Səhər yenicə açılır. Göz işlədikcə görünən buruqlarla örtülü sahil görünür. Get-gedə buruqlar böyüyür, yaxınlaşır. Kaçalkaların səsi eşidilir. 80 nömrəli buruq həm ucalığı, həm də avadanlığı ilə başqa buruqlardan seçilir. Buruğun yağlayıcısı Mehrab Kamalov quyu başında çarxları yağlamaqla məşğuldur. Taxta budkanın kiçik və açıq qapısından onun enli kürəyi görünür. Kənardan yeyin gələn 45 yaşlı bir qadın - Tutu, mədən yolunun yoxuşunu tövşüyə-tövşüyə çıxır, Mehrabın yanına çatan kimi, əlini can köynəyinin qoltuğuna salır, bir kağız çıxarır:

– Bala, səni çağırırlar!

Mehrab, hərbi komissariatdan gələn çağırış vərəqəsinə baxıb, mazutlu əlcəklərini cəld çıxarır, kağızı cibinə qoyur:

– Vaxtına bir saat qalır ki!

Hər ikisi enib gedirlər. Mehrab qonşu buruqda çalışan Əhməd əmiyə tapşırır:

– Əvəzim gələnəcən bu buruğa da baxmanızı xahiş edirəm.

Əhməd əmi razılıq işarəsi verir.


Yeni və abad işçi mənzillərinin qapısında ana-bala bərk qucaqlaşmışlar. Bir az sonra Tutunun qoca, arıq və zəif əlləri oğlunun kürəklərindən çəkilir. Onlar bir də öpüşüb ayrılırlar.


Tutu 80 nömrəli buruğa, oğlunun çaydanını, fincanını, iş paltarını aparmağa gəlmişdir. Buruqda adam tapmayıb gözləyir. Əhməd əmi yaxınlaşır:

– Usta çağırmışdı, fəhlə tap, deyir. Tutu, gəlib işləsənə!

Əhməd əminin sözü Tutuya qəribə gəlir, əlini sinəsinə qoyur:

– Mən? Mən hara, mədən hara! Nə bilirəm, o maşının işgil-mişgilini! Qoca adamam!

Əhməd əmi onun sözünü kəsir:

– İşçi lazımdır. Nə qədər naşı olsan, köməyin dəyər.

Əli ilə mədənləri göstərir:

– Bunun hamısına baxan göz lazımdır, qulluq edən əl, yanan ürək lazımdır. O gecə külək vurub budkanın taxtasını lap çarxın üstünə salıb...

Paltarı yığışdırıb verir.

Tutu ona təsəlli verir:

– Fikir eləmə, Mehrab da iki-üç aya gələsidir. Səni tək qoymaz!

– Mehrab orada ikən buruqlar gərək daha çox neft verə! İkisi də birdir: Mehrab da faşist qırır, neft də! Neftin çox olsa, düşməni tez qırıb qurtararsan, dava qurtarar gedər!

– Neft neçə faşist qırır, bəyəm, faşist siçandı, neft töküb odlayasan?

Əhməd əmi göyə işarə edir:

– Ayroplan nəynən uçur, (yeri göstərir) tank nəynən yeriyir? Hamısı neftin gücünədir. Texnika deyirlər ha! Qanı-canı budur da! Stalin deyib, neft çıxardan da, faşist qıran əsgər kimi, qəhrəmandır!

– Bu sənəti bilsəm, çirmənib girərdim işə!

– Üzməyi suda öyrənərlər!


Gecədir. Tutu evində çay içir. Bərk külək qopur, qapı-baca səslənir. İldırım işığında pəncərədən əyilib düzələn ağaclar, küçə boyu burulan boğanaq görükür. Tutu narahat olur.

– Əhməd kişi bu vaxtı deyir, ha! Baxan göz lazımdır!

80 nömrəli buruq, külək təsiri ilə laxlayan budka, tozdan örtünən mədən Tutunun nəzərində canlanır. Tutu çayım yarımçıq qoyub geyinir. Bərk bürünür, oğlunun mazutlu əlcəklərini geyir, əlində yaşıl fənər mədənə yollanır.

Əhməd əmi əlində mazut qabı Tutu ilə qabaqlaşır. Tutu:

– Küləknən necəsən, Əhməd qardaş?

– Yaxşı gəlmisən, get, oradan mazut gətir.

Tutu Əhmədin göstərdiyi tərəfə gedib, mazut qabının birini götürür. Buruqları bir-bir gəzdikcə köməkləşib işləyirlər. (Biri fənər tutur, o biri mazut tökür.)

Tutu:

– Mən 80 nömrəliyə gəlmişdim. Mehrabın yerində kim işləyir?

– Heç kim! Adam qoymuram.

– Özün işləyirsən?

– Sənə saxlamışam! Başararsan, qorxma!

Qolundan tutub gətirir, oğlunun yerində oturdur.

– Sabah ustaya deyim, prikaz versin! Heyif deyil, belə bir zamanda sən bozbaş qazanının dibində ömür keçirirsən?!


Günəşli gündür. Tutu mədəndə növbədədir. Havada təyyarə gəzir. Tutu onun səsini eşidən kimi buruğa baxır, kaçalkanın səsini dinləyir. Onun yerişini izləyib kaçalkanın hərəkətinə baxır:

– Yox, sən yavaş gedirsən?

Başı ilə enib-qalxma hərəkəti göstərir:

– Tez-tez!

Gəlib silindrdən yapışmaq, təkan vermək istəyir. Birdən özü-özünə gülür: "Nə qayırırsan!"

Poçtalyon yanaşıb ona bir paket verir.

– Kimə çatacaq, bala?

– Buruğun yağlayıcısına!

– O, əsgər gedib, burada yoxdur.

– Onda üstünə qol çək aparım.

– Qol bilmirəm.

Poçtalyon paketin üstünə nə isə yazıb aparmaq istərkən Tutu irəliyə yeriyir:

– Axı yağlayıcı mənim oğlumdur. Məktubunu mənə versən, çatdıraram.

Poçtalyon məktubu qoyub gedir.

Tutu məktubun o yan-bu yanını yoxlayır: "Görəsən, qızdan-zaddan deyil ki? Nə bilmək olar, bəlkə, oğlanın gözləyəni-zadı var!" Məktubu Əhməd əminin yanına aparmaq istəyir, sonra fikrə gedir: "Oğlanı utandıran söz-zad olar, yaxşı deyil!" Məktubu cibində gizlədib qayıtmaq istəyir.

Əhməd əmi soruşur:

– Nəyə gəlmişdin?

– Dedim, görüm saat neçədir?

– Bilmirsən, mənim saatım yoxdur?

– Bəs deyirdin alacağam. Mükafat pulunu harda yedin bəs?


Axşamüstü evə qayıdanda qonşusu Məsmə Tutuya gözaydınlığı deyib, oğlundan gələn məktubunu verir.

– Aydınlığa çıxasan, oxu, görüm nə yazır.

Məsmə məktubu açır:

"Əziz anama salam! Ana, canına yaxşı bax! İstirahətindən qalma. Heç nəyin fikrini çəkmə! Allah qoysa, tezliklə faşizmi əzərik, oğlun yanında olar...!"

Tutu, cibindən başqa bir məktub çıxarıb Məsməyə verir:

– Gör bunda Mehraba nə yazılıb?

Məsmə oxuyur: "80 nömrəli buruğun yağlayıcısına!"

– Bu ki, sənə yazılıb?

– Yox, yağlayıcı Mehrabdır.

Məsmə məktubu oxuyur:

"80 nömrəlinin yağlayıcısı, ey məni əvəz edən fəhlə yoldaş! Səni tanımıram. Bilmirəm, arvadsan, kişisən? Bilmirəm, qocasan, cavansan? Onu bilirəm ki, fəhləsən. Vacib yerdə əlin işdədir. Var qüvvənlə çalış. Sən də bir əsgərsən, lazım gəlsə, canını əsirgəmə! Hər çətinliyi dəf etməyi bacar. O buruqda mən də, mən Şirzad oğlu Mehrab da işləmişəm. İndi mən əsgərəm. Düşmən ilə vuruşuram. İstəyirəm, səninlə yarışa girəm.

Sən orada çoxlu neft çıxartmağa çalış, mən də faşist basdırmağa! Sən neftinlə matorlarımıza hərəkət ver. Mən də öz topumla faşist tanklarını qırıb məhv edim. Sən buruğa qulluq elə, mən də silaha! Görək kim ötər!"

Məsmə Tutuya baxıb gülür:

– İkisi də sənə yazılıb. Biri ana Tutuya, birisi fəhlə Tutuya! Birini oğul Mehrab yazıb, birini əsgər Mehrab!

– Məndən ona bir cavab yaz! Yaz ki: "Qəbuldur! 80 nömrəlinin fəhləsi, anan Tutu İbrahim qızı sosializm yarışma qol qoydu!."


Kantorda mədən direktorunun otağının qabağında 5 qadın oturub. Tutu ilə Məsmə də bunların içindədir. Məsmə saata baxır. Tutu deyir: "İndi gələr!"

Bir nəfər yaşlı və meşin pencək kişi gəlib içəri keçir.

Tutu onun dalınca içəri girir.

– Əhməd kişinin dediyi arvad mənəm!

Kişi ol verir:

– Hə, Tutu bacı sənsən! Çox xoşdu. Mənə dair qulluğun?

– Qul sahibi olasan, daqavor gətirmişəm. Oğlum mənim öhdəmə bunu yıxıb!

Mədən direktoru Mehrabın kağızını oxuyur:

– Gücün çatarmı?

– Siz kömək eləsəniz, çatar. Əvvəla xahiş edirəm, bax, çox neft çıxarmaq barəsində bu qadınları mədənə düzəldəsən. Mənim qonşularımdı. Ərləri əsgərdi!

Mədən direktoru onlarla bir-bir tanış olur. Katibini çağırıb tapşırır:

– Hesaba al, boş yerləri öyrən, mənə de!

Qadınlar razılıq edib çıxırlar.

Tutu əlini stola söykəyib deyir:

– İkinci budur ki, məni ayrı sənətə qoy. O nədi, nefti ölçür ha! Orda xeyrim çox dəyər!

Mədən direktoru bir usta çağırıb onu tapşırır: "Bu yoldaş izmerşitsa olmaq istəyir. Kömək edin, yaxşı öyrənsin."

Tutu direktorun əlini sıxıb çıxır.


İki ay sonra Tutu yeni vəzifəsində şirin işlərkən Məsmə əlində qəzet qaça-qaça gəlir, dayanıb oxuyur: "Serjant Mehrab Əmirov Qızıl Əmək ordeni ilə təltif edilsin!"

Tutu heyrət, sevinc, həyəcan keçirir.

– Nə dedin, a qız!

Məsmə deyir:

– Oğlun qəhrəman olub, orden alıb, səni təbrik edirəm (əlini sıxır). Yarışda geri qalırsan, bunu da yadına salıram!

Tutu uçunub oturur.

– Harada, a qız, Mehrab nə vaxt nişan aldı. Necə olub? Danışsana! Məsmə qəzetin bir yerini oxuyur:

– "Düşmənin iki atəş nöqtəsi, əsgərlərimizi irəli getm əyə qoy murdu. İgid neft fəhləsi Mehrab Əmirov cəld ağacın başına dırmaşdı. Oradan sərrast güllə ilə düşmən pulemyotçularını dənlədi. Yol açılan kimi, əsgərlərimiz yeriyib, qabaqdakı kəndi tutdular. Sovet hökuməti Mehrabın igidliyini yüksək mükafatla qeyd etdi..."

Tutu ayağa durur, qəzeti alıb bağrına basır. "Can, Mehrab bala!" Sonra Məsməyə tərəf dönür: "Təki o sağ olsun, o irəli getsin. Mən ötüşərəm".

Əhməd əmi tövşüyə-tövşüyə özünü yetirir:

– Ay Tutu, mübarək olsun!

Tutu razılıq edir:

– Sağ ol, allah sizinkiləri də salamat eləsin, onları da qəhrəman eləsin.

Əhməd əmi:

– Mehrabı demirəm, ey, onun barəsində sənnən ayrıca öpüşəcəyəm.

– Bəs nə mübarəkdi!

– Sənin bu camalın! Sənin o yorulmaz əllərin, aslan ürəyin ki, hökumətimiz yaxşı qədrini bilir.

– Əhməd qardaş, məni lağa qoymağa gəlmisən?

– A qız, orden almısan, ey, adın siyahıdadır.

Məsmə qəzeti araşdırır:

– Hanı, bunda?

– Yox, təzədə. Sabah çıxar. Xəbəri mədənə çatıb. Neftçilərdən 600 adam var. Tutunun adı lap böyüklərin içindədir!

Məsmə Tutuya, Tutu Məsməyə baxır!

Məsmə:

– Tutu xala, indi yarışa yekun vurmaq olar!

Əhməd:

– Hökumət yekununu vurub, üstündən möhürünü də basıb. Daha nə yekun? Bundan yaxşı nə yekun? Odur, oğlunun səsi cəbhələrdən gəlir, anasının səsi mədənlərdən! Bundan yekə yekun!

Məsmə:

– Gün o gün olsun ki... Əhməd əmi!

– Gün o gün olsun ki...

Tutu onlara baxır, sonra ətrafı süzür. Sanki bir şey axtarır:

– Gün o gün olsun ki...

Şəhərin kənarında böyük bir izdiham, qalibiyyətlə qayıdan əsgərləri qarşılayır. Qabaqda üzərində böyük Stalinin şəkli olan bayraq var. Bayrağın üstündə yazılmışdır: "Faşizmi məğlub və məhv etmiş qızıl döyüşçülərə, vətən xilaskarlarına eşq olsun!"

Uzun yol gəlmiş, sifətləri tozla örtülmüş əsgərlər atdan, tankdan, topdan, arabadan enib qabağa yüyürürlər. Analar, arvadlar, bacılar, uşaqlar yüyürüb hər kəs öz adamını tapıb qucaqlaşır, öpüşürlər. Mehrab Tutunu neçə dəfə qucağına götürüb, yerə qoyur:

– Yarışımız davam edəcək!

Tutu:

– Ölənəcən bu yolda yeriyərəm, yorulmaram!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İmzasız hekayə

Keçiyevi redaksiya qapılarında tez-tez görmək olurdu. Məlum idi ki, onun yazmaq, çap etdirmək təmənnası var. Bir-iki dəfə yazısını təqdim eləmişdi, ancaq cavab çıxmamışdı. Öyrəndi ki, Yazıçılar İttifaqı mətbuatda görünmək üçün ən yaxın və asan bir yoldur. Orada xüsusi şöbələr, adamlar var, yazanlara məsləhət verir, kömək və hörmət edirlər.Keçiyev buraya da neçə ay ayaq döydü, amma bir şey çap etdirə bilmədi. Dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o, yorulmadı. Günlərin birində yenə adəti üzrə səhər çayını içəndən sonra özünü Yazıçılar İttifaqına, konsultantın otağına saldı. Bu gün orada adam çox, söhbət şirin idi. Aqil adlı bir toxucu gəncin istehsalat mövzusunda hekayəsi oxunurdu. Əsər qurtarandan sonra yerbəyerdən təriflədilər, çapa layiq gördülər. Seksiya rəhbəri zəng edib soruşanda həvəskarlar yeni hekayənin məziyyətlərindən danışdılar. Seksiya rəhbəri telefonda Aqili təbrik elədi, hekayəni bu nömrədə çap etmək üçün tezliklə redaksiyaya təqdim etməyi tapşırdı.

19645 min
Mən deyən

Adamın imkanı olaydı, adını özü qoyaydı, dəftərə, pasporta da özü salaydı. Yoxsa mənim kimi?Rəhmətlik atam mənə ötəri bir ad qoyub! Əmirqulu. Başı ağa, ayağı nökər! İkimərtəbə, özü də başı bir cür, ayağı ayrı cür. Hərə bir ucundan yapışıb çəkir. Axırda Qulu sözü olmasaydı, hansı köpəkoğlu məni o cür çağıra bilərdi? Dünənin uşağı məni Qulu çağırır.

19647 min
Mən necə həkimlik öyrəndim

Qəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.

19647 min
Qulluqçu haqqında

(Uşağın təsəvvürü)*Rüstəm xoşbəxtdir. Oturanda yatır. Mənim heç yuxum gəlmir, amma Rüstəm durduğu yerdə yatır. Bir dəfə polu qaşıyanda yuxulamışdı. Nənəm üstünə qışqırdı, oyatdı, yenə tələsə-tələsə polu qaşıdı. Qaşıdı, qaşıdı, birdən dayandı, başladı xoruldamağa. Nənəm yaxasına su tökdü, oyandı, işlədi.

19643 min

Poems by other poets