Hikmətdən xəbər
Page 1 of 2
1
İttifaqın sədri telefon eləyib məni çağırmışdı. İşin axırında tramvaya oturub getdim.
– Yaxşı gəlmişsən, - dedi, - əyləş, səni gözləyirdim.
Siyirməsindən bloknot çıxartdı, bir neçə vərəq geri qatladı, qələmi mürəkkəbə batırıb yazmaq istədi, nə fikirləşdisə, əl saxladı, üzümə baxdı:
– Bilirsən, Rəhim, - dedi, - nə var? Seçki məntəqələrində çalışmaq üçün bizdən bir təbliğatçı istəyirlər. Buna da hər adamı göndərmək olmaz, yoldaşlarla məsləhətləşdik ki, sən gedəsən. İş, özün bilirsən, çox məsul və olduqca şərəflidir. Hazırlıqlı komsomolçusan, işləmişsən, məktəb görmüşsən, bacararsan, - sonra sədr səsini bir az alçaltdı və yumşaq bir əda ilə danışdı: - Ancaq ayrı şey demək istəyirəm.
Telefon zəng elədi. Sədr telefon xəttini o biri otağa bağladı, davam etdi.
– Axı çoxunuz evdar qadınlara dərs deyəcəksiniz, cürbəcür adamlara rast gələcəksiniz. Qocası, qarısı var, çoxu savadsızdır! Namaz qılanı var, üzüyolası, sözə baxmayanı, dinməzi, dilli-dilavəri var. Gərək hər biri ilə danışanda özünə görə dil tapmağı, müsahibəyə cəlb etməyi, işa alışdırmağı, seçki qanununu sadə sözlər, uyğun misallarla başa salmağı bacarasan. Sənə köməklik, rəhbərlik olacaq. Amma işin nəticəsi səndən asılıdır. Ürəklə yapışıb can yandırsan, bütün kəm-kəsiri yox eləyərsən. Xahişim budur: elə eləyəsən ki, sabah peşmançılıq olmasın.
Mən təbliğat işinə başladım. Evdar qadınları başıma yığdım. Müsahibələrimi sadə, aydın və həyati misallarla qurmağa çalışırdım. Mənə tapşırılan işin yaxşı getməsi üçün əlimdən gələni əsirgəmədim.
İttifaq sədri də məni unutmamışdı. Özü dəməyimə gəlirdi. Bir gün yanına çağırdı. "Danış, - dedi, - görək dəməyin nə haldadır?" Mən başıma gələnlərin hamısını söylədim.
2
101,105,107 nömrəli evləri mənim öhdəmə vermişdilər. Burada evlər müdirinin məlumatına görə, 19 nəfər evdar qadın vardı. Əvvəlcə mən yoxlamalı idim. Qapı-qapı otaqları gəzib, qadınların adbaad siyahısını tutmalı, dinləyicilərin hamısına yaxın bir yer tapmalı idim. Nömrələri yanaşı yazılan bu evlər bir-birinə o qədər də yaxın deyildi, 101-ci evlə 105-ci evin arasında böyük bir xəstəxana binası vardı. 107 nömrəli ev bağlı-bağçalı bir hasarın lap dibində idi.
Mənim siyahımda iki nəfər artıq çıxdı.
Bu iki nəfər - bir qız, bir ana - Gilə xalanın qonaqları idi. Qadın dərnək açılacağını, dərs keçiləcəyini biləndə qiyamət qoparıb, öz adını qaralatdı ki, bizim xəstəmiz var, üç-dörd günə çıxıb gedirik. Bu yaşa gəlmişəm, əlif-bey deməmişəm. Mənim nə vaxtımdır, oxumağa gedəm?
Qız isə oxumaq istəyirdi. Anası onu da dilə tutmaq istədi:
– A Hikmət, ay qızım, yazılma, biz ki buralı deyilik, nə lazım dəftər, kitab?..
O, sual şəklində verdiyi məsləhətə Hikmətdən cavab gözləyirdi.
Hikmət razı olmadı:
– Gedəndə gedərik də! Nə qədər buradayam, oxuyacağam, yeni seçki qanununu öyrənəcəyəm.
Mən onların mübahisəsindən istifadə edib Hikmətə baxırdım. Hikmətin, o mütənasib boylu, yaraşıqlı, təmiz və səliqəli geyinmiş qızın zahirinə baxan adam onu anadangəlmə şəhər qızı, məktəb tələbəsi, ya da idarələrdən birinin əməkdaşı sayardı və bunda yanılmazdı. Lakin zahirdə belə idi. Sonra öyrəndim ki, Hikmətin şəhərə ilk gəlişidir. O, kənddən-rayondan kənara çıxmamışdı. Hikmətin yaraşığında və gözəlliyində libasın, modanın, demək olar ki, qətiyyən iştirakı yox idi. Əksinə, onun əynindəki qırmızı kofta, başındakı abı kəlağayı, ayağındakı yüngül tufli Hikmətin gözəlliyindən ümumi və gözəl bir ahəng alırdı. Mən Hikməti 18 yaşında yazanda anası qapıya çıxdı:
– Əvvəla, - dedi, - yazma! İndi ki yazırsan, düz yaz: qızın on doqquzca yaşı var.
Mən Hikmətin üzünə baxdım: "Cavab ver!" demək istəyirdim. Hikmət dedi:
– Ay ana, odur, metrikada tarixim var: düz yazıb, 18 yaş!
Arvad bir az da cinləndi:
– Ay qızım, bu da təzə qaydalar, təzə haqq-hesablar deyil ki, məni çaş-baş qoyasınız! Sənin yaşını beş barmağım kimi bilirəm. Sən olmuşsan düz orucluq bayramının günündə! Orucluq bayramına hələ neçə ay var.
Mən soruşdum:
– Ay xala, Hikmət, deyirsiniz, orucluq bayramının günündə olub, eləmi?
– Bəli, elədir.
– İndi də, deyirsiniz, orucluğa hələ bir neçə ay var?
– Elədir!
– Elə isə Hikmət deyən düzdür, 18 yaş!
Bunu deyib başımı aşağı saldım, yazdım. Kəndli qadının acığı tutdu:
– Həlbət ki, Hikmət deyən düz olar... O, yeniyetmə, alma kimi bir qız... Mən qarının biri! Həlbət ki, Hikmət deyən düz olar!..
Onun sözünə gülüşdülər.
– Xala, - dedim, - bir başa düşün ki, sizin o orucluq ayları, qurban ayları ildə azı 10 gün dal-qabaq vurur. Mollalar özləri il on iki ay camaatı aldatdıqları kimi, tarixləri də sizi aldadır. 18 ildə azı 6 ay aldanırsınız, Hikmət bir gün də aldanmayıb, onun hesabı düz çıxır.
Gilə də mənim sözümə qüvvət verdi:
– Doğru deyir, ay bacı, lap doğru deyir: müsəlman ayları dəyirman daşı kimi dolanır axı, bir də görürsən, orucluq getdi qışa düşdü.
Deyilənlər, yəqin ki, qadına təsir etmişdi. O, bir əlində corab, o biri əlində iş yerində donub qaldı.
Yer axtarmaqda çətinlik çəkmədim. Ağzımı açmamış Gilə xala özünün bərli-bəzəkli qonaq otağını təklif etdi: kağız, qələm, mürəkkəb gətirdi.
Mən savad bilənlərə kitabçalar verdim. Hikmət hardansa çoxlu karandaş gətirib stolun üstünə qoydu. Qadınlar böyük həvəslə qulaq asırdılar. Mən onlara yeni Sovet Konstitusiyasını və yeni seçki qanununu öyrətməyə, günün siyasi hadisələrindən müsahibələr keçirməyə başladım.
Çox çəkmədi mənim dərnəyim nizamlı-qaydalı bir sinif otağına döndü. Hər gün naharımı yeyib gedəndə hamını hazır görürdüm. Hətta Hikmətin anası da gəlirdi. Qadınların bəzisi uşağını yatırıb gəlirdi, kimisi qucağında gətirirdi, eləsi də vardı ki, ərinin qılığına girib, "bir saatlığa" uşağı ona tapşırır, kitablarını götürüb dərsə tələsirdi.
Hikmət dərnəyin bütün işlərində mənə kömək edirdi. Xüsusilə, onun bir xidmətini heç vaxt unuda bilməyəcəyəm.
Dinləyicilərin sırasında Şərabam adlı bir qarı var idi. O, müsahibənin ilk günlərində seçki qanununa dair şıdırğı suallar yağdırırdı. Cavablarımdan sevinirdi.
– Arvadlarla kişilərin seçkidə bir təfavütü ki yoxdur?
Mən cavabımı bitirməmiş o üzünü dərs oxuyanlara tutdu, əl-qolunu ölçə-ölçə dedi:
– Görün bir, bacılar, bir görün! Başına döndüyüm Sovet hökumətinin gözəl-gözəl qanunlarına baxın, qəşəng-qəşəng qaydalarına baxın! Arvad, kişi olub bərabər. Sabahları, deməli ki, əl qaldırıb, içimizdən bir ağbirçəyi seçib, iş başına qoysaq, qoyarıq. İxtiyar öz əlimizdədir, niyə də qoymayaq!
Mən Şərabam arvadı başa salmaq üçün seçki qanununun müəyyən maddələrini oxumaq istəyirdim, o, macal vermədi, mənim yumşaqlığırndan istifadə edib danışdı:
– A qadan alım, başağrısı olmasın, indi budur, timsalən deyirəm, biz zəhmətkeşlər, söz belə, istəsək, burada oturan arvadların birini seçək, nə olar, inanırıq, görürük ki, timsal belə, yaxşı işləyir, dilli-ağızlıdır, haqq-ədalətnən baxandır, ağbirçəkdir, ürəyimizə yatır, seçirik. A qadan alım, necə eləyək ki, seçək? Söz məsəli deyirəm!
Şərabanının sual yerində danışdığı söhbətlər məni gündəlik temamdan kənar salsa da, cavab verməyə məcbur idim.
– Bizim dəməkdə cəmi 15-20 adam var. Deputatlığa seçilən yoldaşa isə gərək minlərlə adam səs versin. Rayonumuzun bütün seçiciləri bir yoldaşı namizəd göstərəndə, əlbəttə ki, biz də ona səs verərik.
Mən qurtarmamış o başlayırdı:
– Bacılara bəlli oldu ki, biz zəhmətkeşlər kimi istəsək öz içimizdən seçərik, seçəcəyik. Həlbət ki, elə yaxşıdır. Bəs necə, tanımadığımız bir qıraqdan gələni, həlbət ki, seçməyəcəyik. Biz öz yoldaşlarımızdan seçəcəyik. Təki bizim öz yoldaşlarımızdan olsun. Timsalən deyirəm. Gilə bacı, Həcər, ya o birisi söz bir eləyib, məni seçəndə, həlbət ki, mən də kişi qızıyam, yadımda saxlayacağam. Sabah özümüzünkülərin, beş barmağım kimi tanıdığım arvadların işinə tez baxacağam.
Mən yəqin elədim ki, Şərabam arvad ya qohumlarından birini seçmək istəyir, ya özü seçilmək istəyir, ya da ki özünü "fəal" qələmə verib, qadınlar arasında ad çıxarmaq istəyir. Bu fikrimi bir az örtülü və yumşaq halda Şərabanıya dedim. Xahiş elədim ki, suallarını axırda versin.
Sonrakı məşğələdə Şərabam arvad bir az dal tərəfdə dinməz-söyləməz oturmuşdu. Mən danışırdım. Dərsin şirin yerində Həcər geri döndü, acıqla qışqırdı:
– Yaxşı, yaxşı, ay arvad, yaxşı!
Mən soruşdum:
– Nə məsələdir?
Şərabam qızardı. Həcər cavab vermədi. Hamı onlar tərəfə döndü.
Mən çox maraqlandım:
– Nədir yaxşı ola, nədən danışırsınız?
Həcər acığını söndürmək istəyənlər kimi:
– Heç, müəllim, - dedi, - dərsimizi keçək!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-hikmetden-xeber
Use ← → keys to move, R for a random poem
More by this author
Bu ad ilə çağırılan yerlərdə gülzar, ancaq yalnız gül olmur. Doğrudur, gül deyəndə əsasən qızılgül nəzərdə tutulur. Amma burada cürbəcür güllər, çiçəklər olur. Buraya gedəndə insan ətirdən məst olur. Bu ətirlər yalnız qızılgüldən deyil, təbiətdə mövcud olan çox güldən, çiçəkdən gəlir.Gülzarın bir əsl həqiqi, bir də məcazi mənası var ki, bunu sənət, ədəbiyyat xadimləri yaxşı bilir, yerində də qiymətləndirirlər.
Bakı günəşiÜzünə zər ləpələr səpilmiş dəniz sərin səhər səmasının altında ipək parça kimi ehmalca ləngər vururdu. Sularda çimib çıxan Günəş qızıl güldan kimi fəzaya qalxırdı. Deyəsən, onu altun dəstək ilə sudan qaldırırdılar. Bəlkə də dəstək deyil, Günəşi qüdrətli bir fəhlə biləyi göyə qaldırırdı, kainatı parlatmaq üçün.Deyəsən, indi günorta yerindən aləmə od tökən, gözlər qamaşdıran qızmar yay günəşi yox, yenicə çimib, çalxanıb sulardan çıxan gənc və nurani bir pəhləvan idi, onun polad kimi odlu çöhrəsi get-gedə ağarmağa, rəngini dəyişməyə başlayırdı.
Günah kimdədir?– Mən ədəbiyyatın, şəxsən sizin oxucularınızdanam. Yaxşı bilirəm ki, siz tanınmış, hörmət sahibi, müasir mədəniyyət xadimisiniz. Gözünüzün önündə köhnə, cəhalət timsalı bir şəxsiyyətin cinayəti tüğyan edirsə, buna etinasız, biganə münasibət bəsləyə bilərsinizmi? Belə bir vəziyyətə necə qiymət verər, nə ad qoya bilərsiniz? Xahiş edirəm deyəsiniz!..Mən hərifin bu gözlənilməz sualına birdən-birə cavab vermədim:
On bacıSovet quruluşu hər şeyi dəyişdi, təzələdi. Bahar təbiəti təzələyən kimi. İnqilab! Cabbarlı demişkən, hər şeydə inqilab!Quruluşda, həyatda, məişətdə, görüşlərdə, adətdə də inqilab!
Poems by other poets
Qurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
GöstərimAy aşıq, cənbərək meydanına gəl,Mərifət elmində sirri göstərim.