Page 1 of 4

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.

Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

Tamamilə huşu özündə olub, yenə beləcə xəyallar içində yaşadığı zaman zindanın qapısını açdılar. Onu dartıb, dar koridora çıxartdılar. Lampanın sönük işığında gözləri indicə tutulacaq kimi qamaşdı. Kirpiklərini qırpıb ətrafına baxdı. Koridorun balaca bacasından çöldə qaranlıq olduğunu görüb, “gecədir” deyə düşündü. Onu sərhəng Səfainin yanına apardılar. Qarşı tərəfdən beli bükülmüş bir qocanı gətirdilər. Yaxınlaşdıqda onun, bütün siması qırışıqlarla örtülmüş doktor olduğunu gördü. Doktor da onu tanıdı. Hər ikisinin üzündə xəfif bir təbəssüm göründü. O, doktoru, gözü traxomalı arvadı müalicə etdiyi zamandan, bir daha görməmişdi. Haradansa ağlına “görəsən, o yazığın gözlərini kim müalicə edir?” deyə bir sual gəldi. Bir də doktora baxdı. Onun başı sarıqlı idi. Üzündə, sol qulağının dibindən boğazına qədər uzanan bir zolaq vardı. “Yazıq qoca bu əzablara dözəcəkmi?” deyə düşündü. Sərhəng Səfai ona iki saata qədər əzab verdi. Yoldaşlarının adını deməyi, doktorun oğlunun harada gizlənə biləcəyini söyləməyi tələb etdi. O, bütün bu suallara qarşı həmişə olduğu kimi, “bilmirəm” deyib durdu. Sərhəng əsəbiləşərək otaqda gəzindi, onu təhdid etdi:

– Sən deməsən də biz bilirik, – dedi, – başqa yoldaşların hamısının adlarını saymışlar.

O acı-acı sərhəngə baxdı:

– Elə isə bəs nahaq yerə niyə özünüzü incidirsiniz?

Sərhəng gözlənilmədən ondan soruşdu:

– Bəs Fridun kimdir? Fridunu da deməyəcəksən?

O sarsıldı. “Ah, doğrudanmı demişlər” deyə düşündü. Fridunun həmişəgülər üzü gəlib, gözünün qabağında durdu və qəti qərar verdi. “Yox, mən tanımıram. Özünü də gətirib qabağımda oturtsalar, tanımıram, deyib duracağam”.

Cavab gözləyən və gözlərini üzünə dikərək, ən kiçik cizgilərə qədər hər şeyi izləyən sərhəng qəti səslə:

– Hə, Fridunu da tanımırsan? – deyə təkrar etdi.

– Yox! Tanımıram! – dedi.

Sərhəng ona rəhmi gələr bir vəziyyət aldı:

– Oğlan, sən özünü məhv edirsən. Gün kimi aşkar şeyləri danırsan. Bəs bu nədir?

O, Kərimxanın ilk axtarış zamanı götürdükləri balaca cib dəftərçəsini açıb göstərdi.

– Oxu, gör nə yazmısan!

Kərimxan yenə çətin bir ruhi sarsıntı keçirtdi. Lakin əyilmədi, yıxılmadı. Artıq sərhəngin, gözünə soxacaq dərəcədə irəli uzatdığı dəftərçəyə də baxmadı.

– Özünüz oxuyun!

Sərhəng oxudu: “Fridunu görməli”. İndi deyin görək bu Fridun kimdir?

Kərimxan ürəyində sonsuz bir şadlıq duydu. “Ana, deməli, heç kəs heç nə deməyib. Bunlar Fridunun kimliyini də bilmirlər”. Sərhəng sualını təkrar etdi. Kərimxan:

– Bilmirəm. Nə bilim. O qədər Fridun var ki, – deyə cavab verdi.

Sərhəng yaxınlaşıb, onu sillələdi və: Aparın, – deyə əmr etdi.

Kərimxanı aparıb, başqa bir otağa saldılar. İki nəfər yoğun və ətli adam gəlib, onu soyundurdu və uzadıb, rezin çubuqla döyməyə başladı. O, qüvvəsini toplayaraq cəld qalxdı və müqavimət göstərmək istədikdə onlar daha da qızışdılar. Artıq onun harası gəldi vurmağa başladılar. Birisi rezini başından endirdi. O, gözlərinin qaraldığını dünyanın başına fırlandığını hiss etdi və yıxıldı. Ayıldıqda özünü yenə əvvəlki qaranlıq və rütubətli zindanda gördü. Nə isə sol gözündə bir ağrı duydu. “Bu nədir belə? Mənə nə olmuşdur?” Kirpiyini, gözünü tərpətməyə çalışdı. Gözsüz qaldığını bildikdə bütün vücudu titrədi. Dəhşətli bir ağrıya dözə bilməyərək özündən getdi. Nə qədər bu vəziyyətdə qaldığını bilmədi. Ayıldıqda ayaq səsləri eşitdi. Onun qapısını açdılar. Koridora çıxartdılar. Lakin bu dəfə əzab verməyə aparmadılar. Yerini dəyişdilər. Başqa, daha geniş, hətta içərisində iki taxt olan bir kameraya saldılar. Həkim göndərib, gözünə dava qoydular bağladılar.

O, qaranlıqda əli ilə otağı yoxladı. Heç kəs olmadığını görüb, taxtlardan birisinə oturdu. Yenə min fikrə getdi. Nə üçün buraya köçürüldüyünü anlaya bilmədi. “Yəqin hər şey qurtarır, mühakimə başlanacaq” deyə düşündü. Bir gün və bir gecə burada təkcə qaldı. Sabahısı qapını açdılar və altı-yeddi il bundan qabaq olan kimi, bir nəfəri içəri itələdilər. Yeni məhbus üzüüstə yerə dəyib, zarımağa başladı. Kərimxan o saat Məhbusini tanıdı. Məhbusi kamerada adam olduğunu bilmirmiş kimi inildəyir, deyinir, söyürdü. İndi də neçə il əvvəlki şəkildə təkrar olunan bu hərəkət nə isə Kərimxana xoş gəlmədi. Ona bir kəndirbazın oyununu xatırlatdı. Bu hissiyyat, təzadlı fikirlər və şübhələrlə birləşdikdə Məhbusinin zarıltısına dözmək ona çətin oldu.

– Elə zarıldama, qalx! – dedi, – gəl taxtın üstündə otur.

Bir anlığa Məhbusi səsini kəsdi. Qaranlıqda nə isə bir hərəkət etdi. Deyəsən, qalxmaq istəyirdi. Kərimxan onun qolundan tutub qaldırdı və taxta oturtdu. Onun sızıltısı şiddətli naləyə çevrildi.

– Yavaş, Kərimxan, qardaşım, yavaş. Bişərəflər məndə salamat yer qoymadılar.

Kərimxan heç bir söz demədi. Məhbusi də susurdu. Sanki qaranlıq, sakit və nəmli kamerada onlar yenidən bir-birlərini öyrənirdilər. Həm də mütləq bir sükut içərisində bir kəlmə də danışmadan, bir-birlərinin qəlbini bilmək istəyirdilər. Nəhayət, əzici sükut hər ikisini darıxdırdı. Məhbusi:

– Nə yaxşı ikimiz bir yerə düşdük, – dedi, – yenə nəfəs yaxşıdır, insan-insana dayaqdır. Yoxsa tək-tənha saniyələri saymaqdan yorulursan, ölüm axtarırsan, tapılmır, amma ikilikdə hər şeyə dözmək olar. Dərdimiz yüngülləşər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

On dördüncü fəsil

Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:

16 min
On beşinci fəsil

Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:

20 min
On altıncı fəsil

Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:

17 min
On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 min

Poems by other poets