Kitab sarayından yenicə çıxmışdım ki, ucaboy, cavan və yaraşıqlı bir oğlan mənə yanaşdı. Salam verdi, adımı çəkib mənimlə görüşdü. Nə qədər diqqət etdimsə, tanıya bilmədim. O, bunu hiss etdi:

– Əşrəf müəllim, – dedi, – görünür, tanıya bilmədiniz.

Söhbət etdiyim adama "tanımıram" demək mənim üçün çətin idi. Lakin onun bu sualı mənə imkan verdi ki, bir də diqqətlə baxım, yaddaşımı yoxlayım.

– Yəqin, – dedim, – müharibə vaxtı hərbi hissələrin birində görüşmüşük.

– Xeyr, müharibə zamanı mən orduya getməmişdim, zavodda işləyirdim.

Mən yenə zənnimi yoxlamaq istəyirdim, o macal vermədi:

– Əşrəf müəllim, siz mənə dərs demisiniz.

– Universitetdəmi oxumuşunuz?

– Xeyr, mən Moskvada texnologiya institutunu qurtarmışam.

– Mən ki Bakıda işləmişəm.

Cavan qəribə bir xəbər danışırmış kimi, əli ilə uzaqları göstərdi.

– Siz iyirmi il bundan qabaq Kirovabadda mənə dərs vermisiniz, ikinci sinifdə. Adım da Firidundur.

“İkinci sinif" deyəndə ilk müəllimlik zamanımı orada, o böyük məktəb həyətində yüzlərlə uşağın səs-küylə məni əhatə etdiyi günləri xatırladım. Bir müddət mənə elə gəldi ki, Bakıda, Kitab sarayının qarşısında deyil, iyirmi il əvvəlki yerdə əli çantalı uşaqların qaynaşdığı məktəb həvətindəyəm. Hər şey nəzərimdə canlandı. Firidunun oxuduğu sinif, yoldaşları, divardan asdığım cədvəllər, düzəltdiyim dəftərlər, imzaladığım vəsiqələr bir kino lenti kimi gözümün qabağından keçdi.

– Aha, Firidun! Xoş gördük! – deyə özümü saxlaya bilməyib uzun zaman əziz oğlunun yolunu gözləyən və təsadüfən onunla görüşən atalar kimi Firidunun əlini bərk-bərk sıxdım.

– Danış görüm, haradasan, kefin necədir, uşaqlardan yanında kim var?

Məlum oldu ki, Firidun Sənaye İnstitutunun aspirantıdır. Neft kəşfiyyatı mövzusunda mühüm bir elmi əsər yazır. İki yaşında bir oğlu var. Məni də həmin uşağın ad günündə iştirak etməyə çağırmağa gəlibmiş.


Firidun məndən ayrılsa da, zehnim uzun müddət ondan ayrıla bilmədi. Pedaqoji məktəbi qurtardığım günlər, alovlu gənclik həvəsi ilə dərs otaqlarına girdiyim saatlar gözümün qarşısından gəlib keçdi. Uşaqlar məni “müəllim!" deyə çağırırdılar. Bu ad mənim üçün ən böyük iftixar idi. Mən onların hamısını adbaad tanıyırdım: Firidun, Nadir, Tələt, Mahrux, Əli, Şirin, Zahid...

O zaman həvəsdən gözümə yuxu getməzdi. Səhərin tez açılmasını, zəngin çalınmasını səbirsizliklə gözlərdim. Əlimdə sinif jurnalı qapıdan içəri girmək, lövhədə yazdığım sözləri uşaqlara oxutmaq, təkrarlatmaq, yazdırmaq, sonra dəftərləri yığıb düzəltmək, gecə hamı şirin yuxuda ikən uşaq dəftərlərinin vərəqləri arasında səhv axtarmaq, şagirdlərlə danışmaq mənə nə qədər ləzzət verərdi!

Onlar – boy sırası ilə oturub sinif otağını dolduran məsum baxış lı, zirək, duru səsli uşaqlar indi gör nə boyda igid adamlar olmuşlar! Doğrudanmı onların, hər biri Firidun kimi düşüncəli, mədəniyyət adamı, ev-eşik sahibi olmuşdur?


Yenicə hazırlaşırdım ki, qapımda maşın dayandı. Zəngi basdılar. Firidun özü dalımca gəlmişdi. Geyindim, yola düşdük. Maşınımız sahil küçəsi ilə gedib uca bir binanın qarşısında dayandı. Firidun dördüncü qatda işıqlı pəncərələri göstərərək dedi:

– O eyvan mənimkidir, müəllim!

Biz mərmər pillələrlə yuxarı qalxmağa başladıq. İçərisindən pianino səsi gəlirdi. Otağa girəndə məni heyrət götürdü. Elə bil, iyirmi il əvvəl idi, mən də sinfə girirdim, dərs dediyim şagirdlərin çoxu burada idi, hamı ayağa qalxdı. Budur, təyyarəçi paltarı geymiş Nadir, ucaboylu həkim Mahrux, rəssam Şirin, donanmaçı zabit Zahid və başqaları:

– Xoş gördük, ay müəllim! – deyib hərə bir yandan məni yuxarı başa çəkdilər.

Hərə bir sözlə mənə müraciət edir, olub-keçmişləri xatırlayır, deyib-gülürdük. Mən bu məclisdə özümü əziz övladının toy-bayramını keçirən bir ata kimi hiss edir, ayrı bir fərəh və ürək rahatlığı duyurdum.

Firidun məni ailəsi ilə tanış etdikdən sonra dedi:

– Əşrəf müəllim, sizdən bir xahişimiz var, daha doğrusu, bir xahişim var. – Üzünü yoldaşlarına tutdu. Elə bil onların da rəyini bilmək istəyirdi. – Necə olsa, axı bu görüşün təşəbbüskarı mənəm. Əvvəl mən öz sözümü deyim! Sonra Firidun mənə tərəf döndü: – Əşrəf müəllim, neçə illər siz bizim zəhmətimizi çəkmişsiniz, oxutmusunuz, tərbiyələndirib böyütmüsünüz... İndi hərəmiz bir sənət sahibi olmuşuq. Dünyada hərənin bir arzusu olar. Mənim də arzum bu olub: nə olaydı, elə bir mərtəbəyə çataydım ki, mənə atalıq eləyən bütün müəllimlərin, o cümlədən sizin də xəcalətinizdən çıxaydım. Yadınızdadırmı, bir dəfə mən Sabirin “Oxutmuram, əl çəkin!" şeirini əzbər bilmədim. Siz səbəbini soruşdunuz. Nadir kənardan dedi: "Kitabı yoxdur!" Siz də həmin gün tənəffüsdə məni müəllimlər otağına çağırıb bir "Hophopnamə" bağışladınız.

– Bəli, yadımdadır, – dedim. – Səni indi bu kitabdan imtahan eləyəcəyəm! – Sonra zarafatla ciddi bir vəziyyət alaraq əlavə etdim: – Bir de görüm, şeiri əzbərləmisənmi?

Firidun bir uşaq, bir məktəbli vəziyyəti alıb rəsmi əda ilə dayandı, şeiri əzbər oxudu. Mən onu yarıda kəsib:

– Əyləş yerində, sənə beş yazıram! – dedim.

Yoldaşları gülüşdülər.

Ara sakit olanda, Firidun davam etdi:

– O kitab indi də mənim stolumun üstündədir. Təzə cildə vermişəm. Əziz bir yadigar kimi saxlayıram. Sözüm onda deyil... Demək istəyirəm ki, mənim arzum ürəyimdə qalmasın.

Mahrux ayağa qalxıb, o biri evə keçdi və qırmızı məxmər cildli, zər vazılı bir albom gətirdi:

– Əşrəf müəllim, – dedi, – sizin adınıza hazırladığımız bu albomu qəbul etmənizi xahiş edirik!

Uşaqlar bir-bir danışıb mənə olan minnətdarlıqlarını bildirdilər. Bütün bu söhbətlər, əlbəttə ki, məni sıxır və utandırırdı. Mən dilləndim:

– Firidun, izin olar, bir-iki kəlmə də mən deyim?

Məclisdəkilər tam uşaqlıq itaəti ilə səslərini kəsib, məni dinləməyə başladılar. Ayağa qalxdım. Sevincdənmi, təsirdənmi, əziz cavanlıq xatirələrindənmi, nədənsə, gözlərim yaşardı. Ani bir sükutdan sonra dedim:

– Uşaqlar, məni utandırırsınız. Firidun deyən sözlər düz deyil. Sizi mən oxutmamışam, sizi partiyamız, hökumətimiz oxudubdur. Mən olmasaydım da, ayrı bir müəllim sizə dərs verəcəkdi. Çünki, yeni nəslimizi – sovet balalarını oxudub, uca mərtəbələrə yetirmək partiyamızın tapşırığı, hökumətimizin planı və vətəndaşlarımızın borcudur. Siz məndən yox, partiyamızdan qayğı görmüşsünüz, ömrünüz boyu da görəcəksiniz! Görürəm siz hamınız mənə yaxşılıq etmək istəyirsiniz. Çox razıyam, çox sağ olun! Hətta Firidun mənim oğlumu oxutmaq istəyirmiş... Ancaq bilməlisiniz ki, mənim oğlum, qızım çoxdur. Siz şəhərlərdə, kəndlərdə nə ki uşaq görürsünüz, onların hamısı mənim övladımdır. Bir uşağın çəkməsini cırıq, üzünü pərişan, məktəbdən kənarda qalmış görsəniz, bir uşağın danışığında, hərəkətində kəsir görsəniz, bir başqa sını tramvayın, maşının dalından sallanan görsəniz, unutmayın ki, onların hamısı, hamısı mənim doğma övladımdır. Siz mənə yaxşılıq etmək istəyirsinizsə, onlara qayğı bəsləyin, onlara nəsihət edin. Bilin ki, uşaqlar bizim ümidimizdir! Onların qayğısını çəkmək yalnız məktəbin, müəllimin, mürəbbinin yox, hamının borcudur. İnanın ki, mən sizi belə fərasət sahibi, xoş gündə görəndə, ömrüm uzanır. Arzum budur ki, Vətənimizin bütün gənclərini sizin kimi görüm. Mən inanıram ki, sizin ictimai xidmətiniz məndən çox-çox olacaqdır. Bizdə inkişaf həmişə belə olur: tələbə müəllimi, şagird ustasını, övlad atasını ötür. Sizin bu albomunuzu da ürəkdən qəbul edirəm, bu şərtlə ki, mənim dediklərimi də oraya yazasınız və həmin albomu Kirovabadın birinci məktəbinin kitabxanasına göndərəsiniz. O məktəbə ki biz ilk dəfə orada görüşmüşük. Qoy indinin uşaqları baxıb görsünlər ki, buradan kimlər gəlib-gedib və necə gəlib-gedib! Qoy görsünlər ki, müəllim, şagird nə deməkdir! Qoy bilsinlər ki, müəllimlik nə gözəl sənət, nə müqəddəs işdir!

Hamı mənim təklifimə razı oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets