Page 2 of 2 · 50%

– Mən deyərəm, özüm, indi qələmim olmasa da, ağlım ki haşımdadır. Deyərəm, sən də yavaş-yavaş yazarsan. Elə öz dilimizdə yazarsan, Molotov yoldaşın dilmancı olmamış olmaz...

İbrahim mürəkkəb-qələm gətirdi. Səliqəli bir kağız hazırlayıb atasının dediklərini yazmağa başladı.

Hilal dayı ömrünün ən ciddi və mühüm çağlarında olduğu kimi özünü yığışdırdı, gəlib oğlu ilə qabaq-qabağa stul üstündə oturdu, dirsəklərini stola söykəyib kağız tərəfə əyildi. Görən deyərdi İbrahim yazanı oxuyub yoxlamaq istəyir. Yavaş-yavaş və bir az da ibarəli di) ilə diqtə eləməyə başladı.

– Əvvəl başdan yaz ki, salam göndərir Sovet hökumətimizin əziz böyüyünə Altıağac kəndinin sakini Hilal Kəlbə Həbib oğlu, ikinci, o plan ki buyurmuşdunuz, gəldi çatdı, oxuyub məzmunundan hali olduq, çox şadıq. Allah sizə ömür versin...

Hilal dayı dayandı, barmağını uzadıb son sətirləri göstərdi və soruşdu:

– Burada nə yazdın, bir oxu, bala!

İbrahim oxudu:

– ...Çox şad olduq, Allah sizə ömür versin...

Hilal dayı barmağını qılınc kimi kağızın üstündən çəkib dedi:

– Allahı qarala. Allahdan acığı gələr, poz getsin! Eləcə yaz ki, min yaşayasınız, çox irazıyam!..

İbrahim yazdı.

Hilal dayı yenə fikrə getdi. O fikirləşəndə göz qapaqlarını aşağı salar, günahkar uşaqlar kimi məyus bir vəziyyətdə dayanardı. Bir də görərdin başını qaldırdı. Dərin və kiçik gözləri quyu suyu kimi işıldadı və həzin, təsirli səsi eşidildi. İndi o, fikirləşir, xəyalında düzəltdiyi cümləni demək üçün əlini İbrahim tərəfə uzadır və başlayırdı, sonra yarımçıq qoyub "yox, yavaş görüm" deyib təkrar fikrə gedirdi.

İbrahim qalxıb su içdi və su qabını gətirib stolun üstünə qoydu, yerində oturub atasına müntəzir oldu. Hilal dayı dilləndi:

– Hə... çox irazıyam yazmısan da?!

– Var.

– Var ol. Onun dalınca yaz ki, mən dirrikçiyəm, sənətim budur, əlli il dirrik becərmişəm... Hilal dayı səsini dəyişdi:

– Urusca bostana nə deyir?

– Aqarod.

– Yaz ki, aqarodçuyam. Torpağı da ovcuma alan kimi, tanıyıram. İki barmağımın arasında sürtdümmü, bilərəm, ay torpaq, sən nəsən. Səndən kartoşka iyi gəlir, yoxsa tərəvəz, soğan, kələm, ya qeyri.

İbrahim acıqlandı:

– Cümləni qarışdırma, bir-bir de!

Hilal dayı bir az kiridi və sonra mehriban bir dil ilə dedi:

– Mən deyəni başa düş, oğul, cümləni özün düzərsən.

İbrahimin qələmi dayanmamış Hilal dayı davam etdi:

– Siz yoldaşlardan təvəqqe eləyirəm ki, Abşeronda təsərrüfat ki, qurulacaq, məni yaddan çıxartmayasınız. Sovet hökumətinin yolunda canbaş ilə varam. Niyə ki, bu hökumət mənim özümü də, oğlanlarımı da quş kimi pərvaz eləyib. Boynuma böyük minnət qoyub.Məndən salamdua, Molotov yoldaş, ev uşaqlarınıza və dost-aşnanıza. Baqi vəssalam. Əztərəfi Hilal Kəlbə Həbib oğlu.

İbrahim bilirdi ki, atasının ağlı köhnə məktublara gedib, ona görə nə "baqi vəssəlam" yazdı, nə də "əztərəfi". Məktubun axırında imza yerində atasının adını yazıb qatladı, paketə qoyub ağzını bağladı.

Məktubu göndərəndən sonra Hilal dayının ürəyi tıp-tıp eləyirdi, qulağı səsdə idi. Hərdən fikirləşirdi ki, görəsən, tutduğum işin nəticəsi nə olacaqdır. Görəsən, xalq bilsə, nə deyər, görəsən, yazdığımın ləyaqəti varmı. Görəsən, poçtalyon çatdıracaqmı?

Günün birində Hilal dayı həyətdə odun yarırdı. Küçədə maşın səsi eşitdi. Hilal dayıgilin kəndi ucqar və balaca yer idi. Maşın az gələrdi. Maşını görəndə kənd uşaqları cücə kimi başına yığılardılar.

Maşın dayanan kimi, darvazadan qışqırdılar:

– Hilal Kəlbə Həbib oğlunun evi haradadır?

Hilal dayı baltam yerə atıb qapıya çıxdı, portfelli bir cavan oğlan dayanmışdı.

– Nə buyurursunuz?

– Hilal Kəlbə Həbib oğlu kimdir?

– Mənəm, nə buyuracaqsınız?

Portfelli oğlan əlini uzatdı:

– Xoş gördük səni, Hilal dayı, gəl tanış olaq. Mən Torpaq Komissaliatından gəlmişəm. Narkom səni görmək istəyir, buyur, əyləş maşına gedək.

Hilal dayının rəngi dəyişdi. Nə deyəcəyini bilmədi. Nə dindi, nə danışdı, nə geri qayıtdı, nə cavab verdi. Portfelli oğlan kişinin çaşdığını görüb əlavə etdi:

– Di tez olun gedək. Molotov yoldaşdan tapşırıq var, narkom məxsus oturub sizin yolunuzu gözləyir...

Sanki Hilal dayı indi başa düşdü, indi inandı ki, yazdığı kağızda nə güc var imiş, biixtiyar ondan sual ahəngində bir səs çıxdı:

– Hə, hə?!

– Bəli, narkom gözləyir.

– Bu saat, a qadan alım, bircə dəqiqə.

Hilal dayı evə girdi, gülə-gülə oğlunun üzünə baxdı, əllərini açıb işarə ilə öz üst-başını göstərdi.

– Ay İbrahim, narkomdan eyibdi belə, mənə bir nimdaş kastyum tap.

İbrahim məsələni bilib, tələsik skafı açdı, Məhərin kostyumunu gətirib atasının əyninə geyindirdi. Kişi xudahafiz deyib çıxanda İbrahim səsləndi:

– Ay ağa, qayışını bağla, sallanır.

Hilal dayı onun səsini eşitdi, ancaq nə dediyini anlamadı və bənd olmadı da.

Hilal dayı komissarın təmiz, rəngli çıraq kimi yanan kabinetinə girəndə ayaqqabısını çıxarmaq istədi. Portfelli oğlan onun qolundan tutub içəri çəkdi ki:

– Ay rəhmətliyin oğlu, bəri gəl!

Komissar bir xoşsifət, gülərüzlü gödərək oğlan idi. Hilal dayının əlini sıxdı, ona yer göstərdi.

Komissariatm aqronomları da Hilal dayının söhbətinə gəldilər. Ona suallar verdilər. Onun uzun təcrübələr nəticəsində yığdığı biliyi təqdir etdilər, o qoca kişidə olan alovlu iş marağına sevindilər. Uzun və şirin söhbətdən sonra komissar Hilal dayının adresini bloknotuna yazıb götürdü, ondan razılıq elədi.

Maşın ilə onu evlərinə yola salanda Hilal dayı özünü 22 yaşında bir adaxlı oğlan kimi hiss edirdi. Maşın mis kimi asfalt üstündə süzüb gedir, Hilal dayı kiçik gözləri ilə şoferin başı üstündən irəliyə doğru baxır, üç şey düşünürdü: Molotov yoldaşın ona elədiyi yaxşılığı, Abşeron çöllərində qurulacaq təsərrüfatda igid kimi işləməyi, yazbaşı dirrikçilərə öz təcrübələri haqqında danışacağı sözləri. Bunların birindən xəcalətlik çəkir, birini intizar və sevinclə gözləyir. Birindən ehtiyatlı danışırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets