On dördüncü fəsil
Page 1 of 3
Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.
O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:
– Nə var, kişi? – deyə soruşdu.
Qoca dizləri üstə durub, namaz qılır kimi, əllərini göyə qaldırdı və azərbaycanca:
– Göydə Allah, yerdə səni deyib gəlmişəm, əlahəzrət, – dedi, – aman günüdür, mənə bir əlac elə, məni çevir balalarının başına, balalarıma yazığın gəlsin
Rza xan qapqara qaralmış üzünü Həkimülmülkə çevirdi:
– Bu eşşəklərə hələ də adam dilində danışmağı öyrətməmisiniz?.. Qulaq as, gör nə deyir.
Həkimülmülk şahın Azərbaycan dilini hərə kazak alayında ikən gözəlcə öyrəndiyini, lakin qəsdən. Azərbaycan xalqına olan nifrəti ucundan heç bir zaman onun dilində danışmadığını bilirdi. Qocaya yaxınlaşıb, şahı daha da qəzəbləndirməmək üçün yarıfarsca, yarıazərbaycanca:
– Qoca, çe mixahi, ərzin nədir? – dedi.
Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı, bir Rza xana, bir də Həkimülmülkə baxdı:
– Ağa, canım sənə qurban olsun, mən Ərdəbildən gəlmişəm. Oradan bura ac susuz sənə ümid bağlayıb gəlmişəm. Mənə bir çarə.
Həkimülmülk yavaş, lakin acıqlı:
– Kişi, vəzzariyat oxuma, – dedi, – müxtəsər elə görək ərzin nədir?
– Şikayətim var, sənin başına dönüm, şikayətə gəlmişəm. Zülm ərşə dayanıbdır. Ərbabın, əmniyyənin, mübaşirin əlindən bilmirik hara qaçaq. Divan dərədə haqqa baxan yoxdur.
Rza xanın əsəbiləşdiyini hiss edən Həkimülmülk bu dəfə Musa kişiyə daha bərk acıqlandı:
– Kişi, dərdini danış, başımızı ağrıtma!
Musa kişi özünü itirdi, tələsməyə başladı:
– Atam-anam sənin qədəmlərinə qurban olsun, mənim dərdim böyükdür, on il bundan qabaq ərbaba mənim su pulu borcum vardı. On ildir verirəm, qurtarmır. Hər il azalmaqdan, artır. Neyləyək, müamiləsini gəlir üstünə. Ona sözüm yox, kişinin halal haqqıdır, gəlsin. Müamiləsiz borc olmaz. Hər il o yandan-bu yandan düzəldib, uşaqların boğazından kəsib verirəm, qurtarmaq bilmir ki, bilmir. Bu il əlim gödək oldu, yaxşı məhsulumuz var idi. Hamısını ərbab yığıb apardı. Borc yenə qaldı ayağımda. Mübaşir gəldi, əmniyyə getdi, eyb olmasın, bir qızım da var. Ona göz dikdilər. Namusa əl atdılar. Bıçaq sümüyə dayandı. Cana gəldim. Qapımdan inəyimi, eyb olmasın, eşşəyimi, davarları çəkib apardılar. Külfətimin ruzisini kəsdilər, boğazını qurutdular. Hara getdim, çarə olmadı. Sürünə-sürünə gəlib bura çıxdım. İki aydır bu küçələrdəyəm. Dilənçiliklə başımı girləyirəm. Bir fərman ver, malımı özümə qaytarsınlar, yoxsa, balalarım acından qırılar. Sənin ayaqlarının altından ölüm, mənə bir fərman!
Musa kişi dizləri üstündə, əlləri havada asılı, gözlərini Rza xanın qəzəbli üzünə dikib durdu. Həkimülmülk qocanın nə istədiyini müxtəsərcə şaha söylədi. Şah üzünü sərhəng Səfaiyə çevirdi:
– Bu qocanı zindana salın çürüsün!.. Yaşamağının xeyri nədir? Əmniyyəyə söz qaytardığı üçün əmlakı qəsb olunsun. Külfətini də sürgün edin! – deyib yerimək istədikdə heç bir şey anlamayan Musa kişi onun qıçlarını qucaqladı:
– Sənə qurban olum, mənə bir çarə!
Şah nə isə bir şey xatırlamış kimi, ayaq saxladı, ani bir fikrə getdi. Qocanın adını soruşdu. Musa kişi şahın rəhmə gəldiyini güman edib, ürəkləndi və adını söylədi. Lakin şah bir cəllad qəzəbi ilə onun döşündən itələyib keçdi və yenə sərhəng Səfaiyə döndü:
– Bu həmin Musa kişi deyilmi? Nə üçün hələ də azad gəzir, sərhəng?
Sərhəngin rəngi qaçdı:
– Biz onu axtarırıq, qurban. Kənddən çıxıb qaçıb.
– Yaxşı axtarırsınız!.. Aparın dərisinə saman təpin!.. Fridunun yerini deməyincə rahət etməyin!.
– Bəçeşm, qurban!
Bu zaman yenə danışıqdan heç bir şey anlamayan Musa kişinin səsi eşidildi:
– Mənə rəhm elə, şah!
Rza xan sarayın qapısına doğru yollanarkən:
– Kəsin bunun səsini! – dedi.
Hərbilər dərhal ah-nalə edən Musa kişinin üstünə atıldılar. Onu götürüb aparmaq istədilər. Lakin o, heyrətamiz bir qüvvətlə sıçrayıb, onların əlindən çıxdı və Rza xanın qabağını kəsdi. Onun titrəyən səsində bir qüdrət vardı.
– Mən sənin zülmünü eşitmişdim, görməmişdim, onu da gördüm. Sən məni təpiklərin altına saldın. Əmniyyə və mübaşirlərinin başıma gətirdiyi müsibətdən utanmadın, haqdan qorxmadın, eyb etməz, buna da qoca dünya deyərlər. Çox sənin kimi zalımların taxt və tacını başına uçurub!.. Səni də belə qoymaz. Get, mən səni yetimlərin ah və naləsinə, qocalar və qarıların fəryadına tapşırıram, get!..
Musa kişini sürüməyə başladılar. Lakin o getmir, dönüb danışır və söyürdü. Yalnız ağzına dəsmal basdıqda səsi eşidilməz oldu.
Rza xan heç bir söz deməyib, sarayın mərmər pillələrindən qalxıb, içəri girdi. Onu təqib edən dərbar vəzirinə belə əhəmiyyət vermədi. Həkimülmülk bir kölgə kimi otağına çəkildi...
Hikmət İsfahani, Mazəndəran malikanəsini Rza xana bağışladığını və bu dəyərsiz hədiyyəni sonsuz məhəbbət əlaməti olaraq qəbul etməsini xüsusi məktubla ona bildirməyi qərara aldı. Min lənət oxuya-oxuya və ətinin bir parçası kəsilir kimi, ufuldaya-ufuldaya kağızı yazıb, qəbalə ilə birlikdə Həkimülmülkə göndərdi ki, o da hüzuri-aliyə çatdırsın. Həkimülmülk təzim edib, məktubu Rza xanın qabağına qoyanda, əvvəlcə şah bunun mənasını başa düşmədi. Həkimülmülk:
– Ağayi Hikmət İsfahani əlahəzrətdən acizanə xahiş edirlər, lütf buyurub, balaca bir hədiyyə olaraq, onun Mazəndəran malikanəsini öz adlarına keçirsinlər, – dedikdə Rza xanın dodağı qaçdı.
– Vəzir, ağalar, məni çox xəcil edirlər. Deyəydin qiymət edəydilər. Pulunu verəydim.
– Bu nə sözdür, əlahəzrət. Ağayi Hikmət İsfahani pul adı gəlsə, rəncidəqəlb olar.
– Necə, öz rizaiyyətilə oldu? Yoxsa?..
– Əlbəttə, öz rizaiyyətilə, əlahəzrət.
Şah burada kiçik bir fasilə verib, əlavə etdi:
– Yoxsa deyinirdi?
– Bəli, qurban.
– Nə deyirdi?
– Dilim gəlmir, qurban!
Rza xan qışqırdı:
– Tez de görüm, nə deyirdi?
Həkimülmülk Hikmət İsfahaninin söyüşünü və ağır sözlərini Rza xana nağıl etdi. Rza xan əsəbi halda durub gəzindi.
– Onu nə zaman mənim yanıma çağırmısan?
Həkimülmülk tez saatına baxdı:
– İndi gərək gəlmiş ola, əlahəzrət.
Rza xan əlini zəngə atmaq istədikdə Həkimülmülk onu saxladı.
– Üzr istəyirəm, əlahəzrət, ağayi sərtib Səlimi də bərk acıqlanıb getdi.
– Niyə?
– Xanım Şəmsiyyə ilə izdivaca razı deyil.
Rza xan:
– Razı olar! – deyib yerində oturdu və zəngi basdı. Ağayi Hikmət İsfahanini içəri buraxmalarını və sərtib Səlimini çağırmalarını tapşırdı:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-on-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
O gün gələcək!.. O gün ki, bütün ölkələrin*başlarını qaldırıb, qəti səslə deyəcəklər:*
İkinci fəsilTehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:
Üçüncü fəsilTehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!
Dördüncü fəsilFridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.
Poems by other poets
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
QayıtdıBir maral baxışlı, tərlan cilvəli,Gəldi məni gördü, baxdı, qayıtdı.
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
جز می صرف در جهان،چیست که از صروف اورأی طرب قوی شود، رایت غم نگون بود