Mərkəz adamı
Page 2 of 3 · 33%
Ona elə gəlirdi ki, orkestr yerli icraiyyə komitəsi tərəfindən Əntərzadəni qarşılamaq üçün göndərilmişdir. Ayağını pilləkənə qoyanda bərkdən öskürdü - yəni ki, gəlirəm.
Ayağını yerə qoyanda "taaaq" deyib, şalvarının pozulmuş qatına baxdı, çamadanı sol əlinə alıb, sağ əlini görüşmək üçün saxladı, başını qaldırıb salamlaşmağa hazırlaşdı.
Musiqi durmadan çalınırdı, adamlar o tərəf-bu tərəfə hərəkət edirdi. Kimi görüşür, kimi öpüşür, kimi "xəbərdar" deyirdi. Əlifanarlı bir kişi çəkiclə qatarın təkərlərini yoxlayırdı. Əntərzadəyə fikir verən yox idi. O, bir az dayandı və gözlədi ki, bu saat gəlib deyəcəklər: "Əntərzadə yoldaş, yerli təşkilatlarımızın köməyinə, kəndimizi maarifləşdirməyə çox xoş gəlibsiniz, səfa gətiribsiniz! Kənd soveti sizi aramsız gözləyir. Buyurun, əyləşin maşına!.."
Gələn olmadı! Adamlar vaqonların pəncərəsinə baxırdı. Əntərzadə fikirləşdi: "Yəqin səhv düşmüşəm. Onlar məni yumşaq vaqondan gözləyirmişlər. Sən öləsən, belədir ki, var." Geri döndü, tələsik vaqona girdi. Vaqondan-vaqona keçib, yumşaq vaqona soxuldu. Gözünün ucu ilə pəncərə qabağında qaynaşanlara baxdı, ürəyi döyündü, sevindi, ehmallıca ətəklərini çırpdı, aramla, təmkinlə vaqondan düşdü. Yenə də heç kəs ona etina etmir, heç kəs yaxın gəlmirdi. Musiqi öz işində idi. Əntərzadə qaynaşan izdiham içində hürkmüş qoyun kimi, döyüküb qalmışdı.
Əntərzadə gəlib N kəndində, şairlər demişkən, "bərqərar" oldu.
Əntərzadə kəndə baxıb fikirləşirdi: "Uğursuz tale gör məni haralara atdı! Mən şəhərdən, asfaltlı küçələrdən, yumşaq maşınlardan ayrılıb gör necə yerlərə düçar oldum! Yoldaşlarım, sirdaşlarım indi dəniz hamamlarının "mavi" sulannda yumurta kimi qızlarla kefə baxarkən, mən də camışları seyr edirəm. Vay bədbəxt Əntərzadə! Yazıq Əntərzadə, sənin nə bəlalı başın varmış!
Əntərzadəni kənd klubuna müdir təyin etmişdilər. Kooperativin böyründə ona bir mənzil də vermişdilər. Onun səhərləri ahla açılır, axşamları vayla qovuşurdu! Sevgilisi Darçın xanıma gündə bir təcili məktub yazırdı, şikayətlənirdi, axırda da təkid edirdi: "Cavab! Cavab! Cavab!"
Əntərzadənin razı qaldığı yeganə şey vardı: kənddə iş görmürdü: "Kəndçi avam camaatdı, hərdən yığıb, bir nağıl döşə qabırğasına, "sağ ol, a qadan alım!" - deyə-deyə getsinlər. Burada mənim vaxtım çox olacaq. Bundan istifadə edib sənətimi işlədə bilərəm".
Yağışlı bir gün idi. Batdaq dizə çıxırdı. Arabalar ağır-ağır gedirdi. Əntərzadə üst paltarı ilə yatağına girib, dam dirəklərini sayırdı. Komsomolçulardan biri gəlib dedi:
– Yoldaş klub müdiri, açarı istəyirlər.
Əntərzadə qalxıb oturdu:
– Kim istəyir?
– Camaat çoxdur! Abas kişi, Xalıq əmi-zad ordadırlar...
Əntərzadə elə bildi ki, klubdan götürüləsi bir şey var, yaxud qəzet-jurnal lazım olub. Ayağa qalxdı, getmək istədi. Pəncərədən baxıb yağan yağışı gördü, fikrini dəyişdi. Dinməz-söyləməz açarı çıxarıb verdi, özü qayıdıb yerinə girdi.
Bir qədər keçməmişdi ki, klub xidmətçisi gəldi:
– Yoldaş Əntərzadə, camaat sizi gözləyir.
– Məni neyləyir camaat?
– Klub dolub. Bilmirəm, ancaq bir vurçatdasındır ki!
Əntərzadənin canına qorxu düşdü. Kluba gələsi "təftişdən" şübhəyə düşüb qalxdı, tələm-tələsik qapını bağlayıb getdi...
Əntərzadə klubda adamların oturub söhbət etdiklərini gördü. Bir neçəsi nərd atır, piano çalırdı. Komsomolçular haradansa bəzəkli bir qəzet gətirib, divardan asırdı.
Kənd sovet katibi Əntərzadəni görən kimi gülümsədi:
– Gəl də, gəl çıx, ay müdir, görək axı!
Əntərzadə ona yanaşıb soruşdu:
– İsmayıl, niyə yığılmısınız, xeyir ola?
İsmayıl elə bildi, o, zarafat eləyir:
– Yığılmışıq belə sənin o xətti-xalına, gül camalına baxıb, salavat çevirək!
Əntərzadə qızardı, səsini alçaldıb, bir də soruşmaq istəyəndə Abas kişinin səsi eşidildi:
– Hə, balam, vaxtdır, gətirin görək, tamaşam başlayın da!
Abas kişi üzünü kənd sovet katibinə və Əntərzadəyə tutub bunu deyəndə, camaatdan əl çalanlar oldu. Əntərzadə işi ayrı cür görüb, İsmayılı kənara çağırdı:
– Mən ölüm, de görüm, niyə yığılmısınız?
İsmayıl, Əntərzadənin üzünə baxıb, ciddiləşdi:
– Başına soyuq dəyib, nədir? Camaat tamaşaya gəlib; sən kimdən soruşursan, bu nə deməkdir?
– Ay İsmayıl, məni qəbrə qoyasan, xəbərim yoxdur. Qardaş, mən çağırmamışam.
İsmayıl gülümsədi:
– Çağırmaq nəyə lazımdır? Klubun kalendar planı hamıya məlumdur. Uşaq da, böyük də bilir ki, onunda tamaşa var. Aym onudur, gəliblər. Planı düzən, camaata təsdiqlədən klub idarəsi, sən bunu bilməyəndə, bəs kim bilir?
Əntərzadə sərçə kimi çapaladı:
– İsmayıl lələ, sosializmə and olsun, oxumamışam. Bəs mən necə eləyim?
İsmayıl çiynini çəkdi:
– Bilmirəm necə eləyəcəksən! Ancaq camaatı qaytarmaq olmaz. Bizim üzümüzə tüpürərlər. Bir də yığmaq mümkün olmaz. Tez ol, bir-iki deklamasiyadan-zaddan nə bacarırsan, yadına sal, çalan uşaqları da çağır. Keç səhnəyə, camaat zalı dağıtdı, tez ol!..
Əntərzadə ömründə belə dara düşməmişdi. Çox adamları darda qoymuşdu, çox çətinliyə düşmüşdü, çıxmışdı, ancaq heç beləsinə rast gəlməmişdi. Payızın soyuğunda, xalq yaxasını bərk-bərk düymələyib oturduğu halda, Əntərzadə puçur-puçur tər tökürdü. Qaranlıqda özünü ora-bura çırpırdı.
Bir də gördü pərdə qalxdı. Nərd səsi kəsildi. Camaat kiridi. Qapı örtüldü.
Əntərzadə əlacsız səhnəyə çıxdı, əllərini qarnının üstündə çataqlayıb, böyük faciəvi rolda böyüyən aktyorlara məxsus bir vəziyyət aldı. Camaat əl çaldı. Əntərzadə alqışlar altında, laylay dinləyən uşaq kimi, özünü rahat hiss etdi. Bir saatdan bəri əl-ayağa düşməsinin tamamilə yersiz olduğunu gördü. "Canım, bura kəndistan yeridir. Nə desən, bunlara təzədir, ləzzətlidir. Bunlara nə hazırlıq! Bir ay bu səhnədə dursam, yenə deməyə sözüm çatar."
– Yoldaşlar, əlbəttə ki, qüsurlarımız mövcuddur. Bağışlamanız xahiş olunur.
Abas kişi təsəlli verdi:
– De gəlsin görək!
Əntərzadə ayağının birini irəli qoydu, dik durub, məğrur-məğrur zala baxdı. Yumruğunu bərk düyərək başladı:
– Hamletdən parça... Ey insanın bədəni, neçin də tökülmiyorsın, neçin də parçalanmiyorsın...
Abas kişi əyilib, İsmayıldan soruşdu:
– Kimə qarğıyır?
