Azərbaycanda azadlıq yoxdur
Əziz Azərbaycanlı yurddaşlarım!
(Münhendəki Amerikan “Qurtuluş” radiosunda yayımlanmışdır)
Bakı radiosunun kolxozçular üçün zaman-zaman tərtib etdiklər konsert proqramlarında yer alan “Sürəyya” adlı bir nəğmə vardır ki, Azərbaycanda əməyin və diləyin azad olduğundan bəhs edir. Qızıl yalan söyləməkdə və söylətməkdə mahir olan bolşeviklər Cənubi Azərbaycan xalqını da aldatmaq istədiklərindən, yorulmadan təkrar etdikləri “Azadlıq əfsanəsini” ərəb hərfləri ilə çap edib İranda da yaymışlar. Vəhşi bir istismar və qanlı bir istibdad altında inləyən yurdumuzu əməyin və diləyin azad olduğu şən və xoşbəxt bir məmləkət olaraq göstərmək istəyən bolşeviklərin, əgər dedikləri doğru isə, nədən dəmir pərdəni qaldırmırlar ki, hər kəs gəlib o azadlığı yaxından görə bilsin?
Yox yurddaşlarım, bolşeviklərin qızıl yalanlarına inanmayın. Yaşadığınız həyat azadlıq həyatı deyil. Orada əmək də azad deyil, dilək də azad deyil, insan da azad deyil. Əməyin və diləyin azad sayıla bilməsi üçün hər şeydən əvvəl insanın özü azad olmalıdır. Insan bütün hüquqi, mədəni, iqtisadi və başqa insani haqlara malik olmalıdır. Azərbaycanda bir kəndli qızıl dərəbəylərin qurduqları zindan olan kolxozlardan ayrılıb özünə məxsus ayrı bir tarlada arzuladığı kimi əkib becərirmi? Bir kəndli öz alın təri ilə yetişdirdiyi məhsulunu arzuladığı kimi arzuladığı yerdə və arzuladığı qiymətə sata bilərmi? Bunların heç biri ola bilməz. Çünki sizin arzu və diləyinizin ziddinə olaraq bolşeviklər tərəfindən yazılıb zorla tətbiq olunan qanunlara görə orada mülkiyyət haqqı yoxdur. Yəni bir kəndli və ya bir şəhərli mal, mülk, tarla, bağ və davar sahibi deyildir. Hər şey Kommunist partiyasının və hökumətinin malıdır. Və məmləkət onların bir malikanəsidir. Ticarət alətləri də onların inhisarındadır. Sizin yetişdirdiyiniz məhsulları yox qiymətinə onlara təslim etmək məcburiyyətindəsiniz. Hələ istədiyiniz və möhtac olduğunuz məhsulu yetişdirmək azadlığına da sahib deyilsiniz. Neft və pambıq məmləkəti halında bir müstəmləkə olaraq talan edilən Azərbaycanda buğda yetişdirmək də qadağandır. Bu da onun üçündür ki, sizi iqtisadən əsarət altında saxlamaq istəyirlər. Məlumdur ki, mülkiyyət haqqı olmayan bir yerdə bir adam şəxsi təşəbbüs və azad fəaliyyət haqqına da sahib ola bilməz. Yəni bir kəndli və ya bir şəhərli dilədiyi yerdə və dilədiyi kimi çalışmaq haqqından da məhrumdur. Dilədiyi kimi çalıma haqqından məhrum olan bir insanın əməyi də azad sayıla bilməz. Belə insanlara əsir deyirlər, qul deyirlər.
Bu həqiqəti bolşevikliyin babası sayılan Lenin özü də qəbul etmişdir. Lenin “Nə etməli” əsərində deyir: “İşçi ilə kəndliyə azadlıq vermək olmaz. Hələ dövlət hakimiyyətini və hökumət işlərini onlara tapşırmaq heç olmaz. Çünki rahat yaşamağı arzu edən bu siniflərə azadlıq verilərsə, bunlar zəngin olmağa başlar və hər biri kiçik burjua halına gələrlər. Zəngin və burjua sinifləri isə sosializm və kommunizmə tərəfdar ola bilməzlər. Onlar kapitalistlərlə anlaşıb kommunist rejimini yıxmağa çalışırlar”. Onun üçün məmləkətin idarəsi peşəkar inqilabçı deyilən terrorist cəllad kommunistlərin əlində qalmalıdır.
Leninin bu sözləri “Nep” dövründə bütün çılpaqlığı ilə isbat edildi. Bilisiniz ki, sovet rejimi bu vaxta qədər bir neçə mərhələdən keçmişdir. Hərbi kommunizmdən sonra gələn “Nep” dövrü bu mərhələlərdən biridir. Bu dövrdə keçici bir zaman üçün kəndlinin kiçik mülkiyyəti tanındı. Kolxoz dövrünə qədər davam edən bu dövrdə kəndli zənginləşməyə başladı. Məmləkətdə tarla, mal, mülk və davar sahibinin sayı artdı. Kəndli bu mülkiyyət haqqını və istiqlal azadlığını təhlükəsizlim altına almaq üçün kənd və şəhər sovetlərini də əlinə aldı. Hətta Azərbaycan Kommunist Partiyası özü də bu “Nep” dövründə qurulmuşdu. Sovet istilasından əvvəl Azərbaycanda belə bir partiya yox idi. Ona görə də kolxoz dövründə kəndlinin mülkiyyət haqqı və iqtisadi azadlığı qan içində boğdurularkən, o dövrün Azərbaycan kommunistləri də kafilələr (dəstələr) halında yox edildilər. Çox keçmədən onları yox edənlər də yox oldular.
Əziz yurddaşlarım! Görürsünüz ki, bolşeviklər azadlıq düşməni olduqlarını özləri də boyunlarına alırlar. Bunun bir həqiqət olduğunu Leninin sözləri və onun qanlı vəsiyyətini yerinə yetirən Stalinin qanlı icraatı da sübut etdi. Azadlıq sayəsində onların qanlı diktaturalarına son qoyacağımızı bildikləri üçün bolşeviklər sizi bütün haqlardan və vasitələrdən məhrum etmişlər. Onların əlinizdən aldıqları yalnız əmək və dilək azadlığı deyildir. Yəni siz yalnız iqtisadi azadlıqdan məhrum deyilsiniz. Bolşeviklər sizin təbii və insani haqqınız olan dilədiyiniz kimi inanmaq, düşünmək, yığılmaq, danışmaq, yazmaq və cəmiyyət qurmaq azadlıqlarından da məhrum etmişlər. Yəni siz bolşeviklərdən başqa bir şeyə inana bilməzsiniz. Siz əsil azadlığın bolşeviklikdə olduğuna inanmağa məcbursunuz. Siz bolşeviklikdən başqa bir şey düşünə bilməzsiniz. Inanc və düşüncələrinizdə azad olmadığınız üçün istədiyiniz bir cəmiyyət və ya partiya qura bilməzsiniz. Siz bolşevikləri və bolşevikliyi tənqid edə bilməzsiniz. Fikirlərinizi, düşüncələrinizi və inandıqlarınızı yazıb nəşr edə bilməzsiniz. Halbuki bolşeviklər utanmadan bu azadlıqların mövcudiyyətindən dəm vurmaqdadırlar. Hətta Stalin konstitusiyası adını daşıyan Sovet qanuni əsası da bu azadlıqların mövcud olduğunu iddia edib durmaqdadır. Biz başqa bir söhbətimizdə bolşeviklərin bu yalanlarını da bir-bir ifşa edəcəyik.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-bala-memmedzade-azerbaycanda-azadliq-yoxdur
More by this author
(Bakı zəfərinin 17-ci ildönümü münasibətilə)**Daxildən gələn bir sevgi ilə, diqqət və ehtimalla hər vəsiqə, əmr, raport və müşahidələr əsasında yazılmış mükəmməl bir əsər: “Böyük hərbdə Bakı yollarında 5-ci Qafqaz Piyada Firqəsi...”
Qafqaz İslam Ordusu4 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasında imzalanan anlaşmaya görə Azərbaycan komandanlığının əmrinə göndərilən 5 Qafqaz tümeni (diviziyası) az sonra Azərbaycan qüvvələrini də özünə birləşdirərək “Qafqaz İslam Ordusu” adını almışdı. Avqust 1918-ci ildə 15 piyada tümeni (diviziyası) ilə dəstəklənən Qafqaz İslam Ordusu 15 Sentyabrda Bakını qızıl istiladan qurtararaq Azərbaycandakı tarixi vəzifəsini zəfərlə bitirdikdən sonra Dağıstanın qurtuluşuna başlamış; sentyabrın sonu ilə oktyabr ayının əvvəlində Dərbəndi, Temir-Xanı-Şuranı və Şamil Qalasını düşməndən təmizləyərək, Dağıstan sülhsevərləri ilə birlikdə Terek-Qala üzərinə getdiyi bir zamanda Osmanlı Dövlətinin müttəfiqləri ilə birlikdə məğlubiyyət xəbəri alınmışdı. Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı xilas edəcəkdi.30.10.1918-ci il tarixli Mondros sülh müqaviləsinin 11-ci maddəsi bunu amir (əsasən) olduğu kimi 15-ci maddəsi də Bakını ingilis işğalına verirdi. Mondros sülh müqaviləsi daha imzalanmadan Tələt Paşanın yerini işğal edən Əhməd İzzət Paşanın verdiyi bir əmrə görə: “Brest-Litovsk müqaviləsi xaricində olaraq işğal edilən Qafqaz aksamının (ərazisinin) 24.10.1918-ci il tarixindən etibarən altı həftə ərzində xilası icra ediləcəkdir”.
Poems by other poets
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,