Başqa idarə işlərinin redaksiya işlərindən fərqi çoxdur, hətta ziddiyyəti də var. Başqa idarələrə camaat özü gəlir. Amma redaksiya işçiləri inşaat m eydançalarına, zavodlara, kolxoz tarlalarına, məktəblərə gedir, harada yazıya gələn əhvalat, öyrənməli mətləb var, oradan redaksiyaların diqqəti əskik olmur. Başqa idarələrdə işin ən ağır vaxtı səhərdir. Amma redaksiyada səhər bir iş olmur. Çapa layiq yazılar oxunur, gözdən keçirilir. Axşama doğru isə qəzet çapa gedir, təşviş başlanır. Bütün diqqətlər toplanır. Sabah oxucuya verilməli olan hər səhifə, sütun, cümlə, söz təzədən oxunur, yoxlanır, imzalanır.

Redaksiyada səhər-səhər arxayınlıq olur. Şikayətçi az gəlir.

Təzəcə oturub müxbir məktublarını oxuyurdum. Ramiz içəri girdi.

– Bu yoldaş sizi görmək istəyir...

Ramiz yaxşı bilirdi ki, mən səhərlər qəzet ilə məşğul olur, saat 12-dən sonra isə gəlib-gedən ilə söhbət edirəm.

"Bu yoldaşı" gətirməyindən məlum idi ki, Ramizin cavabı hərifi razı salmayıb, mənimlə görüşməyi təkid edib.

Ucaboy, kök, enlisifət, yaxası açıq kişi nə Ramizə, nə mənə macal verdi. İri addımını otağın döşəməsinə qoyan kimi, suala başladı:

– Yoldaş, olarmı, qəzetxananın böyüyü mənə lazımdır, olarmı?

– Nə buyurursunuz?

– Buyurmağım odur ki, mənim adım qəzetdə düz yazılmayıb. Mən yer göstərdim, kişi oturdu. Rəftarımdan cürətlənmiş kimi, bir az da qayımdan başladı:

– Sizə şikayətim var. Qəzetdə mənim barəmdə düz yazılmayıb. Adım da səhv!

Xahiş etdim ki, şikayətini mənə səbirlə danışsın. Kişi, görünür, mətləbi uzatmaq istəyirdi:

– Mənim bacım barəsində neçə tərif yazırsınız, onu özünüz bilərsiniz. Qarışmaq istəmirəm. Amma gərək o yerdə mənim adım çəkilməyəydi. Nöşün ki, mənim nə bacımla, nə onun əri ilə qəti əlaqəm yoxdur, mən onların qapısını tanımıram. Çox da ki, mühəndis, briqadirdir, ya nədir. Özünüz bilirsiniz. Ancaq ki, məni onlara qatmağınız düz deyil. Qəti düz deyil, özü də ki, adımı da başdan-ayağa səhv salıblar.

– Bəyəm, sizin adınız nədir?

Uzun kişi cibindən qəzeti çıxarıb qatını açdı. Altından qara cızıq çəkilmiş sətri mənə göstərdi:

– Nə yazılıb?

– Mənim adım Zamandır, qəzetdə yazılıb Saman!

Şikayətçi "Saman" sözünü dedi və artan hiddətini gizlədə bilmədi, hirslə əlavə etdi:

– Belə biabırçılıq olar?

Əhvalat mənim yadıma düşdü.

Rayona yol çəkiləndə, təzə körpü salınanda yaxşı fəhlə və mühəndislər haqqında xüsusi səhifə çıxmışdı. Kişinin gətirdiyi həmin səhifə idi. Cibində o qədər gəzdirmişdi, o qədər açıb-bükmüşdü ki, qəzet dəsmal kimi yumşalmışdı.

– Siz də yol işindəsiniz?

– Xeyr, Allah eləməsin. Mən rayonda işləyirəm.

Ramiz gülümsədi, dodaqaltı əlavə etdi:

– Bu yoldaş susatandır.

Şikayətçi əlavə etdi:

– Siroplu su!

Mən başa düşmədim ki, yol çəkənlər haqqındakı səhifədə bunun adı nə münasibətlə yazılıb. Əvvəl Ramizin, sonra kişinin üzünə baxdım. Uzun kişi mənim nəzərlərimdəki sualı deyəsən, gördü:

– Məndən ayrı cür yazıblar. Guya mən bacımın işlərinə maneçilik eləmişəm.

– Ona görə sizi qəzetə çəkiblər?

Mənim sualım şikayətçinin xoşuna gəlmədi:

– Ona görə ya hər nəyə görə! Yoldaş, mən qəzet-məzetdən qorxan oğlan deyiləm. Çox elə yazılar görmüşük. Amma mənim şikayətim ayrı barədədir. Necə bir sovet vətəndaşı, mənim adımı niyə əyri yazsınlar. Qəzet yazan gərək düz yazsın. Sovet hökumətinin qəzetində əyrilik olmaz! Olar bəyəm, əyrilik olar, bəyəm?

– Əyri yazıblar?

Uzun kişi qəzeti çəngələyib lap mənim sifətimə sarı tutdu, az qaldı hərfləri gözümə soxsun.

– Bəs bu nədi, Zamanı Saman yazarlar? Belə də iş olar?

– Niyə belə əsəbləşirsiniz?

– Bəs mən filan olmuşun oğlu hirslənməyim, neyləyim. Başıma nə —ı'ıfirw-f daş salım. Saman yazanda adam necə olar?

– Saman yazmaq ilə bəyəm, siz saman olursunuz?

– Mən saman olmasam, onu yazan da yazmaz axı! Saman görür, saman da yazır da!

Şikayətçi bir az da hiddətlə "saman" dedi, barmağını silkələyib təşəxxüslə mənim üzümə baxdı.

– Buna nə ad qoyarlar?

– Sizin xahişiniz nədir?

– Xahişim odur ki, mənim işimə baxılsın.

– İndi mən nə eləməliyəm?

– S iz qəzetxanaya göstəriş eləyin ki, mənim barəmdəki haqsızlığı düzəltsinlər!

– Deyirlər siz bacınızı söyüb evdən qovmuşunuz.

Uzun kişi qımışdı. Gözləri alacalandı, səsinə qəzəb gəldi:

– Söyərəm , gözünə də ağ salaram. Bəs o mən boyda kişinin, böyük qardaşın başını yerə soxanda, yaxşıdır? Heç onu qəzetxana ortalığa çəkmir. Eybi yoxdur, onun cavabını mən verərəm. Canım sağ olsun, verəcəyəm, inşallah! Qoymaram o mühəndislərin qoltuğunda belədən-belə keçsin. Mənə də Zaman deyərlər. Siz yazan kimi yox ha, necə ki, bir Zaman! Görər neylərəm. Gün işığında gəzmək mənə haram olsun, əgər Zəhranın işini bu yerdə qoysam, qoysam!..

– Zəhranın ərə getməyini siz günah sayırsınız?

– Ə rə getmək, ərə getmək! Yoldaş, ərə getməyin də bir təhəri var. Mənim bacım gərək belə nacinsliyi eləməyə idi.

– Sizə məsləhət eləməli idi?

– Ay-hay! Məsləhətə bax! Zəhra elə bir qələt eləyib ki, onun xəcalətliyini bir dağ götürməz, nəinki bir qardaş! Kəndi uçurub-dağıdanın birinə qoşulub gedib. Öz atasının damını uçurdub-yıxan adama könül verib! A yoldaş, əşi, özün də şükür, müsəlmansan. Beləsinə necə dözmək olar? Mən necə eləyim. Öz dədəsinin evini balta ilə, balta yox, lap traktor salıb dağıdan adama nə vəfa görkəzər. Mənim bacımın başı saman çuvalıdır, saman!

İki ay sonra məni məhkəməyə çağırdılar. Xalq iclasçısı kimi, mən bir cinayət işinin mühakiməsində iştirak etməli idim. Məhkəmə sədri işlə məni tanış eləyəndə dedi:

– Q eyrət məsələsi! Qardaş bacıya qəsd eləyib. Qız indi ölüm yatağındadır.

Məhkəmə iclası açılanda müqəssir kürsüsündə uzun kişinin oturduğunu gördüm. Sədrin sözü yadıma düşdü: "Qeyrət məsələsi!"

Müqəssir dindirilməmiş, sorğu-sual başlanmamış cinayət işinin süjeti mənim başımda dolaşmaqda idi. Günahsız, kimsəsiz, qızın fəryadı, uzun kişinin əlində qəssab bıçağı, ananın hıçqırıqları, tikinti mühəndisinin ailə faciəsi – qonşular, məktəb uşaqları, redaksiyadan olan şahidlər...

Məhkəmə sədri "qeyrət” sözünü təkrar elədi. Mən təshih verdim:

– Q eyrət sözünü beləsinə (mən işarə ilə müqəssiri göstərirdim) isnad eləmək insafdankənardır. Bunun cinayətində turşumuş qeyrət iş görüb.

Sən demə, bu termin məsələsi sədri də düşündürürmüş.

– Ə lb ət ki, istilahı düz işlətmək gərək.

– Turşuqeyrət.

Sədr bunu dedi, mənim rəyimə müntəzir dayanıb üzümə baxdı. Mən təsdiq elədim:

– Turşuqeyrət!

Pis ad deyil!

– D ürüst xasiyyətnamədir.

Sədr katibə işarə elədi. O da tələsik yazdı:

"Turşuqeyrət!"

Uzun kişi redaksiyada mənə dediklərini bir qədər də bəzəyib qaydaya salır, məhkəmə üzvlərinə ifadə verirdi. Turşuqeyrət söhbətini eşidəndən sonra deyəsən, adının səhv getməyinə məna vermirdi. Saman sözünü daha dilinə gətirmirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets