndi, nə də cavab verdi. Mehribanın səsinə Şərəbanı həyətə çıxdı. O da Səltənəti səslədi.

Səltənət əllərini qaldırıb Şərəbanıya işarə verəndə onun sifətində ciddi, qəti, həm də qorxulu bir sirr ifadə olundu. Onun böyüyən və sanki, bir dəhşətdən parlayan gözlərini görəndə Şərəbanı yerində dayandı. Ürəyində dedi: "Bu arvada nə olub!" O, bu saat Səltənətin nə isə qeyri-adi bir işə iqdam edəcəyini, ya təəccüblü bir şey deyəcəyini gözlədiyi anda Səltənət əllərini üzünə çəkib ayağı ilə vedrələri krantın altına itələdi. Doldurub əlinə aldı və yavaşcadan: "Mən qurtardım" deyə, evinə yollandı.

Şərəbanı da, Mehriban da, başqa qonşular da onun hərəkətindən heç nə başa düşmədilər. Qadın pilləkənlərdən çıxıb evinə girənə qədər ona baxa-baxa qaldılar. Səltənət müharibə vaxtında bugünkü qədər qəlb rahatlığı, ruh təskinliyi duymamışdı. Yuxusunu başdan-başa axar suya, özü də durna gözü kimi dumduru şollar suyuna söyləyə bildiyinə çox şad idi. Bu xoş niyyətin nəticəsində, yəqin ki, xoş xəbər eşidəcəyinə ümid bəsləyrdi ki, Alyoşa onun evinə gəldi.

Buna görə də Səltənət Alyoşanın gəlişinə xoşbəxt bir hal kimi baxırdı. Məktub oxunmamış da oğlundan yaxşı xəbər gəldiyinə inanırdı. Sevinmiş halda üzünü qonağa tutub soruşdu:

– Soruşmaq eyib olmasın, bala, adın nədir?

– Adım Aleksandr Zvonaryovdur.

Səltənət onun sözünü təkrar etmək istədi:

– Aleksan, necə?

– Bəli! Aleksandr Zvonaryov!

Mehriban içəri girdi. Səltənət məktubu qoynundan çıxarıb ona verdi. Özü diz çöküb gözünü Mehribanın ağzına dikdi. Mehriban Nəcəfin məktubunu ucadan oxudu:

Nəcəf anasının halını soruşandan, öz salamatlığını bildirəndən sonra Alyoşanı anasına tapşırıb yazırdı:

"Bu məktubu sənə gətirən oğlan mənim cəbhə yoldaşımdır. O, mənə çox yaxşılıqlar etmişdir. Çətin günlərimizi, dəqiqələrimizi bir yerdə keçirmişik, arxa-arxaya verərək, ölümlərə gedib-qayıtmışıq! Elə güman et ki, mən davadan qayıtmışam, evdəyəm. Mənə nə hörmət edəcəkdinsə, Alyoşaya et! Onun anası yoxdur. Ona oğul kimi bax, çünki, o, doğrudan da mənə qardaşdan yaxındır! Alyoşa sədaqətli oğlandır. Yoldaş yolunda oda girməkdən çəkinməz. Ana, xoşbəxtəm ki, belə bir cəbhə yoldaşım var!.."

Məktub oxunduqca, Səltənət Alyoşanın üzünə baxır, qolundan tutub yuxarı başda oturtmaq istəyirdi. Onun cibindən tənbəki kisəsi çıxartdığını görüb, qadın cəld ayağa qalxdı. Qıfıllı sandığını açıb Nəcəfin gümüş qutusunu gətirdi. Kim bilir, haçandan saxladığı bir "Koroğlu" papirosunu açıb gümüş qutuya doldurdu, üstünə də bir kibrit qoydu. Alyoşa utancaqlıq edib götürmək istəməyəndə Səltənət qutunu götürdü, ərk ilə Alyoşanın yan cibinə qoydu:

– Sən, – dedi, – mənim oğlumsan, Nəcəfin qardaşısan!

O gün Səltənətin evində bir bayram şənliyi var idi. Alyoşanın adına bişən xörək çəkiləndə süfrə başında Səltənətin qonşuları, iş yoldaşları da əyləşdilər.

Qonağın xəstəxanadan çıxdığını biləndən sonra Səltənət onu heç də buraxmaq istəmədi. Alyoşa Sabunçuda yaşayan xalasını görmək üçün tələsirdi. "Sabah nə təhər olsa, qayıdaram", deyə, çətinliklə Səltənətdən icazə alıb evdən çıxdı.

Alyoşa, doğrudan da, səhər tezdən qayıtdı, ancaq məyus qayıtdı. Görüşməyə getdiyi xalası səkkiz ay bundan qabaq vəfat etmişdi. Xalası qızı da Xaçmaza kolxoza işləməyə getmişdi...

Alyoşa bunları danışanda Səltənət ona təsəlli verib deyirdi:

– Bax, oğul, sən bizim xasiyyətimizə bələd deyilsən. Sən mənim oğlumsan. Səni Nəcəflə bir gözdə görmürəmsə, bu gözlərim tökülsün!

Demə ki, xalamın evi yoxdur. Bu ev sənə, sənin Nəcəflə dostluq gününə qurban! Qal burada, işləyəcəksən işlə, dincələcəksən dincəl! Nə ki dostun, qonağın da var, çağır, gözüm üstə yer verim. Gedən məqamda da özüm yola salaram.

Səltənət Alyoşanı corab fabrikində təsərrüfat işinə düzəltdi. Alyoşa müharibəyə, həyatın şiddətinə o qədər alışmışdı ki, dinc şəraitdə az qala darıxırdı. Ona elə gəlirdi ki, bir günlüyə, ya bir neçə saatlığa istirahətə çıxmışdır. Bu saat əmr gələcək, atışma başlanacaqdır.

İdarədə, iclasda, evdə, aşxanada – hər yerdə bir müvəqqətilik, bir ötərilik hissi Alyoşanı tərk etmirdi. O, bəzən çamadanını yır-yığış edib hazır qoyurdu. Səltənət bunu görüb təşvişə düşürdü:

– Nə oldu, yoxsa vaxtın qurtarır?

– Əlbət ki, qurtarmalıdır...

– Oğul, gərək qurtarmasın. Heç bir ay deyil sən işə düzəlmisən, yox, bir yaxşı hesabla!

Doğrudur, Alyoşa idarədə, fəhlə aşxanasında nahar edirdi. Ancaq Səltənət hər gün ona yemək düzəltməyi unutmurdu.

Aşxana yeməklərini məcazı çəkmədiyi üçün işdən qayıdıb özünə yemək hazırlayır, ya da dünəndən qalmış boyat xörəyi ocağa qoyub qızdırırdı. Bu xörəklərdə həmişə Alyoşanın payı var idi. Səltənət bu barədə də Alyoşadan üzr istəmişdi:

– Bala, – demişdi, – bilirəm sizlərdə içki adətdir. Amma mənim mümkünüm yoxdur. Özümün də heç elə şeydən başım çıxmaz. İçkini Allah qoysa, orada, – Səltənət əli ilə uzağı işarə edib cəbhəni göstərirdi.

– Nəcəflə bir yerdə! İndilik gərək məni bağışlayasan.

İçki olmasa da, Səltənət Alyoşanın süfrəsinə göyərti, meyvə, ya şirni qoymağı unutmurdu. Hər dəfə onun haqqında düşünəndə oğlunun tapşırığı qulağında səslənirdi: "Elə güman et ki, davadan qayıtmışam, evdəyəm, mənə nə hörmət edəcəkdinsə, Alyoşaya et! Onun anası yoxdur!" Bu səs qadının ürəyinə fərəh, hərəkətlərinə sürət verirdi. Kim bilsin, havaxtdan, haradan qənaət edib saxladığı doşab küpəsinin ağzını açır, meyvə qurusunu kompot bişirir, düyünçələrdən cürbəcür ədviyyə çıxarıb bişmişə tökürdü.

Alyoşa bəzən yarasından şikayətlənib deyirdi:

– Yaranın izi-əlaməti qalır. Mən ondan bilirəm ki, havada bir az soyuqluq artdımı, qolumda gizilti başlanır, deyəsən, dirsəkdən yuxarı soyuq bir sim gəzir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yanlış barmaqlar

Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan-sirkə, camış qatığı, sarı yağ, kəhrəba kimi buğda çörəyi. Süfrənin ortasında qızıl minarə kimi yüksələn bir çetverlik Kaxet çaxırı. Çay stəkanları dolur, şüşə get-gedə ağarır, süfrənin nizamı pozulur, çəngəl, bıçaq bir-birinə qarışır. Süfrə başındakıların qəhqəhəsi ucalır. Bayatı, şikəstə, musiqi, mahnı, "sağ olaq, mən ölüm" səsləri bir-birinə dəydikcə qabların içinə tökülüb, çilik-çilik olur. Çox keçmir, bu balaca otaq özünə gəlir. Doymuş qarınlar stola yapışır, sərxoş başlar söykənəcək axtarır. Yuxu, gecənin hakim komandanı, bir ilıq duman olub gözlərə dolur. Gözlər xumarlanır, kirpiklər süzülür, otaqda hərəkət kəsilir. Kimi üfürür, kimi xoruldayır, kimi də keçinmək üzrə olan xəstələr kimi, əl-qolu sallanmış, boyun əyilmiş halda xoruldayır. Bir sözlə, hər şey sərxoş və qeydsizdir. Pəncərədən baxan ay bu dostlara gülüb ötür.Muradlı saat 11-da gözlərini açan kimi, dərs yadına düşdü. Tələsik özünü yığışdırdı, papağım başına basıb qaçdı. Məktəbə çatanda gördü ki, uşaqlar idman meydançasında atılıb oynaşırlar. Muradlı utandığından başını aşağı salıb yeyinlədi, özünü vacib bir iş və ya təsadüf üzündən gecikmiş göstərmək istəyərək ciddiləşdi. Uşaqlar onu görən kimi, toplanmağa başladılar.

19365 min
Pərzad

Mən bu hekayənin adını "Pərzad" qoyuram. Qəhrəmanım arvaddır. Onun iri və uzun gövdəsi, at kimi yerişi vardır. Hər addımında bir metr məsafəni geridə qoyur. Enli və dəyirmi üzündə şübhəli bir keçmiş oxunur. İlk baxışda bıçaq tiyəsi kimi işıldayan nazik, qara hörükləri nəzərə çarpır.Məni ən çox maraqlandıran cəhət onun analığıdır. O, qəssab Hacının ikinci arvadıdır. Otuz yeddiillik həyatında üç qız anası olmuşdur.

193615 min
Kağızlar aləmi

Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.

193713 min
Kərpic məsələsi

Hər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.

193713 min

Poems by other poets