Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4

Page 1 of 4

Qız ağacı, qoz ağacı,
Hər yetən bir daş atar.
Atalar sözü

1

Bu məsəl Şərəbanı xalanın dilindən düşməzdi; çünki halına yaxın, münasib idi. Güman etməyin ki, Şərəbanı xala öz cavanlığını, nişanlanmaq, ya ərə getmək günlərini xatırladırdı. Yox! Söhbət onun yeganə nəvəsi məktəbli qız Nəcibədən gedir.

Bəli, indi bu saat Nəcibənin elə vaxtıdır ki, yer yerişinə, dağ duruşuna həsrət, minnət çəkir.

Səhər saat səkkizdə məktəb paltarı əynində, ağ lent hörüklərində, qəhvəyi portfel əlində, "salam!" - deyib sinif qapısından girəndə, kim bilir neçə-neçələri onun tamaşasına durur. Qız da, oğlan da onun yar-yaraşığına küsənir. Bəziləri onun səliqəli geyinməyi bacardığı üçün qəşəng göründüyünü, bəziləri də əslində Nəcibənin gözəl olduğunu iddia edirdilər. Gözəl qız al da geysə yaraşır, şal da geysə yaraşır!

Nəcibə isə həmişə sadə geyinməyə, adi görünməyə, diqqətlərdən uzaq olmağa çalışırdı.

Nəcibənin nənəsi Şərəbanı xala müəllim institutunda xadimə idi. Övlad adından onun bir oğlu, bir də qız nəvəsi var idi. Oğlu iyirmi-iyirmi beş il idi ki, kənddə evlənmiş, külfət sahibi olmuşdu, qoyunçuluq fermasında çalışırdı. Anası ilə ildə bir dəfə görüşür, ya görüşmürdü. Qız nəvəsi isə Şərəbanı xalanın yanında idi; çünki onun anası ölənəcən Şərəbanı xaladan ayrılmadı. Bir yaşadılar, bir oldular. Əri onu atıb gedəndən sonra qızı sarılıq azarı tutdu. Altı ay xəstəxanada. yatdı, rəhmətə getdi; doqquz yaşlı Nəcibə isə Şərəbanı xalanın himayəsində böyüdü:

"Bir yandan bağlayan fələk, o biri yandan açar!" - deyiblər. Həyətdə-bacada "yetim!" çağırılan, anasından qalma köhnələri geyən, kasıblıq, ehtiyac ilə böyüyəndən sonra məktəb pansionunda yeyib-içən Nəcibənin işi lap əntiqə oldu. Bu qız, deyəsən, adi qayda ilə, başqaları kimi böyümürdü. Deyəsən, ona hayandansa hansı bir qüvvə isə, başqa uşaqların acığına xüsusi pərvəriş verirdi. Qız gündən-günə tənək zoğu kimi boy atır, pardaqlanır, qızılgül kimi gülüb açılırdı. Camaat bir də gözünü açıb gördü ki, Şərəbanı xalanın "yetim nəvəsi" şəhərin handa bir barmaq ilə göstərilən görkəmli qızlarından olub. Məktəbə gedəndə, məktəbdən gələndə, nümayişdə, konsertdə görünəndə görürsən tamaşa kimi bir şey əmələ gəlirdi. Adamlar ona ha baxır, bir-birindən ha soruşurdular:

– Nə qiyamətdi, ə!

– Bu ceyran balası hardan azıb?

– Adı nədir?

– Görəsən hansı bəxtəvərə meyl salacaq!

Nəcibə bizim məhəllədə gözə dəyən qızlardan biridir. Hələ ərə getməyib. Bilinmir niyə getməyib, ya niyə getmir. Amma adam yoxdur onun sözünü danışmasın. Biri deyir istəyən çoxdur, ona görə getmir; yəni bilmir hansına getsin. Gün olmaz ki, qızın özünə, ya nənəsinə deyən olmasın ki: "Daha vaxtdır, bir halal süd əmmiş ilə tapışın a, Allah xeyir versin, sövdalaşın a!"

