Ərik ağacı
Uzun müddət ayrıldığınız və həmişəlik unutduğunuz, hətta "öldüyə" çıxdığınız əziz bir dostla üz-üzə gəlsəniz, nə cür olarsınız?
– Paho, bu nə işdi, görəsən?!
Təsəvvür edin ki, bu mənim öz başıma gəlmişdir. Xəyal, ya ehtimal yox, bir həqiqətdir ki, sizə danışmaq istəyirəm.
Deyəcəksiniz, bu məqamda adam özünü itirər, qəşş eləyər, amma nə özümü itirdim, nə də huşum başımdan çıxdı. Əksinə, bu hadisədən sonra mənim başıma yeni fikirlər gəldi, çox mətləblər mənə aşkar oldu. İnsanın gücünə, insan əlinin güdrətinə inam və etiqadım qat-qat artdı. Torpaqda möhkəm duranların necə xarüqələr yarada bildiyini ancaq indi aydın dərk edirəm.
Hər məxluqun körpəsi zəif və möhtac olur. Körpələr kömək, himayə görməsə, yəqin ki, məhv olub gedər, yaşaya bilməzlər. Bəlkə, buna görə təbiət insanların qəlbində körpələrə mərhəmət hissi qoymuşdur. Normal insan, kim olur-olsun, nə əqidənin, peşənin sahibi, hansı millətdən, cinsdən olur-olsun, körpələrə kömək və mərhəmət hissi bəsləyir.
Birində az, birində çox, birində aşkar, birində də qapalı olur. Ancaq bu hiss hamıda olur.
Gümrah və kök bir qoyunu kəsib kabab çəkməyə tələsənlər də əmlik quzuya ot və su verməkdən ləzzət alırlar. Kəklik-qırqovulu, turacı vurub yerə salan ovçular sələcədə civildəşən quş balalarına toxunmaz.
Bu, nəcib və mənalı bir hissdir.
Çalışdığım məktəbin təzə tikilmiş binasında müəllimlər otağı lap kənarda, qurtaracaqda idi. Səhər tezdən mən qapı ağzında dayanıb dəstə-dəstə dərsə gələn uşaqlarla salamlaşır, həm mənəvi zövq alır, həm də bir müdir olaraq nəzarət vəzifəmi icra edirdim.
Zəng çalmandan, qapı-bacada səs kəsiləndən, müəllimin də, məktəblinin də dərsə başladığını düşünəndən sonra xüsusi bir ürək rahatlığı ilə içəriyə, müəllimlər otağına qayıdırdım. Pilləkənin yanında, günəş az tutan, əl-ayaqdan kənar yerdə bir tingin göyərdiyini gördüm. Əyilib diqqətlə baxanda ərik olduğunu tanıdım. Keçən yayda müəllim yoldaşların həyətlərindən gətirdiyi şirin ərikləri yediyimiz yadıma düşdü. Yəqin ki, həmin tumlardan buraya düşüb göyərmişdi.
Bayaq dediyim hiss qəlbimi tərpətdi. Mən ərik tinginin ətrafına çubuqlar sancdım, dibinə su tökdüm. Ting iki-üç qarış qalxmış, zərif yarpaqları ilə işığa doğru yönəlmişdi. Niyyətimdə tutdum ki, bir qədər böyüyəndən sonra tingi çıxarıb geniş bir yerdə basdırmaq lazımdır. Ancaq bu niyyəti oradaca unutdum. Çünki bu kiçik hadisə dəhşətli bir zamanda baş vermişdi.
Qırx birinci ilin yayı Vətənimizdə fəlakətli bir yay idi. Başımızdan nagəhani əsən "acı ruzigar" səmum kimi hər şeyi tufana tutmuşdu. Dağlarda lalələr, bağlarda meyvələr, tarlalarda ağır başlı sütül sünbüllər rəngini, ruhunu, mənasım dəyişmişdi.
Əziz və xoş bahar bu il kimsədən təbəssüm və nəvaziş görmür, gözləmirdi. Adamların qaya kimi sərt, bulud kimi tutqun simasından kədər, qayğı, intizar, qəzəb yağırdı... Vətənin köməyə çağıran yaralı səsi bütün qəlbləri tərpətmişdi. Yerindən qalxan silahını, çantasını götürüb əzizləri ilə vidalaşır, səfərbərliyə gedirdi. Mənim hərbi komissarlıqdan çağırış aldığımı, sabah yola düşməli olduğumu bilən Nəbi dayı mənzilimə gəlmişdi.
– Yoldaş müdir, bəlkə, tapşırığımz-zadmız oldu. Mən necə ki buradayam, necə ki nəfəsim gəlir, məktəbi göz bəbəyi kimi qoruyacağam.
– Nəbi dayı, - dedim, - cavanlar gedəcək, yalnız sənə arxayınam. Gecələr qarovul qoyun, damlarda gözətçi olsun, demək olmaz, vəhşilərə etibar yoxdur: məktəb, xəstəxana, kitabxanaya od vurarlar. Bu maarif ocaqlarını neçə illər boyu nə zəhmətlə tikib düzəltmişik. Qorumaq gərəkdir, arvad-uşağı da təlimə gətirin, köməkləşin.
Biz ölsək də, məktəb yaşamalıdır, vətən balaları oxumaqdan qalmasın gərək.
Mənim dediklərimi Nəbi dayı diqqətlə dinləyirdi. Əlini əlinin üstə qoyub dayanmış, sanki ürəyini dolduran qəzəbi və təəssüfü izhar üçün münasib vasitə axtarırdı.
Bu qocanın on ildən bəri məktəb üçün nə zəhmətlər çəkdiyini - həyətini, bağçasını, odununu, suyunu, işığını necə sahmanla saxladığını hamıdan yaxşı mən bilirdim.
İnsan xoş gününün qədrini təhlükə yarananda bilər. Həmişə adi saydığım məktəb, həyət, uşaqlar, müəllim yoldaşlar, həmin bu Nəbi dayı indi mənim gözümdə daha da böyümüş, daha da əziz olmuşdu. Sanki dinc və xoşbəxt məktəb həyatını, uşaq oxutmaq kimi bəxtiyar bir peşəni tərk etməli olacağımı, bəlkə də, həmişəlik tərk etməli olacağımı dərk etdiyim üçün hər şey gözümdə ayrı cür olmuşdu.
Geyinib yola hazırlaşandan sonra sinif otaqlarını, eyvanı, kabinetləri, bağçanı, hasar diblərini addım-addım gəzdim. Sanki, hər qarış torpaq, hər daş, kərpiclə vidalaşırdım.
Mənim həyəcan və təlaşımı, görünür, hamıdan çox Nəbi dayı duymuşdu. Pilləkən yanında ərik çərdəyindən göyərmiş tingi də Nəbi dayıya göstərdim:
– Buna da bax, heyifdir, gözlə!
Nəbi dayı ilə, məktəbdəkilərlə əl verib görüşəndən, öpüşəndən, çantamı çiynimə salandan sonra qapıda dayanıb çox həsrətlə məktəb binasını seyr etdim.
Ən böyüyü dördüncü sinifdə olan məktəb uşaqları mənə pəncərə qabağında təzəcə yarpaq açıb günəşə doğru yönəlmək istəyən ərik ağacını xatırladırdı. Müasir, dəhşətli müharibələrin bir küləyi buralardan keçsə bəsdir, məktəb nədir, bütün kəndi süpürüb aparacaq. Bombalara, yanğına, təxribata məktəbmi, bağ-bağçamı dözər?
Görünür, Köşkü məktəbinə bir də qayıtmaq mənə qismət deyilmiş. Müharibə illərini, səfərləri, döyüşləri keçirəndən, cəbhədən bir müəllim yox, yaralı bir əsgər kimi qayıdandan, müalicədən sonra məni şəhərdə sənaye texnikumuna hərbi müəllim təyin elədilər.
Köşkü məktəbi, orada qoyub gəldiyim uşaqlar, Nəbi dayı, demək olar ki, mənim yadımdan çıxmışdı. Müharibə adamın hisslərini sərtləş-dirir, ən dəhşətli təsadüflərə qarşı hazırlayır.
Cəbhədə təltif olunduğum günlərdə gələn təbriklər içərisində Köşkü məktəbi kollektivinin də məktubunu mənə verdilər. Qızğın döyüş günlərində məktəb, dərs, zəng səsi, Nəbi dayının güləş siması şirin yuxu kimi nəzərimdən keçir.
Bir dəfə hərbi məktəbdə Nəbi dayı gəlib məni tapmışdı. Əhvallaşandan sonra qocaya müraciət etdim:
– Nəbi dayı, bizə görə qulluq? Bəlkə bir xahişin var?
Görünür, kişi bu sualı gözləmirmiş. Dik ayağa qalxdı, xurcununu qurdaladı:
– Salamat qayıtmağını eşidib hamımız sevinmişdik. Köşküdə həmişə söhbətiniz olur. Sizə çoxlu salam gətirmişəm, ayrı bir xahişim yoxdur.
Qoca xurcundan çıxardığı səbəti yerə qoydu:
– Məktəb bağının meyvəsindən novbar gətirmişəm. Özünüz gəlmirsiniz, barı meyvədən dadm.
– Ağzın şirin olsun, nə zəhmət çəkmisən.
– Zəhmət deyil, borcumdur. O bağın binasını sən qoymusan axı.
Nəbi dayının orada olmağı, məktəb bağına həmişəki kimi bağbanlıq eləməyi məni çox sevindirdi, ürəyimdə Köşkünü bir də görmək arzusu gücləndi.
Bu yay müəllim yoldaşlarımla dağlara səyahətə çıxmışdım. Gəncə dağlarından, Köşkü kəndinin yanından ötəndə məktəb yadıma düşdü. "Buraya baş çəkməmək namərdlik olar", - dedim. - Yoldaşlarım da razılaşdılar.
iyirmi ilə yaxın bir müddətdən bəri ayrıldığım kəndə yaxınlaşdıqca ürəyimin döyüntüsü artırdı.
Köşkü, dağlardan enən dar dərənin o tay-bu tayında salınmış kiçik bir yaylaq kəndidir.
Rayon kövşənlərinin qurtaracağından yuxarı diklənəndə Köşkü evləri pillə-pillə düzülmüş əlvan arı pətəklərinə bənzərdi. Məktəb dərənin sağında, güney yamacda idi.
O zaman biz buraya at-faytonla çətin gələrdik. İndi kəndin içindən abad maşın yolu ilə keçib rayon mərkəzinə gedirsən. Düzdür, maşınla gəzirdik, ancaq mən sağıma-soluma baxır, iyirmi il əvvəl gördüyüm yerləri tanımaq istəyir, tanıya bilmirdim. Cığır kimi balaca küçələr sökülüb-dağılmış böyük yollar, sağ-solda daş evlər salınmışdı. Yalnız üfüqü örtən qocaman ağaclar, dərəyə enən meşə cığırları keçmişi xatırladırdı. Məktəbin yerində sıx ağaclıq, bir qədər uzaqda isə ağ daşdan tikilmiş çoxpəncərəli bina görürdüm.
Şoferdən soruşdum:
– Bu nə binadır?
– Məktəbdir.
– Yəqin, təzə məktəbdir?
– Bəli, üç-dörd il olar tikilib, onillik!
– Bəs köhnə məktəb binası hanı?
– Köhnə bina görünmür. Orada indi uşaqlara yeməkxana düzəldiblər.
– Bu ağaclıq nədir qabaqda?
– Məktəbdir, məktəbin bağı!
"Bağ" sözünü eşidəndə Nəbi dayının sözü yadıma düşdü. Yəqin, dedim, o kişi indi buralarda, ağacların dibində əlləşir. Biz maşından düşüb böyük dəmir darvazadan həyətə girəndə, ağacların altında qocalar kimi sakit dayanan köhnə binanı görəndə, alçaq pəncərələrə gözüm sataşanda məktəbi - keçmiş əziz bir müsahibimi tanıdım. Necə tanımayım. Əlimdə jurnal səhər-axşam girib-çıxdığım, cücəli toyuq kimi körpələr əhatəsində deyib-güldüyüm cavanlıq illərimi, şən günlər keçirdiyim yerləri necə tanımayım. Deyəsən, bu bina kiçilmişdi, çox kiçilmişdi. Özü də "qocalmış", soluxmuş, rövnəqini itirmişdi.
Mən dayanıb ətrafıma baxdım, gəldiyim yeri diqqətlə varavurdladim.
– Təzə məktəb?
Mən bu sözü deməmiş, ağbaş, qısaboy, əsalı bir kişinin yaşına uyğun olmayan cəldliklə yaxınlaşdığını gördüm:
– Təzə məktəb qabaqdadır. Bura indi yeməkxanadır.
– Nədir?
– Yeməkxanadır.
O, əsasına dirənərək, dik-dik mənim üzümə baxmaqda, sanki daha yeni suallar gözləməkdə idi. Güman ki, mənim üzümdə nabələd adamın baxışını görməyən, başqa məna duyan qoca, bir addım da irəli yeridi.
– Bağışlayın... Siz... Bu yerlərdə olmamısınız? Sizi mən ayrı bir yoldaşa oxşadıram, axı?
– A kişi, sən Nəbi dayı deyilsən?
– Ay müəllim! Sağ olmuş, niyə nişan vermirsən, məni çaşdırırsan, qardaş. O boyda da qocalmamışam axı!
Kişinin danışığı, hərəkəti keçmiş günləri tamam gözümün qabağına gətirdi. İri gövdəli, cəld hərəkətli, iti baxışlı Nəbi dayıdan yalnız bir eskiz, bir də xırıltısı artan səsi, dağ ləhcəsi qalmışdı. Mən təsəlli vermək istədim:
– Nəbi dayı, həmin adamsan, heç dəyişməmisən.
Qoca əlindəki əsa ilə, qar kimi ağarmış saqqalını göstərdi:
– Ömürdür, keçir, bəs nə əcəb bizi itirib-axtarmırsınız, müəllim?
– Macal olur ki, ha çalışıram, bir bu yana yolum düşmür.
– De, xoş gəlmisiniz, indi siz görən məktəb deyil, böyüyüb, onillik olub, dörd yüzdən çox uşaq oxuyur.
– Nəbi dayı, bu ağaclıq, yəqin, sizin işinizdir?
– Xeyr, mənim niyə, binasını siz qoymuşunuz, uşaqlarla köməkləşib artırmışıq, bağ eləmişik.
Nəbi dayı məni yeməkxananın kənarında cərgələnmiş meyvə ağaclarına tərəf çəkdi:
– B u ting. Yadınızdadırmı, dava vaxtı mənə tapşırmışdınız. Buyu-nan, - kişi sinədolusu iftixarla: - Əmanətinizi təhvil alın! - dedi.
Mən dayanıb qollu-budaqlı, başında qaysı qızaran ağaca təəccüb lə baxırdım:
– Həmin tingdir?
– Özüdür.
– Yox canım?!
– Özüdür ki, var!
Nəbi dayı yaradanlara məxsus bir qürurla ağacın budağına, meyvələrinə baxırdı:
– Görürsənmi, nə qanadlanıb.
Ayrı vaxt olsaydı, uşaqlıq illərimi yad edib dərhal ağaca dırmaşar, budaqlardan öz əlimlə qaysı dərməyə tələsərdim.
Amma indi, qoca bağbanın sözü məni lap çaşdırmışdı. Heç inana bilmirdim ki, çöp kimi qoyub getdiyim ting nəhəng ərik ağacına çevrilmişdir. Müəllimlər otağında qaysı yediyimiz günləri xatırladım. Doğ-rudanmı bu həmin tingdir? Nə qədər də böyüyüb qol-budaq atıb, elə bil göyə çatacaq. Ağacın gövdəsi möhkəm olduğundan görən, bəlkə də otuz-qırx yaş verərdi. Mən sanki dünənki körpənin belə böyüyüb nəhəngə döndüyünə sevinc və təəccüb içində heyran-heyran baxırdım.
Nəbi dayı da bu mənzərədən sevinirdi. İrəli yeriyib cərgələnmiş ağacları göstərdi:
– Bu bağçanın binasını siz qoymuşunuz. Uşaqlar bəsləyib böyüdüblər. Bax, bu cərgə badam, bunlar payızlıq armud, yandakılar gülöyşə nar, iydə ağaclarıdır. Sizin qaysı şah ağacdır. Bunlar hamısı ondan sonra basdırılıb, hamısı da indi meyvə verir. İnternatda oxuyanların meyvəsi, kompotu, mürəbbəsi məktəb bağmdandır. Bir kəsə minnətimiz yoxdur.
Mən bağbana təşəkkür deməyə münasib söz tapmırdım. Belə gözəl bağ-bağçanın bağbanı qarşımda idi. İri gövdəli kişi indi bəslədiklərinin əksinə olaraq, elə bil ki, kiçilmiş, zəifləmiş, yüngülləşmişdi.
Nəbi dayı mənim qarşımda bələdçi, bağban yox, böyük məna və mətləblərdən xəbər verən hörmətli bir sima kimi dayanmışdı. İndi mən onun əlini sıxmaq, önündə təzim edib təşəkkürümü bildirmək arzusunda idim. Ancaq belə bir qəlb sahibi, torpağın, günəşin, əzəmətli dağların oğlu, quş kimi səs-səsə verən vətən balalarının ləyaqətli atası, müəllimi, əmək ustası - uşaqların gələcəyi üçün belə bağ bəsləyə bilərdi. Sıralanmış ağaclar da sanki qoca bağbanın yaradan əlləri ilə fəxr edir, hamını, hər şeyi halal əməyin bəhrəsinə tamaşaya çağırırdı...
O gündən ərik ağacı heç yadımdan çıxmır. Əməklə yoğrulan qara torpağın, təmiz havanın, bulaq sularının, dağ günəşinin hikmətini, qüdrətini ağacın hər budağında, hər yarpağında, yeyilən hər şirin meyvəsində görürəm!
Abad bağ-bağat görəndə həmişə zehnimin səhifəsində yazılır:
– Ərik ağacı!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-erik-agaci
Use ← → keys to move, R for a random poem
More by this author
– Düzünü deyirsən?– Lap düzü belədir.
Möhür və məhəbbətIBəri başdan deyim ki, hörmətli oxucular bu söhbəti Şərq ədəbiyyatında görüb oxuduqları mehr və məhəbbətlə qarışıq salmasınlar. Çünki o yazılarda lirika, burada isə yumor, orada səmimiyyət, burada isə məharət, orada birlik, burada isə ayrılıq... təsvir olunur. Xülasə, təfavüt çoxdur və qabarıqdır.
İki dəfə doğulanlarDədə-babadan görmüşük ki, insan bir dəfə doğular, bir dəfə də ölər. Şah olsun, hambal olsun. Varlı, ya kasıb olsun. Adam bir dəfə doğular.Amma indi görürsən ki, bir dəfə nədir, elə adamlar var ki, iki dəfə, ya bir neçə dəfə doğulurlar. Özü də beləsi bir deyil, iki deyil, çoxdur. Uzağa getməyək, lap bizim qapıbir qonşumuz montyor Qələndər!
Qəm qəmi gətirər, dəm dəmi!Divar nəm yıxar, igidi qəm!*El sözü*
Poems by other poets
Başına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
CananımınFələk rəğminə bir nəzərGörsəm üzün cananımın,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.