Page 2 of 5 · 20%

Beləliklə, qəlyanı sümürə-sümürə, onun ahəngdar xorultusu və ağ dumanı altında hər şeyi düşünüb, hər tədbiri tökdükdən sonra Kürd Əhmədi yanına çağırmağı pişxidmətə tapşırdı. Kürd Əhmədi o çoxdan tanıyırdı. Onun qəlbən özünə tamamilə zidd bir adam olduğunu bilirdi. Bilirdi ki, Kürd Əhməd əqidəsi etibarilə demokrat, xalqı və vətəni sevəndir. Ürəyi təmiz və insaflı adamdır. Elə buna görə də başqa bir adamı yox, məhz onu yanında saxlayırdı, bütün işlərdə ona etibar edirdi. Əvvəla, bunu görən xalq deyəcəkdi ki, ağayi Hikmət İsfahani yaxşı adamları başına yığır. Bu özü balaca söhbət deyildi. İkinci də, o heç bir şahının da dərdini çəkmədən gecələr rahat yatırdı. Çünki qızılı səp küçəyə, Kürd Əhməd gözünün ucu ilə əyri baxan deyildi. Onun həqiqi demokratik əqidələrinə gəldikdə isə, Rza Pəhləvi elə bir şərait yaratmamışdı ki, bu kimi əqidələr qorxulu şəkil alalar. Bütün bunlardan əlavə iki xırda mülahizə də Hikmət İsfahanini Kürd Əhməddən bərk tutmağa məcbur edirdi. Birinci: Kürd Əhmədin Kürdüstan və Azərbaycanda dostları və tanışları çox olduğu kimi, nüfuzu da çox idi. Lap pis ayaqda Kürd Əhməd nə desə, onun məsləhətindən nə kürdlər, nə azərbaycanlılar boyun qaçırmırdı. İkinci: “demokratlıq” və “vətənpərvərlik” Hikmət İsfahani üçün bir əyləncə, bir növ nərd oyunu olmuşdu. Bu oyunda da Kürd Əhmədi özü üçün ən yaxşı yoldaş, müsahib hesab edirdi.

Kürd Əhməd içəri girdi, salam verib oturdu.

Hikmət İsfahani acıqlı-acıqlı ona baxdı:

– Qardaş, saqqalım yoxdur, sözüm ötmür, – dedi, gördün bu insafsızlar xalqın başına nə oyun açdılar. Bazarın halını görmürsən?.. Əla Buxara dərisinin qiyməti gəlib düşüb 60 riyala. Üçcə ay əvvəl doxsan riyal idi. Hələ bir il bundan qabağı demirəm. Yıxdılar millətin evini, Allah bunların evini yıxsın. Bütün məmləkətin iqtisadiyyatını pozdular.

Kürd Əhməd qabağında bir oyunbaz oturduğunu görürdü. Onun bu dəfə nə kələk işlətmək istədiyini bilmək çətin deyildi. O, bu adamın nərdi necə oynadığını bildiyi kimi, şəraitə görə bütün fikrinin istiqamətini də əvvəlcədən müəyyən edə bilirdi. Hər şey göstərirdi ki, ağanın “sola” burulmaq vaxtı gəlib çatmışdır.

– Vəziyyət çox pisdir, – deyib onun sözünün dalını gözlədi.

– Pisdir, dedin qaldı... Müsibətdir. Müsibət!.. Xalqın halına baxanda mənim yadıma bir məsəl düşür. Bəlkə eşitmiş olasan, deyir ki, bir ərbab nökərini də götürüb kənddən şəhərə yola çıxdı. Yol uzaq olduğundan, axşam gəlib şəhərə çata bilmədilər. Gecə kövşənin bir yerində ərbab atdan düşüb, şam elədi. Yəhəri də başının altına qoyub yatdı. Atı da nökərə tapşırıb, ötürdü çəmənə otlasın. Çün nökərə çox etibarı yox idi, fikri qalmışdı atın yanında, huşa gedib, tez ayılırdı, nökəri çağırırdı:

– Əli, bala!

Nökəri ondan qabaq huş aparmışdı. Bu səsdən ayılcaq tez gözlərini ovub, ata tərəf baxdı, gördü at otlayır, rahat cavab verdi:

– Bəli, ağa...

– Nə eləyirsən, bala?..

– Ulduzları sayıram, ağa...

– Say, bala, say... Çox böyük iş görürsən, say... At ordadırmı?

– Bəli, ağa, burdadır.

Ərbab yenə huşa getdi. Bir azdan sonra yenə yuxudan zərəsan qalxıb qışqırdı:

– Əli, bala!

Nökər tez gözlərini ovdu, ata baxdı. At otlayırdı.

– Bəli, ağa!

– Bala, nə eləyirsən?

– Ağa, fikir eləyirəm ki, görəsən bu bostanda qovun-qarpız çoxdur, yoxsa göydə ulduz.

– Fikir elə, bala, fikir elə. Yaxşı fikirdir. At ordadırmı?

– Bəli, ordadır.

Ərbab üçüncü dəfə oyanıb, nökəri çağırdı, nökər gözlərini ovub, ata tərəf baxdı. At yox idi. Onu çodarlar götürüb getmişdi. Nökərin səsi yavaş çıxdı:

– Bəli, ağa...

– Nə edirsən, bala?

– Ağa, fikir eləyirəm ki, at getdi, cəhənnəmə, bəs indi bu yəhəri kimin belinə qoyacağıq?

– Oğul, indi mən də fikir eləyirəm ki, bu ağayi Nikipurların cibi doldu, cəhənnəmə, bəs bu fağır-füğaranın qarnı necə olacaq, üst-başı necə olacaq...

Kürd Əhməd onun yavaş-yavaş mətləb üstünə gəldiyini görüb:

– Onların da dərdini yəqin yenə sizin kimi ağalar çəkəcək, – dedi.

– Əlacım nədir, millətimdir, gərək dərdini çəkəm. Get, bala, əlli min tümən ayır, əldən düşmüş orta və xırda tacirlərə borc ver. De ki, bir köpük də faiz istəmirəm. İyirmi min tümən də ayır Tehran, Təbriz, Mehabad və Məşhəd yoxsulları üçün. Ver paylasınlar. Lat-lütə kömək eləsinlər.

Kürd Əhməd çıxmaq istədi. Hikmət İsfahani onu saxladı:

– Xahiş edirəm, ağa, şəxsən özün məşğul ol. Qoy bu pul yetim-yesirə çatsın, bələdiyyə oğrularının cibinə dolmasın.


Sovetlərlə ticarət müqaviləsinin bağlanmasını tələb edən səslər ucalmaqda idi. Bu səs yalnız xalq kütlələrinin yox, İranın milli iqtisadiyyat və mənafeyini az-çox əziz tutan bütün demokratik qrupların və təbəqələrin səsi idi. Ayrı-ayrı tacirlər, sənaye və təsərrüfat idarələri sahibləri orada-burada bu məsələ barədə öz fikrini deməyə başlayırdı. Kürd Əhməd belə bir zamanda həqiqəti xalqa söyləyən bir yazının böyük əhəmiyyətini düşünürdü. Bu fikir onda “Səda” qəzetindəki yalanları oxuduqdan sonra oyanmağa başlamış və getdikcə güclənərək, qəti qərar halını almışdı:

– Salam, ağayi Kürd Əhməd, – deyən tanış bir səs eşitdi. Fridunu gördükdə, qucaqlayıb öpmək istədi. Lakin özünü saxlayıb, bərk-bərk əlini sıxdı, anbarın böyründəki dördkünclü balaca otağa keçirtdi, qapını örtdü. İngilis qıfılının dilini buraxdı:

– Harda qaldın, əzizi-mən? – dedi, otur danış görək başına nələr gəldi.

Fridun Tehrana necə gəlib çıxdığını, özünə necə yer axtardığını və harada qaldığını nağıl etdi:

– Özümə bir neçə yoldaş da tapmışam, – deyib Sərxandan, Fəridədən, dəmiryolunda yoldəyişən vəzifəsində işləyən Rüstəmdən məlumat verdi.

– Gözəl insanlardır, ürəkləri təmiz, fikirləri birdir. Mən indi hiss edirəm ki, cəmiyyətimizdə belə adamlar çoxdur. Onların hamısı yaxşı bir günü həsrətlə gözləyirlər. Lakin sən orda narazı, mən burda narazı olmaqla o gün yaranmayacaq. Birlik lazımdır. Minlərlə insanların iradəsini, fikrini birləşdirən bir qüvvə lazımdır!

