Page 2 of 11 · 9%

– Ana can, ağlama! Sən Allah, ağlama! – demişdi.

O gündən anası bir daha ağlamamışdı. Lakin hər gün bir az da çox solmağa-saralmağa başlamışdı: qüssə onun içini yeyirdi. Tehrana atıldıqlarının üçüncü ayı elə beləcə sakit yanıb qurtaran bir şam kimi arvad sönüb getdi. Bu, Fridunun həyatında ən ağır xatirələrdən biri idi.

Tehranda onlar bir ay çox çətinlik çəkdilər. Bir neçə gün bazar ayağında qaldılar, sonra kiçik bir otaq kirayə etdilər. Atası iş tapa bilmədiyi üçün getdikcə əndişələri artırdı. Lakin xoşbəxtlikdən o, xudmani bir bağı və həyəti olan yaxşı bir adama rast gəldi: bu, ata-baba tehranlı olan, təqribən altmış beş-yetmiş yaşlı qoca bir müəllim idi. Fridunun atası bir ilin ərzində bağın səliqəsini dəyişdi. Yeni ağaclar saldı, yaxşı güllüklər düzəltdi, cürbəcür peyvənd etdi. Müəllim ondan çox razı qaldı. Birinci aylar Fridun atasına kömək edərdi. Müəllim onun kitab oxuduğunu görəndə yanına çəkdi. Söhbət etdi, fərasətli və çalışqan bir uşaq olduğunu anladı və birinci il boş vaxtlarında özü ona dərs verməyə başladı. Bir ilin ərzində Fridun iki sinif hecmində bilik ala bildi. İkinci il müəllim onu öz işlədiyi orta məktəbin üçüncü sinfinə düzəltdi. Fridun yaxşı oxuyur və atasına kömək edirdi. Kişi taleyilə tamam barışmasa da, hər halda belə yaxşı bir adama rast gəldiyindən gecə-gündüz şükr edib dururudu. İlk aylar hərdənbir Fridunu da götürüb şəhərə çıxırdı. Lakin tezcə geri qayıdardı: şəhərin başaçılmaz səs-küyü, aclıq və yoxsulluğun pis maneələri kişini də, Fridunu da darıxdırar, qorxudar, vahimə içində geri qayıtmağa məcbur edərdi. Qoca müəllimin sakit bağçasında belə o, uzun zaman rahat olmaz, Tehranın ağır həyatından danışar, acları və yoxsulları, polis və ajanları, zindan və məhbəsləri haqqında eşitdiklərindən nağıl edərdi. Hər dəfə də: “yaman cəhənnəmdir!” – deyib fikrə gedərdi.

Bununla belə o özünü xoşbəxt hiss edirdi: əlinin işi, yeməyə bir tikə çörəyi, yatmağa örtülü bir yeri var, uşağı da oxuyur, bu səadət deyilmi?

Lakin bu səadət uzun sürmədi. Tehrana gəldiklərinin üçüncü yayında kişi qarın yatalağı ilə naxoşladı və naxoşluğun yeddinci günü xəstəxanada vəfat etdi. Fridun tək qaldı. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə atmadı, oxutdu. Şəhərdə minlərlə yetim və başsız uşaqları görən Fridunun qəlbi bu müəllimə qarşı ömrü boyu unutmayacağı bir minnətdarlıqla dolu idi.

Ögey qardaşı uşaqlarından başqa heç bir kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü. Axşamları böyük qovaq ağacının altında oturub, əlindəki əsaya söykənərək, Friduna deyərdi:

– Oxu, oğlum, dünyanı cəhalətdən qurtaran ancaq elmin ziyası olacaqdır. Oxu və uşaqları oxut! Səadət ancaq elmdədir!

Müəllimin bu sözləri özünün bütün mülayim ahəngi ilə, bütün mənalı ifadəsi ilə birlikdə bir vəsiyyət kimi, pozulmaz bir and kimi Fridunun xəyalına yapışardı. Bu dəqiqələrdə, doğrudan da, Fridun xəyali bir aləmlə yaşar kimi özünü unudardı. Buna görə də orta təhsil aldıqdan sonra həmin xeyirxah qoca onu tanışları vasitəsilə Təbrizdə ibtidai məktəbdə müəllimliyə düzəltdikdə Fridun şadlıqla buna razı oldu: artıq o, başqalarının gözünü açacaqdı!

Fridun bir il Təbrizdə işlədi. İkinci ili bu qərara gəldi ki, başqalarının gözünü açmaq üçün hələ daha artıq bir biliyə möhtacdır. Buna görə də darülfünuna daxil olmaq fikri ilə Tehrana qayıtdı. İlk əvvəl ona atalıq etmiş qocanın yanına getməyi özünə borc bildi. Böyük həyətin taxta qapısındakı dəmiri döydü. Tezliklə qapı açıldı və qabağına tanımadığı bir adam çıxdı. Üst-başından nökərə oxşayan bu adam Fridunun həyəcanlı suallarına qarşı laqeyd və adi bir səslə müəllimin altı ay qabaq öldüyünü və mülkünə qardaşı uşaqlarının sahib olduğunu bildirdi. Bir anda sanki böyük bir şəhər Friduna tamamən yabançı və düşmən göründü. Qoca müəllimin ata və anasının qəbrini ziyarət etdikdən sonra Təbrizə qayıtmaq istədi, lakin tezliklə bu fikrindən əl çəkdi. Yayda Təbrizdə nə edə bilərdi? Kəndə, dayısı Musa kişinin yanına getməyi qərara aldı. Yayı orada işlər və payız üçün bir şey düzəldib Tehrana qayıdardı...

Kənd məscidinin alçaq minarəsindən müəzzinin “Allahü-əkbər” səsləri müsəlmanları axşam namazına çağırmağa başladı.

Müəzzin, cansıxıcı və özünü də təngə gətirmiş bir mahnı təkrar edir kimi, tənbəl-tənbəl oxuyurdu. Onun səsində bir yorğunluq vardı. Eyni zamanda bu səs sanki bütün kəndə, bütün ətrafa gizli bir qorxu, anlaşılmaz bir sirr yayırdı. Bu səsi eşidən möminlər ayaq saxlayır, sözünü kəsir, işini yarımçıq qoyur, salavat çevirib dəstəmaz alır və ibadətlə məşğul olurdular. Fridun isə yerindən tərpənmək istəmirdi. Elə beləcə uzanaraq, nəhayətsiz göylərə və bu göylər qarşısında ürəyi naməlum bir xofla titrəyən möminlərə tamaşa etmək istəyirdi. Lakin Musa kişinin səsi onu ayağa durmağa məcbur etdi:

– Fridun, zəhmət çək, bir az sovuruq at, mən namazımı qılım, – dedi və şananı ona uzatdı.

Fridun tələsmədən ayağa durdu. Şananı alıb, beş gün bundan qabaq döyülmüş və meh əsmədiyindən sovurulmamış taxılı sovurmağa başladı.

Musa kişi onu istirahətdən ayırdığı üçün üzr istədi:

– Bilirsən dadaş, bu meh ələ düşən deyil, sovur. Bu axşam sovuruğu qurtaraq ki, sabah da qalanını döyə bilək.

Fridun sovuruq ata-ata Musa kişinin günəşdən tunc kimi qaralmış üzünə baxdı və heç bir söz demədi. Yadına azca əvvəl şana verdiyi Həsənalı düşdü. Bütün kənd, uşaqdan böyüyə bütün adamlar ona beləcə qaralmış və istidən susuz torpaq kimi yanmış göründü. Dönüb bir də Musa kişini süzdü. Musa kişi qollarını dirsəkdən yuxarı çirməyib əyilərək dərzlərin arasındakı balaca su kuzəsini götürdü. O parçadan tikilib nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı çıxartdı. Kuzənin belini sol ayağına söykəyib, başıaşağı əydi və sağ əlini onun ağzına tutdu. Su gəlmədi. O, kuzəni qaldırıb çalxaladı və:

– Vay, evin tikilsin, Fridun, – dedi, – bir damcı da su qoymamısan qalsın.

Fridun şananı yerə atdı və kuzənin qulpundan yapışdı:

– Ver, qaçım bulağa, doldurum gətirim.

– Yox, gecdir. Sən gedib-gəlincə namazın vaxtı keçər. İşimiz tökülüb qalar. Yaxşısı budur təyammüm eləyim, – dedi və dərhal üzünü yana, xırmanın ətəyini süpürməkdə olan 17-18 yaşlı qıza tutdu:

– Qızım, Gülnaz, kuzəni al, get bulağa. Şama su lazım olar...

Qız süpürgəni vəlin üstünə qoyub, belini düzəltdi. Kuzəni atasından alıb, yorğun bir hərəkətlə çiyninə atdı və yola düşdü.

Fridun qayıdıb şananı götürdü. Samandan təzəcə ayrılmış kəhrəba kimi işıldayan saf və ətirli sarı buğdaya baxdı və ürəyinin fərəhlə dolduğunu hiss etdi. Yeni bir qüvvə və həvəslə sovurmağa başladı. Onun hərəkətlərini təqib edən Musa kişi arınmış buğdanı ovuclayaraq, əlinin içində ovxalayıb:

– Maşallah, bərəkətlidir, dirilikdir, – dedi və qayıdıb torpaqla təyəmmüm etdikdən sonra cibindən çirkli və köhnə bir canamaz çıxartdı. Üzünü qibləyə tutub canamazı açdı və ibadətə başladı.

– Allahü-əkbər!

Fridun adət etdiyi müəzzinin naləsinə və xırmanlardan ucalan “Allahü-əkbər” səslərinə fikir vermədən işləyirdi. O, döyülmüş taxılı şana ilə sovurduqca buğda dənələri müstəqim istiqamətdə yerə tökülür, samanı isə meh azca qabağa atırdı.

Saman azca yığılan kimi, Musa kişinin yeddi yaşlı oğlu Ayaz onu kənara kürüyürdü. Buğdaya yaxın olan hissəsini isə xüsusi ayıraraq, böyük bir səylə burdaca xəlbirləyir və bir dənə də buğdanın itməsinə yol vermirdi. O, yaşına uyğun gəlməyən bir ciddiyyətlə, özündən iki yaş kiçik qardaşı Niyaza əmrlər verirdi:

– Niyaz, çanağı gətir, bu buğdanı doldur, samana qarışmasın. Balaca xəlbiri də mənə ver. Buğdaya, deyəsən, torpaq qarışıb...

Onun göstərişlərini diqqətlə yerinə yetirən Niyaz xəlbiri tayanın dibindən alıb ona verdi. Sonra qaçaraq çanağı götürüb gəldi. Xəlbirlənmiş buğdanı doldurdu. Hıqqana-hıqqana ikiəlli qaldırıb apardı. Buğda komasının üstünə töküb qayıtdı. Kəndə tərəf baxdı.

– Ayaz, bəs anam niyə gəlmədi? – deyə soruşdu.

– Çox acmısan, hə?.. Bir az da gözlə, indi gələr.

Onlar səhər açılandan bu vaxta kimi, böyüklərlə birlikdə xırmanda çalışırdılar. İsti gün, ağır zəhmət onları əldən salmışdı. Onlara baxdıqca Fridunun ürəyinə ağır bir kədər yol tapırdı. Tayanın dibindən qopan ağlamaq səsi bu kədəri daha da artırdı. Ağlayan – Musa kişinin üç yaşı təzəcə tamam olmuş son uşağı Almaz idi. Balaca Niyaz işi buraxıb getdi və onu ovutmağa çalışaraq:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İyirmi səkkizinci fəsil

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?

52 min
İyirmi doqquzuncu fəsil

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

34 min
Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 min
Otuz birinci fəsil

Sovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.

14 min

Poems by other poets