Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4

Page 4 of 4 · 75%

4

Şərəbanı xala elçilərə qəti cavab verməsə də, rədd cavabı da vermədi:

– Sağlıq olsun, Nazim zaştasını qurtarar, nə deyirəm. Bir qız bir oğlanındır. O məqamda biz tərəfdən bir maneçilik olmaz. Qızın özünün də ağzını araşdırarıq, nə eybi var, sağlıq olsun, bir qız bir oğlanındır...

Elçilər durmağa məcbur oldular. Məsələ açıq qalsa da, durdular. Qapıdan çıxanda, Mirzərəhman İlyas müəllimi danladı:

– Ay rəhmətlik oğlu, işin içində olan mən, sən hardan götürüb deyirsən oğlanın dissertasiyası var? Nazim heç yatsa yuxusuna da dissertasiya gəlməz. Aldatmaq, yalan nə üçün?

İlyas müəllim onu sakit elədi:

– Mirzərəhman, heç narahat olma! Bir həftəyəcən Nazim müdafiə eləsin, sən də tamaşa elə!

– Axı nəyi müdafiə eləyəcək?

– Görərsən nəyi! Sən bu işi mənə həvalə elə!

– A kişi, sən Şərəbanı xala kimi əjdahanı aldadacaqsan?

– Aldatmaq-zad yox! Lap onun gözünün qabağında Nazim müdafiə eləsin, qoy o da tamaşa eləsin!

– Mən başa düşmürəm...

– Başa düşməli bir şey yoxdur. Sən bir günlüyə, bir axşam institutun klubunu bizim üçün, Mühəndis Cəmiyyətinin iclası üçün al!

– O asan şeydir!

– Qalan hər şey mənim boynuma!

İlyas müəllim dediyinin üstündə duran adam idi. Elçilikdən belə qayıtmağın Nazimi məyus edəcəyini, ləngiməyin işi korlaya biləcəyini düşünüb, həmin gecə Nazimi yanına çağırdı.

– Oğlum, - dedi, doğrudur, sənin dissertasiyan yoxdur, amma nə biliyin, nə işin ondan əskikdir. Şərəbanı xala da avam qadındır.

"Zaşta" - deyib durur. Onu da yaxşı bilirsən ki, nə üçün deyir. İxtiraçılar bürosuna verdiyin o layihələrin ikisini də mən oxumuşam. Hər biri bir dissertasiyadan artıqdır. Büronun qərarı var ki, onlar şuranın yaxın iclasında müzakirəyə qoyulsun. Sən hazırlaş, çertyojları da sahmana sal, gətir!

Nazim iki il idi trestdə elektrik mühəndisi idi. Əmək prosesini mexanikləşdirmək yolunda gördüyü tədbirlərə görə iki dəfə mükafat almışdı. İndi isə kərpickəsən maşının məhsuldarlıq sürətini artırmaq, suvaq işini elektrik aparatı ilə keçirmək üçün yeni layihələr təqdim etmişdi. Bu layihələrin hər ikisinin təsdiqi və tətbiqi tikinti işini sürətləndirməkdən başqa ayda yüz manat qənaət verirdi.

Nazimin layihələrini doğrudan da İlyas müəllim deyən yerdə, dissertasiyalar müdafiə olunan zalda, müəllimlər institutunun zalında müzakirə etdilər. Yenə böyük müəllimlər keçib stol dalında oturdu. Nazim çıxıb fikirlərini dedi, kərpickəsən maşının modelini, cədvəlini də gətirib göstərdi.

Kürsüyə çıxıb danışan mühəndislərin, professorların hamısı bu təklifin çox ağıllı, faydalı olduğunu dedilər və müəllifi təbrik etdilər. Tikinti trestinin rəisi, Nazimin üç min manat pul ilə mükafatlanmağı haqqında əmr oxudu. Adamlar bir-bir əlini sıxıb təbrik edəndə, Nazim bərk, isti və balaca bir əlin əlinə toxunduğunu hiss etdi. Diqqətlə baxanda, balaca boylu Şərəbanı xalanı gördü. Qadın onun əlini bərk-bərk sıxdı, lakin əl çəkmədi. Üzünə baxa-baxa dedi:

– Oğul, bəri dön, üzündən öpüm! Halal olsun sənə, oğul, Nazim!

Halal olsun sizə!

Kənardan baxanlar güman edirdi ki, xadimə qadın "Halal olsun" deyə Nazimin mükafatına işarə edir. Əslində isə Şərəbanı xala Nazimə mənalı baxır, xəyalında Nəcibəni tutur, ürəkdən deyirdi:

– Halal olsun!

Buna görə də əvvəl "sənə" dedi, sonra Nazimi qucaqlayıb öpəndə, hər iki cavanı, onların xoşbəxt həyatını nəzərinə gətirib:

– Halal olsun sizə! - dedi.

Bunu lap ürəkdən dedi.

Mirzərəhman da,'İlyas müəllim də, Əsəd də bu mənzərəyə baxıb gülüşdülər. Nazim utandığından tez aradan çıxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

"İngilis" dili

Dil bilmək yaxşı şeydir. Üç dil bilsən, üç adamsan, beş dil bilsən, beş adamsan.Ataların dediyi bu hikmətli sözü, mən əvvəllər o qədər başa düşməzdim. İşə girəndən, camaat içinə çıxandan, bəzi yoldaşlarla tanış olandan, cürbəcür əhvalat eşidəndən sonra lap aydın dərk elədim. Dərk elədim ki, dil bimək yaxşı şeydir. Dilsiz iş keçmir.

19636 min
Ədəb söhbəti

Qonaqlar gedəndən sonra atası Kamilə dedi :Bala, sənə neçə dəfə demişəm, evə qonaq gələndə adam qabağa çıxar, qarşılayar, xoş gəldin eləyib, yer göstərər...

19632 min
Xəzinədar

Bu elə bir vəzifə idi ki, keçmişdə şahlar, hökmdarlar öz var-yoxlarını, qızıl-gümüş, ləl-cavahiratlarını etibar etdikləri sadiq adama verərdilər. Şahın xəzinədarı külli-ixtiyar idi. Ancaq xəzinəni də qoruyan, hər xırda məsrəf üçün rövnəqi pozmazdı.Doğrudur, biz nə xəzinə, nə saray, nə xəzinədar görmüşük. Bu barədə söhbət salmağın, yəqin ki, bir səbəbi var. Mənaca bu vəzifə sahibinə oxşar bir adam var ki, onu indiki zəmanədə bütün oxumuşlar tanıyır və əzizləyirlər. Mən özüm lap məktəbli vaxtımdan bu xəzinədarı tanıyıram, bugünə qədər də həmin yerində görürəm. Sakitcə işləyir və deyəsən, qocalmaq, yorulmaq-zad da bilmir.

19634 min
Maşında

Maşında gedəndə hərənin bir fikri olur. Biri getdiyi yeri, biri çıxdığı yeri, biri işini, peşəsini fikirləşir. Amma mən, nədənsə, maşında oturanda qabaqdakını, yəni sürücünü düşünürəm. Düşünürəm ki, bunlar çox çətin, məsul bir vəzifədə çalışırlar və hər cəhətdən hörmətə, diqqətə layiqdirlər. Bəzi yoldaşlar arasında şofer adı gələndə ağız büzənlər, ikrah hissi ilə danışanlar var, bu lap əbəsdir, haqsızlıqdır.Mən bunları fikirləşir, düşünürdüm ki, məni aparan sürücü, görəsən, nə düşünür.

2 min

Poems by other poets