Kürd Əhməd onun bu fikirlərinə qulaq asdıqca gözləri gülürdü. Yeni yoldaşının canlı bir ürək, rahatlıq bilməyən bir fikir sahibi olduğunu görür və sevinirdi. Friduna isə elə gəlirdi ki, bütün dedikləri azdır. Onlar xəyalından keçənlərin həqiqi düşüncələrinin yüzdən birini belə ifadə etmir, ona görə də daha kəskin ifadə tapmağa çalışırdı.

– Bizə mənəvi vətən lazımdır, siyasi təşkilat lazımdır! – deyib stola dirsəkləndi, nəyə isə hücum edirmiş kimi, sinəsini qabağa verdi.

Kürd Əhməd eyni hərəkətlə sinəsini irəli verdi və Fridunun gözlərinə baxdı:

– Sən bilirsənmi ki, bu yol dar ağacları, rütubətli zindanlar, sürgünlər yoludur?

Fridun bu sözlərdəki şübhədən daha da qızışdı.

– Bilirəm, lakin gərək biri canından keçə ki, o birilər azadlıq görələr.

Nikolayın, Pavelin fikirləri yadına düşdü. Daha doğrusu, onların heç bir fikrini olduğu kimi xatırlaya bilmirdi. Lakin onların qanı qəribə bir şəkildə, sanki öz qanına qarışmışdı və onun hərəkətini artıraraq, qəlbinin damarlarını yeni bir ehtirasla yandırırdı.

– Mən azadlıq yolunu işıqlandırmaq üçün ürəyimi məşəl kimi yandırmağa hazıram! Bu yolda dalımca gələnlər saysız-hesabsız olacaq. Dayan səbr elə, görərsən. Həm də nəinki yalnız Sərxanlar, Musa kişilər, Rüstəmlər gələcəklər, bir tikə çörəyə möhtac olanlar gələcək, yox, yox böyüklərdən də, cismən bolluq içində yaşayanlardan da gələnlər olacaq!.. Çünki bu cəmiyyət yalnız insanın mədəsini deyil, onun ruhunu da, qəlbini də doydurmaqdan acizdir. Onun böyük dərdi ruhi aclıqdır!

Fridun bu sözləri deyərkən xəyalından sərtib gəlib keçirdi.

Kürd Əhməd onun qollarından yapışıb sıxdı:

– Nə gözəl fikirlərin var, dostum! – dedi, – gedək, sənin üçün münasib bir otaq da hazırlamışam.

Küçəyə çıxıb, faytona oturdular. Kürd Əhməd gedəcəkləri ünvanı faytonçuya söylədi və günəşdən gizlənmək bəhanəsilə faytonun üstünə saldırdı. Faytonçu qırmancı havada yellədikdə, boynu qırmızı qotazlı və zınqırovlu atlar hərəkət etdi. Faytonçu tez-tez rast gələn xırda alverçilərin, yük daşıyan araba və faytonların yanından ötüb keçir, mütəmadiyən:

– Ha, ha, ho-ho, – deyə gah adamları, gah atları haylayır, qırmancını havada oynadırdı...

Kürd Əhməd Fridunun Süheylilərin yanında işlədiyini eşitdikdə narazı qaldı.

– Pis adamlardır, aldıqları nəfəs də yalandır.

Fridun iki dəftər məsələsini danışıb, səbəbini soruşdu.

Kürd Əhməd onun ticarət işlərindəki xamlığına güldü:

– Belə fırıldaqlar ticarət aləmində çoxdur. Həqiqi gəliri gizlədirlər ki, vergilərdən boyun qaçırsınlar. Tezliklə gərək sənə başqa bir iş tapaq. Orada baş çıxara bilməzsən. Dolaşdırarlar. Çünki Süheylilər içlərinə buraxdıqları adamı ya gərək cinayətə iştirakçı etsinlər, ya da axırına çıxsınlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 min
On səkkizinci fəsil

Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.

19 min
On doqquzuncu fəsil

Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:

35 min
İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 min

Poems by other poets