– Sən cəbhəyə nə ilə kömək etmisən?

Küçə ağzında asılmış plakatda bir oğlan uşağı, qızıl qalstuklu pioner, qarovul kimi dayanıb gələnə-gedənə bu sualı verir. Bəziləri bu suala xəyalında cavab verir, bəziləri öz vəzifələrini xatırlayır, özləri də pionerdən daha başqa şeylər eşitmək istəyirmiş kimi, dayanıb onun üzünə baxır.

Nadirə kənd qiraətxanasında çalışırdı. Hər səhər işə gedəndə, qayıdanda həmin plakatı görürdü. Sanki məhz onun üçün, hər gün kəndlilər ilə görüşən, maarif idarəsində çalışan bir qız üçün dayanır, sanki günün müqəddəs və vacib vəzifələrini ona xatırlatmaq üçün dayanırdı. Nadirə yaxınlaşdıqca pioner böyüyür, böyüdükcə yaxınlaşırdı, şəhadət barmağı ilə qızın sinəsinə işarə edib deyirdi: "Sən cəbhə üçün nə etmisən?" Nadirə bu sualı qulağı ilə yox, qəlbi ilə eşidirdi. Ötüb gedəndən, uzaqlaşandan sonra da Nadirə pionerin sualını eşidirdi.

Xoşuna getdiyi üçünmü, aktivlik göstərmək istədiyi üçünmü, Nadirə həmin plakatın birini götürüb qiraət komasına vurdu. Oxucular ona baxdıqca, onu oxuduqca, Nadirə həzz alırdı. Nadirənin qiraətxanasına həmişə savadlı adamlar gəlmirdi. Bəzən qoca kolxozçular gəlib əyləşir, radio dinləyirdilər. Məşədi Əsgər kişi özü savadsız olsa da, hər axşam gəlib Nadirəyə qəzet oxudardı.

Nadirə bu gün qəzetdən əvvəl plakatı göstərib Məşədi Əsgər əmini danışdırdı:

– Bilirsən, bu nə deyir?

– Bir şey demir, yol göstərir!

– Yox, a Məşədi əmi, söz soruşur.

– Kimdən soruşur?

– Hamıdan, lap belə sən Məşədi Əsgər əmidən!

– Məndən o nə soruşacaq, bir tikə uşaq?

– Deyir, üç aydır vətən davası düşüb, sən nə iş görmüsən? Deyir, vətən qəhrəmanlarına, səngərlərdə vuruşan igidlərə nə yaxşılığın dəyib?

Bu sözdə Məşədi Əsgər əmi plakata yaxın gəldi. Diqqətlə baxdı, bir xeyli sükutdan sonra Nadirəyə dedi:

– Həlbət ki! Həlbət ki, soruşa gərək. İgidin kirdarı yaman gündə bəlli olar! Mənə qalırsa, bu saat böyükdən kiçiyə hamının əməyi gərək yoxlana!

Nadirə kişinin sözünü kəsdi:

– Öz barəndə necə, bir şey eyləmisən, ya yox?

Məşədi Əsgər əmi yenə susdu. Heç bir şey eşitməyənlər kimi, sanki deməyə sözü yox idi. Ancaq belə deyildi. Məşədi Əsgər əmi iş adamı idi, dil adamı deyildi.

– Qızım, - dedi, - mənim gördüyüm iş də, görmədiyim iş də var. Ancaq təki hamımız elə bu pioner kimi düşünüb danışa idik. Hələ ağzından süd iyi gəlir, yenə vətən dərdinə, el dərdinə qalır. Tez böyüsün, boya-başa çatsın belə uşaqları.

Sonra Məşədi Əsgər əmi Nadirəyə öz tarla işindən, müdafiə fonduna etdiyi hədiyyədən danışdı. Bugünkü söhbətdən sonra iki qoyun dərisi aşıladıb kürk tikdirməyi öhdəsinə götürdü.

Nadirə Məşədi Əsgəri yola salandan sonra öz-özünə bir qədər fikrə getdi. Pionerin sözündən təsirlənən, vətən yolunda hər şeyindən keçməyə hazır olan qoca kişi onun gözündə böyüdü. Əvvəl ona elə gəlmişdi ki, Məşədi Əsgər əmi avamdır, savadsızdır, qəzeti, jurnalı, plakatı oxuyub ona başa salmaq lazımdır. Ancaq indi, Nadirəyə yəqin idi ki, Məşədi Əsgər əmi, pioneri qiraətxana işçisindən yaxşı başa düşmüşdür. O kişi sualın mənasını anlamış, cəbhələri, vuruşan vətən oğullarını gözü ilə görmüş kimi, ürəkdən duymuşdur. Nadirə bir də plakata baxdı. Deyəsən, pioner, Məşədi Əsgər əmidən razı qalan pioner, Nadirədən təkrar soruşdu: "Bəs sən özün nə etmisən?" Nadirə bu suala qarşı, ürəyində öz işini, fəaliyyətini söyləmək istədi. Ancaq bunu söyləmək artıq idi. Ona görə ki, pioner özü görürdü. Ona görə ki, bu iş adi qulluq, xidmət fəaliyyəti idi...

Nadirə də özünü kolxozçu Məşədi Əsgər əminin, dünya görmüş, çox işləyib az danışan kişinin yerinə qoydu: "Mən də bacararam. Mən də bacarmalıyam!"

Bu əhvalatdan sonra Nadirəni komada əliboş görmək olmazdı. Adamlara qəzet, jurnal təqdim edəndən, gələnlərin tələblərini ödəyəndən sonra qayğısız analar kimi arxayınca oturar, ipdən əlcək toxuyardı.

Nadirə anasının əyirdiyi ipi özü əlvan boyalarla boyayar, hər üç-beş gündə bir əlcək toxuyub hazır edərdi. Qiraətxanaya gələnlərin çoxu Nadirənin əlcəklərinə tamah salardı. Satın istəməyə utanardılar.

– Nadirə bacı, - deyərdilər, - nə olar, ipi-sapı özümdən, bir cüt də mənə toxusana!

Nadirə onların xatirini sındırmazdı:

– Cəbhədəkilərə vacibdir, qurtarım, sonra baş üstə!

Cavanların ürəyindən ayrı şey keçərdi:

– Bilirəm, bilirəm, əlindəki vacibdir, nişanlın üçündür!..

Nadirə gülümsər, təsdiq edərdi:

– Əlbət ki!

Bir ay çəkmədi ki, Nadirə səkkiz cüt əlcək toxuyub bir tərəfə yığdı. Əlcəklər boz ipdən toxunmuş, biləklərinə qırmızı, yaşıl haşiyə çəkilmiş, orta yerində ulduz şəkli qoyulmuşdu.

Nadirənin anası neçə dəfə qızından soruşub, onun həvəslə, birdən-birə, tələsik başladığı və bitirdiyi işin kim üçün olduğunu bilmək istəmişdi. Qız açmamışdı:

– Ana, - demişdi, - idarəmizdə istəyən var!

Ancaq hazır əlcəkləri ağ bir dəsmala bağlayıb aparanda, Nadirə açıb anasına demişdi.

Anası əsgərlər üçün olduğunu biləndən sonra sevinmiş, məhəbbətli, şəfqətli ana ürəyi ilə demişdi:

– Halal olsun, bala! Allah sənə də, əsgərlərimizə də kömək eləsin! Apar, onlarda mənim də əməyim var, apar!

Nadirə əlcəkləri gətirib partiya komiteti katibinə verəndə xahiş etdi:

– Əsgər qardaşlarım üçün toxumuşam. Dedim, qışdır, soyuq, şaxtadır. Onlar boranda, qarda düşmən üstünə cumanda barmaqları üşüməsin. Səkkiz adamın əlcəyini gətirmişəm. Xahişim budur ki, əsgərlər cavab yazsın, sovqatımın yerinə çatdığını mənə bildirsinlər.


İyirmi gün sonra uzaqdan, Ukraynadan Nadirənin adresinə bir kağız gəldi. N. hissəsinin əsgərləri yazır, onlara göndərilən əlcəklər üçün təşəkkür edirdilər.

Nadirə bu xəbərdən aldığı sevinci heç bir zaman unutmaz. Əsgərlərin məktubunu evdə, qiraətxanada oxuyub, xüsusilə pionerin, plakatda sual verən uşağın qabağında dayanıb ucadan oxuyur, şəklə baxırdı. Məktubu qurtardıqdan sonra şəhadət barmağı ilə pionerə işarə edirdi:

– İndi bildin ki, mən nə etmişəm!

Əlcəklər, bir neçə həftə bundan əvvəl toxuyub əldən çıxardığı əlcəklər gəlib Nadirənin gözü önündə dayandı. İndi onların hər biri bir igid əlindədir. İndi onların hamısı vuran əllərdədir. Səkkiz nəfər, düz bir cərgə qızıl döyüşçü qızın təsəvvüründə canlanırdı. Onlar yan-yana, arxa-arxaya durur, əlcəkli əlləri ilə tutduqları silahı corab mili kimi cəld və tez-tez oynadır, süngü ilə düşmən nəfərlərini yerə sərirlər. Nadirə bunları möhkəm addımlarını irəli atan, dönməz qollarını qabağa uzadan, hər anda min cür döyüş hərəkəti göstərən adamları gözünün önünə gətirir. Onları görmək, onlarla görüşmək istəyir.

Onlar da döyüşün, davanın o qızğın dəqiqələrində, vətən qızının qayğı və diqqətini görüb duyurlar. Vətən üfüqlərində bir şəfəq kimi görünən mehriban qızların, gəlinlərin, anaların çöhrələrinə baxıb gülümsəyir, daha böyük inam, daha qəti etimad ilə düşmən üstünə cumurlar.

Bu mənzərə Nadirənin xəyalında nəqş olmuşdu. Həmişə təsəvvürünə gətirdikcə, ürəyindən bu sözlər keçərdi:

– Vuran əlləriniz ağrımasın. Qollarınız dönməsin. İgid arxanız yer görməsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Zavodun tərcümeyi-halı

Uzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.

19317 min
Marksın dostu

Mən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."– deyə məni danlayır.

19316 min
Almas gəldi

– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:

19314 min
Azad qız

Qara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyətinə saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər, hədələdilər.

19325 min

Poems by other poets