Page 1 of 3

Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.

Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:

– O... o... o, mister İsfahani! Salaməleyküm. Əhvalşüma çi tori¹ – deyib güldü və əlini ona uzatdı.

Hikmət İsfahani Tomasın uzun və enli gövdəsinin üstündəki sarı başına və üzünə baxdı. İkiəlli onun əlini sıxdı və uzun müddət ovcundan buraxmadı. Tomas bu tanış hərəkətdən onun mütləq böyük bir xahiş üçün gəldiyini anladı. Qolundan tutub, geri qayıtdı:

– Bütün İranda bircə dostum var, ürək dostum, – dedi, – o da mister İsfahanidir. Onun yolunda ən vacib işlərimi təxirə sala bilərəm.

– Mersi, Allah bilir ki, mənim də sizə ixlasım var. Vücudunuzu bir gün görməyəndə ürəyim darıxır. Elə bil ki, bütün ingilis dostlarımın məhəbbəti sizin bu nəcib, alicənab təbiətinizdə toplanmışdır...

– Mən Hindistanı, İraqı, Misiri, Ərəbistanı gəzdim, sizin kimi bir dosta rast gəlmədim. Məşriq bütün gözəllikləri, bütün sədaqəti, qonaqpərəstliyi, sadəliyi və ağıllılığı ilə sizin simanızda təcəssüm etmişdir desəm, səhv olmaz. İngiltərədəki dostlarıma, hətta arvadıma belə sizin haqqınızda yazmışam...

– Mersi, mersi, mersi! Nə qulluğunuz olsa hazıram.

– Siz buyurun. bizə aid bir qulluq deyin, yerinə yetirək, ruhumuz ləzzət çəksin. Dosta xidmət etməkdən yüksək mənəvi bir zövq ola bilərmi? Olmaz. Buyurun, rica edirəm!

– Sizin sağlığınız! Elə, könlüm istədi, dedim, gedim bir dostumun qulluğuna salam verim.

– Görürəm siz demək istəmirsiniz. Onda qoyun mən sizə bəzi şeyləri xəbər verim. Ticarətxana ilə danışmışam. Bu növbə gələn malların hamısını sizə buraxacaq. Bir nəfər də başqa tacirə mal buraxılmayacaqdır. Gələn də ən əla yun və ipək mallardır. Müxtəlif keyfiyyətli! Bazarın ağası siz olacaqsınız. Nə qiymətə istəsəniz, buyurun satın. Deyin görüm yaxşı işdir, yoxsa yox?

– Boynumuzda həmişə haqqınız var!..

– Yox, hələ bu azdır. Birləşmiş Kral dövləti dünyanın harasında olursa-olsun, öz sadiq dostlarını qiymətləndirməyi, onların həzmətinə layiq mükafat verməyi bacarır. Siz tezliklə siyasət aləminin görkəmli simalarından olacaqsınız. Vəzirliklə necəsiniz? Hə?

Hikmət İsfahani sevincini boğmağa çalışaraq:

– Bəlkə, bu məsələ dünən mümkün olaydı, bu gün ola bilməyəcək, – dedi.

¹ Keyfiniz necədir

– Niyə? Necə yəni ola bilməyəcək?

Hikmət İsfahani bütün əhvalatı Tomasa nağıl etdi. Tomas diqqətlə qulaq asıb, gülümsədi:

– Narahat olmayın, boş şeydir. Mən də deyirəm, görəsən, dostumun üzündəki bu qüssənin səbəbi nədir? Heç düşünməyə dəyərmi? Boş bir şeydir!..

– Rica edirəm, ağayi səfirə deyin, məni əlahəzrətə tapşırsın.

– Arxayın ol, mister İsfahani. Bunlar hamısı düzələcəkdir. Get kefini saz elə və heç dərd çəkmə! Əlahəzrət özü sizi çağırıb, məhəbbət və hörmətlə vəzarəti götürmənizi xahiş edəcəkdir.

– Allah sizin kölgənizi bizim üstümüzdən əskik eləməsin, mister Tomas! Siz olmasaydınız, biz acından ölərdik.

O, mister Toması qucaqlayıb öpdü. Mister Tomas ağır əlini onun kürəyinə vurub:

– Şərq məhəbbəti, şərq məhəbbəti!.. – dedi.

Hikmət İsfahani getmək istərkən mister Tomasın nə isə demək fikrində olduğunu duydu. Onu danışdırmaq üçün bir bəhanə olaraq:

– Rica edirəm əlahəzrət Kral dövlətinə bizim sədaqətimizi bildirin. Allah bilir ki, Şərqin və o cümlədən bizim bədbəxt İranın bircə dostu varsa, o da ingilisdir. Biz ingilisin yüz illər ərzində bizə etdiyi yaxşılığı dədə-baba minnətdarlığı ilə yad edəcəyik. Siz o beş-üç boşboğazın, yeməyə çörək tapmayan, lat-lütün sözünə qulaq asmayın. O yazıqları da yoldan çıxarıb, bədbəxt edən vallah, billah, dinim, imanım haqqı bu ruslardır.

