Page 3 of 5 · 40%

¹ Proqram

Fridun onun səmimi, lakin tez-tez hissiyyata qapılan və hissiyyata qapıldıqda da ehtiraslarını çilovlamağı bacarmayan bir adam olduğunu yəqin etdi. Sonrakı görüşləri bunu aydın göstərdi.

Qurban Mərəndi bütün varlığı ilə istibdada, Rza xan despotizminə düşmən idi. Onu kor ehtirasların, çox zaman idraka qulaq asmayan qızğın hissiyyatın hakimiyyətindən qurtarmaq mümkün olsaydı, gizli təşkilata nə qədər fayda verərdi. Bu fikrin təsirilə Fridun onu çox diqqətlə öyrənir və hərəkətlərini izləyirdi. Lakin ikicə gün sonra darülfünunda baş verən bir hadisə göstərdi ki, artıq onda bir xasiyyət olmuş bu qızğınlığı soyutmaq qeyri-mümkündür.

Yayda cəhənnəm kürəsi kimi hər tərəfi yandıran Tehran günəşi, payızın son ayları və qışda çox ilıq və mülayim olur. Onun şüaları insanın ruhunu oxşayır, canını qızdırır. Belə günlərdə adətən küçələr, meydan və həyətlər adamla dolur. Darülfünun tələbələri tənəffüsdə böyük və geniş həyətə çıxır, bir-bir, iki bir gəzib söhbət edirlər. Belə bir gün idi. Tələbələrin böyük bir əksəriyyəti həyətdə idi. Fridun da öz sinif yoldaşları ilə gəzişirdi. Səkkiz, on nəfərdən ibarət bir dəstə sərv ağacının güneyində durub, həvəslə nə isə danışırdı. Qurban Mərəndi də bu dəstənin içində idi. Fridun ona nəzər salaraq, gözlərinin yanmasından yeni hissiyyat əsiri olduğunu gördü. Lakin əhəmiyyət verməyib, yoldaşları ilə birlikdə onların qabağından keçib getdi. Geri qayıdanda ağac güneyində durmuş tələbələrin nisbətən qızğın danışığı Fridungili dayanmağa məcbur etdi. Fridun gözləri qızmış, dodaqları titrəyən Qurban Mərəndinin, üzünü çox balacaboylu, təqribən porsuğu xatırladan bir tələbəyə tutaraq, əsəbi halda dediyi sözləri eşitdi:

– Get, ağa, get sən yaz ki, İran məmləkəti başdan ayağa cənnətiəladır, nə yoxsul var, nə ac, nə zülm var, nə zalım... Bütün dünya gəlib bizə baxsın və yaşamağın qaydasını bizdən öyrənsin. Get yaz!..

Balacaboylu qəzəblə onun sözünü kəsdi:

– Ağa, siz məni ələ salmayın. Siz bayaqdan heyəti-hakimənin qələt işlərindən danışırdınız, indi də əltafi-şahanənin nəticəsində millətin xoş yaşamasını danışırsınız!.. Sizin damarınızda iranlı qanı yoxdur, bir halda ki, siz belə sözlər deyirsiniz...

– Əgər iranlı qanı, aclıq və səfalət içində çürüyən yazıq millətin halına göz yummaqda isə, məndə o qan yoxdur!

Balacaboylu:

– Xob, olmasın, ağa, olmasın! Görək kim peşmançıq çəkəcək. Siz ya ki mən? – deyib dalına baxmadan getdi...

Qurban Mərəndi, hələ də titrədiyi halda onu sakit etmək istəyən yoldaşlarına qulaq asmayıb, sinif otağına çəkildi.

Lakin onu sinifdə oturmağa qoymadılar, darülfünun rəisinin – rektorun yanına çağırdılar. Rəis tələbələrin qabağında onu məzəmmət etdi:

– Əlahəzrət-hümayun Rza şah Allahın kölgəsidir, – dedi, – yer üzünün Allahıdır. Onun sayeyi-mərhəmətindən biz burada elm təliminə məşğuluq. Sən mihənpərəst¹ ol, cənnətin bir guşəsi olan İranı dost tut. Nəinki boş-boş sözlər danış.

Qurban Mərəndi rəsmi bir hörmətlə:

– Ağayi cənab rəis, – dedi, – mən pis bir söz danışmadım. Ağa bilmirəm niyə kəmovqat oldular.

Rəis qəti və etiraza yol verməyən bir səslə:

– Get, – dedi, – bir də belə hərəkətlər baş versə, özündən küs!

Fridun da, başqa tələbələr də o gündən başlayaraq Qurban Mərəndinin nəzarət altına alındığını hiss etdilər. Bunu Qurban Mərəndi özü də duymuşdu. Lakin bu hal onu düşündürməkdənsə daha da qəzəbləndirmişdi. Bir axşam təsadüfən Şah Rza xiyabanında ona rast gələn Fridun ehtiyatlı olmağı məsləhət gördü. O isə əsəbiliklə:

– Lap cəhənnəmə düşmüşəm, boğuluram, – dedi, – nə olacaqsa olsun, mən bu ağalar kimi vicdan və əqidəmi satmayacağam. Dünyanın hər zülmünü, hər əziyyətini görmüşəm, heç şeydən də qorxmuram. On il yaşamaram, on gün yaşaram, lakin namusla yaşaram.

Fridun artıq bir söz deməyib ondan ayrıldı.

Onu təşkilata çəkmək fikrini qəti olaraq başından çıxartdı. Ürəkdə isə halına yanır, “istibdad rejimi nəinki aclıq və səfalətlər törədir, həm də insanların ruhi müvazinətini, mənəvi bütövlüyünü pozub dağıdır” deyə düşünürdü.

Qurban Mərəndi kimi adamlar, hazırkı şəraitdə həyatın fəlakət və rəzalətlərinə qarşı tək-tənha vuruşmalı və nəhayət, məhv olmalı idilər. Yalnız açıq ümumxalq üsyanları və çıxışları başlanan bir dövrdə onların həyat və fəaliyyəti faydalı bir istiqamətə düşə bilərdi.

¹ Patriot, vətəni sevən


Mister Toması dünyada heç bir şey heyrətə salmazdı. Ümumən o, şərqə gəldikdən sonra qərara almışdı ki, dünyada nə desələr mümkündür və heç bir şeyə də heyrət etmək lazım deyil. Doğrudan da, onun son on beş ildəki danışığı və hərəkətləri kağıza köçürülsəydi, nə bir dənə nida və nə də sual işarəsi lazım olardı. Hər şey hamar, hər şey müstəqim istiqamətdə axıb gedərdi.

Lakin bu gün mister Tomas heyrət içində idi. O, trubkasını tüstülədir və otağında gəzinərək, heyrət edirdi. Düzdür, onun Şiraz torpağı kimi sapsarı olan rəngi bu heyrəti büruzə vermirdi. Otağı titrədən kəsafətli və enli bədəni insan iztirabları önündə alınmaz bir qala kimi görünsə də, o daxilən narahat idi. Trubkanı keçirib oturdu, yavaş-yavaş qurdalayıb, külünü təmizlədi, yenidən tütün doldurub alışdırdı və dodağına aldı. Yerindən qalxmayıb, vərəqi stoldan götürdü və bir də kirpiksiz görünən iri gözlərini ora dikdi. Bu, Fridungilin buraxdığı vərəqə idi. O, belə başlanırdı: “Vətəndaşlar! Eşidin! Həqiqətin səsinə qulaq asın! Mürtəce İran ruznamələrinin dediyinə inanmayın! Onlar Londonun yalanlarını və böhtanlarını təkrar edir! Onlar bəşəriyyət üçün hazırladıqları qanlı müharibələrin günahını fəhlə və zəhmətkeşlərin vətəni üstünə atmaq istəyirlər. Biz, İranın bir dəstə namuslu oğlu özümüzə borc bildik, həqiqəti sizə çatdıraq”.

Vərəqə bu sözlərlə qurtarırdı: “İran zəhmətkeşi! Ayağa qalx! Səsini bütün dünya zəhmətkeşlərinin səsinə qat! Ucadan qışqır ki, rədd olsun müharibə qızışdıran imperialistlər! Üzümüzü ingilis müstəmləkəçilərinə tutub, bir ağızdan deyirik: çıxın bizim vətənimizdən! Bəsdir onu talan etdiniz! Rədd olun!”

Mister Tomas heyrət etməklə bərabər, darıxırdı da. Onu darıxdıran səbəb dərin idi. O, belə şeylərin qabağını vaxtında ala bilmədiyi üçün geri çağırıla bilərdi. İmperiyanın bu dolaşıq vəziyyətində onun təcrübəsinə də, stajına da baxmaya bilərdilər, halbuki bu staj çox böyük idi.

Mister Tomas özünü şərqə həsr etmiş ingilislərdən idi. O hələ gənc yaşlarından başlayaraq fars və ərəb dillərini öyrənmiş, islamiyyət və onun ehkamları ilə tanış olmuşdu.

Bununla da, kifayətlənməyərək, ayrı-ayrı müsəlman ölkələrinin tarixini, həyat və məişətini, adət və ənənələrini, bu ölkələri bir-birinə yaxınlaşdıran, bir-birindən uzaqlaşdıran cəhətləri, xalqın xasiyyətini və əhvali-ruhiyyəsini uzun mütaliə və müşahidələr nəticəsində öyrənə bilmişdi. Onun şərqdə ilk fəaliyyətə başladığı yer Hindistan və sonra da Əfqanıstan olmuşdu. Əmənulla xanın əleyhinə qəbilə üsyanları və onun yıxılması bu dövrə təsadüf etmişdi. Bu hadisələrdən iki-üç ay sonra mister Tomas İrana göndərilmiş və burada ilişib qalmışdı. Təbiidir ki, İran haqqında kitablardan aldığı təsəvvür və məlumat uzun illərin müşahidə və təcrübəsi nəticəsində daha da dərinləşmişdi. Bütün İran dövləti daxilində gəzmədiyi bir nöqtə yox idi. Azərbaycan, Kürdüstan, Mazəndəran, Gilan, Xorasan və Cənubun az-çox görkəmli elə bir şəhəri yox idi ki, ora mister Tomasın ayağı dəyməmiş ola, orada mister Tomasın sahib-mənsəblər, tacirlər və ərbablar içərisində tanış və dostları olmaya. Bu adamlar nəinki ticarət və siyasət məsələlərində, hətta bir-birilə münasibətdə də mister Tomasla məsləhətləşirdilər. Tomas, kimin-kimdən acığı gəldiyini, hətta kimin-kiminlə ata-baba düşmənçiliyi olduğunu da bilər və bundan məharətlə istifadə edərdi.

Bir sözlə, o Şərqdə ingilis müstəmləkə siyasətinin yüz illərdən bəri əldə etdiyi təcrübə əsasında yetişmiş, öz fəaliyyəti ilə bu təcrübəni zənginləşdirən şəxslərdən biri idi.

Tehranın özündə də mister Tomasın ayaq basmadığı görkəmli bir ev yox idi. Sarayın və bütün zadəganların qapısı onun üzünə açıq idi. Kübar ailələrdə onu “Bizim Tomas” deyə çağırırdılar. Çünki o nəinki İran məişətini, adət və ənənələrini çox gözəl bilir, həm də özünü bu adət və ənənələrin pərəstişkarı kimi tanıtmışdı. Mister ancaq rəsmiyyət üçün sahib-mənsəblər və görkəmli şəxslərin görüşünə gedən adamlardan deyildi. Xeyr! Mister Tomas özünü çox sərbəst və açıq aparırdı. Sanki onu məhdudlaşdıracaq heç bir rəsmi çərçivə yox idi. Belə ki, o, heç gözlənmədən bu və ya digər qapını açıb girər, saatlarla min cür boş-boş əhvalatlardan danışıb, laqqırtı vurar, yaxud da əlindən düşməyən trubkasını tüstülədərək, kirpik çalmadan oturub, müsahibinə baxardı.

İranlılar indi onun qarşısında belə sürpriz çıxartmışdılar.

İstirahət zamanı olduğuna baxmayaraq, o, birbaş sərhəng Səfainin evinə getdi. Sərhəng onu ikimərtəbəli evinin həyət bağına çıxan yaşıl üzüm tənəkləri ilə örtülmüş balkonunda qəbul etdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 min
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 min
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 min
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 min

Poems by other poets