Səkkizinci fəsil
Page 3 of 5 · 40%
Fridun, yadına düşdükcə bütün gördüklərini, arvadı ilə hər səhər dalaşıb axşam barışan ev sahibini, əyyaş gəncləri, ananın çini kasasını bir-bir Kürd Əhmədə danışır, onlara bəzən gülməli bir şəkil verirdi. Kürd Əhməd qulaq asıb gülür, yeri gəldikcə müşahibəti olan hekayətlər nağıl edirdi. Bu söhbətlər içində Fridun sərtibi xatırladı, onun İrandakı millətlər və yuxarılardakı satqınlıqlar haqqında dediyi sözləri Kürd Əhmədə danışdı:
– Çox əqidəli və qeyrətli adama oxşayır.
Kürd Əhməd xeyli fikirdən sonra:
– Tanıyıram, – dedi, – çox maraqlı şəxsiyyətdir. Namuslu bir adamdır. Lakin bədbəxtdir. Aşağıların gücünə inanmır, yuxarılara nifrət edir. Etiqadı bir şahdır ki, o da bunu əbədi şübhə altında saxlayır. Düşmənləri də çoxdur: bizim ağayi Hikmət İsfahani, sərhəng Səfai və sairə... Ən qorxulusu bu axırıncıdır. Çünki ayağının altından yavaş-yavaş səbirlə eşməkdədir.
– Aralarında ədavətmi var?..
– Bəli, həm ictimai, həm şəxsi. Sərtib təmiz adamdır, sərhəng çirkin. Sərtib insaf sahibidir, sərhəng vicdansız. Sərtib millətini sevəndir, sərhəng şöhrət və mənsəbpərəst. Bundan əlavə, hər ikisi də ağanın qızı Şəmsiyyənin aşiqidir. Lakin qız ümidini Şahpura¹ bağladığından heç birinə etina etmir. Sərhəng isə Şahpurun əyləncələrinin uzun sürməyəcəyini bildiyi üçün sərtibi özünə qorxulu rəqib hesab edir. Çünki xanım Şahpurdan əl üzüb, bunların ikisindən birini seçməli olsa, mütləq sərtibi götürəcəkdir.
Fayton İstambul xiyabanının dalında, xırda bir döngədə dayandı. Kürd Əhməd faytonçunu yola salıb, dalandan keçərək, balaca bir qapının zəngini çaldı. Qoca ev sahibəsi qapını açıb, onları içəri buraxdı.
¹ Şahzadə, prins
Onlar qapıdan girən kimi, yuxarıdan astanaya qədər dik uzanıb gələn kərpic pilləkənin ayağında durdular. Burada sərin, lakin rütubətli bir hava vardı. Kürd Əhməd Fridunu ev sahibəsinə təqdim etdi.
– Sizə qonaq və oğul olacaqdır. Analıq edəcəyinizə əminəm.
– Xoş gəlib, gözüm üstə yeri var.
Pillələri aşağı enən ortaboylu və həmişə fiziki işdə çalışan adamlara məxsus yoğun əzələli bir gəncin gurultulu səsi onların danışığını kəsdi. O, uzaqdan Kürd Əhmədi səsləyib:
– Salam, ağayi-mən, – dedi, xoş gördük!
Kürd Əhməd onun əlini sıxıb, Friduna döndü:
– Tanış olun, ağayi Qəhrəmanidir. Dəmiryol işçisidir. Bir yerdə yaşayacaqsınız.
Fridun:
– Çox şadam, – deyib, əlini Qəhrəmaniyə uzatdı.
Qəhrəmani də vücuduna nisbətən xeyli iri görünən əlini uzatdı. Fridunun əlini silkələdi!
– Xoş gəlmisən, əziz dost! Buyur içəri!
Fridun içəri girdi. Bura, küçəyə üç pəncərəsi olan uzunsov bir otaq idi. Qırıq pəncərələrinin hərəsinin yanında bir dəmir çarpayı qoyulmuş, üstü qırmızı kərpici adyallarla örtülmüşdü. Ortada yemək stolu, başda divara söykənmiş yazı stolu vardı. Hər çarpayının yanına bir balaca ayaqaltı salınmışdı. Qalan yerlər açıq olduğundan torpaq döşəmə görünür və otağın bütün yaraşığını pozurdu.
Rza Qəhrəmani çarpayılardan birini Friduna göstərdi:
– Bu sizindir, kasıbın olanından, – dedi və Kürd Əhmədlə ona yumşaq divanda yer göstərdi...
Fridun onun ciddiyyətlə və qızğın bir mehribanlıqla işıldayan gözlərinə baxdı. Bu gözlərdə insanlar arasında dərhal ruhi rabitə yaradan, onları köhnə dostlar kimi bir-birinə yaxınlaşdıran bir məhəbbət və sadəlik vardı.
Sərxangil Fridunun başqa bir yerə köçmək istədiyini öyrəndikdə, təəccüb etdilər, susub durdular. Narazı-narazı bir-birinə baxdılar. Xüsusilə Fəridə heç bir söz demədən, tənəli gözlərlə Fridunu süzürdü. Fridun:
– Arxayın olun, – deyirdi, – qiyamətə qədər mən sizdən ayrılmayacağam. Harada olsam gəlib tapacağam...
Nəhayət, Fəridə səsini çıxartdı, ağır sükutu pozdu, üzünü Sərxana tutdu:
– Barı yerini öyrən, görək harda olacaq, hərdənbir baş çəkərsən.
Sərxan ağzını açmamış Fridun ünvanını dedi:
– İstambulinin dalındadır. Rza Qəhrəmani adlı bir yoldaşım olacaq. Özü də Sərxan kimi dəmir yolunda işləyir.
Bu sözü eşidən kimi Sərxanın rəngi açıldı:
– Nə deyirsən, canım? Lap yaxşı tanıyıram. Ustadır. Neçə dəfə maşınımı təmir edib. Canlara dəyən oğlandır. Sözün düzünü deyim, başqa yerə köçsəydin, buraxmayacaqdım.
Fridun evdən çıxanda Fəridə əlindəki corabın ipini kəsib bükdü, ona verdi:
– Birinci corabı sənə bağışlayıram, geyərsən...
Ana çini kasanı ləmədən götürüb, su ilə doldurub, dalınca atdı:
– Yaxşı yol, oğlum...
Kürd Əhməd, xarici ticarətxanalarla əlbir olmuş bir ovuc tacirlərin işlədiyi cinayətləri ətraflı olaraq Friduna danışdı, iqtisadi fəlakətin geniş mənzərəsini onun xəyalında yaratdı:
– Susmaq olmaz! Həqiqəti xalqa demək lazımdır... Vərəqə buraxmaq lazımdır!
Bu fikir, əməli fəaliyyət yolunda ilk addım olaraq Friduna xoş gəldi.
– Çap etməyə yer varmı?
– Yoxdur. Mətbəələrlə əlaqə yaradana qədər əlyazmalarını yaymaq lazımdır.
Fridun vərəqənin mətnini bir gecədə düzəltdi. Rza Qəhrəmaniyə oxudu. Onun əsasında iki sinfin mübarizəsi fikri qoyulmuşdu. Əzənlər və əzilənlər!.. Orada bütün fəlakəti törədən birincilərin tüfeyli, soyğunçu təbiəti göstərilirdi. Bu sinif məhv edilsə hər şey düzələcəkdi. Dünya cənnət yaranacaqdı. Rza Qəhrəmani qulağına yeni dəyən və cəsarətlə yazılmış bu sözləri bəyəndi, hər ikisi, Kürd Əhmədin evinə gedib, vərəqəni ona oxudular. Kürd Əhməd bir də, iki də oxudu. Bu sözlər ona da xoş gəlirdi. Lakin onlarda nə isə bir şey çatmırdı. Sanki onlar bu gündən, həyatdan təcrid olunmuşdular.
– Buraya günün rəngini vurmaq lazımdır. Çalışın ki, sözlər hər kəsə aydın bir fikri ifadə etsin. Hər kəsi maraqlandırsın. Bir də, demək lazımdır ki, əzənlər dediyimiz təbəqə yalnız əzələnlərin deyil, bütün millətin düşmənidir. İranın milli mənafeyinin düşmənləridir. Sovetlərlə düşmənçilik labüddən onları imperializmin qucağına atır. Vətəni və milləti satırlar...
Fridun da, Rza Qəhrəmani də bu əlavəni bəyəndi, vərəqəni bu ruhda düzəltdilər.
Elə bu gecə bacardıqları qədər onun üzünü çıxaracaqlarını vəd edib, getmək istədikləri zaman sərtib Səliminin onu görmək istədiyini Kürd Əhmədə xəbər verdilər. Ani fikirdən sonra Kürd Əhməd:
– Buraxın gəlsin, çay hazırlayın, – dedi və sərtibi qarşılamaq üçün ayağa durub, həyətə çıxdı.
Sərtib içəri girdikdə Fridun da, Rza Qəhrəmani də hörmətlə ayağa durdular. Kürd Əhməd sərtibə yer göstərdi. Sərtib yumşaq kresloya oturdu:
– Bu ağalar kimdir? – deyə soruşdu.
Kürd Əhməd Fridunu göstərdi:
– Bu ağa mənim azərbaycanlı dostlarımdandır, müəllimdir. Tehrana, danişgahda¹ oxumaq fikrilə gəlib. Bu ağa da ustadır, istigahda² işləyir. Maşınlardan yaxşı başı çıxır.
Kürd Əhməd onları təqdim etdikdə Fridun və Rza Qəhrəmani xəfifcə qalxıb, baş əydilər. Sərtib Friduna baxdı:
– Oxumağa gəlməkdə çox yaxşı eləmisiniz, – dedi, – hər bir millətin, nəinki hər bir millətin, bəlkə, bütün bəşərin xilas yolu danişgahdan keçir... Bir çətinlik olsa, utanma, yanıma gəl...
Fridun təşəkkür etdi, Kürd Əhməd:
– Ağayi sərtib maarifpərvər adamdır, – dedi, – danişgahda oxuyanların çoxuna köməyi dəymişdir.
Fridun:
– Mən sərtibin nəcib bir ürək sahibi olduğunu gözümlə görmüşəm, – dedikdə sərtib maraqlandı:
– Harada, oğlan?
Fridun ona çayxananı xatırlatdı, kəndlilərin arasında yatmış olduğunu dedi.
– Bir azərbaycanlı olaraq, o uca fikirlər üçün sizə təşəkkür edirəm.
¹ Universitet
² Depo
Sərtib onun bütün söhbətlərini eşitdiyini güman edərək:
– Həmid Həmidinin axırını bildinmi? – deyə soruşdu. Fridunun sualedici nəzərlərini gördükdə əhvalatı müfəssəl nəql etdi.
– Böyük bir dəstənin tutulması üçün əmr verilmişdir. Deyəsən, Həmidinin aqibəti çox pis olacaq.
Fridun:
– Yenə ümidimizi ədalətə bağlayaq, – dedikdə, sərtib acı-acı güldü:
– Ədalət, ədalət!.. Nə qədər ki, sərhənglər, bu satqın vəzirlər, vəkillər var, ədalət boş bir xəyal olub qalacaq... Yaxşı, hansı danişgodədə¹ oxumaq fikrindəsən?
– Danişgədeyi-hüquqda...
– Bəs nədən dərs verirdin?
– Tarix, ədəbiyyati-iran ixtisasımdır.
Sərtib nə isə düşünər kimi, fikrə getdi. Friduna heç bir sual verməyib, Kürd Əhmədə döndü:
– Yəqin nə üçün gəldiyimə təəccüb edirsən?
– Xoş gəlmisiniz... Qapımız açıqdır.
– Danışmalı bəzi məsələlər var.
Fridun və Rza Qəhrəmani çayı gözləmədən qalxdılar.
– Sərtib, bizi bağışlayın, – deyib əl uzatdılar. Sərtib ayağa durdu, Fridunla görüşəndə:
– Oğlan, bir nəfəri ədəbiyyatdan hazırlaya bilərsənmi? – dedi. Axı danişgahda bir köməksiz ki, oxumaq mümkün deyil.
Fridun cavab verməmiş Kürd Əhməd sözə qarışdı.
– Çox yaxşı olar, sərtib, ağanın elə bir işə ehtiyacı var...
– İki gündən sonra xahiş edirəm məni görün...
Fridun “baş üstə” deyib çıxdı. Onlar getdikdən sonra Kürd Əhməd iki stəkan ətirli və rəngli çay gətirdi. Birini sərtibin qabağına qoyub oturdu. Sərtib çaya qənd salıb, qarışdıra-qarışdıra:
– Bilirsinizmi, – dedi, – mən daha vəzarəti-kişvərdə işləmirəm. İki gün əvvəl vəzir çağırmışdı. Danışığından anladım ki, istefaya getmək lazımdır. Əslən özüm də çox şadam. Sizin yanınıza gəlməkdə isə başqa məqsədim var.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.
On səkkizinci fəsilMister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
On doqquzuncu fəsilTəpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
Poems by other poets
Nəqşi aləmidir keçmişəm dilü candan,Yəqin elur ki, Bana bən bu yolda qətl oluram!
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Yaşamaz aşiq olan dövlət ilə cahə görəYaşamaz aşiq olan dövlət ilə cahə görə,Can fəda eyləmə, mehri yox olan mahə görə.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm