Məmmədrza lap qabaq cərgədə idi. Komandirin əmrini alan kimi xəlvətcə sürünə-sürünə irəlilədi.

O, düşmənin atəş nöqtələrini öyrənməli, miqdarını, vəziyyətini təyin etməli idi. Zəmilərin içindən sürünərək gedir, sünbülləri belə səsləndirməkdən ehtiyat edirdi.

Bir xeyli gedəndən sonra pulemyot yuvasına yaxınlaşdığını hiss etdi. Daldada bir yerə çəkilib sağ cinahdan düşmən səngərlərini müşahidəyə başladı. Budur, 40-50 addımlıqda, hələ yaxşı qurumamış səngər torpaqlarının dalında yan-yana düzülmüş düşmənin dörd pulemyotu işləyir.

İşıldayan kaskalarını gözlərinin üstünə basaraq, görünməmək üçün səngərlərə sığınıb vücudlarını kiçiltməyə cəhd edən düşmən soldatları vahimə içindədirlər. Onlar pulemyot ilə iş görmür, sanki, ona yalvarır, hücum edənlərdən qorunmaq istəyirlər.

Onların əyilmiş gövdələri kənardan yaxşıca nişana gəlirdi. Məmmədrza avtomat tüfəngini dilləndirən kimi pulemyotlar susdu. Pulemyotçular ağacdan üzülmüş çürük qoz kimi dığırlandılar. Atəş ocaqlarında mənalı bir toz parçasından başqa bir şey qalmadı.

Məmmədrza avtomat tüfəngini çiyninə salıb tez xəbər apardı. Komandir onun gördüyü işi duyduğu üçün bütün döyüşçülərlə yenidən hücuma keçdi. Məmmədrzanın gülən gözləri bir şey deyirdi:

– Artıq yol açıqdır!

Öz komandirinin, öz döyüşçü yoldaşlarının, qələbə yolunda vuruşan Məmmədrzanın qəlbi iftixar hissi ilə doldu. Onunla bir məqsəd, bir arzu daşıyan, hər biri qardaşdan artıq mehriban və fədakar olan əsgərlərin vüriişündən ürəyi dağlar qədər böyüdü, sinəsinə sığmayan bir sevinc hissi ilə qışqırmaq istədi.

Lakin hələ tez idi. Vətən torpağında düşmən izləri gördükcə Məmmədrza rahat ola bilməzdi.

Çox çəkmədi, qızıl döyüşçülər qırğı kimi düşmənin üstünü aldılar. Məmmədrzanın avtomat tüfəngi bu gün lüləsini soyutmadan işlədi, od yağdırdı. Düşmən özünü fəlakətdə görüb son sursatına əl atdı. Bombaların biri Məmmədrzanın sol tərəfində partladı. Sol qolundan qan fışqıranda igid əsgər daha da qəzəbləndi. O, bütün gücü ilə irəli yeriyir, tam sürətlə atəş açırdı, sanki, o, özünü yaralayan qatili görür, qəzəblə qovur, cəzasına çatdırmaq istəyirdi. Döyüşçü Feliks onun qayışından tutub güc ilə geriyə qaytardı. Qan itirməsin deyə yarasını rezin ilə boğdu, bağladı. Lakin Məmmədrza rahat olmurdu.

– Mənə, - deyirdi, - heç bir şey olmamışdır, qoluma tikan batmışdır.

Feliks onu arxaya, sanitar məntəqəsinə göndərməyə çalışırdı. O isə yoldaşlarını buralarda, atəş xəttində qoyub getmək istəmirdi. Toplar guruldayır, pulemyotlar torpağı göyə sovurur, aeroplanlar bomba tökürdü. Günün istisindən, barıt iyindən nəfəs almaq olmurdu. Məmmədrza nəyi isə axtarır, avtomat tüfəngini əlindən yerə qoymurdu. Birdən o, şikar görmüş ovçu kimi sol tərəfə, kolluqlara sarı cumdu. Feliks onu izləyirdi. Tüfənginin lüləsini birisinin kəlləsinə dayadığını gördü.

Bu, layiqli şikar idi. Düşmənin bir polkovniki yaralanıb qalmışdı. Kol dibindən tapanca gülləsi ilə bizimkiləri dənləmək istəyirdi.

Tüfəngin lüləsi başına dəyəndə polkovnik boynunu yığdı, tapan canı tullayıb təslim oldu.

Polkovniki ştaba təhvil verəndən sonra Məmmədrzanı xəstəxanaya apardılar.


Gurultulu, gərgin cəbhə həyatından sonra Məmmədrza xəstəxanada darıxır. Oturub həm arxaya, həm cəbhəyə məktub yazır. Komandirdən xahiş edir ki, "mənim avtomat tüfəngimi heç kimə verməyin, ona öyrəşmişəm, əlimə yatan silahdır!"

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets