"Dünyanın işi belədir. Zahirdə dəhşətli görünən qanunlar insanların özləri tərəfindən verilir və rədd olunur. Vay o adamın gününə ki, bunu başa düşməsin, qəzetlərə, deyilənlərə inansın. Elə götürək mənim özümü. Bir zamanlar dəli pristavın qaradavoyu oldum; onda gəncdim, qoçaqdım, gözümü ağardanda qorxudan boğaz inəklər bala salardı.

Fələk vurdu, müsavat taxta çıxdı, qulluqlar dəyişdi, tanış olmadığım adamlar iş başına keçdi. Xosrov bəyə bir qırqovul, bir də damazlıq inək bağışlamaqla kəndin yüzbaşılığını aldım. Əsl ömür-günüm buradan başladı...

Bolşeviklər olduqca ayıqdırlar, yuxuda fikrindən keçəni bilirlər. Mənim igidliyimə bax ki, hələ yerimdən tərpənməmişəm, Allah qoysa, tərpənmərəm də. Yaşamaq üçün mübarizə lazımdır. Burası var ki, beş-altı il bundan qabaq bir tövr keçinmək olurdu, indi işlər çətinləşib, getdikcə də çətinləşir."

Bu kimi fikirlər Hacı Qəhrəmanın başını böyütmüşdü. Boynu çiyninə düşmüş, bədəni süstləşmiş, gözü yumulmuşdu. Uzun dağ yolunu meyilsizcə addımlayan acmış at sanki bir cənazə sürüyürdü. Hacı Qəhrəman mürgüləyir, yolun harası olduğunu bilmirdi.

Payız günəşi işdən evə qayıdanlar kimi, yeyinləyir, yuvasına enir, kölgələr uzanır, külək əsir, hava sərinləşir, dərələrin sıx ağaclıqları sanki komanda ilə sulara səcdəyə əyilirdi. Quşlar bir xətt kimi üfüqləri cızaraq çəltiklər arasında gözdən itirdi. Çiyni sənəkli gəlinlər şirin-şirin gülüb danışırdılar.

Ətrafı yaşıllıqlarla örtülü sulu dərəyə girdikdə Hacı Qəhrəman qara bir bulud çökdüyünü fərz etdi. Yuxulu gözlərini silərək, rayona yaxınlaşdığından silkindi. Lakin qara və şübhəli fikirlər onun yaxasından əl çəkmədi.


29-cu ilin sovet seçkilərində Hacı özünü Şəkər kəndinin ortababları sırasına sala bilmişdi. İşlər nəinki öz qaydasında gedirdi, hətta gün-gündən yaxşılaşırdı; hörməti artır, iclaslarda çıxış edir, bəzən on beş dəqiqə "nitq" söyləyirdi.

Mərdimazarın dilini ilan çalsın! Kim isə Hacının keçmişini qurdaladı, köhnə küllükləri eşələdi. Bu hal Hacım bərk təşvişə saldı. O, bu işin dalınca oldu, özünə dolaşan sarmaşığın kökünü tapıb qırmaq, dartıb kəsmək istəyirdi. Hacı Qəhrəman istəyirdi ki, "qarğanı yuvasında boğsun." O bilirdi ki, "Hacı köhnə yüzbaşıdır" deyə el içinə söz salsalar, öhdəsindən gələ bilməyəcək. Komsomollar, müxbirlər əl çəkməyəcək. Hacı ilk dəfə bu məsələni ürəyi qızan adamlara açdı.

Xüsusən, cümə günü nahardan sonra Hacının balkonunda bu məsələdən çox danışıldı. İspalkom Həmid qabağındakı stola yıxılır, boş-qabdakı qara üzümdən gilə-gilə ağzına qoyaraq, ehtiyatlı bir səslə pıçıldayırdı:

– Hacı, başın haqqı, kənddə yüzü yüz söz desin, nə qədər mən varam, qorxma. Odur, lüt Allahyarm oğlunu gördün nə günə saldım! Dədəsinə tapşırmışam, bir də sizin həndəvərə dolansa, ciyərini kürəyindən çıxararam. O ki qaldı, rayon, orada bir qədər qorxu olacaqdır. Bilirsən ki, indi xalq ustalaşıb, burada bir az səsinə səs vermədin, basıb rayona gedirlər. Rayondan da nə olsa, təhqiqatı biz aparıb, biz yoxlayacağıq, odur ki, bu tərəfdən də iş düzəlir.

Mən sənə bir kağız verərəm, apararsan rayona. Ay rəhmətliyin oğlu, sənin yüzbaşı olduğunu rayonda kim bilir? Onların çoxusu yeni yetişən uşaqlardır. Köhnə adam yoxdur, nə desələr, biz şahid göstərrik. Bərkə qalanda - o da lələşinin işidir. Keyfini pozma! Sən bircə rayonda əlinə bir tanış keçir!..

İspalkomun sözləri sarı yağ kimi Hacı Qəhrəmanın ürəyinə yayılırdı.

O günlər kənddə böyük hərəkət vardı. Bu il məktəbə birinci dəfə olaraq, ən çox uşaq (102 nəfər) gəlirdi ki, bunları yerləşdirməyə əvvəlki ev darlıq edirdi. Komsomol özəyi katibi qolçomaq Pirinin evini məktəb üçün boşaltmağı təklif edirdi. Buna müqavimət göstərənlər vardı. Taxıl tədarükü aparan muzdur Rüstəm çəpər arasında çox zülm ilə öldürülmüşdü. Muzdurlar komiteti bu qudurğanlığı haman Piridən və həmkarlarından görürdü. Kəndin mollası Şəmkirdə imam zühur etdiyini və tezliklə bu kəndləri də çulğalayacağını elan edir, xüsusən, qadınları təşvişə salmağa çalışırdı. "Kim imam bayrağına girməzsə, qəzəbə gələcək. Dünyanın axır-uxurudur, camaat, mömin olun, nicat tapın!.." - deyirdi.

Komsomolçular mollanın tutdurulub dama basdırılmağına icazə verilmədiyindən pərt olurdular.

Bunların heç biri Hacını saxlamadı. O, bu hadisələrin böyük tarixi günlərə xəbərçi olduğunu yaxşı duyurdu. O bilirdi ki, indi pioneri dindirirsən, sinif mübarizəsindən danışır. Bu çarpışma və gurultular qabağında baş saxlamaq, yüzbaşılıq kimi bir qara damğanı və bununla əlaqədar "köhnə işləri" pərdələmək çox çətin olacaqdı. Buna baxmayaraq, Hacı təvəkkül və ümiddən doymurdu. O, özünü bu hadisələrdən qırağa çəkirdi.

Bir tərəfdən gözə görünməmək, o biri tərəfdən işini düzəltmək üçün Hacı yabısını minib, rayon mərkəzinə gəlmişdi. Onun məqsədi bu idi ki, birtəhər eləsin, yüzbaşı olması barədə söylənən sözlərin "yalan", "şəxsi qərəz" olduğu və fərdi vergiyə salınmaması barədə rayondan bir kağız əlinə keçirsin. Bunun üçün bəzi hazırlıqlar da görmüşdü. Hacının əsas ümidi bu idi ki, yüzbaşılığı haqqında heç kəsin xəbəri olmayacaq.

Kəndin rəyini bilmək istəyəcəklər ki, o barədə kənd sovetinin bir arşın "xasiyyətnaməsi" vardı.

Pirçivan kəndində Hacı Qəhrəmanın qonaq yeri vardı. Usta tərpəndi. Gecəni heç bir evə getmədi. Özünü daha "məzlum" göstərmək üçün RİK-nin pilləkənlərində gecələdi. Boylu bir milis qaraul çəkirdi. Hacı məzlum, həzin səslə onu danışdırıb, RİK sədrinin kim və nə cür adam olmağından bir məlumat almaq istəyirdi.

Milis ona qəti dedi:

– Mən bilmirəm. Sabah olar, özün görərsən.

Səhər RİK katibi Sultanov Hacının ərizəsini oxuyaraq, onu danışdırdı. Hacı dizlərini bükük tutub, əllərini döşünə qoyaraq, danışırdı:

– Başına dönüm, mənim nə günüm olub, əlimin əməyilə işləmişəm, camaatdan soruş, əgər mənim yüzbaşılığımı deyən olsa, boynumu vur.

– Kişi, ağzına gələni danışma! Biz boyun vuran deyilik! Bəs de görüm, sənə yüzbaşı adı qoyan kimdir? Axı nəyə əsaslanıb deyirlər?

Hacı Qəhrəman bunun nədən irəli gəldiyini, yer bölgüsündə Həbib ilə aralarında inciklik olduğunu kəsmə-kəsmə söyləyirdi.

RİK-nin kabinetində üç-dörd adam vardı. Hacı elə ilk dəqiqədə bu adamlardan qorxdu. Onlar əvvəl başqa şey ilə məşğul idilər. Hacı onları maraqlandırdı. Onu dinləməyə başladılar. Onların içində bir nəfər qarayanız, itibaxışlı, sakit duruşlu bir gənc vardı.

Hacı hər sözbaşı gözünün ucu ilə ona baxıb, qorxa-qorxa davam edirdi. O, Hacıya sual verməyə icazə istədi:

– Hacı, - dedi, - səndən bir-iki söz soruşsam, xatırma dəyməz ki? Hacının rəngi dəyişdi, gözlərini yerə dikdi, bir-iki dəfə udqunduqdan sonra dedi:

– Yox, oğlum, niyə inciyirəm, nə sözün var, soruş.

– Sən gərək ki Şəkərlisən?

– Bəli!

– Eviniz də lap Baba bostanın yanında, Əhməd kişinin qonşuluğundadır.

– Elədir ki, var.

– Hacı əmi, mən sizin evə gəlmişəm, hətta iki gün də orada yatmışam.

Bu söz Hacını təəccübləndirməkdən artıq qorxu və iztiraba saldı.

– Bəli, Hacı, mən sizdə qalmışam. 1919-cu il yadınıza gəlirmi?

– Oğul, qocalmışam, dünən yediyim bu gün yadımdan çıxır.

– Mən sizə elə şeyləri deyəcəyəm ki, qətiyyən unutmamışsınız, onları unutmaq qətiyyən mümkün deyildir. Yadınızdadırım, 16-cı ilin qış aylarında sizin bir kəhər atınız öldü?

Bu xəbər açıqcasına Hacının yüzbaşılığından, kəshakəs vaxtından verilirdi. Hacı çaşdı, dili dolaşdı, güc-bəla ilə:

– Yadımda deyil... - deyə bildi.

– O atın yəhərini, deyilənlərə görə, siz son günlərə qədər saxlayırmışsınız...

Katib yerindən dilləndi:

– Hacı əmi, olmuya "yadigardır" deyə, bizdən əsirgədiyin yəhərdir?

– Yox oğul, o deyil.

Buradaca gənc fürsətdən istifadə etdi:

– Bəs o yəhəri neylədin Hacı?

– Onu???

– Bəli, vətəndaş Hacı, həmin il mənim on iki yaşım vardı. Sizin tövləni kürüyürdüm. O atın ölümünü məndən gördün, məni ilim-ilim itirdin. Mən qaçası oldum. Uşaq ikən Bakıya gəldim, on beş ildir ki, kəndi görməmişəm.

Hacı özünü itirdi, qan başına vurdu, elə bil dünyanı fırladıb, onun başına çaxdılar, dizi üstə çökdü, bozardı, qızardı. Kabinetdəkilər gənci dinləyirdilər.

– Hacı, yüzbaşılığa keçmək üçün gərək ki, siz pristavın xatirini görmüşdünüz, beşcə yüz manat qızıl pul vermişdiniz.

Gənc sözünü kəsərək, Hacıya sual verdi:

– Vətəndaş Hacı, düzdürmü, yanılmıram ki?

Otağı sükut almışdı. Hacının bədəni ərimiş yağ tuluğuna dönmüşdü. Ondan cavab yox idi, ola da bilməzdi. Fərdi vergidən xilas olmaq, orta kəndli adını saxlamaq arzularını çoxdan unutmuşdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Səsimizi dünya eşitsin!

Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...

19324 min
Boy

Günəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.

193311 min
Analar yarışı

Özünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:

19335 min
Qüdrət nümayişi

– Karl Marks.Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasınca gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sarı torpaqlı yamaclar dənizə batırmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işıqlandırır, kürəyimizi isidir, bizə muştuluq verirdi:

5 min

Poems by other poets