Oğul anası
Page 1 of 3
Qaranlıqda, göydən qopan kimi, damdan uçan kimi ağır bir şeyin, bir qaraltının güppültü ilə birdən içəri düşdüyünü görən qadın diksinib dik atıldı. Heç bilmədi təsbehi hara atdı, canamazı hayanda qaldı.
– Hinn! Bismillah, Bismillah!
Qaranlıqda, sanki, onun hövllü səsinə təsəlli olaraq cavab gəldi:
– Qorxma, mənəm, ana!
Bu səs Məsmənin qulağında güclü və xoş səsləndi. Onun qorxu və vahimələrinin üstünə sanki su səpib söndürüldü. Bu səs Məsməyə canlı bir həqiqət kimi yox, xəyalat kimi gəldi. Sanki, bunu göylər dedi.
– Qorxma, mənəm, ana!
Qadının xəyalında bir işıq kimi yanan bu ümid sönməmişdi ki, Bəndalı iri, bərk və güclü əllərilə anasının qolundan tutub namaz üstündən ayağa qalxızdı.
– Qorxma, mənəm, gəlmişəm!
Məsmə möhürü ayaqladığını hiss etmədən qışqırdı:
– Bəndalı? Səsinə qurban, oğul!
– Kiri ana, xəlvət gəlmişəm, haray salma!
Bəndalı bunu deyib qapını basdı, anasını yastıq kimi qoltuğuna vurub taxtın üstünə gətirdi. Yanını qoyanda taxt çoxdan bəri görmədiyi, gözləmədiyi bir ağırlığa məruz qaldığından şikayətlənir kimi, cır-cır cırıldadı. Bəndalı çöməldi, anasını körpə uşaq kimi dizi üstə oturtdu. Qaranlıq olsa da, gözlənməz olsa da, Məsmə bu əlləri dərhal tanıdı. Bu doğma əllər quru umuzlarına toxunan kimi qanı qaynadı, qəlbi titrədi, gözünə işıq, bədəninə gəlinlik qüvvəti, təravəti gəldi.
Bəndalı anasını qucağında, dizi üstə tutub dururdu.
– Qoy boyunu qucaqlayım oğul, dayan bir!
– Yaxşı, otur! Əyləş görüm, ay ana, çoxdandır sənin əlin məni oxşamır, nəfəsin mənə dəymir, səsini eşitmirəm. Yaman qəribsəmişəm, ay ana, başına dönüm, bir dizim üstündə rahatlan görüm. Mən ancaq sənin yanında dincəlirəm. Qız hanı? Eşitdim çağırıb gətirtmisən?
– Tətilə gəlib. Bibisigildədir. Əriştə kəsirdilər, çağırdılar. Özündən de, bala! Necə yəni "xəlvət", qurtula bilməmisən? De görüm, necə gəlmisən?
Məsmə indi hiss etdi ki, oğlunun çiynində qatar var, gözü küncə söykənən beşaçılana sataşanda qəlbindən gizilti keçdi.
Bəndalının da sinəsindən bir ah qopdu. Qaranlıqda əlini anasının başına, neçə yerdən yamaq vurulmuş, indi, namaz vaxtı isə boğazında düyünlənmiş köhnə çarqatm üstünə gəzdirdi. İndi Bəndalı anasının sualına cavab vermək istəmirdi. Ona yazığı gəlirdi. İstəmirdi, o belə bir şey soruşsun, çünki bunun cavabı ağır idi.
– Nə borcuna, necə gəlmişəm, gəlmişəm! Anam üçün mən dağları da yarıb gələrəm. Bilmirsənmi, gələrəm?!
– Əlinə, dilinə qurban olum, bala! Anan təki ölsün, səni bu çöldəbacada görməsin, xatalı yollarda görməsin. Burax, durum ocağı yandırım.
– Yox, ay ana, yandırma! Mənə sənin hərarətin bəsdir, durma! Danış görüm, necə dolanırsan, pristav yenə səni incidirmi? Yəqin məni səndən istəyirlər?! Necədir, mahalda nə var-nə yox.
– Qələt eləyir istəyir, onun cavabını vermişəm! Mənə nə eləyəcək, islanmışın sudan nə qorxusu. Allah vurub onu, mənə nə eləyəcək? Sən özündən danış! İşin nə yerdədi, sud baxıbmı? Vəkilin varmı, nə deyirlər, nə danışırlar?
– Hələ baxmayıb!
– Bəs haçan baxacaq?
– Məlum deyil, ana, sən nigaran olma, inşallah, sənin sayəndə qurtulacağam. Mənə namaz üstə dua elə! Əlin duada olsun, ana, ahın yerdə qalmaz, Allah eşidər!
– Peşəm nədi, əlimi o bir pərvərdigara açmışam!
Bəndalı əlini anasının çarğat altındakı saçlarına vurdu. Ancaq onların tökülüb qısaldığını duyanda tez əlini çəkdi və sözü dəyişdi:
– Nə olacaq, Allahın iznilə düşmənin gözünə ağ salacağam. Bu köpək oğluna bac verən deyiləm. Özü də ki igid-igid yoldaşlar var. Tək deyiləm.
– Olsun, düşmən də tək olmasın, oğul!
– Yaxşı adamlar var, Allah ömür versin. Məşədi Ələkbər. Əntiqədən sifariş eləmişdi ki, niyaran olmasın. Oğlan sağ-salamatdır. İşinə hələ baxılmayıb. Deyirmiş suda özüm gedəcəyəm!
– Şahidimdi, onun çox köməyi dəyir. Di gəl ki, düşmən çoxdur. Ay ana, dağ kimi hökumət düşməndi, bir adam, iki adam yox!
– Allah sizə havadar olsun, oğul, tək qalmıyasan!
– Tək deyiləm, ana, tək burada, kənddə sənsən! Sənin fikrini çəkirəm.
– Sənin yolunda hər məşəqqətə dözərəm, təki sən qayıt! Təki bu komacığımdan səsin gəlsin.
– Sağlıq olsun... Kölgən üstümdən əskik olmasın!
Məsmə oğlunun üzündən-gözündən öpüb durmaq istədi.
– Çay qızdırım, yol gəlmisən.
– Yox, dayan!
Bəndalı onu elə bərk-bərk tutub dizi üstə oturtmuşdu ki, Məsmənin gülməyi gəldi.
– Adə, nə qucağında oturtmusan məni? Uşağam, bəyəm!
– Uşaq mənəm, sən mənim anamsan, anam!
Bəndalı bunu deyib, anasını bağrına basdı: "Anam, kimim var, burada anamdan savay, desənə!"
Bəndalının sanki bu andakı sevincinin həddi-hesabı yox idi.
– Ay ana, nə olaydı, həmişə yanımda olaydın! Sən yanımda olsan, mənə nə güllə batar, nə qılınc kəsər. Sənin mehriban səsin, nəfəsin mənə bəsdir, ay ana! Sənin kimi arxayın arxam ola, Nikolayın qoşununu sındıraram! Nə edim ki, arvad xaylağısan.
– Sənin yolunda at da minərəm, beşaçılan götürüb, qatar da qurşaram, ay ürəyimin bəndi oğul! Dünyada səndən savayı nəyim var!
– Ay ana, azmı zəhmətimi çəkmisən, indi də özümlə dağa-daşamı salım səni! Yox! Qeyrətdən deyil!
Bəndalı başını aşağı saldı, əlləri boşaldı, səsi açıldı və igidə yaraşmayan bir həzinlik və riqqət kəsb etdi.
– Ay ana, mən səndən xəcalətəm, yaman xəcalətəm.
– Elə demə, dilinə qurban olum, anan ölsün, sənə nə bir analıq eləmişəm ki.
– Yox, ana, demə, qanmıram. İndi gərək mən səni ayrı cür saxlayaydım, oğullar kimi oğul olmadım, sənə cövr-cəfa oldum. Zamanın üzü qara olsun, ay ana! Mən belə deməmişdim. Şərə düşdüm, saldılar məni şərə, yaman saldılar. Məni köyşəndən, əkin-biçindən ayırdılar, ana-bacımdan ayırdılar.
– Fikir eləmə, oğul, iş igid başına gələr, inşallah, nicat taparsan, tanrımdan istəmişəm, fikir çəkmə.
Məsmə bunları deyə-deyə durub çay hazırladı. Düyünçəsində dərman kimi büküb saxladığı parça nabatı gətirib nəlbəkiyə qoydu. Bütün bir cad əppəyi, iki parça qovurma, iki yumurta, soğan, sumaq, duz, kuzə dolusu su gətirdi.
Bəndalı Mərəzədə satqın bir qarının evində necə gecələməli olduğunu anasına danışdı. Gecə ilə polisə xəbər çatmış, Bəndalı atışma gücünə, bir qatar patron boşaldaraq qaranlıqda hasarlara sığınaraq yaxasını qurtarmışdı.
İndi anasının yanında öz evində də arxayın deyil, vahiməli, səksəkəli idi. Evdə işıq yanmağa qoymur, başına lülə kağız salınmış yeddilik lampanın xodunu alır, ay buluda girməmiş o, həyətə çıxmaq istəmirdi.
Anası əvvəlcə çıxıb həyət-bacanı yaxşıca bir dolandı. Guya tovuğunu axtarır. "Ay sənə çər dəysin, gör hara qısılıb qalıb, tülküyə loğma olmaq istəyirsən, kişə, kişə!" Əlində kuzə, su doldurmağa gedir, guya dəstəmaz alırdı. Allahümməssəlliəla Məhəmməd və alüməhəmmədəəd!.. Məsmə təkbir və salavat səsini ucadan deyir, axırını mahnı kimi uzadır, sanki bununla "bəduğur"larm şübhə və fitnəli niyyətlərini dağıdırdı. Ay buluda girəndə, hər tərəfdən arxayınlıq duyanda Məsmə oğlunu çölə buraxdı.
Bəndalı qəfəsdən çıxmış aslan kimi, cəld balaca açıq həyətdə bir cövlan vurdu. Çəpərlərə yanaşıb, kolluqlara girib küçəyə-bağçaya boylandı. Sonra qayıdıb tut ağacının ortadan əyilib burulan sərin gövdəsinə dayandı, əllərini ağacın yoğun, çopur yerlərinə sürtür, sanki, dairəsini ölçür, ya yoxlayırdı. Bəndalı orada bir şey axtarırdımı, bəli, axtarırdı. Uşaqlıqda bıçaqla çomaq başı kimi yumruq boyda bir yara kəsmişdi. Kəski yeri bitmiş, qabarmış, böyümüşdü. Bəndalı o yeri tapdı. Şəhadət barmağını, sonra da ovcunu orada bir neçə dəfə hərlədi. Ağac canındakı yara yerini çoxdan sağaldıb örtmüşdü. Yumru bir qabar göydən aralanmışdı. Bəndalı o günlərin həsrətiləmi, uşaqlıq əyyamının xatirəsiləmi sinə dolusu soyuq bir ah çəkdi. Xeyli vaxt əlini ağacdan götürmədi. Sanki haçansa, ömrünün ən əziz çağlarında itirdiyi qiymətli bir şeyi tapmışdı. Qollarını açıb ağacı qucaqladı, üzünü onun çopur, qabıqlı, möhkəm gövdəsinə dayadı, təkrar sinəsindən bir ah qopdu: "Namərd dünya! Yurd-yuvamı, kasıb komamı da mənə çox gördün, çərxin çövrülsün, fələk!.." Əllərini çəkib döndü, kürəyini söykəyib, kölgəyə sığınıb ətrafı seyr etdi. Gecədən xeyli keçdiyini, sabah açılanda haradan, necə gedəcəyini yoxladı. Həyətdə bir an gəzinib təkrar içəri qayıtdı.
Həyət möhrədən hörülmüş hasar içində idi, hasarın dibi ilə boyaboy ağaclar, nar, gilənar, gül kolları var idi. Ancaq küçə dar, həm də uzun idi. Küçə boyu yerimək olmazdı, görən olardı. Dönmək, hökmən kənara burulmaq, döngələrdən yerimək lazım idi.
Bəndalı sabahkı marşrutunu xəyalında düşünürdü, ancaq anasına heç nə demirdi. Məsmə isə heç bir şey bilmirdi. O, güman edirdi ki, Bəndalı qalacaqdır, çox qalacaqdır. Çünki çoxdan evdən ayrılıb, onu xəlvəti, sandığın içində, pərdənin dalında aylarla saxlamaq olar. Evdir, qa pısı, açarı. Kimin nə borcuna, Allah eləməmiş, dili qurusun, çuğul olmasa, kim biləcək. Bu qorxulu vaxtda Bəndalının qaladan, şəhərdən bura gəldiyini kim düşünər, kim ağlına gətirər?
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-ogul-anasi
Use ← → keys to move, R for a random poem
More by this author
Başqa idarə işlərinin redaksiya işlərindən fərqi çoxdur, hətta ziddiyyəti də var. Başqa idarələrə camaat özü gəlir. Amma redaksiya işçiləri inşaat m eydançalarına, zavodlara, kolxoz tarlalarına, məktəblərə gedir, harada yazıya gələn əhvalat, öyrənməli mətləb var, oradan redaksiyaların diqqəti əskik olmur. Başqa idarələrdə işin ən ağır vaxtı səhərdir. Amma redaksiyada səhər bir iş olmur. Çapa layiq yazılar oxunur, gözdən keçirilir. Axşama doğru isə qəzet çapa gedir, təşviş başlanır. Bütün diqqətlər toplanır. Sabah oxucuya verilməli olan hər səhifə, sütun, cümlə, söz təzədən oxunur, yoxlanır, imzalanır.Redaksiyada səhər-səhər arxayınlıq olur. Şikayətçi az gəlir.
İmzasız hekayəKeçiyevi redaksiya qapılarında tez-tez görmək olurdu. Məlum idi ki, onun yazmaq, çap etdirmək təmənnası var. Bir-iki dəfə yazısını təqdim eləmişdi, ancaq cavab çıxmamışdı. Öyrəndi ki, Yazıçılar İttifaqı mətbuatda görünmək üçün ən yaxın və asan bir yoldur. Orada xüsusi şöbələr, adamlar var, yazanlara məsləhət verir, kömək və hörmət edirlər.Keçiyev buraya da neçə ay ayaq döydü, amma bir şey çap etdirə bilmədi. Dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o, yorulmadı. Günlərin birində yenə adəti üzrə səhər çayını içəndən sonra özünü Yazıçılar İttifaqına, konsultantın otağına saldı. Bu gün orada adam çox, söhbət şirin idi. Aqil adlı bir toxucu gəncin istehsalat mövzusunda hekayəsi oxunurdu. Əsər qurtarandan sonra yerbəyerdən təriflədilər, çapa layiq gördülər. Seksiya rəhbəri zəng edib soruşanda həvəskarlar yeni hekayənin məziyyətlərindən danışdılar. Seksiya rəhbəri telefonda Aqili təbrik elədi, hekayəni bu nömrədə çap etmək üçün tezliklə redaksiyaya təqdim etməyi tapşırdı.
Mən deyənAdamın imkanı olaydı, adını özü qoyaydı, dəftərə, pasporta da özü salaydı. Yoxsa mənim kimi?Rəhmətlik atam mənə ötəri bir ad qoyub! Əmirqulu. Başı ağa, ayağı nökər! İkimərtəbə, özü də başı bir cür, ayağı ayrı cür. Hərə bir ucundan yapışıb çəkir. Axırda Qulu sözü olmasaydı, hansı köpəkoğlu məni o cür çağıra bilərdi? Dünənin uşağı məni Qulu çağırır.
Mən necə həkimlik öyrəndimQəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.
Poems by other poets
کسی بود که ترا بیند و طرب نکند
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlirSəhərdən yollara çıxdım gördüm ki, mehriban gəlirQış günləri yaza döndü şirin dil xoş zəban gəlir.