Yeddinci fəsil
Page 1 of 2
Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:
– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.
Bu söz sanki komisyon üzvlərini məst etmişdi. Yavər Əzimidən başqa hamısı bir ağızdan Həmidini üsyankar, şübhəli, vətən xaini kimi qələmə verməyi qərara almışdı. Sərtib etiraz etmək istədikdə:
– O zaman sən fikrini aydın yaz, biz ayrı yazarıq – deyə geri durmuşdular.
Bu hal onu çıxılmaz bir vəziyyətə salmışdı. Etiqadının tərsinə olaraq, canının dərdindən Həmidini fəlakətə vermək cinayət idi. O bunu bacarmayacaqdı. Namuslu bir gənc olan Hafizini də bu işə qoşmaq istəmirdi. Təklikdə də fikrini yazsa sərhəngə dəstavuz vermiş olacaqdı. Çünki Həmidinin məhkəməyə çəkilib, cəzalanacağını işlərin gedişi göstərirdi. Həmidi rəsmi cəzalandıqdan sonra sərhəng mütləq sərtibin rəyini ortalığa çıxarıb, işi dolaşdıracaqdı. Nə etməli? Bilmirdi. Bunlar az imiş kimi, bu yandan da almanlar məsələsi ortalığa çıxmışdı. Alman müşaviri adına vəzarətdə səkkiz adam oturmuşdu. Onlar şöbələrin hər günlük işinə qarışır, nahiyyə rəislərindən tutmuş, nəzmiyyə başçılarına qədər bütün vəzifələrdə olan adamları yoxlayır, şübhəli və satqın şəxsləri bu vəzifələrə göndərməyi tələb edirdilər. Sərtib bu qanunsuz işlərə açıq etiraz edərlərdən idi. Lakin “müşavirlər” bu etirazlara qulaq asmayıb istədiklərini həyata keçirirdilər. Sərtib bu hala dözə bilməyib, onların şöbəsinə müşavir olan Zalkindin qolundan tutmuş və otaqdan çölə ötürmüşdü. Bunun üçün də vəzir ona ikinci dəfə xəbərdarlıq etmişdi.
Son günlər vəzarətə getmək, ona cəhənnəmə ayaq basmaq kimi ağır gəlirdi. Axşam da özünü kefsiz hiss etdiyindən evdən çölə çıxmamağı qərara almışdı. Sərtibin ağır ruhi vəziyyət keçirdiyini bilən Tehran ziyalı və zabitləri arasındakı dostları və həmfikirləri onu tək buraxmırdılar. Hər axşam evinə gəlir, söhbət edir, dərdləşir, bir çıxış yolu tapmağa çalışırdılar. Qapının döyülməsindən yenə gələnin bu dostlardan olduğunu bildi. Həyətdə üzüm tənəklərindən düzəlmiş talvarın yan-yörəsini hamarlayan qoca bağbana:
– Əmi, – dedi, – qapını aç.
Bağban qapını açıb, yavər Əzimini qarayaxa¹ bir adamla içəri buraxdı. Sərtib onları gördükdə tələsik balkondan keçdi və oradan enli kərpic pillərlə aşağı endi. Pillələrin ayağında dostlarını qarşıladı...
– Salam, ağayi Hafiz Biluri, – deyib özündən çox yaşlı, başının qalın tükləri tamamilə ağarmış, üzündə qırışıqlar əmələ gələn adamın əlini sıxdı və yavər Əzimiyə döndü.
Azca yana çəkilib, Hafiz Bilurini “buyurun” deyə hörmətlə qabağa ötürdü və yavər Əzimiyə müraciət etdi:
– Hə, necəsən, ağayi yavər Əzimi?.. Gözümə pis dəymirsən. Maşallah, gün-gündən açılırsan...
Yavər Əzimi adəti üzrə əlini nazik qara bığına çəkib gülümsədi və heç bir söz demədi.
Onlar salona çıxdılar. Sərtib qoz ağacından qayrılmış müstəqim şəkilli nərd stolunu aralığa çəkdi.
– Siz bir hünərinizi yoxlayın, mən də deyim çay hazırlasınlar.
Hafiz Biluri oturmamış salona nəzər saldı. Kəllə divarda böyük çərçivəli Rza şahın əksi asılmışdı. Yandan çəkilmiş bu şəkildə onun yalnız birçəyi, hara isə baxan acıqlı gözü və üzünün bir tərəfi görünürdü. Salonda bundan başqa şəkil yox idi. Şəklin altında, yerdə, rəngarəng Kirman xalısı üzərində zərlə işlənmiş üç ayaqlı xırda bir stol dururdu. Onun üstündə fil sümüyündən yonulmuş məşəl tutan bir insan əlinin təsviri vardı. Şüur və elm rəmzi olan məşəl yaqutla bəzəndiyindən canlı alov təsiri buraxırdı. Salonun orta divarına kitablarla dolu bir şkaf söykənmişdi.
Yavər Əzimi nərdin daşlarını səliqə ilə yığıb “buyurun, ağayi Biluri” – deyə qoca müəllimə müraciət etdi.
¹ Hərbi olmayan adam
Bu zaman sərtib də qayıdıb gəldi. Yavər Əzimi hörmət üçün yerini ona verib, başqa bir stul çəkdi və yanda oturub, maraqla oyunu izləməyə başladı. Onlar nərdi daima qızğın bir həvəslə oynayırdılar. Lakin bu dəfə nədənsə oyun çox soyuq keçirdi. Heç kəsin səsi çıxmırdı. Sərtibin diqqətsiz oynadığını görən Biluri nərdi qatladı, onun Təbriz məsələsində nə qərara gəldiyilə maraqlandı. Sərtib dalğın gözlərlə yoldaşlarına baxdı:
– Hələ ki, düşünürəm.
Biluri məsləhət təriqilə:
– Bəlkə, heç şey yazmayasınız, – dedi, – onda necə olar?
Sərtib Bilurinin məsləhətini rədd etmək istəmədiyindən, birdənbirə cavab vermədi. Siqar çıxarıb, onlara təklif etdi və özü də birini alışdırdı. Tüstünü havaya buraxıb:
– İnsan öz təbiətinə sadiq qalsa yaxşıdır, – dedi. – Mən çox düşündüm və bu qərara gəldim ki, nə olacaq-olsun, ölümdən o yana ki bir şey yoxdur. Öz fikrimi yazacağam. Mən heç vaxt qorxaq olmamışam.
Yavər ona tərəfdar çıxdı.
– Elə yaxşıdır, dünyada ancaq mərdlik qalacaqdır. İkimiz, ayrıca fikrimizi əlahəzrətə yazarıq.
Sərtib qəti səslə:
– İkimiz yox, təkcə mən! Sən hələ, cavansan, yerində otur.
Biluri:
– Tədbir də lazımdır, ay cavanlar, – dedi, – tədbir də... Bir yerdə ki biz yaşayırıq, tədbirsiz dolanmaq çətindir. Vətən, millət yazıqdır, beş-üç qeyrətli oğlu var, o da tədbirsizlikdən puç olub getsə nə faydası. Bəlkə, bir də vəzirlə danışasan?
Sərtib səbirsiz cavab verdi:
– Heç bir xeyri yoxdur, vəzir həqiqətdən çox uzaq adamdır.
Sərtib birdən ayağa qalxdı. Gedib Rza şahın şəkli qarşısında durub baxdı, baxdı və geri döndü:
– Bədbəxtlikdir, ağalar, bədbəxtlikdir. O, təkdir, bütün bu rəzalətlərdən də xəbərsizdir.
Yavər Əzimi bir təəssüflə:
– Deməli, belə şeylərdən onun xəbəri yoxdur? – deyə soruşdu.
Sərtib tam inamla:
– Əlbəttə, yoxdur, – dedi. – Onunla millətin arasını görün nə dəhşətli bir divar kəsir. Sərhəng Səfai, Həkimülmülk, Hikmət İsfahani, satqın vəzirlər və vəkillər, hiyləgər səfirlər... Ah, bircə bu divar uçulaydı, əlahəzrətin ətrafına namuslu vətənpərəst adamlar yığışaydı, görün onda o, İranı necə tərəqqi və yüksəlişə aparardı!..
Adətən sakit və soyuqqanlı olan Biluri bu hissin təsirilə qızğın bir hərəkətlə ayağa durdu. Məşəl tutmuş insan əlinin təsvirini götürüb, bir anda bütün məmləkəti işıqlatmaq istər kimi, irəli və yuxarı qaldırdı:
– Qurtuluş ancaq elmin ziyasındadır, mədəniyyətin nurundadır, – dedi. – Şah da, kəndli də, hamı oxumalıdır. Cəhalətdəndir ki, vəzirimiz mənsəbpərəstdir, tacirimiz pulpərəst. Həqiqət və namus ancaq rəncbərdə və kargərin¹ həyatında qalıb, heyif ki, onların da ürəyi əli kimi kobuddur, fikri həyatı kimi dumanlıdır. Bircə elm bizi bu münasibətlərdən qurtara bilər. Gözümüzə həqiqət işığı gətirər. Vətəndaşlar hamısı oxumuş olsa, vətən də rövnəq tapar. Şahı da, vəziri də, taciri də, kəndlisi də bir fikirlə yaşar, əl-ələ verib, vətəni yadların ayağı altından qurtarar.
Səlimi üzünü divardan asılmış şəklə tutdu:
– Məgər o da bunu istəmir?.. Bizi mollaların əlindən, şəriətin qanunsuz hökmlərindən o qurtardı. Məmləkətə yollar çəkdi, arvadlarımızın başından qara çadranı götürdü. O da sən deyəni istəyir, bəradəri-mən. Amma qoymurlar... Ətrafını əxlaqı pozğun və millətini sevməyən xainlər bürüyübdür!..
Yavər Əzimi:
– Kaş ki, elə olaydı, – deyib, köksünü ötürdü və danışdıqca hər sözünə sanki qanının bir zərrəsini qatan, sədaqətlə, inamla çırpınan sərtibə nə isə ürəyi yandı, qəlbən yazığı gəldi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
İyirmi beşinci fəsilGöhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi: