Gilasın sevinci
O lv.
Gözlənilən gün gəlib çatdı.
Sabah, sentyabrın 1-də Gilas da dəftər-kitab götürüb məktəbə gedəcək, oxumaq, yazmaq, mahnı öyrənəcək.
Qız neçə dəfə yoldan ötəndə dayanıb məktəbə, uşaqlara həsrətlə baxmış və soruşmuşdu:
– Mən haçan oxuyacağam?
Anası onun hələ məktəb yaşma çatmadığını deyəndə Gilas inciyirdi:
– Boyum çatır, adımı yaza bilirəm!..
– Darıxma, qızım, gələn il səni dərsə qoyacağam!
Gözlənilən il gəlib çatdı. Gilas məktəbə hazırlaşırdı.
Onun məktəb tədarükü çoxdan görülürdü. Yazın gözü açılanda, qaysılar çiçəkləyəndə iki qız gəlib onun yaş kağızma baxmış, adını yazmışdı. Anası ona portfel, dəftər-qələm, üstündə şəkil olan təzə bir kitab almışdı.
Şəkildə lentli, kök, qaragöz bir qız uşağı oturub kitab oxuyurdu.
Gilas bu şəkilə çox baxırdı. Hər baxdıqca orada özünü görürdü. Ürəyində bəzi-bəzi sözlər deyirdi: "Mən də belə oturacağam, lap bu cür. Mənim də şəklimi çəkəcəklər."
Bu axşam anası Gilasla xüsusi məşğul oldu. Onun məktəb paltarını hazırladı, maşın başında oturub bir önlük tikdi, lentlərini ütülədi, haçandansa saxladığı ağzıqatlaqlı, qırmızı naxışlı corabları şkafdan çıxartdı, mübarək! deyib qızına verdi. Gilasın dəftər-kitabım portfelə yığdı, portfelin sol küncünə qırmızı bir alma da qoydu.
– Tənəffüs olanda yeyərsən! – dedi.
Qızını – əsgər yoldaşından yeganə yadigar olan Gilası böyüdüb bu yaşa çatdıran, sabah onu məktəbə yola salmalı olan ananın qəlbində təbii bir sevinc, bir rahatlıq hissi vardı:
– Qızım, indi hər şeyin hazırdır!
Ancaq Gilas rahat ola bilmirdi. Anasının coşan məhəbbəti və bu tədarüklər onun intizar və həyəcanını daha da artırırdı. Ona elə gəlirdi ki, bunların hamısı sabah onun məktəbə getməsi üçün kifayət deyildir. İllərdən bəri eşitdiyi, arzusunda olduğu o böyük həyətli, iripəncərəli üçmərtəbəli bina, otaqlarından müəllim səsi gələn, həyətində uşaqlar oynaşan bina Gilasın gözlərində daha da böyüməkdə idi. Dəstə-dəstə uşaqların girib-çıxdığı, sıralara düzüldüyü, zənglə yığılıb-dağıldığı yadına düşdükcə qızın ürəyi döyünür, rəngi qızarırdı. Ona elə gəlirdi ki, məktəbə getməyə hələ hazır deyildir. Nəyi isə çatışmır. Ancaq bu çatışmayan şeyin nə olduğunu axtarıb tapa bilmirdi. Qapıya yüyürüb qayıdır, portfelini açıb-bağlayır, güzgü qabağında dayanır, pəncərədən boylamb, həyətdəki uşaqlara görünmək istəyir, anasından dönə-dönə soruşurdu:
– Müəllimə necə salam verim? Adımı deyim, yoxsa atamın adını? Portfelimi hara qoyacağam?..
Məktəb həyəti yüzlərlə əliportfelli, boğazıqalstuklu oğlan-qızla dolmuşdu. Elə bil ki, hər tərəfə çiçək səpilmişdi. Aylardan bəri bir-birindən ayrılan, düşərgələrdə, istirahət evlərində, yaylaqlarda, səyahətlərdə dincəlib qayıdan yoldaşlar görüşür, qucaqlaşır, quşlar kimi ucadan səs salırdılar.
Hündürboy, ağ, uzun paltarlı, döşü nişanlı, qolu saatlı qadın – müəllim birinciləri sıraya düzüb aparanda zəng səsləri hamını dərsə çağırırdı. Gilas səsini eşitdiyi bu zəngin harada vurulduğunu bilmək üçün ətrafına boylanırdı, amma bir şey görə bilmirdi. Yanındakı, adını hələ bilmədiyi özü boyda bir qız onun barmağını tutub çəkirdi: "A qız, bəri gəl!"
Müəllim uşaqlan sıralara cüt-cüt əyləşdirəndən sonra dedi:
– Uşaqlar, siz bu gündən məktəblisiniz. Sizi təbrik edirəm!
Müəllimin bu mehriban sözləri Gilasın elə xoşuna gəldi ki, özü də bilmədən ayağa qalxdı, şirin-şirin gülməyə başladı. Müəllim öz adını deyəndə Gilas təkrar yerindən qalxıb heç kəsə macal vermədən dedi:
– Müəllim, mənim adım Gilasdır.
İki gün sonra Gilası sinfə sanitar seçdilər. Anası onun qoluna qırmızı nişan tikdi, çiyninə "sanitar çantası" saldı. İndi Gilas öz vəzifəsini bilirdi. Sinifdə bir kağız qırığı, bir çöp düşməyə qoymazdı. Tənəffüsdə gərək lövhə təmizlənə, silgi yuyula, pəncərələr açıla, hamı sinifdən çıxa idi. Müəllimin stoluna hər gün gərək təzə kağız, ya qəzet salma idi. Lövhə tərtəmiz, tabaşir yerində ola idi.
Günlər keçdikcə, yoldaşlarını yaxşı tanıdıqca, sevdiyi kitabın vərəqlərini öyrəndikcə Gilas sevincindən hər gün bir az böyüyürdü. İndi daha birinci günlər, qələm tutmağı öyrəndiyi, cizgini əyri çəkdiyi günlər deyil. O, hərfləri, sözləri qəşəng yazmaqla, müəllimə göstərməklə kifayətlənmirdi. Evə çatmamış anasını çağırıb portfelini açır və sevinə-sevinə deyirdi:
– Bax, müəllim beş yazıb.
Qız dərsdən sonra həyətə çıxmışdı. Orada yalnız uşaqların yox, böyüklərin, anaların da yığıncağım gördü. Ev idarəsi müdiri Zəhra xala stol qoyub üstünə qırmızı örtük salmışdı, kağız-qələm də var idi. Zəhra yazılı bir vərəqi göstərib, analara deyirdi:
– Qol çəkin!
Bu, indi bütün dünyanın hər yerində fikriaçıq adamların qol çəkdiyi bir kağız idi. Bu, Ümumdünya Sülh Şurasının məşhur müraciəti idi.
Qız sanki təkcə Zəhraya yox, bütün analara sual verirdi.
– Niyə qol çəkirlər?
– Bu nə kağızdır?
Zəhra onun başım sığalladı, əyləşib gözlərinin içinə baxdı, çox mənalı sualına cavab verdi:
– Qızım, biz sülhə qol çəkirik. Qol çəkirik ki, bir də dava olmasın, heç bir ev dağılmasın, sizin kimi balalar dinc oxuyub, boya-başa çatsınlar, böyük adam olsunlar. Bu kağıza rəhbərlərimiz birinci qol çəkiblər. Gilas bir kağıza, bir də Zəhraya baxdı.
– Uşaqlar da qol çəkə bilərmi? — deyə Gilas soruşdu.
– Uşaqlar böyüyəndən sonra qol çəkər. İndi sənin anan qol çəkəcək. Bəs anan hanı? – Bir şey yadına düşmüş kimi, Zəhra əlavə etdi: – Sən isə dərslərini əla öyrən, müəllim deyənlərə bax!
Gilas evə qaçdı. Tövşüyə-tövşüyə anasını səslədi:
– Tez gəl, qol çəkirlər!
– Nəyə qol çəkirlər?
– Daha dava olmasın.
– Təki olmasın, qızım. Bəs sənə kim dedi?
– Odur, Zəhra xalanın əlində qərar var – sülhün qərarı. Rəhbərlərimiz qol çəkib, indi də hamı qol çəkir.
Anası cəld ayağa qalxıb həyətə gəldi. Zəhra anası ilə gələn Gilası görüb güldü:
– Sağ ol, Gilas, – dedi. – Sən əsl sülh tərəfdarısanmış, qızım.
Gilas həvəslənib binanın yuxarı mərtəbələrinə qalxdı. O bir işıq kimi evlərə girib-çıxır, xoş xəbər və şənlik gətirirdi. Ev qadınlarını sülhə qol çəkməyə çağırırdı:
– Sayalı xala, həyətdə çağırırlar, hamı yığılıb.
– Ay nənə, gedə bilmirsənsə, gətirim bura, qol çək!
Gilasın qapı-qapı gəzib xəbər verməsi, binaya səs salması böyüklərin xoşuna gəlirdi. Onlar: "Bu saat, bala!" – deyə evdən çıxırdılar. Sülh kağızma qol çəkənlərin sayı çoxaldıqca Gilasın fərəhi artır, gözləri sevinclə parıldayırdı. O, böyüklər kimi diqqətlə siyahıya baxıb deyirdi:
– Hamı sülh istəyir.
Zəhra onun sevincinə şərik oldu:
– Qızım, bütün vətənimiz sülh istəyir.
Qızın gözündə sülh istəyənlər get-gedə artır və dünyanı tutan əzəmətli bir ordu kimi böyüyürdü. Gilas kişilərin, qadınların, fəhlələrin, müəllimlərin, qocaların, cavanların dəstə-dəstə gəlib, bu qərara qol çəkdiyini gözü ilə görür və sevinirdi. O, sülh sözünü öyrənəndən sonra lövhədə iri hərflərlə bunu təkrar-təkrar yazır, pozmağa qoymurdu. Sanki uşaqlar qızın bu işarəsini bir çağırış kimi deyirdilər. Müəllimin öyrətdiyi sülh mahnısını uca səslə oxuyurdular:
Mən də sülhə səs verən
Milyonların biriyəm.
Mən səadət yolunun
Yorulmaz əsgəriyəm.
Gilasın və yoldaşlarının həyat, səadət mahnısı bahar günəşi kimi üfüqlərə yayılırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-gilasin-sevinci
Use ← → keys to move, R for a random poem
More by this author
Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda qaldı".Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb elədi: "O hara, bura hara? Onu kim çağırıb?".
İkinci hissə, yeddinci fəsilBeşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.
İkinci hissə, səkkizinci fəsilVahid evə gələ bilmədi, deyəsən onun əsil işi indi, layihəsi qəbul olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı. Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi, şəhərin ən uca yerinə – Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən, get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi. "Yeni Bakı"nın quruluşu, həyatı, insanları qədər də təbiəti təzələnməlidir. Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana, muzeylər, saraylar, klublar, rəsədxana... Uca çinar, qələmə, qarağac, şam, həmişəcavan ağacları içində görünməz olmalıdır. Eyvanlardan üzüm salxımları sallanmalı; bağçalarda güllər dəstələnməlidir. Dənizdən gəmi ilə gələnlər dünyanın ən gözəl bir şəhərinə yanaşdıqlarını güman etməlidirlər. Bu mənim şəhərim! Məni böyüdən, mənim böyütdüyüm yerlər yenə də dilə gəlin, qoyun aləm bilsin!Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni tarixində böyük bir kitab yazılmışdır. Murmanskdan Bəsrə körfəzinə, Lamanşdan Vladivostoka qədər uzanan yollarda gəzənlər - yer, su, hava səyyahları - ruslar, azərbaycanlılar, özbəklər, kazaklar, türkmənlər, fransızlar, italyanlar, yaponlar, çinlilər, hindlilər... qaralar, ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə qədər açılan parlaq vərəqləri kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, göylərə baş vuran zavodlarda, çoxqatlı mənzillərdə, məktəblərdə, müalicə evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da, gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş səslə deyəcəklər.
İkinci hissə, doqquzuncu fəsilGəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı Gəldiyevə tanışdı.İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını "ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi.