Xeyirxahlıq yaxşı xasiyyətdir, heyif ki, hər adamda olmur. Təbiətcə mülayim, insanpərvər, işgüzar olanlar hər zaman, hər yerdə, hər çətin işdə hər kəsə təsəlli, məsləhət verməkdən çəkinmirlər:

– Nigaran olma, arxayın get, ürəyini sıxma, düzələcək. – Əlbət ki, belə şəraitdə sən də inanıb, ümid bəsləyirsən, sakit olursan.

Atalar yerində deyiblər: "Sən saydığını say, gör fələk nə sayır."

Yeni kitabım redaktədən çıxıb mətbəəyə verilmişdi, çapını gözləyirdim.

Başına gələnlər bilir ki, kitab yazmaq nə deməkdir, ana balasını əzizləyib nazını çəkən kimi, kitab çapını gözləyən müəllif də həmişə ağrı, intizar çəkir.

Kitabın yazılması, plana düşməsi, redaktordan çıxması, təshihə gəlməsi, mətbəəyə getməsi, çap dəsgahından keçməsi... Hərəsi bir prosesdir.

Xoşbəxtdir o müəllif ki, əsəri bu prosesdən salamat çıxsın, bir yerdə ilişməsin.

Onu deyim ki, mən də özümü bu xoşbəxtlərdən sayırdım. Çünki kitab hər mərtəbəyə düşüb-çıxdıqca ürəyimdə sevinirdim.

– Şükür, ilişmədi! Şükür, yaxşı keçdi.

Ailə üzvlərimə müjdə verirdim:

– Kitabım çapa getdi, bir aya çıxar.

– A kişi, inşallah de!

– İnşallahı yoxdur, kitab çıxacaq, arxayın ol!

Yoldaşlar da məsləhət görürdü:

– Ağzın xeyirə açılsın, inşallah de!

– Kitab çıxacaq!

– Toyuq da arxayın olmuşdu ki, uçacağam, nə oldu, bütün quşlar uçdu, o yazıq uça bilmədi.

– Toyuq toyuqdur, indi iyirminci əsrdir. Canlı adamlar da mənə söz verirlər: "Kitab çıxacaq!"

Artıq-əskik söhbətlər məni də şübhəyə salırdı, kitabın dalınca tez-tez gedirdim:

– ...Kitabdan nə xəbər var?

– Çapdadı!

Axırda soruşdum:

– Çapın harasındadı?

– Yığılır!

Bir ay sonra soruşanda:

– Kitabdan nə xəbər var?

– Korrektordadı! – dedilər.

Beş ay sonra soruşanda:

– A filankəs, bu kitabın başında nə var?

– Çıxacaq, nigaran olma! – dedilər.

– Qardaş, korrektorda kitab bu qədər yatmaz, axı?

– Yatır.

– Axı, ildən çoxdur ki, bu yazıq əllərdədir, niyə başa gəlmir?

– Şöbədən soruş!

Şöbə müdiri deyir:

– Rəisdən soruş!

Rəis deyir:

– Nigaran olma, çıxacaq!

Bir il belə, iki il, üç il belə...

Səbir kasası dolub-daşanda sədrə müraciət elədim:

– Bu kitab neçə il mətbəədə dustaq qalacaq, canım?

– Nigaran olma, çıxar!

Sədrdən də böyüyə müraciət elədim:

– A yoldaşlar, bu kitabın günahı nədir, beş il kitab mətbəədə qalmaz axı! Aşığın sözü olmasın:

Yalan demir, rüşvət yemir,

Nə günahı telli sazın?

O, utanan kimi oldu:

– Əyləşin, beş dəqiqə!

Telefonu götürüb zəng vurdu:

– Ay İsmayıl, filan kitab niyə ləngiyir?

– Çıxacaq!

– Bu cavabı müəllif çox eşidib. Mən də eşitmişəm. Kitab haçan çıxacaq?

– Bu il çıxacaq!

– Bu il, yetmiş ikinci ilin noyabrıdır. Bu aya çıxar?

– Çıxar, bəli!

– Düzünü de!

– Bloknotunda yaz! Yanvarın axırında kitab əldə olmasa, daha məndən küsmə!

Sabahısı gün səhər tezdən şöbə müdiri başılovlu mənim yanıma iltimasa gəldi:

– Canım, bir kitab nədir ki, onun üçün bizi məsul yerə, yoldaşların yanına çəkirsiniz. Uzağı bu həftə kitabınızı məndən hazır istəyin!

– Mənim ayrı iddiam yoxdur. Kitab çıxsın!

– Xahiş edirəm, bizim barəmizdə məsul yerlərə şikayət eləməyəsiniz!

Mən dinmədim. Bir də iltimas elədi:

– Söz verirsiniz ki, bir də şikayətçi olmayacaqsınız?

Mən hərifin sözünü kəsmək üçün mətləbdən yapışdım:

– Kitab çıxar, danışarıq.

– Kitab çıxacaq!

– Çıxanda danışarıq!

– Yəqin çıxacaq.

– Çıxsın, baxarıq.

– Nigaran olma!

– Bu sözü çox eşitmişəm.

– Yox, bu dəfə...

Hərifin üzünə baxdım, dinmədim. Hələ də kitab çıxır!

Yoldaşlarımdan təsəlli eşidirəm.

– Qardaş, Allah sənə səbir versin. Sabir demişkən:

İşin düşdü xəbisə, mərdimazara, darıxma! Yanma, səbr eylə! Düşünmə çarə - səs salma, bezib aldanma, səbr eyləl

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Molotovçular

– Sən aparsan, üzüyünün qaşımı düşər?– Tülkü-tülküyə buyurur, tülkü də quyruğuna... Öz vəzifəni necə xalqın boynuna yıxırsan.

19313 min
Bayrağı bərk saxla

"Komsomol" məktəbi keçici bayrağı asanlıqla almadı. Rəhbərlik dəyişdi, məktəb kökündən silkələndi, komsomolçu Rəşid müdirliyə keçdi. Müəllimlər heyəti özünü topladı, atalar tərpəndi, uşaqlar dərs ətrafında arı kimi uyuşdu.Budur, iki ay yay tətilində uşaqların becərdiyi bağça! Ataların köməyilə qurulan radio aparatı, səhərlər ağzını aləmə tutaraq deyir:

19313 min
Volqanın qucağında

Bu gecə səhər bir saat az yatdı. Tramvaylar əsrin aktiv oğullarını götürmək üçün bir saat tez tərpəndi.Müxtəlif yerlərdə eyni hədəfə, eyni cəbhəyə hücum başlandı. Qoca Volqa diksindi, qorxdu, sahil ləpələrlə doldu.

19313 min
Zavodun tərcümeyi-halı

Uzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.

19317 min

Poems by other poets