Keçin? namərd körpüsündən, qoy aparsın sel səni,

Yatma tiilkii daldasında, qoy süpürsün yel səni.

Dünya böyük, işləri dolaşıq, ilki, aqibəti məchul, ibrətli!

İnsan gördüklərini yazıya alsa, gərək dəryalar mürəkkəb, meşələr qələm ola. Fındıq boyda gözdən kainat boyda bir aləm keçir.

Elə hadisələr var, insanın gözündən, qulağından, qəlbindən, eləsi var, başından, eləsi do var, bütün vücudundan, varlığından keçir. Daha doğrusu, keçmir, heç bir zaman keçmir, iti bıçaq kimi ürəyə sancılır. Ömür boyu insana işgəncə, iztirab verir...

Mən onları tanıyırdım, yaxşı tanıyırdım. Təəssüf ki, yaxşı tanıyırdım. Bəlkə də heç sizə danışmaz, tanıtmaq istəməzdim. Ancaq bir zərurət ucundan, ürək ağrısı ilə bu əhvalatı sizə danışmaq istəyirəm.

Təbiət bizə göz kimi böyük nemət vermişdir. Baxmaq, görmək, anlamaq, faydalanmaq üçün vermişdir. İnsanlar var, görmək istərsən, insanlar da var, görmək istəməzsən. Eləsi olur ki, sənə sevinc, eləsi olur, qüssə gətirir. Eləsi olur, üz çevirirsən, eləsi də olur, səni cəzb edir.

Aypara belələrindəndi, işıq kimi parlaq, nadir bir varlıq idi. O, hər səhər kitabları qoltuğunda pəncərəmizin qabağından gəlib keçər, qara hörükləri kürəyində ilan kimi qıvrılardı. Anam yeyin nəzərlərlə Ayparanı süzüb, həsrətlə ah çəkər və mənə eşitdirərdi:

– Allah yaman gözdən saxlasın bu qızı. Görəydim neçə il oxuyacaq! Görəydim hansı bəxtəvərə qismət olacaq!..

Xülasə, Aypara diqqəti çəkən, nəzərlər ovlayan ürkək və qəşəng bir çöl göyərçini idi. Onun mütənasib boyu, yaraşıqlı hərəkəti, sadəliyi, gülər üzü, məmnun baxışları, bütün vücudu cazibəli idi. Deyəsən, qüdrətin hüsnündən yaranmışdı. Qız hər yerdən bir nur kimi keçirdi. Keçmirdi, şəfəqləri üzülmür, şüalar kimi müttəsil süzülürdü. Aypara adına layiq idi.

Günlərin birində ona Şuşanın ədiblər evində cavan istedadlar yarışında rast gəldim, məmnuniyyətlə tanış oldum.

Aypara burada, bu vilayətdə çağırılan ifaçılar yarışında sədəfli tarını bağrına basıb "Yetim segah" çalanda məclisi vaeh etdi.

Gənclər heyrətlə dinləyir, İdris isə özünü tamam unutmuş kimi, əlini əlinə vurub təəccüblə deyirdi:

– İlahi, nə qüdrətdir, göylərin mələyi, ya yerlərin kəkliyidir bu?

İdris nazirlikdən buraya yarışan cavanların istedadına qiymət verməyə göndərilsə də, ümumi, obyektiv mülahizələr yürütməli olsa da, hissiyyat ona elə güc gəldi ki, ilk sözlərində Aypara haqqında şəxsi rəyini, intim duyğularını gizlədə bilmədi, ucadan, aşkar dedi.

Şuşadan qayıdanda təəssüratını mənə danışdı. Yenə heyrət və marağını təkrar etdi:

– Aypara qiyamət elədi, ətrafa nur səpirdi. Diqqət yetirdinizmi, özü də ifası kimi nə qədər qəşəng, məlahətli idi.

Güman etdim ki, o, Aypara haqqında məqalə yazacaq, qızın segahından bəhs edəcək, onu tərifləyəcək. Ancaq belə olmadı, o ayrı yol tutdu.

Bakıya gələn kimi, yarışı, segahı kənara qoydu, qıza elçi düşdü, alıcı quş kimi qızı ovladı, o saat da toyunu elədi.

Ayparanın toyuna məni də çağırmışdılar. Təbriklər, nitqlər, oyunlar, musiqi, alqış, təntənə... Bu xoş mərasimin təranələri indi də qulağımda səslənir.

İdris nazirlikdə şöbə müdiri, Aypara isə gənc musiqiçi idi. Bunların qurduğu bəxtiyar ailəyə təhsinlər göydən yağırdı. Mən öz aləmimdə vəzifəmi icraya, bu gözəl ailəni təbrikə hazırlaşır, hədiyyə düşünürdüm. Bir gün gözlənilmədən eşitdim ki, bahar bağçasına səmum yeli əsib, cavanların arası dəyib.

Eşitdiklərimə inanmadım.

"Vətəndaş İdris Həmid oğlu Aypara Ələsgər qızını boşamaq haqqında rayon məhkəməsində məsələ qaldırır..."

– Vay səni!..

– Necə əlin gəlir, ay namərd?!.

Hamını diksindirən bu acı xəbər ya açıq bir yalan, ya da nə bilim, nə uydurma idi. Ulduz kimi parlaq, səma kimi sakit gənclərin ixtilafına, ədavətinə kimsəni inandırmaq olmazdı.

Mənim ixtilaflı yığıncaqdan xoşum gəlməz. Teatr, konsert, kino, məclis sevirəm, amma insanın insanla acı deyişməsi, söz güləşdirməsi xoşuma gəlməz.

Yenə də bu gözəl ailənin ixtilaf müzakirəsi mənə qəribə gəldi, xəbər tutdum, məhkəmə iclasına getdim.

Məhkəmə sədri nazik qovluğu açıb adları oxuyanda cavanların biri sağdan, biri soldan qabağa gəldi, suallara cavab hazırladı.

Sədr üzünü İdrisə tutdu:

– Ərizəni siz vermisiniz, niyə ayrılırsınız?

– Xasiyyətimiz tutmur.

– Uç-dörd aydır evlənmisiniz, nə tez ikrah oyanıb?

– Oyanıb! Bəli, oyanıb!

– Səbəb nədir? Sizin kimi ziyalı gənclər ailəyə belə yüngül yanaşanda, bəs o birilərdən nə ummaq olar?

Oğlan başını aşağı salıb dayanmışdı.

– Siz necə, Aypara xanım, necə baxırsınız?

– İstəməyən bir adamla necə yaşamaq olar?

– Əvvəldən istəyirdi ki?

– Özünü vurğun göstərirdi.

– İndi nə olub?

– Özündən soruşun!

Məhkəmə sədri üzünü İdrisə tutub soruşdu:

– Aypara xanım da bilmək istəyir ki, nə olub?

Məhkəmə sədri üzünü salondakılara tutdu, mənalı bir sükutdan sonra təkidlə dedi:

– Məhəbbətinizə hər kəs qibtə etdiyi halda, siz niyə cavan ailəni sarsıdırsınız?

İdris gözaltı məhkəmə sədrinə baxdı, üz-gözünü turşudub pıçıldadı:

– Əvvəllər istəmişdim, indi nifrət edirəm...

Məhkəmə sədri tez onun sözünü sualla kəsdi:

– Ayparanın dalınca kölgə kimi gəzdiyin günlər nə tez yadından çıxdı?

Aypara dözmədi:

– Gəzdiyin yox, süründüyün deyin, bu daha doğru olar.

– Oğlan qız dalınca gəzər.

– Deməli, əylənmək üçün gəzirdin?

– Nə üçünsə gəzirdim.

– Məhəbbətin ikraha, nifrətə çevrilməyinə bir səbəb varmı?

– Ürək istəmir.

– Dünən çırpmırdı, bu gün isə yox?

– İndi görmək belə istəmir.

– Belə dönük ürəklər müalicə olunmalıdır! Sən bilirsənmi ki, evlənmək əyləncə, yalnız şəxsi iş yox, vətəndaşlıq vəzifəsidir. Kostyum almaq, otaqdan otağa köçmək, xidmət yerini dəyişməklə məhəbbətə münasibəti bir tutmaq olmaz. Bu, oyun deyil. Ailə cəmiyyətin ilk isti ocağıdır, müqəddəsdir. Bəlkə, düşünəsiniz, dil tapıb barışasınız?

Oğlan dediyində inad elədi:

– Mən sevmirəm, yaşamayacağam!

– Ailə, məhəbbət kimi müqəddəs, məsum işləri nadürüstlərin kef-gərəyindən qorumaq bizim qanuni borcumuzdur!

Sədrin İdrisə dediyi bu sözlər bütün salondakıların diqqətini çəkdi.

Onlar ayrıldılar. İdrisin pasportuna qara möhür vurdular.

Məhkəmə iclasından çıxanda İdris çətin vəziyyətdə idi. Sədrin zəhmli baxışı, mənalı sualları, qayım xitabları sanki onu tutmuş, fəlakət, uçurum önündə bərk silkələmişdi.

Xüsusən, Ayparanın qohumlar, tanışlarla vidalaşanda İdrisə qəti məhəl qoymaması ona yaman yer eləmişdi. Məhkəmə salonunu tərk edən dostların da çoxu onun yanından yad adamlar kimi ötüb-keçdi. İdris hətta nifrətli baxışlar da gördü. Bu baxışların altında o özünü alçalmış, unudulmuş hiss etdi.

Evdə o, tez-tez həyətə çıxsa da, yaxasını-başını açsa da, dönə-dönə öskürsə, sərinləmək üçün üzünə su çiləsə də, sinədolusu nəfəs ala bilmədi.

Həyət-baca, ev-eşik, ona ağır zindan kimi gəldi. Elə bil dayandığı yerə onu mıxlamışdılar, iradə və təfəkkürünü itirmiş, hissləri keyləşmişdi. "Hara getməli, nə etməli, necə etməli?" Bütün bu suallara cavab tapmalı idi. Bir an duruxdu, ürəyində qəribə bir arzu oyandı, geri qayıdıb Ayparadan üzr istəmək, məhkəməyə yalvarmaq istədi.

Məhkəmə bağışlasa da, Aypara onun təqsirindən keçməz! İdrisin sıxıntılı qəlbindən gileyli bir nida qopdu:

"Ay namərd dünya!"

O, ancaq indi dərk edirdi ki, çox uca yerdən bərk yıxılmışdır! İndi qolundan tutub qaldıranlardan da kömək ummaq olmazdı. Çünki sınan bir qol, bir qıç deyil, bütün bədəni xurd-xəşil olmuşdu.

İdris ətrafa göz gəzdirdi. Aypara yoxdu, otaq qaranlıq və soyuq görünürdü. Ortada yalnız qara bir peşmançılıq qalmışdı. O da İdrisi sıxırdı, sıxcalayırdı. Onun taxta kimi qabaran quru sinəsindən təkrar soyuq bir ah çıxdı. "Ay namərd dünya!".

İdris bu sözü elə bərkdən dedi ki, qulağına əks-səda gəldi:

Adımı qoydum sənə,

Qalasan yana-yana!

Bu təfsir onu götürdü, dinməzcə durdu, daha nələr eşitməyə müntəzir dayandı. Ancaq dinən yox idi, həqiqət öz sözünü demişdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets