Contents
  1. 1
  2. 2
  3. 3

Texnikumun həyətində adam əlindən tərpənmək olmurdu. Bu il yüz iyirmi nəfərin yerinə dörd yüzdən çox ərizə verən var idi. Kimi qəbul komisyonunun qərarını gözləyirdi, kimi tibbi yoxlamadan keçirilməli, kimi anket doldurmalı idi.

Ərizə verənlər sevinc və intizardan yata bilmir, səhər açılan kimi gəlib məktəbin qabağını kəsir, özlərinin işi haqqında hər saat yeni və sevincli bir xəbər eşitmək istəyirdilər.

Direktorun otağı ilə yanaşı, qapısı həyətə açılan balaca otağın divarından kirli elan taxtası asılmışdı. Buraya, kim bilir, il uzunu neçə-neçə əmr və elan yapışdırılıb-qopardılmışdı. Qopardılmış elanların yapışqanlı ucları ağac qabığı kimi quruyub qatlanmış, saralmışdı. Taxtaya yapışdırılan uzun ağ kağızın təzəliyi uzaqdan məlum idi. Bu, imtahana buraxılan və deməli, qəbul komisyonundan keçən yetmiş bir nəfərin siyahısı idi.

Ərizə verən uşaqlar həmin siyahının qabağında saatlarla dayanır- dılar. Əvvəlcə hər kəs tələm-tələsik öz familiyasını axtarırdı. Tapanlar sevincək yoldaşlarını çağırır, onların familiyasını arayırdı. Öz familiyasını tapa bilməyənlər əvvəlcə siyahını başdan aşağı, sonra aşağıdan yuxarı bir-bir oxuyurdu.

... Qısası, götürülən də, götürülməyən də siyahıdan uzaqlaşmırdı. Deyəsən, bu şeylərin hamısı taxtadakı kağızdan asılı imiş.

Direktor isə balkonda bir müəllimlə gəzinirdi. Birdən uşaqlara tərəf diqqətlə baxdı və qayıdıb müəllimdən soruşdu:

– O apaşeli gədə nə gəzir burada? Sonra məktəbə soxular ha! Mən tanıyıram onu, dədəsi cin duası yazırdı.

Müəllim apaşeli oğlana baxdı, direktorun sözünə münasib bir cavab deyə bilmədi:

– Tammıram.

1

Direktor yanılmamışdı. Apaşeli oğlan, Qulamın oğlu Fazil idi, rəssamlıq texnikumuna ərizə vermişdi və qəbul da olunmuşdu.

Direktor ikinci kərə onu balkonda görəndə düz tədrisat otağına qayıtdı, müavinini pəncərə qabağına çağırdı, oğlanı göstərib yavaşdan soruşdu:

– Bu nə gəzir, yoxsa ərizə verib?

Tədris müdiri Tağızadə cavab verdi:

– Ərizə də verib, qəbul da olunub.

– Nə danışırsan əşi, necə yəni qəbul olunub?

– Bəli, onu özüm yoxlamışam, əla imtahan verib.

Direktor Tağızadəyə macal vermədi:

– Nə imtahanbazlıqdır, ey evi tikilmiş! Sənin nə danışdığındır? Onun dabbaxda gönünü tanıyıram. Elə adamı texnikuma götürmək olarmı?

Direktor bunu deyib əlini göydə oynatdı, əyri-əyri Tağızadənin üzünə baxdı və küsmüş kimi otaqdan çıxdı. Tağızadə direktoru belə görüb tez şkafı açdı. İş qovluqlarını o yan-bu yan elədi. Fazilin materiallarını çıxarıb gətirdi, bir-bir yoxlamağa başladı.

Əvvəlcə onun ərizəsinə, yaş və sağlamlıq kağızına baxdı. Sonra komsomol komitəsinin təsdiq etdiyi anketi oxudu. Fazilin atası məsciddə başmaq cütləyən imiş, on səkkizinci ildə ölmüşdü. Uşağı anası böyütmüşdü. Tağızadənin fikrinə gəldi ki, bəlkə direktor bu məsələyə işarə edir. Sonra ürəyində belə mənasız şeyə güldü. Fazilin tərcümeyi-halını oxudu, burada da bir şey görmədi. Tələbənin imtahan qiymətlərinə bir də baxdı, yazı işlərini, çəkdiyi rəsmləri özü bir də nəzərdən keçirdi. Fazil texnikuma layiq adam idi.

Tağızadə direktorun özündən soruşmağı vacib bildi. "Bəlkə, elə bir məsələdir ki, biz bilmirik". Bir də fikirləşirdi ki, ayrı nə məsələ ola bilər, yoxsa xuliqanlıq edən uşaqdır, heç üz-gözünə yaraşmır...

Tağızadə ağzını açmamış direktor soruşdu:

– Nə oldu, o gədəni rədd elədin, ya yox?

– Rədd eləməyə nə var, amma bir səbəbini desəydiniz, yaxşı olardı, mən onun işləri...

– İşləri-zadı lazım deyil. Mən onu tanıyıram, xalis molla oğludur, istismarçı balasıdır!

Tağızadə duruxdu. O, gözləyirdi ki, direktor çox şeylər, doğrudan da Fazili tələbəlikdən məhrum edə bilən səbəblər söyləsin. Lakin direktor mat-mat Tağızadənin üzünə baxırdı. Tağızadə dilləndi:

– Elə bu?

– Bəyəm bu azdır. Molla oğluna sözün nədir?

– Molla oğlu məsələsini mən də bilirəm. Axı oğul ataya cavabdeh deyil. Onu anası böyüdüb.

– Bura bax, xahiş edirəm mənə ictimaiyyət oxumayasan. Adam qurtarıb qəbul eləməyə, elə gərək molla Qulamın oğlunu götürək. Mən ölüm, rədd elə getsin.

Tağızadə çiynini çəkdi:

– Bilmirəm, siz nə üçün kiçik bir şeyə bu qədər əhəmiyyət verirsiniz. O uşağı anası böyütmüşdür. Komsomol təşkilatında tərbiyə...

Direktor stuluna söykənib, sanki mübahisənin uzun sürəcəyini güman etdiyi üçün izahla danışdı:

– Toxum məsələsi var. Toxum xarab olandan sonra ha su ver, nə göyərəcək... Sədi deyir: "kürk zadə kürk şəvəd", yəni: qurd balası qurd olar. Ondan təcrübəni götür, məsələn: qoz içindən fındıq çərdəyi çıxdı- ğını görübsənmi?..

– Axı, bilirsiniz...

Direktor qoymadı Tağızadə fikrini desin:

– Mən ölüm, Tağızadə, onu rədd elə getsin. Sonra içindən qənbərqulu çıxar, nə lazım...

– Axı nə deyim, əla imtahan vermiş adama.

– Deyinən yerimiz yoxdur.

– Deyər, vaxtında qəbul eləməyəydin.

– Sənin günahındır ha. Harada çəlpəşik iş var, elə mənim başımda gərək çatlasın. Mən də yazığam axı. Getsin ayrı məktəbə girsin. Allah xatırına, belə adamlardan məni uzaq elə...

Tağızadə lap məəttəl qalmışdı:

– Belə məsələdən qorxmaq tamam nahaqdır. Yoldaş direktor...

Direktor razı olmadı ki, onun inadına qorxaqlıq adı qoyulsun:

– Qorxuya dəxli yoxdur. Özün oxumuş adamsan, burada sayıqlıq var, burada sinfi mübarizə var, burada...

O, dalısını demədi. Cümləsini yarımçıq qoymaqla öz müavininə demək istəyirdi ki, yəni sizin bilmədiyiniz və sizə deyilə bilməyən çox şeylər var...

Ən axırda direktor ayağa qalxdı, Tağızadəni qapıya qədər yola saldı və bir də tapşırdı:

– Rədd elə getsin, içindən qənbərqulu çıxar.

Direktor Tağızadəyə o qədər də arxayın olmadığından birinci kursun sinifkomunu çağırıb dedi:

– Fazil nəyofdur, o sizin sinifdə apaşeli oğlan, o sinifə buraxılmayacaq, bilin!

Tağızadə, doğrudur, direktorun əmrini yerinə yetirməyə məcbur idi, ancaq bilmirdi necə eləsin, nə ad qoyub Fazilin sənədlərini özünə qaytarsın.

Səhərisi dərsdən qabaq Fazili otağına çağırdı. Əyləşdirdi, onun sənədlərinə baxa-baxa danışmağa söz axtarırdı.

Nə desin?

Atasını desə, məsələ gedib böyük yerlərə çata bilər. Sonra direktor bir kənara dursun, bütün məktəbi biabır edərlər. "Yer yoxdur" desə, Fazili inandıra bilməyəcək, çünki yer vardır. Ayrı məktəb məsləhət görsə, yenə səbəbini deməlidir.

Bir də Tağızadənin vicdanı ağrıyırdı. Bütün tələbləri ödəyərək qayda-qanunla texnikuma qəbul olunan bir gəncin qəlbini qırmaq, onu nahaq yerə qovmaq çox ağır bir cinayət idi. Tağızadə əvvəl qabağındakı kağızlara, sonra Fazilin üzünə baxdı. Dönüb direktorun otağına tərəf nəzər saldı və birdən başını aşağı salıb Fazilə dedi:

– Dur get dərsinə, sonra danışarıq.

İki gün keçdi. Direktor haradansa Fazilin dərsə davam etdiyini bilib hirsləndi. Zəngi basıb Tağızadəni çağırdı:

– Sən nə aciz adamsan, ədə... Haram olsun o pansionun çörəyi... Bir düşmən balasını rədd eləməyi bacarmırsan, bəlkə sabah dünya inqilabında səni səngərə göndərdik, onda nə edərsən?

Tağızadə bilirdi nə üçün çağırılır:

– Yoldaş direktor, narkomatdan zəng edib soruşdular ki, Fazili niyə incidirsiniz...

Direktor dik-dik Tağızadənin üzünə baxdı:

– Doğru deyirlər. Doğru deyirlər. Get-gələ salanda, əlbət ki, inciyər. Bir kəlmə açıq desən, bala, yerimiz yoxdur, çıx get, nə inciyər, nə də sənə zəng eləyən olar. Bilirsən, bir az cəsarət lazımdır.

Direktor burada bir balaca haşiyə çıxdı:

– Cəsarət lazımdır... Mən özüm çox çətin məsələlər həll eləmişəm... Xaç su budkasında növbə olurdu. Yay günü camaat tökülüşürdü, sitro, limonad-filan da azlıq edirdi. Bütün rayon təşkilatları çalışmışdı, növbənin qabağını ala bilməmişdi. Mən yetirən kimi tədbir tökdüm. Deyinən neylədin: vağzal hamballarından ikisini çağırdım, gecə ikən su budkasını sökdürdüm, yerini də süpürtdürüb təmizlətdim. Sabahısı gün isti düşəndə nə budka vardı, nə də su üçün növbə. Heç bilmədim o qədər növbəyə duran adam necə oldu?.. Hansı ki, onları milis ilə qovmaq olmazdı... İndi, a sağolmuş, gərək təşkilatçılıq da bacarasan axı... Bir uşaq nədir onun əlində avara qalmısan... Biz Nikolay kimi zalımı, əj- dahanı qovmuşuq, sən molla oğlu Fazilin əlində aciz qalmısan.

2

Tağızadənin direktora nə cavab verdiyi və nə tədbir işlətdiyini bilmirik. Ancaq bizə məlum olan budur ki, Fazil öz dərsinə davam edir, direktorun gözünə görünməməyə, birtəhər ili başa verməyə çalışırdı. Direktoru hər görəndə qorxusundanmı, acığındanmı qızanr, üzünü yana çevirir, ya çəkilib bir tərəfə gedirdi.

Nə yaxşı ki, bu vəziyyət Fazilin dərsə olan həvəsinə təsir etmirdi. Əksinə, onu daha da ciddi çalışmağa, özünün xeyirli və lazımlı tələbə olduğunu aləmə isbat etməyə çalışırdı. Onun direktora ən yaxşı cavabı da bu olacaqdı.

