Altıncı fəsil
Page 1 of 2
Tehran düzündə qeyri-adi bir külək oynayırdı... Birdən qalxaraq, göy üzünə bir neçə boz bulud gətirmiş bu külək şəhərin üstünü toz ilə örtmüşdü... Azca saralmış və dumanlı kimi görünən günəş öz qaydasilə hər tərəfi yandırıb yaxırdı. Ala-tala buludlar ondan çox aralı hərəkət edib gedir, kölgələrini şəhərin üstünə yox, Zərgəndə və Şimrana salırdı. Külək şəhərin küçələrində, evlərin tinində, dalanlarda dolanır, isti və kəsif havaya quru və acı toz-topaq qataraq, insanların üzünə, gözünə, başına çırpırdı. Otaqların pəncərəsini örtdükdə istidən nəfəs almaq olmur, açdıqda isə dərhal toz qazmağı ilə örtülməyən bir künc-bucaq qalmırdı.
– Şərq belədir, həm dişlərini qıcıyır, həm gülümsəyir, – deyə fon Valter otağın pəncərələrini örtdü, üç tərəfdən künclərə qoyulmuş elektrik ventilyatorlarını işə saldı və adəti üzrə divardan asılmış balaca, dairəvi aynaya baxaraq, başının tüklərini yana sığallamağa başladı. Aynada daz başının dərisi daha da işıldayırdı. Saç naminə yalnız başının yanlarında, qulaqlarının üstündə bir qədər tük qalmışdı. Bir müddət o bu tükləri hər iki tərəfdən yuxarıya doğru darayaraq, səliqə ilə ortalığa yatırır, nə isə ürəyinə bir qüssə gətirən dazlığın üstünü örtməyə çalışırdı. Lakin zaman keçdikcə onlar o qədər qısaldılar ki, heç cür gəlib ortalığı örtə bilmədilər. Fon Valter bu tüklərdən əl çəkməyib, yatarına daramağa başladı. Seyrək çayırlıqda düşmüş yol kimi alnından boynunun ardına qədər uzanan dazlığı isə birdəfəlik görməməyi qərara aldı. Yanlarda qalmış seyrək tükləri sığallamaq bir əyləncəyə, bir adətə çevrilmişdi. Kefinin saz vaxtında ayna qabağında durub, fit çala-çala uzun müddət bu tükləri darar, sığallardı. Müsahibə zamanı müvəffəqiyyətli bir söz desə, ya xoşuna gələn bir söz eşitsə, boğuq bir səslə gülüb, əlini bu tüklərə çəkərdi... Onun gülməyinə də gülmək demək olmazdı. Nə isə bir “xı, xı, xı” eşidilərdi. Sanki boğazında qalmış bir şey onu boğur. Tanıyanları deyərdilər ki, fon Valter gülməyi bacarmır, o özü də buna etiraz etməzdi. Lakin müsahiblərin, kənardan müşahidə edənlərin gözü onun əllərində olardı. Elə ki, bu əllər başına doğru qalxdı, o saat bilərdilər ki, bəli, deməli, söz fon Valterə təsir etmişdir: təsir yaxşı olanda əllərilə seyrək tükləri yavaş-yavaş, səliqə ilə tumarlardı. Pis olanda əllərini tez-tez bu tüklərə çəkərdi. Fon Valterin balaca və yumru boynuna nisbətən başı çox yekə görünürdü. Alnı elə bil yumruq kimi qabağa çıxmışdı. Sarı qaşları tərpənəndə gözlərinin üstünü örtürdü. Onları dərinlərdə gizlədirdi. Bilmək olmurdu ki, gözləri çox batıqdır, yoxsa qaşları çox çıxıq... Buna münasib də qalın və sallaq dodaqları vardı. Bu simada yalnız, nazik, düz və hamar burun başqa bir bədəndən gəlmə, yabançı bir təsir bağışlayırdı.
O, səfirlə birlikdə Rza şahın görüşündən yenicə qayıtmışdı. Bu görüş Ribbentropun imzasilə fürerin adından danışan teleqrama əsasən təşkil edilmişdi. Ribbentrop şahla böyük nəzakət və incəliklə danışmağı, lətifələr və yeri gəldikdə komplimentlər işlətməyi, hətta üzlərində daima mehriban bir gülüş saxlamağı onlara yazmışdı. Görüş İranla Almaniya arasında ticarətin daha da genişləndirilməsi, Almaniyanın İrana yeni mütəxəssislər göndərməsi və İran ordusuna kömək məsələləri haqqında fikir mübadiləsi xasiyyəti daşımalı idi.
Rza şah onları mərmər sarayda, öz torpağında qəbul etdi. Yalnız saray vəziri Həkimülmülkdən başqa, kimsə bu görüşdə iştirak etmirdi. Bu da şahın görüşə çox əhəmiyyət verdiyini və onun mündəricəsini gizlin saxlamaq istədiyini göstərirdi. Şah onları xəritənin qabağında durub, fikrə getmiş halda qarşıladı. İki addım irəli yeriyib, səfirin, sonra fon Valterin əlini sıxdı. Fon Valter, şahı aşağıdan yuxarı süzdü. Ayağında işıldayan çəkmələr, əynində yanı yaşıl qaytanlı şaldan tikilmiş şalvar və çiyni zər poqonlu kitel-pencək vardı. Boyu uzun, əlləri tüklü və qara, siması ciddi və qəzəbli idi. Yalnız gözlərində təbəssüm əlaməti olan süni bir mülayimlik vardı ki, o da qaranlıq otaqda lap indicə sönəcək zəif bir kibrit işığına oxşayırdı. Səfir, fürerin və fon Ribbentropun salamını şaha yetirdi.
– Əlahəzrətin tərzi-təfəkkürü, hərəkət və əməlləri Almaniya ilə İranı mənən birləşdirir, ruhi rabitə yaradır, – dedi. – İki dövlət arasında fikirlər və ideoloji eyniyyət üstündə yaranan dostluq etibarlı dostluqdur.
Şah təşəkkürdən sonra fürer və cənab xariciyyə vəzirinə onun salamını yazmağı səfirdən xahiş etdi.
– Cənab Hitlerin qəti hərəkətləri bizə xoş gəlir. Beynəlxalq münasibətlərdə qırılmalı qaydalar çoxdur. Köhnə müqavilələr cırılmalıdır. Almaniya – Avropa, İran – Şərqdə yenə də öz keçmiş əzəmətinə malik olmalıdır!
Fon Valter sözə qarışdı:
– Bizim istədiyimiz odur, – dedi və xəritəyə yaxınlaşıb, əlini Almaniyanın üstünə qoydu:
– Biz nəfəs ala bilmirik. Dar coğrafi bir dairədə boğuluruq.
Nəyi isə qapar kimi əlini Şərq məmləkətləri üzərində gəzdirdi:
– Bizə torpaq lazımdır, həyat sahəsi lazımdır!
Rza şah üstdən-aşağı ona baxıb, əlini çiyninə qoydu:
– Biz sizi yaxşı başa düşürük – dedi, – Almaniyanın bu arzularına bizim rəğbətimiz var. Dünya yeni qaydalara möhtacdır.
Səfir, Rza şahın onlardan nə gözlədiyini anlayırdı:
– Əlahəzrət düz buyururlar, – dedi, – fürer bütün dünyada yeni qayda yaradacaqdır. O, bunu Avropadan başlayıb, sonra şərqə dönəcəkdir. İran öz keçmiş əzəmətini bərpa edəcəkdir...
Hələ də gözü xəritədə olan fon Valter əlini Orta Asiya torpaqlarında gəzdirərək, Xəzər dənizindən keçirtdi və dənizə doğru qabarmış Bakının üstündə saxladı:
– Almaniya və İranın mənafeyi birdir, – dedi, – sizə də, bizə də torpaq lazımdır. Biz şərqə tərəf enməliyik, siz şimala tərəf qalxmalısınız. Yolumuzu kəsən düşmən birdir. O düşmənin adı bolşevizmdir! Ona qarşı müqəddəs səlib müharibəsi açmaq lazımdır. Fürer bunu edəcəkdir.
Rza xanın gözləri işıldadı:
– Bu yolda, fürer bizi özünə sadiq müttəfiq saya bilər. İyirmi ildir, biz Şərqdə bolşevizm selinin qabağını kəsmiş bir sədd olmuşuq. İndi də sovetlərə qarşı çıxan hər kəs bizim dostumuzdur və bizdən hər cür köməyi görəcəkdir.
Şah danışdıqca gülümsəyən və təsdiq edən səfir:
– Almaniya öz dostlarını tanıyır, – dedi, – biz şahənşah həzrətlərinin sovetlərə olan münasibətini çox yüksək tuturuq. Bizi birləşdirən yalnız iqtisadi mənafe deyil, həm də əqidə və məqsədlərdir.
Onlar Rza şahın yanından bir saat sonra çıxdılar. Saray vəziri Həkimülmülk bütün söhbət əsnasında heç bir rəy söyləmədən onlara baxıb, başı ilə təsdiq edir, Rza şaha “Bəli, qurban, bəli qurban” deyib dururdu. O, nə isə bikef idi. Fon Valter bunun səbəbini təyin edə bilmirdi.
Hələ aynanın qabağından çəkilməmişdi. Burnuna, qaşlarına baxır, dodaqlarını aralayıb, dişlərini yoxlayır və daima əllərini başındakı seyrək tüklərin üstündə gəzdirərək, fit çalırdı... Bütün bu hərəkətlər sanki fikrinin yaxşı işləməsinə kömək edirdi. Fikri isə hələ də, Rza şahla olan görüşdə idi. Şah onların təkliflərini qəbul edəcək bir mehribanlıq göstərmişdi. Bəzi məsələlər isə artıq qəti olaraq həll edilmişdi: Zəncan mis mədənlərini istismar etməyə şah razılıq vermişdi. Həmçinin maliyyə, sənaye və ticarət, poçt və teleqraf və daxiliyyə vəzarətlərində əlavə otuz alman mütəxəssisi və müşavirlərinin yerləşdirilməsi də razılaşdırılmışdı. Ticarət məsələləri ətrafında xüsusi nümayəndələrin işləməsi məsləhət görülmüşdü. İran ordusunu silahlandırmaq və onda döyüş intizamı tərbiyə etmək təklifini şah şərtsiz və qeydsiz qəbul etmişdi. Fon Valter səfirlə birlikdə Ribbentropa görüşün məzmunu və nəticələri haqqında müfəssəl şifr-teleqram yazdıqdan sonra öz otağına qayıtmışdı. Yorulub tərlədiyi üçün səfarətxana hamamında soyuq duşda yuyunmağı da unutmamışdı. Nəhayət, ayna qabağından çəkilib, yerinə gəldi və vəzarətlərə göndəriləcək adamların siyahısını qabağına qoydu... Kimin harada daha əlverişli olacağını bir də düşünməyə başlamışdı ki, qapı açıldı:
– İcazə varmı? – deyə, fon Zalkind, vətəndaş paltarında olsa da, hərbi qaydada salam verib, içəri girdi. O, vəzarəti-kişvərdə, baş alman müşaviri idi. Fon Valter ona yer göstərdi:
– Sərtib Səlimi də buradadırmı?
Zalkind günahkar kimi ona baxdı.
Fon Valter:
– Gəlmək istədi, eləmi? – dedi, – mən belə olacağını bilirdim.
Zalkind, fon Valterin onu bacarıqsızlıqda ittiham etmədiyini gördükdə yüngül nəfəs aldı:
– Tərs və anlaşılmaz adamdır, – dedi və fon Valterin əllərini tez-tez başına çəkdiyini görüb susdu. Fon Valter onu təshih etdi:
– Düşməndir!
– Kim hara təklif edirsə rədd edir, Sərhəngin də əl-ayağına dolaşır... Yoldan götürülsə yaxşıdır.
Fon Valter mənalı-mənalı Zalkindi süzdü:
– Ələ keçirsək, kara gələr, özü kimi zabitlər və ziyalılar arasında hörməti çoxdur. Yaxşı, siz gedin. Mən özüm axşam onun yanına gedəcəyəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:
Üçüncü fəsilTehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!
Dördüncü fəsilFridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.
Beşinci fəsilİlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.
Poems by other poets
Ala gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
NeyləyimUstam öldü, genə qaldım ortada,Yarımçıqdan aşıq olmaz,neyləyim.
Sharafnama, chapter 19Come, cup-bearer! that pure ruby (the wine of senselessness)Bring; wash this one grief-stained (for God).