Otuzuncu fəsil
Page 1 of 2
Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?
Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Belə xoş xəyallara daldığı zaman Gülnaz özünü unudur və həyatının ürəyə sevinc və həsrət gətirən səhnələrini xatırlayırdı. Uşaqlıq, kənd, onun aydın səhərləri, qaranlıq və ulduzlu gecələri, xoruz banı, yaşıllanan otlar və ağaclar gözündə canlanır. İt ulaşması, yaz zamanı daşan çayların şırıltısı və quşların şərqisi qulaqlarında səslənirdi. Sonra atası, anası, ilk beşik olanı Gülnaza məhəbbətləri, qardaş və bacıları, nəhayət Fridun, qiyamətə qədər uzaq bir xəyal olub qalacaq o aylı gecələr, o xırman üstü... gəlib gözləri qabağında durur və onu yaşamağa çağırırdı.
Axşam işdən sonra astanada oturub, kiminlə isə danışır kimi pıçıldayırdı:
– Yəqin indi oralarda sərinlər düşür. Axşamlar Savalandan meh əsir, ağaclar yavaş-yavaş saralmağa başlayır. – Gözləri yol çəkir kimi bir nöqtəyə dikilib qalırdı. Sonra yenə pıçıldayırdı. – Bir azdan sonra səhərlər kəndimizi duman bürüyəcəkdir. Axşamlar ocaqların tüstüsü buludlara qarışacaqdır. İnəklər, qoyunlar qərib-qərib mələşəcəklər. Qarğalar, bayquşlar qalaqların başına qonacaqdır. Nədənsə bayquş bizim kəndə həmişə payızda uçardı. Qalağın üstünə qonanda anam qabağına xonça aparardı. Ah, görəsən evimiz necədir, uçub dağılmayıb ki?
Bu xatirələr içərisində evlərini, ailələrini, xoş ümidlərini dağıtmış bayquşların da siması canlanırdı: ərbab, əmniyyələr, Əli əmniyyəbaşı, mübaşir Məmməd! – belə hallarda Gülnaz duyurdu ki, onu intiqama çağıran içərisindəki qəzəbli səs susmamışdır, o, inadla deyir ki, intiqam almaq lazımdır, – bütün fəlakət və müsibətlərin səbəbi olan, anasını və qardaşlarını küçələrə salan, onu bu çıxılmaz cəhənnəmə atan, balaca bacı və qardaşlarını başsız buraxan bu kabuslardan bir intiqam almaq lazımdır! Atasının, Fridunun, qara, soyuq torpaqlarda yatan anası və qardaşı Niyazın qatilləri onlardır! Yalnız anasınınmı? Atası və qardaşınınmı? Yox, o gördüklərindən bilirdi ki, bu vəziyyətə salınanlar saya-hesaba gəlmir. Savalanın ətəyindən Tehrana qədər keçdiyi hər yerdə o, bir yox, beş yox, min, yüz min özü kimi bədbəxt görmüşdü. Onun qəlbində susmayan səs, təkcə bir ailənin, bir adamın deyil, bütün bu bədbəxtlərin intiqam səsi idi. Lakin...
Lakin o nə idi?
Yerin də, göyün də hökmünü yazan Hikmət İsfahanilərin, mübaşir Məmmədlərin, Əli əmniyyəbaşıların, Qəmərbanuların yanında o nə idi, nə edə bilərdi? Onlar Gülnazın ürəyindən keçənləri bilsələr, onu elə itirərdilər ki, izi-tozu da tapılmazdı...
Xəyal və düşüncələri bu yerə gəlib çatanda yenidən o özünü çıxılmaz bir qaranlıq içində hiss edirdi. Gecələr səhərə qədər yuxusunda bircə şeyi görürdü: nə əvvəli, nə də axırı olan bir palçıq gölünə düşmüşdür. Saqqız kimi yapışqan, üfunətli bir göl! Zorla bir ayağını qaldırıb, irəli atır, lakin palçıq hər iki ayağını dizə qədər tutub sıxır, onu tərpənməyə buraxmır, o, əl-qol atır, tövşüyür, boğulur, yenə ayağını qaldırıb irəli atır, yenə palçıq dizinə çıxır... Beləcə, səhərə qədər ağır və insafsız bir yuxu ondan əl çəkmir... Yox, yalnız ölüm bu iztirablara son qoya bilər! Bəs Almaz, bəs Ayaz? Almaz çoxdan ölmüşdür, axı bir tikə çörək tapmayan iki qoca onu qışdan çıxarıb sağalda biləcəkdimi? Elə anası da onun öləcəyini bildiyi üçün qoyub gəlmişdi. Gülnazın yadında idi: arvad ölünü qəbrə qoyur kimi uşağı qoca kəndli arvadının qucağına qoymuş və yavaşca gözünün yaşını silmişdi. Bir daha anası heç onun adını da çəkməmişdi. Onlar Almazı diri-diri basdırıb çıxmışdılar... Ayaz da ölmüşdü. Nər kimi adamları udub əridən bu əjdaha, bu ac və zalım şəhər balaca bir uşağı sağ-salamat buraxacaqdımı? Yox, yəqin o da çoxdan ölmüşdü. Artıq Gülnazın növbəsi gəlib çatmışdı. Həyat onu müşkül məsələ qarşısında qoymuşdu, qəti cavab istəyirdi. Ya namusla ölməli, ya da yuxarı eyvana çıxıb, Qəmərbanunun xanımlarına qarışmalı! Başqa yol qalmamışdı. Anası öldükdən sonra Gülnazın dünyada heç bir köməyi qalmadığını görən və bütün ümidlərinin qırıldığını güman edən Qəmərbanu da qəti qərarını vermişdi. Onun hər hərəkəti, hər baxışı deyirdi: ya mən istəyən olacaq, ya da öləcəksən!” Səhərdən-axşama qədər arasıkəsilməz iş içində, dəhşətli yuxular arasında bu bir-birinə zidd düşüncələr, həlli mümkün olmayan bu məsələlər Gülnazın varlığını didib gəmirirdi. O, özünü unudurdu, adətin gücüylə bir avtomat kimi yerinə yetirdiyi işlərdə indi gözlənilməz səliqəsizliyə yol verirdi. Hətta son günlər iki yaxşı boşqabı sındırmışdı. Bütün bunlar üçün Qəmərbanu bir dəfə əlindəki maşanı onun belinə çırpmışdı. Son dəfə isə üstünə cumaraq qızı əzişdirmək istədikdə, onun sərt gözlərinə baxdı, vurmağa cəsarət etməsə də, zəhərli sözlər dedi:
– Qız, üzümə yaxşı bax ha, vallah başına bir oyun açaram ki, əzraili çıraqla axtarmalı olarsan! Həyasız, gör üzümə necə baxır!..
Qəmərbanu söyə-söyə pillələri çıxmağa başladı. Bir ayağı bir pillədə, biri o biri pillədə geri döndü, iki əlini də havada oynadaraq hədələdi və boğuq səslə dedi:
– Bu gecə axırıncı gecədir, vessalam!
Gülnaz yerindən tərpənmədi, gözdən itincəyə qədər onun dalınca baxdı. Ani və qəti bir fikrin təsirilə bir daha geri dönməsini gözləyərək, ağ neft dolu qabı və kibriti qapıb zirzəmiyə qaçdı... Qabı kərpic döşəmənin üstünə qoydu. Artıq boğuq və rütubətli havasına, soyuq divarlarına isinişmiş olduğu, ağır və tənha dəqiqələrdə bir yuva sandığı zirzəmi ilə əbədi vidalaşar kimi dörd tərəfə göz gəzdirdi. Bu başdan o başa getdi. Küncdə nə isə ayağına ilişdi. Qaldırıb baxdı. Anasının kəfənlə əvəz olunmuş cırıq paltarları idi. Dizi üstə yerə yıxılıb, cır-cındırı qucaqladı, ağladı. Bu zaman həyətdə hənirti duydu. Səs eşitdi, deyəsən onu çağırırdılar. Tez yerindən qalxdı. Qapının dal tərəfindən cəftəsini saldı. Neft qabını tapıb, çiynindən aşağı üstünə caladı. Soyuq və yapışqan kimi bir şey bədəni aşağı süzülməyə başladı. Onun canı gizildədi. Qabı yerə atdı. Kibriti axtarmağa başladı. Uzun müddət tapa bilmədi. Üşütmə iliyinə sirayət edirdi. Əsəbi halda əlini divarların dibinə sürtdü. Nəhayət, kibriti uzunsov, balaca və nimdaş balışının yanından tapdı. Budur, bircə an qalmışdır. O, kibriti çəkəcək və qırmızı bir alov canını əbədi olaraq dözülməz təhqir və sonsuz iztirablardan qurtaracaqdı.
O, kibrit çəkdi. Bir qığılcım ani olaraq parlayıb qaraldı və dərhal sakit yanan bir alova çevrildi. Otağın hər tərəfi işıqlandı. Yenə qəlbində susmaq bilməyən həyat eşqi baş qaldırdı. Ah, dünya nə qədər gözəldir! Bu soyuq, daş döşəməli zirzəminin pəncərəsindən bayırda parlaq bir günəş doğmuşdur, onun ziyasilə qızışan çəmənlər, yamyaşıl otlar, ağaclar insanı “gəl yaşa!”, “gəl yaşa!” deyə çağırır. Taxıl zəmiləri gör necə sünbül bağlamışdır. Ah, Fridun da buradadır ki! O, Musa dayıya kömək edir, onlar xırmanda taxıl döyürlər. Sonra taya dibində oturub, ayran içərək söhbət edirlər. Fridun deyir:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-otuzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.
Səkkizinci fəsil– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:
Doqquzuncu fəsilFridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.
Onuncu fəsilRza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.
Poems by other poets
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Ətəbata çağırıblar ki, Süpehdar gedibƏtəbata çağınblar ki, Süpehdar gedib,Əvəzindən haımnın rövzədə züwar olsun.