Möhür və məhəbbət
I
Bəri başdan deyim ki, hörmətli oxucular bu söhbəti Şərq ədəbiyyatında görüb oxuduqları mehr və məhəbbətlə qarışıq salmasınlar. Çünki o yazılarda lirika, burada isə yumor, orada səmimiyyət, burada isə məharət, orada birlik, burada isə ayrılıq... təsvir olunur. Xülasə, təfavüt çoxdur və qabarıqdır.
Möhür və məhəbbət deyəndə biz iki kənar mətləbin gözlənilmədən yanaşdığını, birləşdiyini demək istəyirik. Məlumdur ki, evlənmək, ailə qurmaq, şirin sevgi aləmində ömür keçirmək hamı və hər kəs üçün arzu-kamdır. Çoxlarının həyat mənasıdır. Bu xoşbəxtlik, doğrudur, ümumi arzudur, ancaq təəssüf ki, hər adama qismət, müyəssər olmur. Bəxtin, taleyin gətirməyindən asılıdır, birininki gətirir, birininki gətirmir. Şair yaxşı deyib:
Birisi kök, d ey arsan, parvaridir,
Birisi bir sümükdür, bir daridir.
Birisinin yağar dövlət başından,
Birisi görməyib bir pul yaşından.
Uzağa getmək lazım deyil, budur, bizim yaxın qonşu, tanışımız Firavan xanımın oğlu İsmayıl neçə ildir əlləşir, ailə qurmaq istəyir. Pulu var, güzəranı da, imkanı da var. Amma qızı yola gətirə bilmir.
Məsələ o deyil ki, qız oğlanı, ya oğlan qızı sevməsin. Yox, cavanlar hər ikisi sevişib, görüşüb, dilləşib. Bütün qonşular gözləyirdilər ki, bunların toyu, xeyir işi bu gün-sabahdır. Hazırlıq, tədarük görürlər.
Günün birində, lap bu yaxın zamanlarda görəcəksən ki, poçtdan bəzəkli, zərli-zibalı dəvətnamə gəldi:
"Həyat yoldaşınla birlikdə Sizi Səadət sarayında toya dəvət edirik."
Mübarək olsun!
Amma yox, İsmayılın toyu ləngiyir, aydan-aya keçir, nəsə baş tutmur, nə isə maneçilik eliyən var. Uzun intizar oğlanın da, qızın da əl-qolunu bağlayıb. Görürsən qonşular sevinclə biri-birindən soruşur, xeyir işi aramsız gözləyirlər. Amma nə İsmayıldan, nə qızdan, nə də Firavan xanımdan xəbər çıxır...
Firavan xanımdan soruşanda söz demir, başını bulayır.
– Ay Firavan xanım, haçandır toy? Çalıb-oynamaq istəyirik, cavanları niyə intizarda qoyursunuz, günahdır axı?
Firavan xanım əl-qolunu tovlayıb, başını bulayır, cavanların özündən şikayətlənir:
– Ay oğul, – deyir, – zəmanə dəyişib, indiki cavanların çoxu ipə-sapa gəlmir, həftədə bir hava çalır, bilmirsən, bunların dərdi nədir!
– Ay xanım, qoyun cavanların özündən soruşaq, bəlkə, bir ehtiyacları var?
– Soruşun, bəyəm, onlar adama açıq söz deyirlər.
– Necə demirlər?
– Demirlər, mızıldanıb ötürlər. Sən də yana-yana qalırsan!
Mənim İsmayılla həm zarafatım var, həm də aramız açıqdır, rast gələndə sözümü deyirəm:
– Ay İsmayıl, toy haçandır, intizar bizi yordu ki?
– Toya hələ çox var!
– Niyə çox var?
– Canım, bizim hələ evlənməkdən vacib işlərimiz var.
– Evlənmək də vacibdir!
– Qoy bir təhsilimizi başa vuraq, hələ görək nə olur.
– Təhsilə nə var, şükür məktəbi qurtarırsınız, qiymətləriniz də hamısı yaxşı!
– Qurtarmağına qurtarırıq. Ancaq iş qurtarmır, hələ görək nə olur! Örtülü süfrənin bir, açığın yüz eybi var!
Nə Firavan xanım, nə də İsmayıl mənə açıq söz demədi. Toy tədarükünü ləngitməyini mən birtəhər qızın özündən, Liradan öyrənə bildim.
Öyrəndim deyəndə, böyük düşməsin, qızın, Liranın özündən yox, sinif yoldaşlarından öyrəndim. Güman gəlməyən qəribə bir səbəb iki cavanın xeyir işinə mane olur. Bu elə bir səbəbdir ki, əvvəl inanmağın gəlmir, cavanların nə maddi ehtiyacı, nə də mənzil tədarükü, nə pal-paltar kəsiri var. Nə də fiziki cəhətdən naqisliyi, müalicə ehtiyacı var.
Bunların arasında mübahisəli bir məsələ var. Təkcə bir məsələ:
– Nə məsələ?
– Diplom!
Diplom əhvalatı, əlbət ki, keçmişdə yox idi. Heç güman eləməzdin sevdiyin qız, ya oğlanın hansı təhsili, hansı diplomu var. Bunu heç soruşan olmazdı. Diplom nədir, adamın özünün iş bacarığı, mərifəti, məharəti, qanacağı yoxlanılırdı. İndi görürsən bəzən, bəzən yox, çox vaxt diplom soruşurlar:
– De görüm, təhsilin nədir?
– Haranı qurtarmısan, nə diplomun var?
Bu söhbət təzə çıxıb. Əvvəl o dərzinin yanma gedərdin ki, əla kostyum tikir. O aşpazın dükanında nahar yeyərdin ki, dadlı xörək bişirir, o dəlləyə baş vurdurardın ki, əla ustadır.
Amma indi yox! İndi yoldaşlar mütəxəssisin yaxşı-pisini axtarmır, məhz adamı diplomlu ustanın yanına aparırlar. Kostyum necə yaraşıqsız olur-olsun, dərzi haqqında ağızdolusu, müsbət danışırlar:
– Bilirsən necə ustadır, əla diplomu var. Bu usta ali məktəb qurtarıb. Elmi şura qabağında diplom işi müdafiə eləyib!
İndi sevdiyi oğlan, İsmayıl qızdan tələb eləyir ki, get aspirant ol, dissertasiya müdafiə elə, sonra gəl yanıma. Onsuz kəbin kəsdirmərəm, bil!
İş ağırlaşıb. Aspirant olmaq da asan deyil, indi qız bilmir neyləsin.
– Əşi, evlənəndən, toydan sonra aspirant olaram, nə vacib şeydir?
– Yox!
İsmayıl şərt qoyub:
– Mənə gəlmək istəyən qız gərək aspirant, ya da elmlər namizədi olsun!
Qəribədir, dünya nə yaman dəyişib! Əvvəl evlənən oğlan göyçək, həyalı, tərbiyəli qız axtarardı. İndi diplomlu qız axtarır. Əvvəl ailə oğlanın qazancı ilə dolanardı, indi qazancı, sənəti olmasa, kəbin kəsdirmirlər. Əvvəl qız ərə gedərdi, indi bəzi oğlanlar özünü yıxmağa qazandı yer axtarırlar, belə düşünürlər: "Qızın maaşı ilə ev dolanar, özüm də keflə gəzərəm."
II
Lira toy tədarükü haqqında bir də söhbət salanda, İsmayıldan həmin cavabı eşitdi:
– Qız, aspirant işinin dalınca niyə düşmürsən?!
– Nə bilirsən, düşmürəm?
– Düşsən, indi sən ikinci kursda olardın.
– Kursun nə dəxli var?
– Çox dəxli var xeyir işimizə!
– Məncə, xeyir işin aspirantlığa dəxli yoxdur!
– Yox, var. Mən demişəm, aspirant olmasan, səninlə kəbin kəsdirməyəcəyəm. Söz bir olar!
– Sən məhəbbət axtarırsan, ya diplom?
İsmayıl nişanlısından gözləmədiyi sözü eşidirdi. Bir az duruxandan, udqunandan sonra dedi:
– Hərəsinin öz yeri var!
– Görürəm ki, diplomun yeri çox möhkəmdir.
– Harda möhkəmdir?
– Sənin qəlbində.
– Elə isə, onu bilirsənsə, niyə tələsmirsən?
– Bildiyim üçün tələsmirəm. Çünki məndə diploma bağlı məhəbbət yoxdur.
– Yoxdur, olsun! Kəbin üçün bunu eləmək gərək!
– Sənin aləmində belədir, mənim aləmimdə diploma bağlı məhəbbətin etibarı yoxdur! Bir qəpiyə dəyməz!
– Niyə yoxdur?
– Çünki ip qırıla bilər.
