Səfərovu başağrısı əldən salmışdı. Elə bil ki, bu xəstəliyi ona hardansa məcburi vəzifə kimi tapşırmışdılar. Çarəsini də tapmırdı. Ha çalışırdı, yaxasını qurtara bilmirdi.

İşdən qayıdıb soyunandan, yuyunandan, evdə güzgü qabağında dayanıb üz-gözünə baxandan sonra sanki bir ağrı qara qarğa kimi qəflətən onun başına qonur, rəhmsiz bir davamla beynini dimdikləməyə başlayırdı.

Kişi özünü itirirdi.

– Zəhrimar gəldi!

– Yenə bu ağrı!

– Paho!

Ağrı təzə başlayanda, yenə dərd yarı idi. Bir saat, ya yarım saat sonra sanki ağrı zəhərli su kimi beyninə, ürəyinə və iliklərinə sirayət edib dərinlərə yeriyirdi, di gəl buna döz görüm, necə dözürsən?

– Paho. Bay səni zəhrimara qalasan!

Səfərov ayağa qalxıb masasının siyirməsini töküşdürür, dərmanlari araşdırır, həblərdən ikisini dilinin üstünə qoyub su istəyirdi.

– Ay uşaq, mənə bir stəkan su!

Xəstənin özündən çox, Zəminə xanım təşvişə düşürdü:

– ... Tez olun, su!

– Genə nə oldu kişiyə, ilahi?

Səfərov da cavabında deyirdi:

– Nə olacaq, bir bəladı tutub məni, davası yox, dərmanı yox!

Səfərovun oğlu da, qızı, gəlini də xəstənin dərdinə şərik olur, gah çay, gah su, gah meyvə gətirir, gah pəncərəni açır, gah örtür, gah xəstənin çiyninə şal salır, gah alnını sirkə ilə ovuşdurur, dalbadal həkimə zəng çalırdılar.

– Doktor, hazırlaşın, evinizə gəlirəm, xəstə yanına getməyə!..

Həkim ayağını evə basan kimi, hamının ürəyi təsəlli tapırdı. Həkimin gəlişi sanki ailəni bürüyən təşvişə sərin su səpirdi. Həkim xəstənin nəbzini ölçəndə soruşdu:

– Sizə nə olub, Mirzə?

– Evdəkilərin rəftarı?

– Əsəbi şəraitə düşməmisiniz?

– İçki ilə münasibətiniz necədi?

– İşdə hirslənməmisiniz?

– Bu çoxdan sizdə var, ya təzə baş verib?

Səfərov həmişə alışdığı bu suallara ya mızıltı ilə cavab verir, ya baxa-baxa durur, ya başını bulayır, ya da heç məna vermirdi.

Həkimə elə gəlirdi ki, xəstə özünü itirmişdir. Başağrısı onun huşunu da aparmışdır.

Həkim pəncərəni açdırır, xəstə bağlatdırırdı. Təkrar nəbzini ölçmək istəyəndə xəstə mane olur, müalicədən bezmiş kimi, arxası üstə uzanıb öz-özünə deyinirdi.

– Bu da bir bədbəxtlikdir, məni tutub, doktor. Zahiri düşmənim az idi, biri də bu yandan gəldi. Meşədə çaqqal az idi, biri də qayıq ilə keçdi, atalar demişkən!

Həkim o biri otağa keçib dərman yazanda Zəminə xanıma dedi:

– Xəstənin yanında bu qədər ah-zar eləməyin. Onun ürəyini qısmaq olmaz, çalışın eyni açılsın, fikir-xəyalı unutsun. Sərt, təşviş yox, miilayim söhbətlər olsun. Ürəyi təsəlli tapsın.

– Biz istəmirik fikir eləsin. Özü həmişə fikir içindədir. Qaş-qabağı açılmır.

– Deyib-gülmək, fikir-xəyalı unutdurmaq lazımdır.

Həkim bu sözləri xəstədən gizlətmirdi.

– Yoldaş Səfərov, işdən baş ayılanda fikir-xəyala cummaq olmaz! Əsəbləri tumarlamaq lazımdır, hər şeyi unutmağa çalışın. Deyin, danışın, xəstəliyi unudun, çalğıya, oynamağa fikir verin. Xəstəliyi özündən uzaqlaşdırmaq şərtdir, hünərdir. Xəstəlik ilə mübarizə lazımdır.

– Nə mübarizə?

– Gülmək, şənlənmək. Özünüzü belə keyfiyyətlərə alışdırın!

– Heyif ki, artistlik bacarmıram.

– Artistlik yox, şənlənməyə cəhd etmək olar?

– Bəli, olar!

Həkim xudahafizləşib qapıdan çıxan kimi, Səfərov üzünü oğluna tutub dedi:

– Bunu hardan tapıb gətirmisən?

– Rayon müalicəxanasından gəlib.

– Deyəsən, heç dünyadan xəbəri yoxdur.

– Deyir, başağrısı fikir-xəyaldandır.

Zəminə xanım da şərik oldu:

– Bir şey bilmir! Görünür, başı çıxmır.

– Deyəsən, özünün də başı ağrıyır, hey o yan-bu yana baxırdı.

– Gözü nəsə axtarırdı.

Səfərov oğlunun üzünə baxdı.

– Nə axtaracaq gözü?

– Deyirəm bəlkə otaqlara gözü düşüb!

– Otaq görmüyüb, nədi?

– Görüb ey, bəlkə!..

– Bəlkə, şəkillərə baxırdı?

– Kartinaya çox baxırdı.

– Xəstədən nə ləzzət alacaq yazıq, heç olmasa şəklə baxsın.

– Sən bu yazığı sənət muzeyinə aparaydın ürəyi sakitləşəydi. Zəminə xanım da, uşaqlar da güldülər.

Səfərovun sözü özünə də xoş gəldi.

– Muzey də yaxşıdı, komediya teatrı da yaxşıdı, bir manat ver biletə, özün də get bax!

– Doktora görə teatra gedim?

– Nə olar, dilxoşluq elə!

– Hər dəfə göyçək qız olmaz ki, bu dəfə yoldaşın doktor olsun! Gülüşdülər.

O gecə Səfərov doğrudan da rahat yatdı, yuxuda da "Arşın mal alan" tamaşasını gördü, gah Əsgərin, gah Gülçöhrənin ariyasını eşitdi. Səhərisi gün Səfərov oğlundan xahiş elədi ki, doktoru evə çağırsın. O kişi ilə söhbət özü bir dilxoşluqdur. Azar-bezar yaddan çıxır! Onların sözündə hikmət var, biz nahaq diqqət yetirmirik!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Söyüd kölgəsi

Dünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.

19375 min
İgid oğlan

1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.

193811 min
Vətən oğlu

1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.

193813 min
Hilal dayı

Ləklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?

193811 min

Poems by other poets