İsmayıl gözünü səhnədən ayırmayaraq, əli ilə Abas kişini kiritdi:
– Qulaq as, görək nə olur.
Əntərzadə ağzını geniş açırdı. Qantarğa çeynəyən at kimi sifətini turşudub, təpiyini yerə vurur, əl-qolunu ölçürdü: "Neçin, neçin?" - deyə get-gedə özündən çıxırdı. Camaat bunu görüb fikirləşirdi: "Yəqin bu saat maraqlı tamaşa olar". Lakin Əntərzadə başını əyib, geri çəkildi.
Kimsə yerindən dilləndi:
– Yoldaş müdir, musiqi olacaqmı?
Abas kişi ona cavab verdi:
– Necə yəni, olacaq, afişada yazılıb. Bu nə sözdür? Olacaq harasıdır? Biz buraya qarğışa gəlməmişik, gəlmişik musiqidən-zaddan eşidək. Yoldaş müdir, başlayın. Musiqi başlayın, qarğışdan fayda çıxmaz!
Əntərzadə bir müddət qurudu, dili tutuldu. Birdən dilləndi:
– Yoldaşlar, çalğıçılarımız gəlib çıxmadığından...
Zaldan bir oğlan qoymadı ki, Əntərzadə sözünü qurtarsın:
– Yoldaş müdir, biz gəlmişik.
Bu sözü deyən, qucağında torbalı tar olan, yaraşıqlı bir oğlan idi. Onun "gəlmişik" sözünə gurultu ilə əl çaldılar. O, səhnəyə keçdi. Çalmaq üçün stula oturanda, Əntərzadə kölgə kimi titrəyib getdi, pərdənin dalında gözdən idi.
Yaraşıqlı oğlan ətrafına baxdı, elan verən yox idi, özü məlumat verdi:
– Sizin xahişinizə görə: "Həyat".
Sözünü deyib, tarı bağrına basdı. Barmaqları arı kimi pərdələri gəzdi. Qulağı ilə simlərdən tökülən həyat nəğməsini dinləyir, köksünü qabardan həyəcanı, ruhunu oxşayan sevinci, üzünü işıqlandıran təbəssümü ilə cavab verirdi.
Əntərzadə pəncərəyə söykənib, mat-məəttəl qaldı:
"Tikanlı çəpərlərin, palçıqlı küçələrin, balaca daxmaların içində, adi paltarda, sadə simada görünən gənclər içində sənətin həvəskarları yox, sahibləri var imiş." Artıq nə tar eşidilirdi, nə yaraşıqlı oğlan, nə də səhnə nəzərdə idi. Yalnız əlçatmaz bir istedadı məharətlə nümayiş etdirən işıqlı və həssas bir qəlb görünürdü.
Yaraşıqlı oğlan ayağa qalxanda, zal da ayağa durdu. Zərif, incə musiqiyə qarşı qulaqları sarsıdan alqış başlandı.
Bu hazırlıqsız müsamirədən sonra Əntərzadə kəndlilərin gözündən daha da düşdü, hələ kişini dilə-dişə də saldılar. Abas kişi hər yetənə deyirdi: "Klub müdirinin qarğışına gələsən, belə adam!"
Təhsilinə, gecə məşqlərinə, vərdişlərinə baxmayaraq, Əntərzadənin deklamasiyaları heç kəsi cəlb etmirdi. O bu barədə İsmayıla şikayətlənəndə, o da deyirdi:
– Doğru deyirlər! Çox süni başladm. Deklomasiyanın da təhəri var. Yerdən-göydən dəm vurmağın camaat üçün heç bir mənası yoxdur. Kəndli həyatpərəst adamdır. O, ürəyəyatan tamaşa istəyir.
Əntərzadə yanıldığını anladı. İnandı ki: "Kəndlərdə muğamat bilənlər, yaxşı səsi olanlar vardır. Mən nahaq burada sənət məsələsinə əl atıram. Yaxşısı budur ki, bunları şəhərdən gətirdiyim məlumatla maraqlandırım."
Bu fikir Əntərzadənin beyninə batdı. Sevinə-sevinə qəzetləri qabağına töküb məruzə hazırladı. Məruzəni bir də ona görə həvəslə hazırlayırdı ki, bir neçə gün idi rayondan kəndə bir bağça müdirəsi gəlmişdi. Yaxşıca bir qızdı. Onun qarşısında məruzə eləmək - mərkəzdə danışmaq kimi bir şeydir...
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-merkez-adami
Use ← → keys to move, R for a random poem
More by this author
– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.
Qanadlı qızlarDünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.
Ad günüDeyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.
Fərəh məclisiDostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.