– Nə əcəb?

– Bu, nə sayaq olub?

– Necə gəlib çıxıb?

Güman etməyin ki, bu suallar nadir bir hadisə və ya əcaib məxluq görəndə verilir. Yox!

Bu sualları bəlkə siz özünüz də vermisiniz. Bəlkə təzə bakılını siz özünüz də görmüsünüz, tanış olmusunuz. Gözəl bir insana baxanda gözlənməz və xoş bir təsadüfdə olan kimi, dodaqlarında təbəssüm oynamış, vacib işinizi də unudub, sakit-sakit dayanıb baxmısınız. Fərəhli bir əhvali-ruhiyyə ilə öz-özünüzdən soruşmuşunuz:

– Nə əcəb?

– Nə sayaq olub?

– Necə gəlib çıxıb?

Belə bir əziz müsafiri Bakıda görmək kimi sevindirməz! Ancaq onun Bakıya gəlməsi asanlıqla olmamışdır. Əsrlər boyu düşünmüşlər, güman etmişlər ki, o "Bakıda yaşaya bilməz!", "Buranın iqlimi ona düş məz!", "O, dədə-babadan Gəncədə, Göyçayda, Səmərqənddə, Daşkənddə yaşayıb."

Bakı Şəhər Sovetinin işçiləri bu müsafiri yaxşı tanıdıqları üçün onun "qılığına girmiş", onunla dostlaşmışlar.

Böyük, təntənəli məclislərin birində Şəhər Sovetinin sədri - uca, tənumənd adam hamını sevindirən bir xəbər verdi:

– Mən onu Bakıya gəlməyə razı salmışam. Axar-baxarlı yerdə onun üçün gözəl mənzil hazırlamışam!

– Bəlkə havası düşmədi?

– Yaxşı qulluq eləyərsən, düşər. Miçurinin dediklərini bir də oxuyun!

Maşın çağırıldı, yer hazırlandı, tədarük görüldü. Təzə müsafiri ehtiram və ehtiyatla Bakıya gətirdilər.

Birinci il təzə müsafir "qürbətdə" doğrudan da, çox əziyyət çəkdi. Yazın uzun, uğultulu küləklərindən, qısa yağışlarından, sərin havalarından sonra qızmar yay günəşi şəhərin üstünə yaxınlaşıb od tökməyə başladı. Camaat istidən, bürküdən qaçıb kölgəlik axtardı. Adamlar içdikləri sudan daha çox tər tökürdülər. Burada su da, torpaq da qonağa təzə idi, adətdən kənar idi.

Bizim müsafir isə küçənin ortasında, qızmar günəşin altında sanki, tarixi bir imtahan üçün möhkəm dayandı. Az qaldı nəfəsi kəsilsin, qolu-qanadı qurusun. Şəhərlilər ona köməyə gəldilər. Kimi su daşıdı, kimi təsəlli verdi, kimi yerini rahatladı, kimi azuqə gətirdi. Müsafir qurumuş dodaqlarını yalayaraq, zəif əllərilə üz-gözünü yelləyərək, yerində möhkəm dayandı. Birinci yayın çətin imtahanı sovuşub getdi.

İndi bizim müsafir Bakının lap köhnə vətəndaşlarından seçilmir. Cavanlar onu bu yerlərdə görərkən daha təəccüblənmirlər. Qocalar, Bakı iqlimini, Bakı mühitini yaxşı bilən təcrübəli kişilər, böyük, enli, işıqlı, izdihamlı, abad küçənin tinində, daş binanın qarşısında dayanıb heyrət və sevinclə təzə bakılıya baxırlar. İndi o, müsafir kimi yox, doğma yurdunda bir igid kimi həmvətənlərinin suallarını eşidirdi.

– Nə əcəb?

– Bu, nə sayaq olub?

– Necə gəlib çıxıb?

İgid Çinar bu sualların hamısına ucadan və qürurla cavab verir:

– Mən də bakılıyam!

İndi onun kölgəsində dayanıb bir-birinə məhəbbət izhar edənlər az olmur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, beşinci fəsil

Xəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə qaçdı.Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn, başqalarını əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu soyunmamış rəisə əl verdi:

194116 min
İkinci hissə, altıncı fəsil

Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda qaldı".Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb elədi: "O hara, bura hara? Onu kim çağırıb?".

19413 min
İkinci hissə, yeddinci fəsil

Beşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.

19415 min
İkinci hissə, səkkizinci fəsil

Vahid evə gələ bilmədi, deyəsən onun əsil işi indi, layihəsi qəbul olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı. Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi, şəhərin ən uca yerinə – Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən, get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi. "Yeni Bakı"nın quruluşu, həyatı, insanları qədər də təbiəti təzələnməlidir. Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana, muzeylər, saraylar, klublar, rəsədxana... Uca çinar, qələmə, qarağac, şam, həmişəcavan ağacları içində görünməz olmalıdır. Eyvanlardan üzüm salxımları sallanmalı; bağçalarda güllər dəstələnməlidir. Dənizdən gəmi ilə gələnlər dünyanın ən gözəl bir şəhərinə yanaşdıqlarını güman etməlidirlər. Bu mənim şəhərim! Məni böyüdən, mənim böyütdüyüm yerlər yenə də dilə gəlin, qoyun aləm bilsin!Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni tarixində böyük bir kitab yazılmışdır. Murmanskdan Bəsrə körfəzinə, Lamanşdan Vladivostoka qədər uzanan yollarda gəzənlər - yer, su, hava səyyahları - ruslar, azərbaycanlılar, özbəklər, kazaklar, türkmənlər, fransızlar, italyanlar, yaponlar, çinlilər, hindlilər... qaralar, ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə qədər açılan parlaq vərəqləri kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, göylərə baş vuran zavodlarda, çoxqatlı mənzillərdə, məktəblərdə, müalicə evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da, gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş səslə deyəcəklər.

19411 min

Poems by other poets