Subaylıq fəlsəfəsi
Page 1 of 2
Mirzə Cavad müsahibinin sözünü lağa qoydu:
– Bildik. Fəzilət məlum oldu. Sənin dost dediyin nə imiş, nə kara imiş, bəlli oldu...
Mirzə ani bir sükutdan sonra kinayəli sözlərini açdı:
– A sağolmuş, onun nəyinə sən adam deyirsən? Özü də dost adı qoymusan: şərab içməz, qumar məclisi tanımaz, öz arvadından savav da özgəsinə baxmaz-filan... Daha bunun nə adamlığı oldu! Deginən malın-mağmunun biri, dilsiz-ağızsız bir heyvan naxoşlayır da! Yəni, o ölsə, nə olacaq ki! Fələyin çərxi çövrüləcək?!
– Cavad dadaş, xahiş eləyirəm kişinin dalınca bihörmət danışmayasan, abırlı adamdı, bir sürü də külfəti var.
Mirzə Cavad dolu bir araq stəkanını bulaq suyu kimi qurtaqurt başına çəkdi. Qaşqabağını turşutdu, gözünü dalbadal yumub açdı, bir parça soğanı hirs ilə çeynədi, stol dəsmalını bürmələdi, neçə dəfə dodaqlarına basıb götürdü. Ağız-burnundan qalxan tüstü-duman içində vacib söhbəti təzələdi.
– Mirzə Kəmtər, sən lap qəribə adammışsan!
Mirzə Kəmtər də sanki müsahibindən geri qalmamaq üçün stəkanında qalan arağı içəri atdı, ancaq özünü tox tutdu, sifətinə təğyir vermədən dedi:
– Hələ bu beş ildə mənim qəribə, ya qeyri-qəribə adam olduğumu dərk eləməmisən?
– Yox ey, doğrudan qəribə adamsan! Bir yandan mənim kimi subay-soluq ilə cur olursan, oturub-durursan, o biri yandan da nədir, o naxoş kişinin detyaslisinə gedirsən, saatlarla oturursan, bilmirəm necə oturursan.
– Neyləyim, tanışdır, yazığım gəlir.
– Onu yorğan-döşəyə salan elə həmin bir sürü uşaqdır da! Buna həkim nə çarə eləsin, dərman neynəsin!
– Uşağı çölə ata bilməz ki! Bu nə sözdü!
– Evi uşaq ilə niyə doldururdu ki, niyə də indi öhdəsindən gəlməyə ? Çarə axtaraydı!..
Mirzə Cavadı öskürək tutdu. Onsuz da pörtmüş sifəti daha da qızardı və sonra qaraldı. Bir xeyli öskürəndən, əyilib-qalxandan, özünü toxtadandan sonra papiros yandırdı. Dönüb saymazyana ətrafa göz gəzdirdi. Restoranda sakitlik idi. Hər kəs öz işində idi. Ayıq adam da, deyəsən, az idi. Aralığı sakit gördüyündənmi və ya Mirzə Kəmtərin sözünə hirsləndiyindənmi, Mirzə Cavad səsini ucaldıb soruşdu:
– Ə, mənə bax, uşaqdan adama nə xeyir? Uşağın biri sən. Atana nə xeyrin, ya mənim axiama nə mənfəətim? Əslinə baxsan, bizimkilərin də əqli olmayıb. Yoxsa pişik kimi törədib -tökməzdilər. Anam, indi də yadımdadır, gizlətdiyi almaya, qaxa əl dəydiyini biləndə cinlənər, uşaqları bir-birinə qatar, qarğış göyə çıxardı: "Əlin qurusun! Görüm səni qan əndərəsən, qax götürən, heç salamat yeməyəsən! Görüm səni nöyüslü qarnına şiş batsın! Ölmüşlər necə yarıdan keçiriblər torbanı! Ay ölmüşlər, sabah qonaq gələndə mən başıma nə daş salım, nə cavab verim!"
– Hamı bizim kimi bişüur olmaz ki.
– Uşağın lap yaxşısından əlhəzər! Əqilli adam niyə evlənir ki, niyə də başına 'əngəl açsın. Bizim kimi!
– Bəs bəşəriyyət artmasın?
– Qoy avamlarm, dünyada ağız ləzzəti, kef bilməyənlərin hesabına nə qədər istəyir artsın! Mən ki, evlənmərəm. Ağıllı adam da başını bir yerə bağlayar?!
– Elə olur ki, nəsillər cırlaşır da!
Mirzə Cavad, dostunun onu "ağıllı" adamlar zümrəsinə qəbul etməyindən doğan bir şey yadına düşübmüş kimi, Mirzə Kəmtərin qolundan tutub silkələdi:
– Ə, bir qulaq as! Bəhluli Danəndə eşitmisən?
– Niyə eşitməmişəm, əqilli adam olub!
– Ay sağ ol!..
Mirzə Cavad sözünün yerinə düşdüyünə sevindi, ayağa qalxıb kürsünü müsahibinə daha da yaxın çəkdi, yenidən oturdu, dostunun üzünə çəpəki baxa-baxa mənalı-mənalı danışdı:
– Bəhluli Danəndəni evləndirdilər. Əlbət ki, özündən xəbərsiz eləmişdilər. O zaman da o, bilirsən də, müsəlmanlıq qaydası ilə, dəm-dəsgahla gəlin gətirdilər. Elə ki, gəlini gətirdilər evə, Bəhlul qulağını dayadı gəlinin göbəyinə, doktor kimi qulaq asdı. Durub başmaqlarını geyindi, papağını və əsasını götürüb qapıdan çıxdı. Anası təşvişə düşdü, dizinə döydü ki, ay aman, qoymayın, oğluma nə oldu! Bəhlul dedi: gəlinin qarnından səslər gəlir. Biri deyir, ata mənə paltar, biri ağlayır ki, mənə başmaq al, biri deyir, ata, mənim papağım yoxdur, biri çörək istəyir, o birisi deyir, mənə otaq! Hamısı əlini açıb: "ver, gətir!.." deyir. Mən kasıb adamam, bunların öhdəsindən gələ bilmərəm. Getdim! Xudahafiz!.. O gedən getdi, heç dalısına da baxmadı! İndi bura bax, Kəmtər dadaş, Bəhlul kimi əqilli adam belə deyəndə, evlənmək nədi, zad nədi!
– Hansı teatrda deyir ki, bu dünya beş gündü, beşi də qara. Axmaq o adamdı ki, özündən sonra bir şey qoyub gedə. Pulun var, ver kefə-işrətə, gəz, dolan, öləndə də desinlər, arzusu qalmadı!
Mirzə Cavad sanki Mirzə Kəmtərin təslim olmağına sevinmişdi. Özünün və dostunun sözlərindən vəcdə gəlmiş kimi, söhbətə yekun vurdu:
– Bəs nədi, a kişi! Arvad nədi, uşaq nədi, ailə nədi, işin-gücün qurtarıb? Arvad yaxşı olsaydı, Allah o boyda göylərdə tək oturmazdı, özünə bir gəlin yaradardı. Özü də lap göyçəyini! Ondan böyük adam kimdir, ondan da varlı kimdir? Qərəz, atalar yaxşı deyib, subaylıq-soltanlıq! Qoy çağırım, araq gətirsin!
– Sağ ol, mən lap dəmdəyəm, səni bilmirəm.
– Elə isə dur! Özünü yorulmuş biləndə, yoldaşını ölmüş bil! Lap gecəni yarı elədik, dur! Nə yaxşı ki, subayıq! Arvad nə səni evə qoyardı, nə məni...
Dostlar gülüşüb, ayağa qalxdılar.
Bu əhvalat iyirmi beş il bundan qabaq yay gecəsində bulvara yaxın restoranlardan birində baş vermişdi. Mirzə Cavad o zaman ictimai təminat idarəsində hesabdarlıq işində çalışırdı. Axşamlar isə Nəqliyyat texnikumunun təsərrüfatına kömək edirdi. Bu, onun bir-iki saat vaxtını alsa da, büdcəsinin "aktivinə" yaxşı təsir bağışlayırdı. Axşamlar da vaxtı boş idi.
Boş deyənlərə Mirzə Cavadın acığı tuturdu: "Necə yəni boş? Mənim ən dolu vaxtım elə idarədən, çötkədən kənar vaxtımdır. Sağ olsunlar, tanışlar nə çox, vaxt boş, hədər keçirməyə heç qoyarlar! Gündə birinə, elə olur, ikisinə vədəli oluram!"
Onun sözünə inanmaq lazımdır, çünki doğrudan da, o, məşğul olurdu. Onu həmişə restoranda, qonaqlıqlarda, ad günlərində görərdiniz, özü də tək yox! Qızlar ilə gələr, qızlar ilə də gedərdi.
– Cavad qardaş, o saçlı qız kim idi?
– Bizim tanışdır.
– Cavad yoldaş, dünən axşam qapıda bir qadın xeylağı sizi soruşurdu, lap ayrı cür soruşurdu.
– Yox, elə-belə idarə işçilərimizdən idi.
Cavadı toylar, adqoymalar, doğumlar şənliyində də görmək olardı. Oralara da tanış qızlar ilə gələrdi. Görənlər güman edirdilər ki, bəyəndiyi, sevdiyi qız ilə gəzir, yəqin, evlənəcəkdir. Ancaq bu niyyətlər özünü doğrultmadı. Cavadın bir-birini əvəz edən tanışlarının heç biri, görünür, onun zövqünü təmin etmədi. Son zamanlarda evlənmək haqqında nə özü, nə də tanışları danışırdı.
Cavad'öz işində idi...
Doğrudur, onun nə arvadı, nə də ana-bacısı vardı. Amma evlilərin çoxu onun kimi təmiz geyinməzdi. Hələ indiyəcən onun üzünü tük lü, köynəyini ütüsüz, kostyumunu ləkəli görən olmamışdı. Hər gün qapıdan çıxanda deyərdin, bu adam toya-bayrama hazırlaşıb.
Bütün bu söhbətlər, dediyimiz kimi, iyirmi beş il bundan əvvələ aiddir.
Bəs indi necə, yoxsa Cavadı külfət basıb?
Təki Cavadı külfət basa idi! Dərd budur ki, onun heç övladı yoxdur, nəinki övladı, heç ailəsi yoxdur!
– Necə olub ki, indiyəcən, 50-55 yaşacan evlənməyib?
– Bu sualı çox adam verir, ancaq heç kəs müəyyən cavab ala bilmir. Özündən soruşanda Cavadın sinəsindən elə soyuq ahlar qopur ki, deyərsən, dünyanın dərdini üstünə tökdülər. Bilinmir bu nə sirdir. Biri deyir, nanəcibə rast gəlib, biri deyir, ilk eşqin uğursuzluğundan ömürlük küsüb, bir özgəsi deyir, naxoşdur, canı saf deyil. Nə bilim, bəzisi də deyir, mane olan var, yazığa cadu eləyiblər...
Deyilənlərin hansı nə dərəcədə düz və ya əyridir, bunu kimsə bilmir.
Nə isə, Cavadın işindən baş açmaq çox çətindir. Hörmətli oxuculara məlum olmamış deyil ki, cavanlıq insan ömründə çox gözəl və bəlkə də əvəzsiz bir nemətdir. Əvəzsizdir, ancaq təəssüf ki, həmişəlik nemət deyil, cavanlıq insan ömründə bir bahar kimi açılır, pardaqlanır, gül-çiçək açır, öz vaxtını tez keçirir, sonra da iimumən baharlar kimi solmağa, pozulmağa başlayır, tənəzzülə gedir. Başqa baharlar solsa da, nə eybi var! Gözləyirsən ki, payız, qış ötəcək, bahar təkrar gələcəkdir. Ömrün baharı, təəssüf ki, çox-çox təəssüf ki, belə deyil. Ömrün baharı bir insanın həyatında bir dəfə olur, tək bircə dəfə! Gənclik hər bir kəs üçün bir dəfə olur. Təbiət bu neməti heç kəsə artıq verməyib: tək bircə dəfə! Ömrün baharı ötdü, havaları soyudu, bülbülləri susdu, yarpaqları soldu, çayları donmağa başladı, iş bitdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-subayliq-felsefesi
Use ← → keys to move, R for a random poem
More by this author
Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...
BoyGünəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.
Analar yarışıÖzünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:
Qüdrət nümayişi– Karl Marks.Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasınca gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sarı torpaqlı yamaclar dənizə batırmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işıqlandırır, kürəyimizi isidir, bizə muştuluq verirdi: