Page 1 of 5

Rza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:

– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.

Rəis uzun danışdı, 1939-cu ilin yayında İngiltərə və Fransa hökumətlərinin Moskva danışıqlarını pozmasını Sovet dövlətinin xarici torpaqlara göz dikməsi ilə, “heç bir dövlətlə yola getmək istəməməsi” ilə izah etdi:

– Allahın köməyilə, əlahəzrət-hümayun şəhənşahi İran Rza şahın mərhəmətilə İran bu bəlanın da xətərindən kənarda qalar, inşallah, amin! – deyib sözünü qurtardı.

Bir xeyli sükutdan sonra “kimin nə sualı var?” deyə soruşduqda qoca bir fəhlə irəli yeridi:

– Ağa, hər şey aydındır, – dedi, – bəs bizim hüququmuzu nə vaxt artıracaqsan? Vallah, ağa, dolanmaq olmur. Heç bir qarın çörəyə də çatmır. Üst-başımızı da ki, Allaha min şükür olsun, gözün var, görürsən...

O, yağ və dəmir pasından çirklənmiş, cırıq-cırıq olmuş köynəyini, şalvarını, baş barmağı burnundan çölə çıxmış, dabanı yeyilib yatmış ayaqqabısını göstərdi. Bir neçə yerdən:

– Ağa, vallah düz deyir, hamımız o gündəyik, – səsləri gəldi.

Rəis:

– İndi bu söhbətin yeri deyil, ağalar, indi söz başqa mətləbdəndir, – dedi və yenə müharibə qorxusundan danışıb, Rusiyada müsəlmanları böyük bir qorxu hədələdiyini söylədi və daha heç bir söz soruşmayıb getdi.

O getdikdən sonra fəhlələr divarın kölgəsində, kimi çömbələrək, kimi daş üstündə oturaraq, hərə qabağına bir bağlama qoyub, nahar etməyə və danışmağa başladı. Kim isə ucadan gülərək, qoca kişiyə:

– Əmi, amma nə sual verdin, – dedi, – vallah, atasına min lənət oxusaydın, ondan yaxşı idi. Lap belinin ortasından vurdun.

Biclik bilməyən qoca, bir uşaq sadəliyilə cavab verdi:

– Vallah düz deyirəm, dolanmaq olmur...

– Əbləh köpək oğlu, mən burda acından ölürəm, gəlib ac qarnına başlayıb mövizəni...

Başqa birisi söhbəti rəisin danışdığının üstünə gətirdi:

– Amma gözünə döndüyüm sovetlər də nə elədi, almanlarla müqaviləni bağlayıb, ingilisi qoydu ortalıqda.

– Çemberlen elə bilirdi ki, faşizmi söyə-söyə bolşevikləri qızışdırıb atacaq meydana, sonra da daldan qaçacaq. Özün öləsən. Aldatdın ha!.. Buna sovetlər deyərlər, yüz il bundan sonranın nəqşəsini indi tökür.

Bu danışıqlar arasında başqa sözlər də eşidilirdi:

– Rusun bizdən torpaq istəməyi düzdür, yox?

– Yox canım, axmaq sözdür, bunlar hamısı noxtadır, keçirirlər boynumuza!

– Bəs dinsizliyi necə? Deyirlər “Allah” deyənin dilini boynunun ardından çıxarırlar.

– Bir az dinsizliyi var, amma o dərəcədə yox...

– Kişi deyir, kim nəyə inanır inansın, mən inanmıram.

– Heyf, heyf belə bir dövlətə, fəhlənin köməyi, yoxsulun dirəyi ola-ola, din ilə arası yoxdur.

– Mən deyirəm ki, əsl dinpərəst elə odur: camaatın ki, qarnını çörəklə doyurub, bəsdir, demək, Allahın işi xoşdur. Çünki dinsizlik də aclıq olan yerdə çıxar. Görmürsən ki, el deyir, acın imanı olmaz.

Rza Qəhrəmani deponun divarı yanında oturmuş bu adamlarla beş il bir yerdə çalışırdı. Onların hər birinin həyatı, tərcümeyi-halını, arzu və istəyini yaxşı bilirdi. Bunlar zəhmətin sadiq övladları idi. Onların danışıqlarına qulaq asdıqca “nə gözəl adamlar var, bizim sözümüzə nə qədər ehtiyacı olanlar var” deyib düşünürdü. Rəisə sual verən qoca sözə qarışdı:

– Nə deyirsən de, şuranın zəhmətkeş tərəfdarı olduğunu heç kəs dana bilməz. Bu gün kimi aşkar bir şeydir. Bir də bizim bu ağalar ki, Allahdan bu qədər danışırlar, doğrusu, mən qorxuram; deyir ki, başına gələn başmaqçı olar, görmüşəm, elə ki, bir şər işləri oldu, başlayırlar Allahı bolşeviklərdən qorumağa. Yenə görəsən nə hiylələri var. Yəqin ingisnən olbir olublar. Keçən davada da belə elədilər. İranın yarısını acından öldürdülər...

Axşam o, eşitdiklərini Friduna nəql etdi. Fridun bütün şəhərdə ancaq sovet-alman müqaviləsindən danışıldığını söylədi. Xalq və mütərəqqi adamlar bu müqavilənin bağlanmasına sevinirdi. Onu sovet siyasətinin qələbəsi hesab edirdi. Hətta çoxları bir-birilə gözaydınlığı verib, “inşallah, ingilisin əlindən yaxamız qurtaracaq” ümidilə gələcəyə baxırdılar. Lakin rəsmi dairələr, mürtəce təbəqələr isə başqa cür düşünürdü. Qəzetlər, Sovet dövləti ünvanına London və Paris radiolarının böhtanları ilə dolu idi. Bu isə xalqın bir qismini şübhəyə salır, iradə və fikrini sarsıdırdı.

Rza Qəhrəmani:

– Fridun, gəlsənə bu münasibətlə bir vərəqə buraxaq, – dedi. – Bizim borcumuz həqiqəti xalqa çatdırmaqdır.

– Çox gözəl fikirdir, dostum, gəl bir səni öpüm!.. Kitabçanı bir az gec də çap etsək olar. Amma bunu gecikdirmək olmaz. Radioqəbuledicini qur, bir görək nə deyir?

– Beş dəqiqə qalır. Qulaq asaq, sonra vərəqə hazırlayarıq. Bu dəfə mətbəədə çap edib, məmləkətin hər yerinə yaymaq lazımdır.

Onlar qapı-pəncərəni bağladılar. Pərdələri salıb, radioqəbuledici qarşısında oturdular və həyəcanla qulaq asmağa başladılar. O, sovet-alman müqaviləsi haqqında izahat verirdi. Rza Qəhrəmani pıçıldadı:

– Tez, kağız-qələm götür, tut, tut.

Cınqırını çəkmədən dinlədikləri Moskva radiosu beynəlxalq vəziyyət haqqında geniş təsəvvür verirdi. O, son hadisələrin səbəblərini açıb şərh edir, dövlətlər arasındakı münasibətin üzərindən dumanlı pərdələri qaldırırdı.

Fridun və Rza Qəhrəmani, bu məlumatda İranın və başqa ölkələrin siyasət adamlarının çıxışında olan əllaməliyi, dəbdəbə və təntənəni görmürdülər. Bu məlumat hər kəsin anlayacağı sadə sözlərdən düzəlmişdi, özünün də bircə xasiyyəti var idi ki, bu xüsusiyyəti başqalarında tapmaq mümkün deyildi, bu xüsusiyyət də onun bəşəriyyətə əsl həqiqəti deməsində idi.

Onlar qulaq asdıqca bir-birini dümsükləyir və sevincdən gülümsəyirdilər. Fridun tez-tez yazırdı. Veriliş qurtarandan sonra yanaşı divana oturub oxudular. O, nəinki verilişin əsas ruhunu tutmuş, hətta ayrı-ayrı cümlələri tamamilə yaza bilmişdi. Fridun oxuduqca Rza Qəhrəmani onu saxlayırdı: “nə gözəl demişdir” xüsusilə radionun ingilis, fransız hakim dairələrinin Almaniyaya qarşı “ideoloji müharibə” elan etməsinin iç üzünü, imperialist mahiyyətini açması ona xoş gəldi.

– Dayan, bir də oxu. Bunu olduğu kimi vərəqəyə köçürmək lazımdır.

Fridun yazdığını oxudu:

– Cəmi 47 milyon əhalisi olan Britaniya imperiyası 480 milyon əhalisi olan müstəmləkələrə ağalıq edir. Əhalisi 42 milyondan artıq olmayan Fransa 70 milyon adamı olan müstəmləkələrə malikdir. Yüz milyonlarla insanları istismar etmək imkanı verən bu müstəmləkəçilik İngiltərə və Fransanın dünya ağalığının əsasıdır. Almaniya həmin müstəmləkələrə göz dikmişdir və bu da İngiltərə və Fransa imperialistlərini dəhşətə salaraq, Almaniyaya qarşı müharibəyə sövq edir. İngiltərə və Fransa hakim dairələrinin müharibə qızışdırmasının əsas səbəbi öz dünya ağalığını itirmək qorxusudur.

Vərəqəni yazmağa başlamamış, Kürd Əhməd və Kərimxan Azadi ilə görüşüb, məsləhətləşməyi qərara aldılar. Onların yanına getmək istərkən Rza Qəhrəmani Fridunun qolundan tutub, stolun başında oturtdu:

– Sən yaz, qardaş, vaxt itirmək olmaz. Onların ikisini də mən çəkib bura gətirərəm, – dedi və tələsik otaqdan çıxdı. Fridun onun hər işə ürəklə, həvəslə yapışmasını xoşlayırdı.


Tehrana gəldiyindən bir müddət sonra Fridun Süheylilərin kontorundan çıxıb, darülfünunun hüquq fakültəsinə daxil oldu. Bu işdə Şəmsiyyə və sərtib Səliminin də ona köməyi dəymişdi. O, tez bir zamanda darülfünunun tələbələri arasında özünə hörmət və məhəbbət qazanmışdı. Gündüzlər darülfünuna gedər, axşamlar evdə oturub, dərslərini hazırlar, sonra çıxıb, yarım saat şəhəri dolanar və bazar əhlinə, küçələri dolduran səliqə ilə geyinmiş aristokratlara, tacirlərə, hər addımda bir “ağa, acam, rəhm elə” deyə, əl açan dilənçilərə, yoxsullara baxar və düşünərdi. Hələ uşaq vaxtlarında və sonralar Təbrizdə ikən o, Tehran həyatına aid çoxlu hekayətlər eşitmiş, bu həyatın bəzi dəhşətli səhnələrini təsvir edən ayrı-ayrı əsərlər oxumuşdu. Belə kitabları əksərən böyük bir çətinliklə və gizlincə ələ keçirmək olurdu. Çünki nəinki Tehran, bəlkə bütün İranda kiçik bir ictimai qüsura işarə edən hər bir əsər qadağan edilmişdi. Belə əsərlərin müəllifi və oxucusu ağır təqiblərə məruz qalırdı. Şeyx Məhəmməd Xiyabani, doktor Ərani və başqa bu kimi mütərəqqi xadimlərin yazıları qadağan olunmuş əsərlər cərgəsində idi. Buna baxmayaraq, İrandakı ictimai zülmü, orta əsr geriliyini, siyasi quruluşun yaramazlığını göstərən və ona işarə edən köhnədən qalma əsərlər gizlincə əldən-ələ gəzir, oxunurdu. Hazırkı vəziyyət, Rza xanın yaratdığı dəhşətli diktatorluq və işlənən faciələr isə heç vasitə ilə qarşısı alına bilməyən şifahi hekayətlər, rəvayətlər və nağıllarda öz ifadəsini tapır, şəhərləri, kəndləri, evləri dolanırdı. Bu eşitdikləri içərisində Fridunun yadında qalan Rza xanın dəhşətli bir zalim, amansız bir xudpəsənd olması idi. O, Zöhhak kimi əbədi bir şübhə içində yaşayaraq, qəzəbi tutan heç kəsə aman verməzdi. Onun şəhər və kənd ərbablarına olan hüsn-təvəccöhündən də danışırdılar. O, bu ağaların təşəbbüslərinə imkan yaradırdı. Onların ticarətinin artmasına, yeni karxanalar açmasına, malikanələrinin böyüməsinə kömək edən qanunlar verirdi. Şəhərdə fəhlənin, kənddə zəhmətkeş kəndlinin ixtiyarını tamamən onların əlinə vermişdi. Ərdəbildə qoca bir kəndli deyirdi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 min
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 min
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 min
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 min

Poems by other poets