– Qırılar, yamayarıq.
– Yamaqlı məhəbbət mənə lazım deyil!
– Deyəsən, sən ağzına gələni danışırsan!
– Danışanda nə olar?
– Bəsdir, söz güləşdirmə, ay qız!
Lira İsmayıldan ayrılandan sonra cavanlar qəzetinin redaksiyasına getdi:
– Mən sizdə ədəbi işçi kimi çalışa bilərəmmi?
Onu hörmətlə qarşıladılar:
– Bizə savadlı ədəbi işçilər çox lazımdır, – İlqar bunu deyib, ağ kağızı Liranın qarşısına qoydu və dedi:
– Bir balaca ərizə yazın, redaktora verim...
O gündən Liranın əmri verildi. Mətbuat işində həm həvəsi, həm də təcrübəsi artmağa, ilk yazıları qəzet səhifələrində çap olunmağa başladı.
İsmayıl bir müddət Liranı axtardı, aspirantura əhvalatını yoxlamaq istədi, Lira isə nə aspiranturanı, nə də İsmayılı axtardı.
İsmayıl bir gün eşitdi ki, Səadət sarayında qızın toyudur. Lira redaksiyada bir oğlanla sevişib, vədələşib.
İsmayıl təşvişlə qızı axtardı, konsert axşamı bağçada tutdu:
– Lira, bəs mənə söz verməmişdin?
– Nə söz?
– Demirdin səni sevirəm?
O vaxt mən sevirdim, sən diplom istədin. Bizimki tutmadı.
Bir mənə deyərdin ki, baş tutmur!
Deməyə nə ehtiyac, gördün ki, baş tutmadı!
Bəs belə dönüklük olar?
Oğlan dönəndən sonra qıza nə gəlib? Dönüklüyün iki başı var. Bəs belə oldu?
Deyəsən, belə oldu. Diplomlu sevginin axırı diplomsuz üzülür.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-mohur-ve-mehebbet
Use ← → keys to move, R for a random poem
More by this author
Bəzi mütəxəssislərimizi qəribə bir azar tutub. Soruşursan: "Filan kitab necədir?" Deyir: "Əladır." Soruşursan: "Nəyə görə əladır?" – "Polşada çap olunub."Soruşursan: "Filan nəğmə necədir?" Deyir: "Əla!" – "Nəyə görə?" "Avstriyada, Bolqarıstanda oxunur." – "Filan rəsm necədir?" – "Əla, çünki, Marseldə göstərilir."
Beş almışam!Bizdə, el-oba içində bəzi rəqəmlər çox işlənir. Çox da məşhurdur: üç, yeddi, on iki, qırx."Atalar üçəcən deyib", "Qırx gün, qırx gecə toy elədilər", "İl on iki ay əlim işdədir."
DüzəlmədiUtancaqlıq!Kimdən soruşsan deyər ki, utancaqlıq yaxşı xasiyyətdir. İnsanın qanacağını, mərifətini, abır-həyasını göstərir. Beləsinin hər yerdə hörməti, izzəti var. Adı yaxşılığa çəkilir, ünvanına bir irad tutan olmur.
Pul tapmışdımUşaqlıqda adamın yaddaşı iti, zehni açıq, marağı çox olur. Gördüyün, eşitdiyin, düşündüyün hər şey güzgüdəki kimi həkk olunub həmişəlik qalır.Hər səhər anam məni məktəbə yola salanda dalanın axırına qədər aparır, köç yolundan ötürüb sonra qayıdırdı. Yolu hoppanandan sonra dükan qabağındakı səki ilə getmək asan idi, qorxulu deyildi. Çünki qabaqda nə at, nə fayton, nə maşın, nə də araba var idi. Başıaşağı səki ilə gedirdim. Bağça-bağa yaxınlaşmamışdım ki, gördüm ayağımın altında bir şey işıldayır. Əyilib baxanda bir abbasılığı gördüm və götürdüm. Xəyalıma gəldi ki, bu kimin cibindən düşüb. Sağıma-soluma baxdım, gedib-gələn görmədim. Pulu cibimə qoyub sevincək dərsə yollandım.
Poems by other poets
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Əzm etdi səhər naz ilə ol sərvi-dilaraƏzm etdi səhər naz ilə ol sərvi-dilaraSeyr etməyə bağə.
Qara pulHəllal-i müşkilat-i cahan oldu qara pul,Edər iki dəqiqədə min dərdə çarə pul.