Adam gərək naşükür olmasın. Qəzanın işidir, görürsən bəzən birinin əli gətirmir, bədbəxtlik basır. Qulluğunda, qazancında, ya səhhətində pozğunluq olur, düzəlmir. Onda şikayət deməyin də, eşitməyin də təhəri var.

Amma Məftilin işi elə deyil, axı, qardaş! Ayrı cürdür!

– Nə cürdür?

– Lap ayrı cürdür: Məftil Kəndirov sovxozda böyük qulluqdadır. Özü cavan oğlan, cibi dolu, kefi də lap saz. Yerişinə yer, duruşuna dağ küsənər. Məftil üç-dörd ildə özünü elə tutub, handa bir vəzifə sahibi ona paxıllıq eləyər.

– Özü necə?

– Özünü soruşmayın. Məftili dindirəndə dili şikayətə açılır, daim ağlayır: "Şərait yoxdur!" – deyib dad çəkir.

– A y Məftil, maşallah, sənin stolun açılanda yığılmaq bilmir, gündə bir buyurtma kostyum geyirsən. "Volqa" maşınında rayondan gəlib yaylağa, yaylaqdan gəlib mərkəzə gedirsən. Sən niyə şikayət eləyirsən?

– Ə, sən elə bilirsən mən güzəran dərdi çəkirəm? Şükür, bir tikə çörəyimə nə gəlib. Amma ki qoymurlar dolanmağa!

– Yoxsa intriqaya düşmüsən?

– İntriqa nə şeydir, onun da öhdəsindən gələrəm. Ancaq şərait yoxdur, şərait!

– Nə şərait deyirsən?

– Dolanmaq şəraiti!

– Kim sənə mane olur?

– Mane olan birdi, bəyəm? Hamı!

– Başa düşmürəm nə deyirsən?

– Canım, dərd odur ki, yetirən sənnən ayaq-ayağa uzadır. Toyuq qaz yerişi yeriyir. Məni çürüdən budur! Deyirsən kostyum. O gün sifariş eləmişəm, əla trikodan handa bir kostyum gətiriblər. Geyinib bulvara çıxanda görürəm həmin kostyumdan şoferin də əynində, susatanın da, Allahın tələbəsinin də əynində! Daha bu nə oldu? Belə də yaşayış olar? Əşi, Moskvadan gələn handa bir teatrın tamaşasına getmişəm, görürəm, aşpaz məndən qabaqda oturub, süpürgəçi lojada... Dünən bir xanım ilə tanış olub, isvidani vermişdim, cibinə də filan qədər pul qoymuşdum. Gəlməməyi cəhənnəm, gedib görürəm restoranda bir qəzetsatan ilə qabaq-qabağa əyləşib. Cin başıma vurdu, bilmədim neyləyim, xancalım olsaydı, it qızını tikə-tikə doğrayardım. Durdu gəldi, nə salam, nə kəlam, redikülündən paçka ilə çervon çıxarıb verdi: "A filankəs, – dedi, – sağ ol! Al, borcunu qaytarıram." Yanındakı qəzetsatan da elə geyinib, deyərsən mən onun qapıçısıyam... Məftil başına nə daş salsın, qızmasın neyləsin, a qardaş? Daha bu nə oldu? Vəzifə sahibi ilə adi adam ayrılmasın? Bu nə dolanmaq, nə həyat oldu? Özün qulluq sahibi, cibin də dolu, amma gedib-gələn ki, səni adam yerinə qoymur, daha bu nə güzərandır? Bir şərait yoxdur ki, adam kimi, necə lazımdır oturub-durasan! İnan ki, yoxdur şərait!.. Hirsimdən qəzetsatanı nərd oyununa çağırdım. Bilirsən ki, bu zəhrimarı mən bilənəm, handa bir çempionu ilə oynamışam. Qəzetsatan məni birinci oyunda mars elədi, böyrü üstə yıxdı. Bütün istirahət günümə soğan doğradı. Kor-peşman evə qayıtdım... Görürsən də, pulun da var, qulluğun da var, amma beş kişinin qabağında adam kimi öskürüb keçməyin yoxdur. Sən keçəndə, elə bil, pişik keçir, ya toyuq keçir. Dünya elə pis olub, adamı saya-hesaba alan yoxdur. Bu şəraitdə neyləmək olar? Adam dığ azarı gətirər, canım! Hanı o günlər ki mən sovxoza gələndə bir kəs cınqırını çəkə bilmirdi, heç kəs mənə Məftil demirdi, yoldaş Kəndirov deyirdi. Çünki Kəndirovun zəhmi gözlər qorxutmuşdu, dizlər titrətmişdi. Amma indi, orda-burda "Məftil, M əftil!". Üzümə də deməsələr, daldada "Məftilcik" deyirlər... Məftili qırmağa nə var, davamsız şeydir. Bu şəraitə nə Məftil dözər, nə Kəndir!.. Allah özü kömək eləsin mənim kimisinə! Öz cəlalı xatirinə.

– Amin, ay Məftil, amin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets