Nazik mətləb
Page 1 of 2
1
– Niyə gəlmisən?
– Nə gəzirsən burada?
– Sənə kim icazə verib?
Maarif müdiri məni görəndə təəccüb elədi. Bir ay olmaz ki, özü təyinnamə verib Yarpızlı kəndinə göndərmişdi. Çox böyük ümid və etimad ilə göndərmişdi. Müdirin də, başqa təşkilatların da bizə ümid bəsləməyə əsası, həm də möhkəm əsası var idi, çünki biz, bu il pedaqoji təhsili bitirən cavanlar odlu həvəs və uca bir ideal ilə kəndlərə gedirdik.
Buraxılış gecəsində hökumətin kənd müəllimlərinə təbrik müraciətini oxudular. Respublika maarif komissarı bizə öz övladı kimi üz tutur, ata nəsihəti verirdi:
– Cavan müəllimlərimiz, - deyirdi, - cəhalət və savadsızlıq ilə mübarizə cəbhəsinə gedirlər. Onlar uzaq kəndlərimizdə maarif işığı yandırmağa, şura hökumətinin gətirdiyi yeni həyatı camaata başa salmağa gedirlər. Gərək unutmasınlar ki, zəhmətkeş kəndlinin hörmətini qazanmaq birinci vəzifədir. Kəndli sizə inanmasa, nə sözünüzə məna verər, nə də ixtiyarınıza uşaq verər. Gərək onun qəlbinə girəsiniz, özünüzü sevdirəsiniz. O da nə ilə olar? Xoş rəftar ilə. Kəndlinin uşağına öz uşağın kimi bax! Təmiz, mərifətli, dərrakəli, təvazökar dolan!
Müəllim kəndlinin əli qələmli dostudur. Kəndli ona həm uşaq tapşıracaq, həm məsləhət eləyəcək, həm də çoxlarına demədiyi dərdini deyəcək. Ən xırda, ehtiyatsız bir hərəkət onu kəndlinin gözündən elə sala bilər ki, gənc müəllim baş götürüb qaçmağa məcbur olar. Kəndə gedənlərimizin birinci vəzifəsi hörmət, etibar qazanmaqdır. Sizin maarif xadimi kimi nüfuz qazanmanız hampanı, mollanı, falçını tamam nüfuzdan salacaq, kəndlinin gözünü açacaq. Bu da maarifin vacib işidir. Sizə bu yolda uğurlar olsun! Gedin, balalarım!
Komissarın sözləri bizə elə təsir etmişdi ki, gecəni də rahat yatmır, həyəcan keçirirdik. İstəyirdik səhər tez açılsın, qatara oturub təyinat yerimizə gedək, böyüklərimizin ümidinə layiq iş görək.
Təkcə biz yox, maarif şöbəsinin işçiləri də həyəcan keçirirdilər. Biz yürüşə gedən əsgər idiksə, onlar cəbhəyə qoşun aparan zabit vəzifəsində idilər. İdarə xalis bir sərbəstlik ştabı idi. Gecə də çıraqlar yanır, telefonlar səslənir, maşınkada əmrlər, müraciətlər, məktublar, proqramlar çap olunurdu. Tərəddüd kəsilmirdi...
Belə həyəcan ilə getmiş, həm də uzaq kəndə getmiş bir gənc müəllimin bu tezliklə qəfildən qayıdıb gəlməsi əlbət ki, təəccüblü idi. Maarif müdiri məni idarəsində görən kimi sorğu-suala basdı: - Niyə gəlmisən? Nə gəzirsən burada? Kim icazə verib? O zaman belə hadisələr olmurdu. Daha doğrusu çox nadir olurdu. O da mənim başıma gəlmişdi.
Maarif müdirinin təhdidli və təkidli suallarına necə, nə cavab verdiyimi deməzdən qabaq istəyirəm söhbətimizin əvvəlinə, kəndə getdiyim günlərə qayıdam.
Mənim təyin olunduğum Yarpızlı kəndi təbiətin ən gözəl guşəsi idi. İki təpə arasında yerləşmişdi. Ortadan, dərin dərədən göz yaşı kimi duru, buz kimi soyuq çay axırdı. Bəri yamacda dərə başı yuxarı sıralanmış kənd evləri uzanıb gedirdi, o biri yamacda da qarağac, palıd meşəsi. Bəri yamac açıq. O biri yamac uca və qoca ağaclarla örtülü idi.
Bəri yamac güney, o birisi quzey idi... Dərədən qalxaraq meşəyə girən, cığıra bənzər oğrun yollar sıx ağaclar içində itib gedirdi. O yollara ancaq yerlilər bələd idi. Kənar, nabələd adam getməyə ehtiyat edərdi.
Kəndlilər müəllimi çox mehriban qarşılayırdılar. Yetirən kimi bizə mənzil düzəltdilər. Dəstə-dəstə görüşümüzə gəlib, xoş gəldin elədilər.
Min bir arzu, min bir həvəslə mən kənd məktəbinin səkkizinci sinfində hesab dərsi deməyə başladım.
Nə olaydı, insanın ilk əmək günlərinin eşqi, həvəsi həmişə qalaydı! Yorulmaq, usanmaq bilmədən gecəni gündüzə qatıb, dərs dediyim günlərin hərarəti heç bir zaman damağımdan getməz. Sinif jurnalını qoltuğuma vurub, məğrur addımlarla dərs otağına girəndə, 40-45 uşağın gurultu ilə ayağa qalxdığını, gülər üzlə öz müəllimlərini süzdüyünü görəndə, bir işarə ilə hamının quzu kimi sükuta dalıb əyləşdiyini görəndə mən özümü dünyanın ən bəxtiyar adamı sayırdım.
O biri tərəfdən də, etiraf edim ki, dizlərim əsir, ürəyim qəfəs quşu kimi çırpınırdı. Qarşımda əyləşən uşaqların hərəsi bir evdən gəlib, hərəsi bir kişinin övladıdır. Hərəsi mənə bir nəzər ilə baxır, hərəsində bir fikir oyanır. Mümkündür ki, bunlar axşam evlərinə qayıdanda mənim söhbətimi salacaqlar. Valideynlərinin "təzə müəllim" haqqında sorğularına kim bilir nə cavablar deyəcək, nə xasiyyətnamə verəcəklər?
"Ən xırda, ehtiyatsız bir hərəkət onu kəndlinin gözündən elə sala bilər ki, gənc müəllim baş götürüb qaçmağa məcbur olar..."
Bu böyük sözlər mənim qulağımda daha qüvvətlə yenidən səslənirdi. Ona görə yerişimə də diqqət edir, sinifdə uşaqlar qarşısında gülməyə də ehtiyat edirdim. Bütün günü və gecəni şəhərdən gətirdiyim məsələ və misal kitablarını qabağıma töküb varaqlayır, dərs hazırlayırdım. Çalışırdım ki, dediyim dərs təzə, həm də nöqtəsinəcən uşaqlara aydın olsun.
O zaman müəllim az idi. Seminariya bitirmiş müəllimi təcrübəli müəllimlərdən üstün tuturdular. O vaxt elə idi, bilmirəm niyə elə idi, amma elə idi.
İlk dəfə sinfə girməyin, gurultu ilə ayağa qalxan məktəblilərə salam verməyin nə demək olduğunu ancaq müəllimlər bilərlər. Kim desə ki, o günkü sevincin həddi-hüdudu var, yalan deyir.
Özü də sinif nə sinif! Cərgələnmiş sıralarda bostan şamaması kimi sağlam, əlvan, bir-birindən ədəbli, sakit, yaraşıqlı uşaqlar əyləşib, təzə müəllimlərinin nə deyəcəyini, necə deyəcəyini aramsız gözləyirlər. Mən bu uşaqlara cəbr, həndəsə dərsi, riyazi düsturlar öyrədəcəyəm. Qocaman müəllimlərdən, qalın-qalın kitablardan öyrəndiklərimin hamısını nöqtəbənöqtə, lap elə indi, birinci dərsdə uşaqlara demək, öyrətmək istəyirəm. Taxtada yazdığım düsturları həll edərək, nəticəsini söylədikcə intizarla əyləşən uşaqların simasında maraq işığını görməyə tələsirdim. Bir diqqət, bir sevinc, bir təbəssüm hiss etdikcə, böyük hünər göstərmiş kimi qürur ilə sinifdə var-gəl edir, rəqəmlərin, kəmiyyətlərin sirlərini, "neylərik" cavabını şirin-şirin danışmaq istəyirdim.
Qabaq sıralarda ucaboy, ağbəniz, uzunsaç, qaragöz bir qız əyləşmişdi. Zivər, sanki bu 40 uşağın içində Kəhkəşanda parlaq bir ulduz kimi seçilirdi. Mən onun adını jurnalda oxuyanda xüsusi bir həzz alırdım. Mənə elə gəlirdi ki, bu qıza ən münasib ad qoymuşlar.
Bir gün, iki gün, üç gün...
Yox, mən bu ucaboy qızı başqaları kimi görə bilmirəm, başqalarına baxdığım kimi baxa bilmirəm. Zivərin hər sözü, hər hərəkəti mənə ideal görünür. O, suala cavab vermək üçün ayağa qalxıb iki kəlmə danışanda yanaqları pul kimi qızarır, qız təhərdən-təhərə düşür, bir günah işləmiş kimi özünü itirir, taxtada yazdığı düsturları dürüst və cəld həll etsə, nəticəni gözəl danışsa da, başını qaldırıb üzümə dik baxmır, xəcalətli kimi yerə baxa-baxa keçib sırada əyləşirdi. Zivərin ağ, enli üzü, cazibəli olması, badam gözləri nəinki dərsdə, evdə, istirahətdə, yamacda, təbiət seyrinə daldığım vaxtda da məni tərk etmir, sanki izləyirdi. Aşkar görürdüm ki, bu qızın adı gələndə mənim halım dəyişir. Zivər ürkək ceyran kimi başını çevirərək, o yan-bu yana baxdıqca xurmayı, qalın hörükləri kürəyində, ağ ipək köynəyinin üstündə yol axtaran əfi ilan kimi qıvrılırdı. Bu isə qıza xüsusi məlahət verirdi. Dərsdə nəzərlərimiz rastlaşanda bilmirdim nə hala düşürəm. Şimşək çaxmış, ildırım vurmuş kimi, sinif başıma dolanırdı.
Tənəffüsdə, müəllimlər zarafatlaşdığı yerdə mənim gözlərim eyvandan yığışmırdı.
Az qalırdım bu beyti oxuyam:
Səndən ayrı yüz qəmü dərdü məlamətdir mənə.
Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mənə!
Hansı bir hiss isə mənə deyirdi ki, Zivərin halı səninkindən qalan deyil.
Biz rastlaşanda hər ikimiz rəng verib rəng alırdıq. O baxanda mən, mən baxanda o, gözünü yayındırırdı. Lap bu dəqiqələrdə müəllimlərimizin böyük sözü qulaqlarımda daha ucadan səslənirdi: "Ən xırda, ehtiyatsız bir hərəkət onu kəndlinin gözündən elə sala bilər ki, gənc müəllim baş götürüb qaçmağa məcbur olar!.."
Mən indi çətin bir işə düşmüşdüm. Od ilə su arasında, vəzifə ilə arzu, şüur ilə hiss arasında mat-məəttəl qalmışdım. Güman edirdim ki, bəzi uşaqlar da bizim münasibətimizdəki qeyri-adiliyi duymuşlar. Gah mənə və gah Zivərə baxan bir uşağın yanındakına nəsə pıçıldadığını bir dəfə aşkar gördüm.
Mənim üçün bundan ağır töhmət, məzəmmət ola bizməzdi. "Rüsvay oldum, ilahi!" Müəllimin öz tələbəsilə bu rəftarını eşitsələr, aləm yığılıb mənim üzümə tüpürməzmi?.. Xeyr, mən burada işləyə bilmərəm. Oxum daşa dəydi. Mən getməliyəm!
Deyə bilərəm ki, ömrümün ən xəcalətli dəqiqələrini yaşayırdım. Qəlbim od ilə, köz ilə dolmuşdu ki, bu saat vücudumun yanıb külə dönəcəyini zənn edirdim. Başımdan tüstülər, dumanlar qalxırdı. Xəyalımda bir adı ən böyük hərflərlə yazır, pozur, təkrar yazırdım. Bildiyim əlifbaların hamısı ilə, ən zərif, ən əlvan xətlərlə yazır, sonra da bir kəs bilməsin deyə, amansızlıqla pozurdum. Yanımda nə anam, nə bacım, nə bir ürək sirdaşım! Dərdimi bir kəsə deməyə cürət etmir, dərsdən sonra havalı kimi dinməz-söyləməz kənd küçələrində hərlənirdim. Görən də yəqin ki, rişxənd ilə baxıb deyirdi: "Riyaziyyatçı!"
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-nazik-metleb
Use ← → keys to move, R for a random poem
More by this author
Qız ağacı, qoz ağacı,*Hər yetən bir daş atar.*
İnsanlıq fəlsəfəsi1Bəzi adamın adı heç özünə yaraşmır. Amma bu qızın adını, deyəsən sonradan qəddinə, qamətinə, məlahətinə baxıb qoyublar. Ağca! Qubanın ağ alması!
Xarici naxoşluqXarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir...Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.
EhtiramAğsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin gedirsən.Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur; enmək isə asan, ani və qüssəli olur.
Poems by other poets
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Bil ki, bədəsildən yoxdu fayidəBil ki, bədəsildən yoxdu fayidə,Üzəsən canını yüz qabağında.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.