Page 1 of 5

– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.

Ana kiçik gözlərini qıydı:

– Eybi yoxdur, qızım, Allah kərimdir, pul yığarıq, alarsan. Ondan da yaxşısını alarsan.

Fəridə bazarda eşitdiklərini öz düşüncələrinə qataraq, tələsə-tələsə danışdı:

– Haradan alacağam, ay ana, mal indi beş ay qabaqkından üç dəfə baha olub, deyirlər ki, getdikcə lap bahalanacaq.

O, səsini yavaşıtdı. Nə isə bir təlaşla anaya tərəf əyildi.

– Deyirlər ki, dava olacaq, yollar bağlanacaq... Mal-zad gəlməyəcək...

Darağın dişlərini yoxlayıb, cəhrənin o yan-bu yanına baxan ana, əl saxladı:

– Nə danışırsan, ay qız, Allah eləməsin dava ola... Xalq ayaq altında qırılar. Kasıb-kusub acından ölər.

– Nə bilim, vallah, camaat danışır... Deyirlər ki, bir dava olacaq ki, qan dizə çıxacaq. Deyirlər nemsə torpaq istəyir, rus da deyir verməyəcəyəm, bu çanağı çatlamış ingilis də araya giribdir, amma barışdırmaq yerinə hər ikisini fitdiyir.

– Vay, vay ingilis demə, o ki, araya girdi, iş qurtardı, gərək dava düşə. Keçən davada, torpağı sanı yaşayasan, mənim qaynanam öldü. Mən də onda sən yaşda ancaq olardım. Amma çox avam idim. Hər şeydən başım çıxmazdı. Yadımdadır ki, rəhmətlik qaynanam deyirdi, davanı salan ingilis olub. Amma bir aclıq oldu, bir aclıq oldu, adam, adam əti yeyirdi. Allah heç kafərə göstərməsin...

Ana cəhrəni bir kənara qoydu və durmaq istədi:

– Ay qız, gəlsənə nə qədər gün batmayıb, gedim bir fal açdırım. Bəlkə, nahaq yerə camaatın ürəyini dərdə salırlar.

Fəridə onu saxladı:

– Gəl Fridundan soruşaq, o oxumuş adamdır, hökumətlərin işindən başı çıxar, – dedi və yavaşca ara qapını açdı.

– Olar, Fridun qardaş?

Fridun pəncərədə durub, yenə işdən qayıdan pinəçi şagirdlərinə baxır və ürək ağrısı ilə onların naməlum gələcəyini düşünürdü. Fəridənin səsini eşidib döndü:

– Buyur, Fəridə.

Fəridə cəld və təlaşla eşitdiklərini danışdı.

– Necə baxırsan, Fridun qardaş?

Fridun sadə sözlərlə dünyanın vəziyyətini onlara anlatmağa çalışdı və:

– Qorxmayın, – dedi, – dava olsa da keçən davaya bənzəməyəcək. Keçən davada dünyanın məzlumları köməksiz idi. İndi onların Şura hökuməti kimi bir köməyi var. O çalışır ki, dava olmasın... Əgər olsa da çalışacaq ki, zəhmətkeşlərin xeyrinə qurtarsın.

Ana:

– Allah onun bayrağını uca eləsin, – dedi, ancaq tamam arxayınlıq üçün ayağa durdu:

– Ay qız, indicə qayıdıram. Qoy bir falçıya baş vurum, görüm nə deyir.

Ananın bu hərəkəti Fridunu həm güldürdü, həm də təəssüfünə səbəb oldu. O, evdə gözünə birinci dəfə dəyən cəhrə-darağı göstərdi:

– Bu nədir, Fəridə?

Fridunun Sərxana təsirindən sonra Fəridə öz aləmində onu bütün insanlardan yüksək tuturdu. Nəzərində onu adamların heç birisinə oxşada bilmirdi. O, hamıdan təmiz, nəcib və yaxşı idi. Özü də hiss etmədən ona xoş gəlməyə çalışırdı. Bir qadın həssaslığı ilə və heç kəsə hiss etdirmədən onun hərəkətlərinə göz qoyur, nəyi bəyənib-bəyənmədiyini öyrənməyə çalışırdı. Fridun “Ana” romanını onlara oxumağa başladıqdan sonra bu hiss daha da artmışdı. Bu hadisə keçən cümə günü Sərxan evdə olanda baş vermişdi. Axşam şamdan sonra yenə samovarın qırağında oturub, ordan-burdan danışırdılar. Ana cinlərdən, köhnə əhvalatlardan deyirdi, Sərxan dəmiryolundan şikayət edirdi. Fəridə qonşulardan eşitdiklərini danışırdı. Fridun birdən bu söhbətləri kəsmiş – “gəlin sizə kitab oxuyum” deyib, mühacir qızının verdiyi kitabı oxumağa başlamışdı. O, sakit və yumşaq bir səslə oxuyurdu. Onun ağzından çıxan sözlər nə isə qeyri-adi, ayrı-ayrı sözləri və cümlələri izah edirdi. Fəridə hiss edirdi ki, o nə isə özündən kitabda olmayan şeylər də danışır. Bir cəhət Fəridənin diqqətini xüsusi cəlb etmişdi: kitabın Sofyanı göstərən səhifələrini oxuyarkən Fridun bir yerdə dayanmışdı:

– Qadın belə olar, – demişdi.

Bu qeyri-ixtiyari deyilmiş sözlər sanki onun bütün qəlbini, bütün arzularını ifadə etmişdi. Bundan sonra Fəridə dumanlı şəkildə də olsa, onun bəyənəbiləcəyi qızın surətini xəyalında yaratmağa başlamışdı. O, qəti olaraq kəsdirmişdi ki, bu qız hər şeydən qabaq nə isə bir iş görməli, bir sənət sahibi olmalıdır. İşsiz və avara bir qızın Friduna xoş gələ biləcəyini o heç cür təsəvvür edə bilmirdi. Bu fikir bir çıraq kimi birdən-birə öz həyatını işıqladıb, ona göstərmişdi: “bəs mən nə edirəm” sualı onu Sərxandan gizlin, çaydan-çörəkdən, qəpik-qəpik kəsib yığdığı pulları götürüb bazara çıxmağa məcbur etmişdi. Özünə paltarlıq üçün yığdığı pulları cəhrə, daraq və ipə vermişdi.

– Fridun qardaş, adam nə qədər evdə işsiz oturar, qonşuların qıybətinə qulaq asar, küçədən gəlib-gedəni sayar?.. Bundan sonra corab, əlcək, köynək toxuyacağam. Həm əlim işə öyrənər, həm də Sərxana bir kömək olar.

Fridun bu qızın daxilində gizlənmiş, boğulmuş, şillə və yumruq altında əzilmiş yaradıcı qüvvənin həyatiliyinə heyran qaldı. İnsan hüquqlarından məhrum olan İran qadınları içərisində Fəridə kimilər yüz minlərlə idi. Onlara azca bir imkan verilsə nələr etməzdilər?.. Eyni zamanda Fəridənin bu hərəkəti onu sevindirirdi:

– Sağ ol, Fəridə – dedi, – sən nə böyük bir hörmətə layiqsən...

Şamdan sonra Sərxan Fridunla təklikdə danışmaq istədiyini dedikdə, ana və Fəridə yavaşca o biri otağa keçdilər... Fridun işdən qayıdanda Sərxanın fikirli olduğunu gördü:

– Nə var, Sərxan, fikirlisən?

– Sənin o kitabın mənim başımı xarab eləyib... Fars deyir ki, “nə midanəm, rahəti-canəm”¹... Bilmirdim dinc idim. İndi hər yerdə bir zülm görürəm. Rahatlığım qaçıb. Bir şeyin pis olduğunu bilmək azdır. Gərək pisi yaxşıynan əvəz eliyəsən. Yoxsa pisi görüb, göz yummaq insaniyyətdən kənar hərəkətdir. İlanı görüb öldürməyənə lənət deyərlər. Bəs indi nə etməli?

Bu “nə etməli” sualı Fridunu Sərxandan artıq narahat edirdi. O, saatlarla, günlərlə düşünmüş və öz aləmində qəti qərar vermişdi: biz də öz “mənəvi vətənimizi” yaratmalıyıq! Bütün sualların cavabı burada idi:

– Heç yaxşı, etibarlı tanışların var?.. Yoxsa tək əldən səs çıxmaz...

– Niyə yoxdur, yoldaşsız ki, adam olmaz. Lap cana dəyən oğullar var.

– Çox yaxşı, gələn cümə onlardan bir-ikisini çağır evə, tanış olaq.

Sərxan yoldaşlarını bir-bir fikrindən keçirib, birinci çağırış üçün adam seçirdi. Fridun onu fikirdən ayırdı:

– Ancaq belə söhbəti Fəridənin də yanında etmək olardı.

¹ Bilmirəm – canım dincdir

Sərxan yanızarafatla güldü:

– Arvaddır, hülqumsuz yaranıb. Etibar yoxdur.

Fridun ciddi etiraz etdi:

– Yox, dostum, haqsızsan. Bu fikri başından çıxart. Onlar bizdən artıq əzilirlər, daha yaxşı işləməyi bacararlar, – dedi və Fəridənin son hərəkətini nəql etdi:

– O çox böyük məhəbbətə layiqdir... Çox!..

Arvadının bu hərəkəti ürəyində incə duyğular oyatdı. Fəridə kələkötür həyat yolunda boynundan asılmış bir yükdən çevrilib, əlindən tutan bir köməkçi olurdu. Bu vaxta qədər onu mənasız, ağır yük edən nə idi? Buna min səbəb tapırdı. Gözünü açanda belə görmüşdü. Hər yerdə belə idi. Qorxuda da, qohumda da! Arvadla başqa cür rəftar fikrinə də gəlmirdi. İndi bu oğlan qadınla kişi arasında tamamilə başqa bir münasibətin şəklini yaradırdı. Fridun bu adi və ağır həyatı yaxşılatmaq mümkün olduğunu göstərirdi. Bu düşüncələrlə yanaşı, dumanlı bir fikir Sərxanın özünün də günahkar olduğunu deyirdi. Bu fikir sanki onu məhkəmə qabağına çəkirdi, Fəridə ilə olan amansız rəftarının pis səhnələrini bir-bir gözlərində canlandırıb, “sən cinayətkarsan, tövbə et!” deyə hökm verirdi. O, xəcalət çəkib, başını aşağı salsa da, Fəridəni çağırıb, Fridunun qabağında üzr istəməyi öz kişi mənliyinə sığışdıra bilmirdi.


Hikmət İsfahani, əyalətlərdən tutmuş Tehrana qədər hər yerdə iqtisadi vəziyyətin xarablaşması ilə əlaqədar olaraq, əhali arasında açıq narazılıqlar əmələ gəldiyini eşidir və görürdü. Narazı olan yalnız kəndlilər və şəhərin yoxsulları deyildi, bunları yatırmaq və aldatmaq Hikmət İsfahaniyə o qədər də çətin gəlmirdi. Ona çətin görünən malikilərin və orta tacirlərin arasındakı narazılıq idi. Bunlar suyun bulandığı gözə yaxın olduqlarından daha çox görürdülər. O, qorxurdu ki, onlar cana gələrlər. Alman və ingilis ticarətxanaları ilə əlbir olub, bu vəziyyəti yaradanların özünü aşkara çıxararlar... Bu onun “vətənpərvər”, “azadixah” və demokrat” adına kölgə sala bilərdi. Buna görə də vaxt ikən cəld sola burulub Nikipur, Bədr, Manux Martinlərdən ayrılmaq lazım idi: onsuz da yığılan mal yığılmış, satılan satılmışdı. Bazarda istənilən qiymət və vəziyyət yaradılmışdı. Lakin Nikipurlardan ayrılmaq az idi. Əvvəla, xalqa “yaxınlaşmaq” və ikinci də, orta tacir maliklərin dostluğunu qazanmaq lazım idi. Hiss olunası addımlar atmadan xalqı Sofi İranpərəstin “Səda” qəzetində yazdıqlarına inandırmaq olmazdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 min
On səkkizinci fəsil

Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.

19 min
On doqquzuncu fəsil

Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:

35 min
İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 min

Poems by other poets