Nə Şərəbanı xala, nə də Nəcibə istər ki, başqaları onların işinə qarışsın. Amma di gəl ki, yetən-ötən qarışır. Deyəsən, adamlarda da günah yoxdur, çünki dünyada elə mətləblər var ki, özü-özünü qabağa verir, hamını danışmağa məcbur eləyir.

Nəcibənin də məsələsi elə məsələ olub. Oxumuş, yetişmiş, ağıllı-başlı bir zəmanə qızıdır. Qonşuda, məktəbdə, işdə də oğlanlar var. Lap münasib oğlanlar da var. Amma görürsən Nəcibə ərə getmir. İndi onun iyirmi üç yaşı var, amma ərə getmir. Deyim istəyən yoxdur, xeyr. Ay olmaz ki, Şərəbanı xalanın qoşa qapısını taqqıldadan olmasın. Ha güman eləyirsən ki, bəli, daha bu dəfə deyəsən xeyir iş baş tutur, toy yaxınlaşır. Görürsən külək əsdi, hava soyudu, nə o yandan, nə bu yandan səs-səda çıxdı.

Xülasə, bizim məhəllədə ən çox söz-söhbəti olan Nəcibədir. Şərəbanı xaladır.

Nəcibə də bir ayrı cür Nəcibədir. Alagöz, ağbəniz, qırmızıyanaq, qara şəvə saç, ucaboy, şəkilli-şəmayilli, ceyran kimi bir qızdır. Bir görən deyir bir də görüm. Onunla kəlmə verib kəlmə almaq özü bir səadətdir.

Neçə dəfə böyük fotoqraflar gəlib ki, qızın şəklini kinoya çəksinlər. Şərəbanı xala hamısını söyüb qovalayıb: "Mənim qızım tamaşaqabaqdı bəyəm teatrlarda aləmə görsədəsiniz? Bir də buralara dolanmayın, bizə pul-zad lazım deyil, özünüzə qalsın!"

Nəcibə onilliyi qurtarandan sonra ali məktəb sevdasına düşdü: tibb institutuna ərizə verdi, imtahana getdi. Ancaq tələb olunan dərs qiyməti yığa bilmədiyi üçün daxil ola bilmədi.

Şərəbanı xala hərçənd aşkar demirdi, ancaq əslində qızın instituta düşməyinə heç razı deyildi. Ona görə razı deyildi ki, Nəcibə daha uşaq deyil ki, məktəb paltarı ilə kifayətlənə idi. Ali məktəbdə onu əməlli-başlı geyindirmək, yar-yoldaş içində başı aşağı olmasına yol verməmək üçün vəsait lazım idi. Bir dənə abırlı palto-filan qədər pul tutur. Xadiməlik maaşı, ya tələbə təqaüdü ilə öhdəsindən gəlmək çətin olur. İkinci tərəfdən də Şərəbanı xala bilirdi ki, qız məktəbi qurtaran kimi rayonlara, lap uzaq yerlərə göndərəcəklər. Orda da birisilə tapışacaq... Şərəbanı xala oğlundan ayrı düşdüyü kimi, Nəcibədən də əli çıxacaq, qoca qarı vaxtında tək-tənha qalacaqdır.

Qonşuluqda Şərif adlı bir xalçaçı usta var idi. Savadlı qızlardan xalça fabrikinə adam yığırdı. Şərəbanı xala Nəcibənin adını çəkəndə, Şərif razılıq verdi:

– Göndər gəlsin, saat on ikidə idarədə olacağam!

Nəcibənin xalça toxuyan olmağını Şərəbanı xala yalnız maaşına görə istəmirdi. O bilirdi ki, bu sənət təmiz sənətdir. Böyüklər, oxumuşlar yanında hörmətli sənətdir, Bir də ki, qız uşağının əldən qabil olmağı lazımdır. Sabah nişanlısının köynəyinə bir naxış vurmağı dünyalara dəyər!

Nəcibə beş ayın içində xalça fabrikində sənət öyrəndi, ayda altı-yeddi yüz manat da evə pul gətirməyə başladı. Nənə-bala mehriban və sakit yaşamaqda idilər. Elçilər də öz qaydası ilə gedib-gəlməkdə idilər. Xalça fabrikinin böyük və yeni binasının elektrikləşməsinə rəhbərlik edən Nazim adlı bir cavan oğlan Nəcibəni tanıyandan sonra dalınca elçi salmışdı. Qız yoldaşları oğlanı Nəcibəyə təriflədikləri kimi, qızı da oğlana tərifləyirdilər. Yəni Nəcibənin tərifə ehtiyacı yox idi. Bunu Nazim yaxşı bilirdi. Hansı idarədənsə fabrikə ceyran şəkilli bir divar xalçası toxumaq sifarişi verilmişdi. Bu xalçanı Nəcibə toxuyurdu. Özü də çox diqqətlə toxuyurdu. Nazim bu işin tamaşasına dayanıb xeyli baxdı:

– Çox zəhmətli işdir, - dedi.

Nəcibə şəklə işarə edib, cavab verdi:

– Çalışıram gözəl çıxsın!

– Gözəl çıxmağını istəyirsənsə, ceyranı at kənara, öz şəklini toxu, qurtarsın getsin!

Nazimin bu sözünə Nəcibə pul kimi qızardı, utandığından cavab vermədi, başını da yuxarı qaldırmadı.

Bu hadisədən üç gün sonra Nazimin elçiləri qoşa qapının dəmir rəzəsini tərpətdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

"İngilis" dili

Dil bilmək yaxşı şeydir. Üç dil bilsən, üç adamsan, beş dil bilsən, beş adamsan.Ataların dediyi bu hikmətli sözü, mən əvvəllər o qədər başa düşməzdim. İşə girəndən, camaat içinə çıxandan, bəzi yoldaşlarla tanış olandan, cürbəcür əhvalat eşidəndən sonra lap aydın dərk elədim. Dərk elədim ki, dil bimək yaxşı şeydir. Dilsiz iş keçmir.

19636 min
Ədəb söhbəti

Qonaqlar gedəndən sonra atası Kamilə dedi :Bala, sənə neçə dəfə demişəm, evə qonaq gələndə adam qabağa çıxar, qarşılayar, xoş gəldin eləyib, yer göstərər...

19632 min
Xəzinədar

Bu elə bir vəzifə idi ki, keçmişdə şahlar, hökmdarlar öz var-yoxlarını, qızıl-gümüş, ləl-cavahiratlarını etibar etdikləri sadiq adama verərdilər. Şahın xəzinədarı külli-ixtiyar idi. Ancaq xəzinəni də qoruyan, hər xırda məsrəf üçün rövnəqi pozmazdı.Doğrudur, biz nə xəzinə, nə saray, nə xəzinədar görmüşük. Bu barədə söhbət salmağın, yəqin ki, bir səbəbi var. Mənaca bu vəzifə sahibinə oxşar bir adam var ki, onu indiki zəmanədə bütün oxumuşlar tanıyır və əzizləyirlər. Mən özüm lap məktəbli vaxtımdan bu xəzinədarı tanıyıram, bugünə qədər də həmin yerində görürəm. Sakitcə işləyir və deyəsən, qocalmaq, yorulmaq-zad da bilmir.

19634 min
Maşında

Maşında gedəndə hərənin bir fikri olur. Biri getdiyi yeri, biri çıxdığı yeri, biri işini, peşəsini fikirləşir. Amma mən, nədənsə, maşında oturanda qabaqdakını, yəni sürücünü düşünürəm. Düşünürəm ki, bunlar çox çətin, məsul bir vəzifədə çalışırlar və hər cəhətdən hörmətə, diqqətə layiqdirlər. Bəzi yoldaşlar arasında şofer adı gələndə ağız büzənlər, ikrah hissi ilə danışanlar var, bu lap əbəsdir, haqsızlıqdır.Mən bunları fikirləşir, düşünürdüm ki, məni aparan sürücü, görəsən, nə düşünür.

2 min

Poems by other poets