Mister Tomas:

– Ağayi İsfahani, – dedi, siyasət aləminin, sizin üçün qaranlıq olan bir guşəsi yoxdur. Xüsusilə Tehran kimi siyasət dünyasının sirlərlə dolu bir mərkəzində əldə etdiyiniz uzun illərin təcrübəsi sizə tükütükdən seçməyə imkan verir. Ona görə də mən əvvəlcədən üzr istəyirəm ki, cənabınıza əlif-bey qədər sadə görülən bəzi şeyləri təkrar edəcəyəm. Məmləkətlər arasında, siyasətin mündəricəsindən, dövlət quruluşunun şəklindən asılı olmayaraq, əbədi təsir göstərən amillər vardır ki, biz onlara təbii, yaxud coğrafi amillər deyirik. Hər şey dəyişsə də, iki məmləkət arasındakı münasibətdə bu amillərin təsiri və rolu dəyişmir. İranla Rusiya arasındakı münasibət də bu cür amillərdən asılıdır. Bu amillərin sayəsində Rusiya İran üçün əbədi bir təhlükə mənbəyi olaraq qalır. Çarizm dağıldı, yerinə bolşevizm gəldi. Bu təhlükə azaldımı? Xeyr, daha da artdı. Əksinə, bolşeviklər bir də İranı öz dəhşətli ideyaları ilə, kommunizm ilə təhdid etməyə başladılar. Kral dövlətinin İranda bircə arzusu varsa, o da bu təhlükənin qabağını almaqdır. Biz bu işdə sizin kimi ağaların köməyinə və bizi anlayacaqlarına əminik.

– İxlasımız var, mister Tomas! Böyüyümüzsünüz!

– Amma İran daxilində bəzi ağalar ya bunu başa düşmür, ya da düşərək lazımi nəticə çıxarmırlar. Bu təhlükəyə qarşı möhkəm mübarizə aparmırlar. Son zamanlar şəhərə yayılmış bəzi ədəbiyyatdan yəqin ki, xəbərsiz deyilsiniz. Bunları düzəldən kimdir? Yəqin ki, ruslardır, bolşeviklərdir, Kominterndir. Amma İran mətbuatı isə bu barədə kifayət qədər yazmır. Hikmət İsfahani Tomasın fikrini anladı.

– Mister Tomas, mənim ruznaməm hər gün bu barədə yazır. Axırıncı nömrələri sizə göndərərəm. Xahiş edirəm mütaliə buyurasınız. Lütfən qeydlərinizi də bizə bildirəsiniz nəzərə alarıq. Lap müdiri-ruznamə ağayi Sofi İranpərəstin özünü hüzurunuza göndərərəm. Necə lazımdırsa, deyin, yazıb ruznamədə çap eləsin.

– İkinci mühüm bir məsələni də, İranın gələcəyini düşünən adamlar heç vaxt gərək nəzərdən qaçırmayalar. O da şimal nefti məsələsidir. Özünü İranın qədim dostu hesab edən Krallıq dövləti çox istərdi ki, şimal neftinin işlənməsində öz səy və bacarığını tətbiq edə bilsin. İranın sizin kimi fərasətli, ağıllı siyasət adamları gərək bu məsələnin hər hansı başqa bir dövlətin mənafeyinə həll olunmasına qarşı çıxsınlar.

Mister Tomas “hər hansı başqa bir dövlətin” sözlərini xüsusi bir ahənglə tələffüz etdi. Hikmət İsfahani yenə də mətləbi anlatdı.

– Mister Tomas, İran zəif bir dövlətdir, balaca bir məmləkətdir. Amerika boyda əjdahanın qabağında dura bilməz. Amerika kapitalı özünü zorla soxur məmləkətə. Vallah, billah. çarəmiz kəsilib, görürük ciyərimiz yanır, məcbur oluruq alaq, sataq, bir əlaqə yaradaq ki, başımızı girləyə bilək. Gərək Amerika ilə İngiltərə dövləti belə məsələləri İranda yox, Londonda, Vaşinqtonda oturalar, həll eləyələr, bişirələr, gətirib qoyalar bizim qabağımıza, daha biz də başağrısı çəkməyək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci fəsil

Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:

22 min
Üçüncü fəsil

Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

9 min
Dördüncü fəsil

Fridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.

17 min
Beşinci fəsil

İlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.

18 min

Poems by other poets