Özümü ideya aləmində, mənəvi həyatda duyuram. Yazdır, saf, sakit, sərin və xoş bir səhər açılır. Üfüqlərdən gənclik, sevinc, mahnı və səadət yağır. Adama elə gəlir ki, varlıq bundan ibarətdir. Gecələr, köhnə dünyanın zülmət deyilən qaranlıqları, fəlakət, işgəncələr sanki heç yoxmuş. Bu səadət səhəri o qədər əngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən... Kirov parkının təmiz, geniş xiyabanları, əlvan çiçəklikləri, daş pilləkənlərin başında əyləşən tamaşa salonları, oyun, sport meydançaları, uşaq stadionları səhərin qızıl şəfəqləri altında daş-qaşa tutulmuş saraya bənzəyir. Sanki hər şey, kainatın bütün gözəllikləri, zənginlikləri, öz tükənməz qucağını açmış, dünyanı yaradan insanları, əmək qəhrəmanlarını, hər gün burada əylənən və dincələn minlərlə şən oğlan və qızları gözləyir. Budur, fəvvarəli hovuzun kənarında bir dəstə adam əyləşmişdir. Danüzü, səhərin bu oğlan vaxtında parkın bu sakitlik, səssizliyində sulara, sonalara, səhər şüalarına vurulan kim ola?

Onların içində qoca da var, gənc də, kişi də, qadın da. Kimi saqqal lıdır, kiminin əlində əsası, kiminin qoltuğunda kitab, kimi gül iyləyir, kimi tamaşa eləyir. Bu müxtəlif boylu, müxtəlif geyimli, müxtəlif yaşlı adamların üzündə də, şəfəqlərdən əks olunmuş kimi, bir işıq, bir mənalı şadlıq, bir sevinc, bir məğrurluq vardır.

Azərbaycanın əzizləri, ədəbiyyatımızın, şeirimizin klassikləri - ədiblər, şairlər - o gözəllik aşiqləri, o həqiqət carçıları xalqımızın böyük, əbədi bir xoşbəxtlik bayramında iştiraka gəlmişlər.

Hamı buradadır. Lakin Məhəmməd Füzuli hələ gəlib çıxmamışdır, hamı onun yolunu gözləyir.

Füzuli əsrlərdən bəri öz doğma vətənindən nigarandı; çünki, onu istilaçı atlarının ayağı altında, xanların, xaqanların təpikləri altında tapdanan, "Seyli-sitəmdən xarab" halda qoyub getmişdi. Füzuli xalqı sarıdan narahatdı, çünki onu paşaların, şahların, əmirlərin, cəlladların əlində əsir, "fələkdən başına daşlar yağan" halda görmüşdü. Onun zəmanəsində "doğruluq əyri qılınc tək yanda qalmışdır", "Alilər xaki məzəllətdə, dənilər mötəbər" idi. "Şeirin bazarı kasad olmuşdu".

Dahi şairin böyük arzularla dolu qəlbi ümidsizliklə, kimsəsizliklə boşalmışdı. Təbindəki, dühasındakı nəhəng qüdrəti ilə zülmə, haqsızlığa üsyan edən şairin səsi boğulmuşdu. Füzuli "dərdi çox, həmdərdi yox, düşməni güclü, taleyi zəbun, dostu bipərva, quruluşu rəhmsiz" görüb "dərd əlindən dağlara çıxmışdı". Həqiqətə susayan tərlan könlündən üzr istəmişdi ki, "bu qəfəsdən mən səni, əlbəttə, azad, eylərəm..."

Lakin nə şahların ölüm gətirən hökmləri, nə ruhanilərin həyasızlığı, nə qorxu, nə aclıq, nə təhqir, nə tənhalıq, nə göz yaşları o böyük insanın məğrur başını əyə bilməmişdi. O, haqsızlıqlarla dolu mühitinə qarşı sinə gərmişdi. "Qəm karvanının başçılığını" boynuna almışdı. "Ahının baltası ilə fələkin bünövrəsini sökmüşdü". "Min dağı bir dırnaqla qoparıb atmışdı". "Çırağının fitilini iliyi ilə yandırmışdı". "Sözü kobud, zatı pis olanlara", "şairi və xalqı həqir sayanlara" qarşı Füzulinin dahi cavabı bu idi:

Səadəti-əzəli qabili-zəval olmaz,
Günəş yer üstünə gər düşsə, payimal olmaz.

Füzuli deyən düz çıxdı. "Səadət əzəli", xalqm, zəhmətkeşlərin səadət və azadlıq günəşi sönmədi. İyirminci əsrin iyirminci ili muştuluq kimi gəlib çatdı. Qürbətdə intizar çəkən, xalqına yanan Füzulinin arzulan bahar görmüş güllər kimi açılmağa başladı.

Bəşəriyyətin xilaskarları, revolyusiyamızın dahiləri - Lenin, Stalin bütün sovet ölkəsi ilə birlikdə Azərbaycanı istilaçılardan, qaniçənlərdən təmizlədi. Lenin-Stalin bütün sovet xalqı kimi Azərbaycan xalqını əsirlikdən qurtardı, ağ günə çıxartdı. Sovet Azərbaycanının azadlıq, şənlik, xoşbəxtlik günləri, əsl inkişaf günləri başlandı.

Füzulinin və hər bir xalq aşiqinin bundan da böyük bayramı ola bilərmi? Füzuli Bağdadda necə dayansın ki, onun vətəni qardaş Rus xalqının köməyi ilə Şərqdə nümunəvi bir respublika olmuşdur. Füzuli Bağdadda necə dayansın ki, onun vətəni dünyaya səs salmışdır! Şərqin qapısında azadlıq mayakı kimi parlayır! Füzuli adı dillərə düşən vətənini görməyə gəlir.

Şairlər əziz qonağı qarşılamağa tələsirlər.

Nizami ağır bir təmkinlə dayanıb günəşə baxır, Nəbati, Füzulinin hüzurunda oxumaq üçün "görüş" şeri yazır. Sabir bağçada gəzinib teztez saata baxır. Vaqif, Vidadi parkı seyr edir. Cəfər Cabbarlı sevincindən dayana bilmir. Dəqiqəbaşı yola qaçıb pilləkənlərdən aşağı baxır, qayıdıb Mirzə Fətəliyə, Molla Nəsrəddinə nə isə deyir, Abbas Səhhət dahi Puşkindən etdiyi tərcümələri oxumaq fikrindədir. Mirzə Fətəli özünün əlifba proyektini Füzuliyə göstərməyə hazırlaşır. Aşıq Ələsgər sazını kökləyir.

Cəfər Cabbarlı böyük bir ehtiram və sevinclə Füzulinin əlini sıxır. Onun qoca əllərində bir möhkəmlik, qətilik hiss edir. Onun uzun, nəcib barmaqlarına diqqət edir, fikrinə gəlir ki, "bu barmaqlar sənət üçün yaranmışdır. Bu barmaqlar insan qəlbini çalmaq, onun tükənməz mahnısını səsə salmaq üçün yaranmışdır. Qaranlıq keçmişə, həqiqi sənətin qədrini bilməyənlərə lənət!"

Şairlər, ədiblər Cəfərin dalınca yola düzəlirlər. Cəfər onları Sovet Azərbaycanının paytaxtını gəzdirir. O, özünəməxsus utancaq bir əda ilə deyir:

– Yoldaşlar, ekskursiyamızın temasını deyim: "Vədə deyil, faktdır!" Bu tema ilə, bu marşrutla gedəcəyik.

Şairlər, ədiblər, "M-1" və "ZİS" maşınlarında gəzirlər. Heyrət və sevinclə Azərbaycan xalqının, revolyusiyamızın yaratdıqlarına baxırlar. Onlar öz ölkəsinin, öz dövlətinin, öz istehsalatının ağası olan fəhlələri şair məhəbbəti ilə öpürlər. Tarla qəhrəmanlarına - bəstilərə, manyalara, miliyonçu kolxozlara mahnılar deyirlər. Hər addımında onları sovet injenerləri, sovet rəssamları, sovet ədibləri, alimlər, pilotlar, kompozitorlar, təşkilatçılar qarşılayırlar. Bir pioner, xalqın sevincini və ruhunu ifadə edən nitqində deyir:

– Biz, Lenin-Stalin əsrinin adamları çox xoşbəxtik. Biz bir də ona görə xoşbəxtik ki, dünyanın, tarixin böyük simalarının yüksək və müqəddəs arzuları, - sosializm arzuları, azadlıq arzuları, bərabərlik arzuları, xoşbəxtlik arzuları, qardaşlıq arzuları, birlik arzulan, sülh arzuları, kultura arzuları, işıqlıq arzuları ancaq bizim əlimizlə, Lenin-Stalin partiyasının əlilə, sovet xalqının əlilə həyata keçdi.

Pioner camaatdakı diqqəti gördü, gənc qəlbində alovlanan sevinc ehtirası ilə səsini ucaltdı:

– Qoy dahi Füzuli Leylisinin Məcnun ilə xoşbəxt həyatını, təmiz eşqin, sədaqətin qələbəsini seyr etsin! Qoy Mirzə Fətəli kultura saraylarını, yeni əlifbasının təntənəsini görsün! Böyük Sabir vaxtilə "bir loğma çörək üçün ağlayan" uşaq əvəzinə minlərlə talantlara, sovet uşaqları üçün yaranan yeni inkişaf dünyasına baxsın! Abbas Səhhət, "qanadı sınmış quşlar" əvəzinə, döşü ulduzlu polad quşlarımızı, qütb fatehlərimizi, paraşütçülərimizi alqışlasın.

Şairlərin, ədiblərin alqış səsi ucaldı, xalq da onlara qoşuldu. Pionerin səsi alqışlar içində itəndə gurultu səsi eşidildi, camaat göyə baxdı. Sabir Vaqifdən soruşdu:

– Ustad şair, bunlar sizin durnalarınızdır, ya Vidadinin?

Vaqif gülümsədi, Cəfər cavab verdi:

– Böyük müəllim, - dedi, - bunlar sizin "hürriyyət qartallarınızdır". Siz həyatınızda böyük bir arzu bəsləmişdiniz. Sizin azadlıq, qurtuluş əməllərinizi sovet xalqı həqiqətə çevirdi.

Füzuli soruşdu:

– Bu gurultu nədir?

– Bu gün, dedilər, ümumxalq bayramıdır. Bu gün Sovet Azərbaycanının birinci parlamenti açılır. Xalq Stalinin şərəfinə nümayişə çıxır. Bu gün böyükdən-kiçiyə hamının bayramıdır.

Şairlər, ədiblər nə dindilər, nə danışdılar, tribunaya qalxdılar. Onlar - əsrlərcə bəslədikləri arzuların həqiqət olduğunu görən adamlar, ömürlərini köhnə dünyanın zülm və işgəncəsi altında keçirən adamlar, qanadlanmış quş kimi fərəhdən uçurdular. Onlar tribunadan danışmaq, öz səslərini böyük Stalinə verdiklərini bildirmək, xalqın tükənməz sevinc bayramına şərik olmaq istəyirdilər.

Füzuli əlini qaldırmışdı. Sanki danışmaq üçün sükut arzulayırdı. Alqış səsləri isə susmurdu.

Bu halda Füzuliyə teleqramma gətirdilər. Bağdaddandı, "təcili qayıtmasını" tələb edirdilər.

Böyük şair qaşlarının altında dərinləşmiş gözlərini teleqrammaya dikdi, iti, mənalı baxışı ilə bir müddət baxdı, üzünü katibinə çevirib dedi:

– Cavab yaz! Yaz ki, mən qayıdası olmadım. Vətənim qəm-qüssədən qurtulmuşdur. Mənim azad Sovet parlamentim açılır. Mən vətənimin ağ günlərində, azad xalqımın dil açmış tutisi, gülünə çatmış bülbülü olub, xalqıma nəğmələr ötəcəyəm. Mən qayıtmayacağam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets