Page 1 of 2

Günəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.

Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.

Çox keçmir, süfrəyə otururuq. Anam üç yaşlı bacıma baxıb deyirdi:

– Günüqara kişi bilirmiş axı, qız olanda dizinə döyürdü ki, bunu kim böyüdəcək, kasıbın pişiyi cüt-cüt doğar.

Beləcə şikayətlərin səhifəsi açıldı, anam ölünün dalınca danışır, mən isə gözlərimi evin hisli dirəklərinə dikərək, marıtlayırdım. O dizliyimi yamayır, çarıqlarımı təmizləyir; mənim isə 12 saatlıq işdən aldığım yorğunluq gözümü qapayırdı. Mən ölümcül yuxulayırdım.

Ömrün acıları ilə bükülən anam çox şey fikirləşir; çox iş görmək istəyir, lakin heç bir şey etmirdi. Məni Cəbi Hacının qapısından alıb başqasına vermək istəyir:

– Hamısı birdir, ay oğul, qamma nökərsən!

Şəhərə usta şəyirdliyinə göndərmək istəyir. Orada çoxlarının iki ildə ağzı çörəyə çatdığını eşitmişdi.

– Səndən ayrı bir saatım olmasın! - deyə bundan da vaz keçirdi.

– Ana, oxumağa gedim?

Mənim xahişimə anam bir müddət susdu. Sonralar anladım ki, anamın ürəyi məktəbə verməkmiş. Lakin, çörəyimin dərdi buna da mane olurmuş.

– Dolan, bala, görək başımıza nə gəlir. Qara günün ömrü az olar.

Beləliklə mənim axşamlarım ümid və ahlar içində sönür, səhərim həsrətlərlə açılırdı.

Bu, Mustafanın xatirat dəftərçəsindən bir vərəqdir.

Dünənə qədər tumançaq bir yetim, səsi çəpərlərdən uzağa getməyən, adı kənddən qıraqda çəkilməyən Mustafanın bu qədər böyüməsinə, dillərə düşməsinə necə heyran qalmırlar? Bunda onun öz anası da duruxur. Olan şeylərə, gördüklərinə inanmaq istəmir. Bildir deyildimi ki, Bəhmən ("komandirlik oxuyan") əmioğlusu Mustafanın adam olması üçün məsləhətlər görür, məktub yazırdı:

"Mən indi məktəbin 2-ci kursundayam. Gələn il bitirəcəyəm. Heç bir dərdim yoxdur. Bircə sənin kənddə qalmağına, elmdən uzaqlığına yanıram. Sən gənə calış, özünü məktəbə sal. Ananın sözünə baxma, at hər şeyi məktəbə get..."

Bunlar nə birinci və nə də sonuncu dəfə idi. Mustafa bunları çox eşitmiş, alışmış, cavabsız buraxmışdı. Belə məktublar əvvəllər onu kədərləndirir, ruhdan salır, böyük təəssüflər oyadırdı. Lakin o bir şeyə, özündəki bacarıq, iradə, mənliyə inanırdı.

O görürdü ki, adamlar, yalnız skamyadan boy atmırlar. Özək iclaslarında kənddəki iş ilə böyüyən gənclərin adını eşidirdi.

Mustafa kolxoza girdi. Kolxozçuların gurultulu mübariz iclasında elin iştirakı və köməyilə iş planlaşdırdı. "Bakı soveti" kolxozu möhkəmləşirdi. Bakı işçilərindən Həmid əmi kolxozda daimi işə gəldi. Həmid əmi hərəkat komandiri kimi sayılır, hörmətlənirdi.

Nədənsə bu yaz hər şey ildırım sürəti və qılınc kəskinliyilə edilir. Hər başlanğıc böyük bir sevinclə nəticələnir. Sanki bunlar bal arısı kimi tarlaya, kotana, suya, traktora daraşanlar, keçən il işə çıxan adamlar deyil. Tanrının Pərnisası yuxu yatmır, dan atmamış zəmidə ulaqların üstündə olur. Nədəndir?! Bu sirrin açarı haradadır? Adamları bu rəğbət və istəklə əməyə bağlayan nədir?

Bütün bunlara dünənki komsomol iclasındakı məruzəsində raykomun yeni katibi belə cavab verirdi.

– Yoldaşlar, yadınızdadırım, bildir əkin bundan 2 gün sonra nə biabırçılıqla qurtarmışdı. Bu il rayonumuzun adı qırmızı lövhədədir. Bu nəyin nəticəsidir? Allah bizə kömək etdimi? Yox! Qıraqdan adammı gətirtdik? Yox! Planmızmı bildirdən azdır? Yox! Bunun səbəbi üzvlərimizin kolxoz əməyini anlaması, varlanmanın yolunu bilməsidir. Çox işləyən çox alaçaqdır. Kolxoz gəlirli işləyənindir. Bax, məsələ bundadır.

Bunu, bu sadə həqiqəti biləndən sonra Lələ Mürsəl, Dul Şərəbanı, axsaq Əhməd, Aşıq Paşa nə üçün işləməsin?

Mustafanın işi az müddətdə özəyin diqqətini cəlb etdi. Onu məsul bir işə briqadirliyə irəli çəkdilər.

– Yox, mən apara bilmərəm, 25 adamın öhdəsindən kim gələcək? Hamısı da məndən iri...

Gülnisə xala heç razı olmurdu:

– Yox, yox qadan alım, azacıq aşım, ağrımaz başım. Nəyimə lazımdır, el ilə üz-göz olum?! Öz köçümüzü sudan çıxarsaq, çoxdur. Gədəm halə təzəcə qol-qanad açır...

Özək nə Mustafanın qorxusu və nə də anasının etirazı ilə hesablaşa bilərdi. Bəhərcin onu doqqazdan kənara çəkib danlayırdı:

– Sən niyə vəzifədən qorxursan?

– Apara bilmirəm!

– Niyə Möhsün aparır?

– Uşağın sözünə kim baxacaq?

– Sən uşaq deyilsən! Komsomolun aktiv bir üzvüsən! Sənin taylarına bəzən bir kəndin işi tapşırılır! Bir də ki sən tək deyilsən! Səni bu işə çəkən özəl kimi köməyin var! Həmid əmi ilə də danışmışam. Xətirini istəyir! Razıdır. Heç darıxma, işinə başla, biz kömək edəcəyik!" Doğrudur, komsomolçudur; lakin Mustafa hələ bərkiməmiş, məsum, utancaq üzü yola bir kənd uşağıdır. O, özündəki işləmək bacarığını təşkil etməyi öryənməli idi. Bu isə ona çətin gəlirdi.

– Başın üçün guya səndən savayı briqadir yoxdur - işləmişəm günümü alacağam!

– O iş deyil, gün yubatmaqdır.

– S ən i biz seçmişik, çıxarmağı da bacarırıq... dayan...

Xırda xala qızışmışdı. Bir gün zəhmət çəkib, arıtdığı toxuma Mustafa gün yazmaq istəməyirdi.

– Pis arıtmısan, - deiyrdi, - təzədən bir-bir artmalısan.

Mustafanın bu ağır, lakin haqlı tələbi çoxlarım narazı salmışdı. Onlar indi təkcə miqdar deyil, keyfiyyət tələbləri qarşısında bulunurdular. Bu isə hər kəsdən səliqə, diqqət, işə can yandırmağı, ürəkdən yanaşmağı tələb edirdi.

Mustafa naryadların formasını dəyişmək fikrində idi. Ona elə gəlirdi ki, işə çıxanlar nə cür işləyəcəyini bilməlidirlər. Bunun üçün isə "bir hektar əkəcəksən!" - demək azdır. Məsələn, bir də necə, hansı toxum ilə nə qədər məsafədə, dərinlikdə, hansı şərtlərlə əkməyi göstərmək lazımdır.

Belə edildikdə, "bilmədim, deməmişdin, yazılmamışdı" kimi bəhanələr hamısı silinir.

Naryadlara belə bir əlavəyə ilk əvvəl Mustafa cəsarət etmədi. Lakin hər axşam yığıncaqda bu şərtləri daha bərkdən deyib tapşırırdı.

Mustafanın tələbkarlığı, işin ağası kimi tərpənməyi, bütün az çalışıb, çox qoparmaq istəyənlərin bəhanəsini kəsdi. O, indi nəzərlərdə briqadirə yox, komandirə bənzəyirdi. O, dediyini etməyə adət etmişdi. Tarla onun üçün bir meydan olmuşdu. Kotanın bir dəqiqə dayanmasına əsəbiləşirdi.

Hər kəsdən əvvəl komsomolçular onun ardınca gedir, onu eşidirdilər. O, bəzən Əhmədə, Teymura iş tapşırırdı. Çoxları Mustafa kimi işləməyi öyrəndi. Çox çəkmədi, bütün rayonda onun briqadası barmaq ilə göstərildi.

O, əkin planını doldurdusa da dayanmadı; qonşulara yoldaş köməyinə getdi. Briqadalarda naryadı dəyişir, adamlara qəribə gələn tapşırıqlar verirdi. Onun sayəsində bütün kolxoz planını hamıdan tez qurtardı. Hər axşam onun işi haqqında doqqazlarda, evlərdə, iclaslarda danışılırdı.

Çırdaxan kolxozu hələ əkini bitirməmişkən Mustafanın pambığı göyərirdi. O, uzun zəhməti və şərəfli işinin məhsulu olan pambıq toxumlarına bir-bir baxırdı. Yerin damarlarından əmib başını işıqlı dünyaya çıxaran toxumlar sanki öz yaradıcılarına salam verirdi. Mustafa çömələrək çox ehtiyatla onların başındakı kəsəkləri arayır. Baxır, sevinir, sevindikcə baxırdı.

Bəhərcin ilə tarlada vağınırkən bir dəstə adam gəldi. Birisi, cavan oğlan gülər üzlə əlini uzadaraq:

– Salam, yoldaş Mustafa! - deyə tanış oldu. Mustafa bunu heç tanımırdı. O, ehtiram ədası ilə ötərgi Mustafanın kefini soruşdu. Sonra öz təcrübəsindən danışmağı xahiş etdi.

Gülnisə xala uzaqdan baxırdı. Birisinin üçayaq üstə durmuş bir qutu ilə Mustafanı nişanladığını gördü.

– A qadan alım, o, nə qayırır elə?

– Ədə, gözlə! Nə istəyirlər səndən?

Bəhərcin onu kiritdi:

– Qorxma xala, oğlunun şəklini çəkirlər. Bakıdan gəliblər.

Bu gün Mustafa əkin işindəki qələbəsindən aldığı mükafatı ilə kooperativi evə köçürmüşdü. Gülnisə xala Mustafanın yoldaşlarını da çağırmışdı. Xörək pıqhapıq qaynayır, samavar dəmdə, balaca Gülzar isə göyərti yuyurdu.

Bəhərcin gəldi, oturmamış Gülnisəni çağırdı:

– Hələ bura gəl, bir yaxın gəl, xala, sənə bir şey deyəcəm! - O, cibindəki 8 qatlanmış "Gənc İşçi" qəzetini çıxarıb açdı. Böyük bir şəkili ona göstərərək soruşdu: - De görüm bu kimdir?

Gülnisənin gözü oğlunun qəzetdəki gülərkən çəkilmiş şəklinə düşdü. Özünü itirdi. Ona elə gəldi ki, şəhərlər, kəndlər, işçilər, kolxozçular yığışıb deyirlər:

– Bu oğulu doğan xoşbəxtdir.

O, sevincindən qızardı. Bir müddət şəklə baxa-baxa qaldı, dinmədi. Dünyanın ona verildiyini, özünün böyük adamlar cərgəsinə seçildiyini güman etdi. Qəzetəni aldı, oğlunu öpdü, bağrına basdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şaftalı söhbəti

Bəzi mütəxəssislərimizi qəribə bir azar tutub. Soruşursan: "Filan kitab necədir?" Deyir: "Əladır." Soruşursan: "Nəyə görə əladır?" – "Polşada çap olunub."Soruşursan: "Filan nəğmə necədir?" Deyir: "Əla!" – "Nəyə görə?" "Avstriyada, Bolqarıstanda oxunur." – "Filan rəsm necədir?" – "Əla, çünki, Marseldə göstərilir."

19683 min
Beş almışam!

Bizdə, el-oba içində bəzi rəqəmlər çox işlənir. Çox da məşhurdur: üç, yeddi, on iki, qırx."Atalar üçəcən deyib", "Qırx gün, qırx gecə toy elədilər", "İl on iki ay əlim işdədir."

19696 min
Düzəlmədi

Utancaqlıq!Kimdən soruşsan deyər ki, utancaqlıq yaxşı xasiyyətdir. İnsanın qanacağını, mərifətini, abır-həyasını göstərir. Beləsinin hər yerdə hörməti, izzəti var. Adı yaxşılığa çəkilir, ünvanına bir irad tutan olmur.

19696 min
Pul tapmışdım

Uşaqlıqda adamın yaddaşı iti, zehni açıq, marağı çox olur. Gördüyün, eşitdiyin, düşündüyün hər şey güzgüdəki kimi həkk olunub həmişəlik qalır.Hər səhər anam məni məktəbə yola salanda dalanın axırına qədər aparır, köç yolundan ötürüb sonra qayıdırdı. Yolu hoppanandan sonra dükan qabağındakı səki ilə getmək asan idi, qorxulu deyildi. Çünki qabaqda nə at, nə fayton, nə maşın, nə də araba var idi. Başıaşağı səki ilə gedirdim. Bağça-bağa yaxınlaşmamışdım ki, gördüm ayağımın altında bir şey işıldayır. Əyilib baxanda bir abbasılığı gördüm və götürdüm. Xəyalıma gəldi ki, bu kimin cibindən düşüb. Sağıma-soluma baxdım, gedib-gələn görmədim. Pulu cibimə qoyub sevincək dərsə yollandım.

19693 min

Poems by other poets