Sizi bilmirəm, bizdə qız çoxdur. Anamın səkkiz övladı var, hamısı da qız! Hər dəfə anam doğum evindən qayıdanda dostları, qonşuları təbrik edib soruşurlar:

– Nəyin oldu, Nəzakət?

– Yenə qızım oldu!

– Nə olar, Allah mübarək eləsin, toyuna gələk!

– Allah sizə də qismət eləsin.

Bu cavab hərifin ürəyindən olmadı.

– Yox, bacı, üç oğlum var, bəsimdir, istəmirəm.

Fərzi xanım, sanki anamın başına çaxmaq üçün dilucu bir təsəlli verir:

– Nə olar, qız da övladdır da, çölə atmaq olmaz ki!

Gün o gün oldu ki, həmin Fərzi xanım bizim qapımıza elçiliyə gəldi. Böyük bacım Dilşadı böyük oğluna istəyirdi. Anam da, atam da dinməmiş Dilşad özü qiyamət qopartdı:

– Fərzi xanım oğluna ayrı adam tapsın! Bizlərdə onu istəyən olmaz, ayrı qapını döysün.

Elçi, görünür, üzlü adam imiş.

– Oğluma nə olub, şükür, kor deyil, şil deyil. Ayda bir ətək qazanc gətirir. Əlində qulluğu, cibində diplomu, özünün də şümşad kimi bov-buxunu.

Dilşad sözünü deyən, açıq danışan qızdır. Elçinin qabağında öz sözünü açıq dedi:

– Ay xala, Allah oğlunu saxlasın, qulluğu da, diplomu da özünə qismət olsun, mən deyirəm axtarıb özünə tay tapsın.

Dilşadın sözü Fərzi xanıma ağır gəldi. Bəlkə də oğlunu evləndirməyə tələsmirdi. Qonşu qızın tənəli sözü onu acığa saldı. Çərmənib soraqlaşdı, oğluna qız axtarmağa başladı.

Getdiyi qapıların hamısında da sözü oğlunun tərifi ilə başlayırdı:

– Filan yerdə işləyir, cibində diplomu, əlində qulluğu, boyu-buxunu...

Fərzi xanım özünü o yana vurdu, bu yana vurdu. Qızlar soraqladı, hər eşidən dodaq büzdü, "axtarsın, tapar" dedi. Fərzi xanım heç gözləməzdi ki, Salman kimi bir igidə qızlar etina etməsinlər. Söz düşəndə Salmanın qulluğundan, diplomundan, boy-buxunundan söhbət salır, gözlədiyi cavabı ala bilmirdi. Çünki Salman içən idi. Yəni qazancını arağa verib qarnına tökməyi bir igidlik, bir hünər sayırdı.

Dilşadın etirazını eşidəndə bir üzü ona, bir üzü də doğma anasına tənə vurmağa başladı:

– Dilşad məni istəmir, mənə gəlmək istəmir, öz işidir, gəlməsin, amma onun nə haqqı var ki, mənim öz pulum ilə araq içib kef çəkməyimə lağ eləsin? Ay həpəndin qızı, pul mənim, məsləhət mənim, istərəm arağa verərəm, istərəm konfetə, şokolada verərəm. Sənə nə borcdur, mənə qəyyumluq eləyirsən?

Nə Nəzakət xanım qızının sözlərinə, nə də Fərzi xanım oğlunun giley-güzarına fikir verdi. Salman da ya hirsindən, ya adətindən vaxtını restoranlarda keçirməkdə davam etdi.

Günün birində Salmanı zavodun partiya bürosuna çağırdılar:

– Ay Salman, sənin içkiyə qapılmağın zavodu rüsvay eliyəcək!

– Öz pulumla içirəm, zavoda nə ziyanı?

– Zavod kollektivi nə sənin, nə də özünün rüsvay olmağını istəmir.

– A kişi, mən araq içirəm, başqalarına nə dəxli?..

– Salman, sənin əxlaqın haqqında kollektivdə çox danışılır. Ya bunu yerə qoy, özünü ələ al, ya da... Ya da ki ərizə ver, get ayrı iş tap!

– Ay canım, qonşunun qızı Dilşad mənə gəlmək istəmir, gəlməsin. Daha mənim haqqımda artıq-əskik danışmağı yersizdir. Siz də onun sözü ilə məni danlayırsınız?

Partbüronun katibi hirsləndi:

– Dilşad kimdir, onun sözü nəyimizə gərəkdir. Salman, sənin cibində araq şüşəsi şəklini divarlara vururlar. Aləm baxır, gülür, sən də vecinə almırsan. Yox, biz buna dözə bilmərik, papağını qarşına qoy, fikirləş!

– Papağım var ki, qarşıma qoyam?

– Papağın yoxdur, başın var ki?

Salman pörtmiiş halda anasının yanına gələndə Fərzi xanım onu danladı:

– Qonşu qızlar ilə işin olmasın.

– Mənim onlar ilə nə işim.

– Sən gəlin axtarırsan, axı!

– Ay arvad, gəlin axtaran yoxdur. Məni zavoddan tərpətmək istəyirlər.

– Nəyə görə?

– Vurmağa görə.

– Sən də bu zəhrimarı niyə yerə qoymursan? Onda nə ləzzət görmüsən, ay bala?

Fərzi xanım yalvarıcı bir əda ilə oğlunun yaxasından tutub ərk ilə sual verdi:

– Araqdan nə ləzzət görmüsən, ay bala?

Salman yuxudan ayılmış kimi, yumruğu ilə gözlərini silib anasının üzünə baxdı. Peşman bir əda ilə ürəkdən dedi:

– Pis yoldaşı, pis yoldaşı zəlil olsun, ay ana!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şapalaq

İndi evdə, şəhər yerində, televizorun xarab olmağı çırağın sönməyindən pisdir. Çünki çıraq sönəndə adam şam yandırır, ya sobanın qabağına keçir, ya da özü, birtəhər, lampoçkaları, xətləri qurdalayıb düzəldir.Amma televizor elə deyil. Bu təzə, yaraşıqlı bir cihazdır ki, ustası ola gərək, hər adam baş çıxara bilmir. Çırağın başma az adam yığılır. Külfətin çoxu o yanda-bu yanda olur. Televizorun başma bütün külfət yığılır, hətta qonum-qonşudan da gələn olur. Hamı tamaşa görmək, təzə bir xəbər eşitmək istəyir.

19614 min
Dil və əməl

Hərzə xanım çox zabitəli qadındır, evində hər şeyi istədiyi qaydada şaxlar, uşaqlarına da özü kimi ədəb-ərkan öyrətməyi bir gün də unutmaz. Balaca qızı Fizzənin beş yaşı hələ tamam olmayıb. Amma Hərzə xanım elə gün olmaz ki, onu qabağına qoyub danlamasın, başını daramasın, dırnaq tutmağı, əl-üzünü yuyanda suyu sıçratmamağı, stəkan-nəlbəkini dəsmal ilə silməyi, böyüklərin sözünə baxmağı, telefonda hər nə soruşsalar "bilmirəm, yoxdur" - deməyi ona öyrətməsin.Bir dəfə qonşulardan kim idisə, qapını açıb Hərzə xanımdan ət maşını xahiş elədi. Hərzə xanım heç qonşu tərəfə dönüb baxmadı da:

4 min
Mənim "səmimi dostum"

Bu adamı çoxmu, azmı görürəm, onu deyə bilmərəm... Demək də çətindir. Çünki bunu müəyyən etməyə bir ölçü yoxdur. Vaxt olur ki, dostum günaşırı evimə gəlir, hətta süfrəmdə əyləşir. Elə vaxt da olur ki, aylarla onu görmürəm. Əlbəttə ki, bu vaxtlar ovqatım təlx, işlərim qarışıq olur, heç nə yadıma düşmür. Bilmirəm, işlərimin qarışıq olduğunu dostum haradan bilir və mənə yaxın gəlmir, başağrısı vermək istəmir.Dostum gələndə bilirəm ki, işlərim sahmandadır. Hərif gələndə də dil-dodağını, boğazını yağlamış kimi çox şirin danışır:

3 min
Rola girib

Beləsi iki cür olur. Biri teatrda yaxşı sənətkar, mahir aktyor!Biri də həyatda özünü böyük mövqedə olanlar arasında göstərmək iddiasında, meylində olanlar. Mən bunlardan birini tanıyıram. Heç bu tanışlığıma da peşman deyiləm. Çünki kişini görəndə ürəyim açılır. Vallah, başdan-ayağa tamaşadır. Teatrdan, kinodan, sirkdən, konsertdən artıq tamaşadır. Adama ləzzət verir, baxmaqdan doymursan.

19612 min

Poems by other poets