Semestrin ortalarında texnikumda bir mənzərə çəkmək üçün müsabiqə elan olundu. Cavanlar, yeniyetmələr arasındakı istedadlı, qabiliyyətli gəncləri üzə çıxarmaq, onların tərbiyəsi, inkişafı ilə bərk məşğul olmaq məqsədilə texnikuma bu tapşırığı İncəsənət İşləri İdarəsi vermişdi. Direktor qorxmasa bu tədbirə etiraz edərdi:

“Canım, nə lazım uşaqlar arasına inciklik salmaq, mükafat alan ilə almayanlar arasında sinfi ziddiyyətləri kəskinləşdirmək..." Qərəz, direktorun bu sözləri ürəyində qaldı. İstər-istəməz Tağızadənin və rəsm müəlliminin tutduğu planı qəbul etdi.

Tələbələr arasında müsabiqə elan olundu. Ən yaxşı mənzərə çəkənə min manat mükafat təyin edilmişdi. Əsərlərə beş nəfərlik jüri qiymət verəcək idi.

Müsabiqənin yaxşı tərəflərindən biri də odur ki, əsər sahibləri əvvəlcə bilinmir. Əsərlərə qiymət qoyulur, açıq imzalar yazılan paketlər açılır. Budur, belə paketlərdən təxminən bir əlli dənəsi direktorun stolunun üstündədir. Jüri üzvü Tağızadə də jürinin qərarını yazıb protokolu hazırlamışdır.

Birinci mükafat "Heyran" adlı gözəl bir mənzərəyə təyin edilmişdir. Bu mənzərə müəllifinin kim olduğu hələ bəlli deyildir. Jüri üzvlərinin hamısı intizarla paketlərin açılmasını gözləyirdilər. Direktor isə sanki çox ehtiyatla "bismillah" çəkə-çəkə paketləri açır, adları oxuyur, kənara qoyur.

Birdən o oturduğu yerdə döndü: "Necə?"

Rəngi qaçmış halda, ağzından çıxan bu ixtiyarsız sualdan məlum idi ki, direktor arzu olunmayan bir işə rast gəlib.

– Necə, elə bircə bu qalmışdı...

Direktor bunu deyib əlindəki kağızı ovcunda xışmaladı, yerə çırpdı. Tağızadə dərhal həmin kağızı alıb, qırışığını açdı, güman etdiyini görüb direktorun üzünə baxdı. O, direktora demək istəyirdi: "Bu yaxşı iş deyil ki, siz edirsiniz..."

Direktor ondan qabağa düşdü. Barmağını ona tərəf elə acıqla uzatdı, deyəsən kişinin gözünü tökmək istəyirdi:

– Sənsən vinavat, sən! Gör bir nə oyun açırsan, bir o qalmışdı ki, hökumətin çervonlarını molla, istismarçı balasının cibinə tökək...

Tağızadə belə yerdə direktoru eşitməyə alışmamışdı:

– Sizin hərəkətiniz həmin bu dörd divar arasından kənara çıxsa, yəqin bilin ki, özünüz də məktəbdən kənara çıxmalı olacaqsınız. Ehtimal biz də sizin dalınızca çıxmalı olacağıq... Bəli. Yəqin bilin!

Jüri üzvləri də məsələdən hali oldular: mənzərənin müəllifi Fazildir, direktor ona mükafat verməyə qətiyyən razı deyil.

Üzvlər təkidlə qanunu müdafiə etdilər. Direktor isə əlini stola döyüb deyirdi:

– Sabah, birisigün işin içindən qənbərqulu çıxanda hərəniz bir dərədə olacaqsınız. Mən qoymaram molla balası, zəhmətkeşlərin qanını soran istismarçı balası mükafat alsın. Çox da şəkil çəkib, bu bizim məktəbin böyük səhvidir ki, o, şəkil çəkib...

3

Son dərsin ortasında tələbələr təşkilatının sədri müəllim otağında oturub bir portfelli oğlanın suallarına cavab verirdi. Tağızadə isə siniflərə elan edirdi ki, dərsdən çıxan kimi kluba yığılın... Məktəb klubu ağzınatan doldu. Tələbələr, müəllimlər intizarla iclasın açılmasını, "Kommunist" qəzeti nümayəndəsinin çıxışını gözləyirdilər.

İclası Tağızadə açdı. Məktəbə girəndən indiyə qədər Fazilin başı na gələn tarixçəni söylədi. Ondan sonra danışanlar bu tarixçəni bir az genişlətdilər, təfsilatla danışdılar. Kimisi də direktorun "tarixçə"sini açıb tökdü.

Qəzetdən gələn portfelli oğlanın acığı tutdu. Dönüb direktordan soruşdu:

– Ay yoldaş direktor, Fazil nə günahın sahibidir, sizə kim ixtiyar verib onunla vicdansız rəftar edəsiniz?

Direktor yerindən qışqırdı:

– O, molla oğludur. O, istismarçı balasıdır...

Qəzet nümayəndəsi irəli yeridi, nitq kürsüsünün qabağına gəlib dayandı, üzünü camaata tutdu:

– Fazil molla oğludur, seyid oğludur... Bu, tutaq ki, faktdır. Biz Şeyx Nəsrullah deyilik. Ölüləri qəbirdən çıxartmaq, diriltmək istəmirik. Siz tələbədən, əli qabiliyyətli bir tələbədən danışın görək niyə o, layiq olduğu mükafatı almasın, niyə?

O, sözünü elə möhkəm və təsirlə dedi ki, hamı dönüb direktorun üzünə baxdı. Direktor yerində qurcuxur, əlini qaldırır, döyükür, yanyörəsinə baxırdı.

Nümayəndə isə hirslə danışırdı:

– Heç bir əclaf, demokratiyamızın yolunda əngəl ola bilməz. Stalin qanunlarının xalqa verdiyi feyz və işıq zəmanə prişibeyevlərinin, mərdimazarların gözünü kor etmişdir... Fazilin əhvalatı göstərdi ki, burada əyləşən möhtərəm direktor öz vəzifəsinin ləyaqətindən çox uzaqdadır...

Nümayəndənin alqışlar altında bitən son sözündən sonra direktor dodaqaltı mızıldanırdı:

– Bundan qənbərqulu çıxmasa mən anqırram...

Tağızadə onun üzünə mənalı-mənalı baxıb ürəkdən dedi:

– Eh... Qənbərqulu ki, qənbərqulu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ərəb qızı

Leyli!Leyli - ərəbcə gecə deməkdir. Ata-anası bəlkə də qızlarının uğursuz taleyini qabaqcadan duyduqları üçün Leyliyə bu adı vermişlər.

3 min
Naxış

Yəqin ki, siz də ikimərtəbəli daş binanın dəhlizindən ötür, izdihamlı hərəkəti görür, uca səqfin hər tərəfindən uğuldayan sərin küləyin yeknəsəq səsini eşidirsiniz.Kənarda asqıların qabağında bir əlini qartal caynağı kimi məhəccərə söykəmiş, bir əli göy xalatımn cibində hazır dayanıb adamları qarşılayan, yola salan, paltarları, papaqları ehmalca "yallah" deyib təqdim edən arıq, ortaboylu, qarayamz, nimdaş libaslı qadını tanıyırsınız.

9 min
Ürəkdə yazı

Bizim analar qızlarına ad verəndə gülləri, çiçəkləri unutmurlar: bənövşə, qərənfil, yasəmən, lalə, nərgiz, sünbül, süsən və habelə.Bu adları eşidəndə sevinirsən. Sahibini görməsən, tanımasan da sevinirsən, bağ-bağata, gülzara, laləzara düşmüş kimi, bahar havası duyursan.

9 min
Xəcalət

Ala-bəzək geyimli cavan bir oğlan əlində kağız bükümü, gilas yeyə-yeyə, ətrafına baxa-baxa şəhər bağından ötürdü. Axşamdan xeyli keçmişdi, xiyaban o qədər sakitlik idi ki, ağır, ahəngdar addımlardan, döşəməyə düşən tumların səsindən başqa heç nə eşidilmirdi, cavan oğlan hər gün buralardan keçsə də, nadir hallarda belə sükut görərdi.Səhər buradan işə gedəndə xiyabanı şüşə kimi tərtəmiz gördü. Sanki kimsə hamıdan tez durub xiyabanları silib-süpürmüşdü ki, adamlara xoş olsun.

1 min

Poems by other poets