Yalan ayaq tutar, yeriməz
Bəşir ömründə iki dəfə bərk həyəcan keçirmiş, ürəkdolusu təəccüb eləmişdi. Bir bağçada olanda, beş yaşında uşaq vaxtında, bir də ki indi, inşaat kontorunda işləyəndə, otuz beş yaşında...
Deyə bilərsiniz ki, beş yaşında adamın başına gələnlər yadda qalmır. Bəşir olmasın, kim olur-olsun. Beş yaşında həyəcan keçirmək, sevinmək, ya kədərlənmək sonradan yadda qalmaz. Özü də otuz beş yaşındakının... Adamın dünən yediyi bu gün yadından çıxır...
Səhv eləyirsiniz!
Doğrudur, insanın yaşı, yaddaşı ilə tərs tənasübdədir. Yaş artdıqca yaddaş azalır.
Amma həyatda elə hadisələr də olur ki, lap körpə yaşlarından adamın yadında daş üstündəki yazı tək həkk olunub qalır. Xüsusən elə bir hadisə ki, böyüyəndə də yenidən təkrar oluna, bütün keçən əhvalatları insanın yadına sala!
Bəşirin başına gələn də, təxminən belə bir əhvalatdır.
Başağrısı olsa da, müxtəsərcə danışaq.
Dedik ki, dörd-beş yaşında Bəşir bağçada tərbiyə alırdı. Anası o zaman rayon xəstəxanasında paltarasan idi. Səhər işə gedəndə Bəşirin əlindən tutub bağçaya ötürər, axşam da işdən qayıdanda uşağını götürüb gətirərdi. Bəzən də bağça müdiri Bəşiri gətirib iş yerində anasına təhvil verib gedərdi. Bəşir bağçada çox şey görmüş, çox söz eşitmişdi.
Evinə od düşən yalançının nağılı, nədənsə Bəşirin zehnində möhkəm qalmışdı. Yadında qalmışdı ki, yalan danışan kişinin qışqırıb adamları haraya çağırmağına kimsə inanmadı. Eşitdilər, inanmadılar. Nə su tökən, nə torpaq atan, nə nərdivan gətirən oldu. Kişinin evi yanıb-alovlananacan inanan olmadı.
Həmin nağıl uşaq zehnində bəlkə də, bu qədər uzun müddət kök salmazdı, əgər Bəşirgilin öz evlərində belə bir təsadüf olmasa, yalan baş verməsə idi.
Günlərin birində Bəşir bağçadan qayıdıb divanda təzəcə oturmuşdu. Anası da xalçanın üstündə ayaqlarını uzadıb tikiş tikirdi. Bu dəmdə Heybət xala göründü. Bəşirin anası cəld qalxıb içəridə gizləndi, Bəşiri qabağa itələdi:
– Deynən anam evdə yoxdur! Adə, tez ol, arvad içəri girməmiş cavab ver! Deynən anam hamama gedib! Mən evdə yoxam!
Anası bunu deyib, Bəşiri həyətə itələdi, qapını örtdü. Uşaq özünü itirdi, dəhlizin astanasında, mat-məəttəl dayanıb Heybət xalaya salam da vermədi. Nə üçün, nə xahiş üçünsə gəlmiş olan Heybət ətrafına baxıb soruşdu:
– Bəşir, anan hanı?
– Anan hardadı, bəs Bəşir?
Bəşir cavab vermədi, bir anasının gizləndiyi küncə, bir yerə, sonra da Heybət xalanın üzünə baxdı.
Anası içəridə dil-dodağını çeynəyir, üzünü cırmaqlayırdı ki: "Dilin yansın, gedə, deynən yoxdur!" Sir-sifəti pörtmüş Bəşir axırda, qorxa-qorxa bu sözü deyə bildi:
– Yoxdur!
– Evdə yoxdur?
Xoşbəxtlikdən Heybət xala içəri girmədi, tələsirdimi, nəsə uşağın cavabından sonra bir söz demədi, qapıdan qayıdıb getdi.
Qadın gedəndən sonra Bəşirin anası qapını açıb öz yerində oturdu, tikişini tikməyə başladı.
Bəşir bu əhvalatı başa düşməsə də, məəttəl qalsa da, anasının heç vecinə deyildi. Sanki heç bir şey olmamışdı.
Anası Heybətdən nə üçün gizlənirdi, evdə olduğunu nə üçün danırdı, nə üçün təlaş içində idi?
Bunları Bəşir bilmirdi və axıracan da bilmədi. Ancaq böyüklərə məxsus bir maraq və təəccüblə anasından soruşdu:
– Ana, Heybət xaladan niyə qorxdun?
– Niyə qorxuram, onun nəyindən qorxacağam, qonşu arvadın...
– Ana, sən bəs niyə dedin evdə yoxam?
– Yalan dedim!
Bəşir təəccüb elədi:
– Yalan?
– Yalan dedim, lazım idi, dedim!
Bəşirə təəccüb gələn bu idi ki, "yalan da lazım olarmış!"
Bəşir indiyəcən belə düşünürdü ki, yalan çox pis, murdar və iyrənc bir şeydir. İndi onu anasının dilindən eşidir, yalanın lazım olmağı barədə birinci dəfə eşidirdi və ona görə də təəccüb edirdi.
Bəşirə elə gəlirdi ki, anası ağzmı açıb yalan deyəndə evlər onun başına uçacaq, hər şey qışqırıb dilə gələcək, yalanın üstünü açacaq.
Heç inana bilmirdi ki, anasının, bu qədər əziz və istəkli anasının dilindən yalan, bu qədər pis bir söz eşidəcəkdir.
Güman edirdi ki, "yalan danışanın evinə od düşər!", "yalan ayaq tutar, yeriməz!"
Bu etiqad uşağın fikrində o qədər möhkəm yer tutmuşdu ki, bircə yalan üstündə hər şeyin uçub töküləcəyini, pozulacağını, anasının da, özünün də mütləq bir fəlakətə düşəcəyini güman edirdi.
Amma, Bəşirin gözlədiyi olmadı.
Anası onun təsəvvürlərinə gülür, Heybət xalaya və başqalarına da yalan satmaqda davam edirdi.
Bəşir, deyəsən, yatmışdı, ayılan kimi oldu: "yalan da olarmış", "yalan yerində işlənir!"
Bəşir əvvəl evdə anasına yalan satdı! Çay qırağında ağac kəsəndə bıçaq çaya düşüb batdı. Anası isə iki gün evdə bıçağı axtardı. Bəşirdən soruşdu, Bəşir açıq yalan dedi:
– Xəbərim yoxdur!
Bəşir özü də, anası da hiss etmədən böyüyür, boy atır, möhkəmlənir, uşaqlar arasında sayılırdı. Yoldaşlarla yaxalaşmaq, yumruqlaşmaq Bəşirə bir adət olmuşdu. Bir dəfə bəhsəbəhsə düşüb elə bərk dalaşmış, qan-tər içində evə qayıtmışdı ki, anası bilmirdi nə eləsin:
– Adə, bu nədir, köynəyi iki parça eləyib gəlmisən. Təptəzə köynəyi? Kim parçaladı bu kətan köynəyi?
– Çəpərdən hoppananda tikana ilişib parçalandı.
Anası da bu yalana inanmışdı, bel-yaba götürüb çəpəri neçə metr qırağa çəkmişdi:
– Andıra qalmış tikanlar uşağın paltarını zay eləyir.
"Yalan ayaq tutar, yeriməz!"
Bəşir aşkar görürdü, hələ ki, yalan "yeriyir!" Çox yerdə adama da lazım olur. Elə buna görə də Heybət xala gələndə anasına yalan "lazım olmuşdu!" Sən demə, bəzi adamlar sözü deyirlər, amma yeri gələndə ayrı cür iş görürlər, söz başqa, iş isə başqadır!
İndi Bəşir böyüyüb, təcrübələnib, inşaat kontorunda işə girib, fəhlələr üstündə onbaşı işləyəndə də, işi keçmək üçün o, təzə, ya köhnə yalanlardan istifadə etməkdən əl çəkmir.
– Sabah hazır olar!
– Sement çatacaq!
– Daş çatmayacaq, usta!
– Daş olacaq, darıxmayın!
Bəşirin belə yalanlarına kontordakıların çoxu elə alışmışdı ki, inanan yox idi.
– Ay yoldaş Bəşir, sabah mənim sementim yoxdur, üç divarı hörməliyəm axı!
– Sabah tezdən sement olacaq! Darıxma!
– Olacaq deyirsən, amma mən heç inanmıram!
– Mən yekəlikdə adama niyə inanmırsan?
– Əşi, inanmaq, bəyəm, yekəlikdəndir? Gözümün qabağında dördüncü sahəyə bir həftədir yalandan vədə verib durmusan! Rəhmətlik oğlu, dilin qadağı yoxdur, sözdür, deyirsən də!
Bəşirin işləri kontorda və hətta, bəzən inşaat idarəsində birtəhər keçib gedirdi. Ancaq bu dəfə mətləb kənara çıxdı. Yevlaxdan zəng vurub soruşurdular:
– Yoldaş Bəşir, bizim ferma binası necə oldu, gərək ayın birinə hazır olaydı axı?
– Hazırdır, yoldaş!
– Necə, hazırdır, deyirsən?
– Bəli, hazırdır, lap hazırdır!
– Yəni, tikilib qurtarıb?
– Bəli, hazırdır!
– Təhvil almaq olarmı?
– Olar, niyə olmur, olar!
Quşçuluq fermasının müdiri, yeşikləri maşınlara yığıb gətirdi, gəlib gördü ki, xeyr, hazır nədi, heç binanın üstü örtülüb qurtarmayıb:
– A kişi, sən hazır buna deyirsən?
– Dülgərlər naxoşladılar, yoxsa üstü çoxdan örtülərdi.
– Bəs biz köçüb gəlmişik axı!
– Eybi yoxdur, sabahda-zadda başa gələr!
– A canım, mən bu heyvanları yağışın altında qoya bilmərəm, bu nə yalan idi, bizə satdın sən?!
– Bir yalanı yoxdur, sabah dam örtülər! Zəhmət olmasa, buraya qol çək!
– Qol çəkim ki, fermanın divarı var, damı yox!
– Əşi, zarafata qoyma, bu gün divarı olar, sabah da damı örtülər. İnşaat görməmisən, göydən düşmüsən nədir?
Ferma müdiri bir söz demədi, əl-qolunu ölçüb maşınlarını düz geri qaytardı. İki gün çəkmədi ki, Bəşiri məhkəməyə çağırdılar. "Canım, mən hara, məhkəmə hara, qoy işimi görüm, kontor sahibsizdir!"
Silistçi Bəşiri danışdırıb protokol bağlayandan, qol çəkdirəndən sonra ayağa qalxdı, əllərini ciblərinə qoyub mənalı-mənalı müqəssirin üzünə baxdı, izah elədi:
– Vətəndaş Bəşir, sovet idarələrinə yalan məlumat verdiyiniz üçün sizin beş iləcən həbs cəzanız var! işdə olan sübut, dəlillər də bunu tamam təsdiq edir!
– Yəni mən yalan desəm də, nə demişəm, demişəm hazır olacaq! pis söz deməmişəm ki, bunun üçün bəyəm adama həbs verərlər?
– Bəli, sovet qanununda rəsmi işdə, vəzifə başında yalan danışan, cinayətkar kimi cəzalanır. Bunu sən, özün təcrübəli işçisən, çoxdan biləydin gərək!
Bəşir görürdü ki, yox, daha burada zarafat söhbəti yox, ciddi məsələ, aşkar cinayət var! İndi başa düşdü ki, "yalan niyə yeriməzmiş?"
Dərin düşünəndə kişini tər basdı. Gah məhkəməyə, gah inşaat idarəsinə, gah da yerli komitə sədrinin yanına qaçıb çarə, kömək istədi.
– Ay vətəndaş Bəşir, bəs sən bilmirdin ki, xırda-xırda böyüyən bu yalanların bir gün üstü açılacaq, başı tutulacaq. Müqəssiri yaxalanacaq? Dövlət idarəsi sənin üçün gizlənpaç oyunudur?
– Axmaq olmuşam, maymaq olmuşam. Mənə bir çarə.
– Çarəsini məhkəmə hamıdan yaxşı bilir! Hansı yalanın hansı maddəyə düşməyini, yaxşı olar ki, ondan soruşasan!
– Əşi, mənim əlimdə neçə-neçə karlı vəsiqə var, xasiyyətnaməm var, onillik iş stajım var, canım!
– Ağ yalana nə vəsiqə? Yalan açılanda üstünü heç çadır da örtə bilməz! Get məhkəməyə, orada qanunları sənə yaxşı başa salarlar, yeri!
Bəşir həyətin ortasında dayanıb düşünür, uşaqlıq illərini, anasını xatırlayırdı. Anası isə çoxdan rəhmətə getmişdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-yalan-ayaq-tutar-yerimez
Use ← → keys to move, R for a random poem
More by this author
İstirahət evində, nədənsə, adamın dili açılır, çox danışmaq, hər işə qarışmaq istəyirsən. Pensiyaçılardan biri, qoca müəllim, nərdtaxta oynayanların içinə mübahisə saldı:– Ay camaat, yığışdırın bu şartaşartı, sözüm var sizə.
Hərənin öz işi varÇörəyi ver çörəkçiyə,*Bir çörək də artıq!*
Şərait yoxdurAdam gərək naşükür olmasın. Qəzanın işidir, görürsən bəzən birinin əli gətirmir, bədbəxtlik basır. Qulluğunda, qazancında, ya səhhətində pozğunluq olur, düzəlmir. Onda şikayət deməyin də, eşitməyin də təhəri var.Amma Məftilin işi elə deyil, axı, qardaş! Ayrı cürdür!
Yaylaq məsələsiBakıda yaylaq söhbətləri tez başlanır, martın narın, seyrək və səssiz yağışları kəsilən kimi, şimal küləyi dayandımı, istilər yada düşür. Apreldə, mayda Bakı evlərinin eyvamnda adamların ailəliklə əyləşib nahar elədiyini, çay içdiyini görərsən. Mühəndislər sağ olsunlar ki, indi eyvansız ev tikmirlər. Çünki doğrudan da belə milyonlu, izdihamlı, cənub, sənaye şəhərində açıq havada əyləşmək bir istirahətdir.May günlərindən birində Mirzə Qədirin dənizə baxan eyvanında nahardan sonra dostlar söhbətə əyləşmişdilər. Məsləhətləşirdilər ki, yayı harada keçirsinlər. Hər kəs öz arzusunu bildirir, tanışlarını öz yanma çağırırdı:
Poems by other poets
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
GəlmədiVədə oldu xilaf, illər dolandı,Qıza nə üz verdi, nazlım gəlmədi.