On birinci fəsil
Page 1 of 5
Rza xan ağ mərmər sarayın pillələrini qalxanda bütün xidmətçilər əl-əl üstə qoyub ikiqat olmuş, hərbi qulluqçular ayaqlarını cütləyib, özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. Hamısı qorxusundan saralmış və yerində donub qalmışdı. Əbədi qaşqabaq və qəzəbin kölgəsi pis bir qaranlıq şəklində şahın sifətinə çökmüşdü. Bu qara üzə, heç bir zaman işıqlanmayan bu kinli gözlərə baxmaq mümkün deyildi. Qaraqırışıqlar, məmləkəti bürümüş zindanlar və məhbəslər kimi, ağır və kəsif halda, onun üzündə yatıb qalmışdı. Baxışlarında hakimiyyətin hüdudunu bilməyən təşnə bir ürəyin hərisliyi duyulurdu.
O, dəhşət saçan kabus kimi yerində oturduqda bütün sarayda bir məzar sükutu hakim idi. Böyük-kiçik, xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdılar. O, azca düşünüb vəziridərbarı yanına çağırtdırdı. Beş dəqiqə keçməmiş, balacaboylu, tiryəkdən qapqara qaralmış və sümükləri çıxmış Həkimülmülk öhünü düzəldərək daxil olub təzim etdi. Onun balaca gözləri yağı qurtarmış çıraq kimi işıldayırdı. Ürəyi titrəyə-titrəyə əlahəzrət-hümayunun əmrini gözləyirdi. Şahlar və hakimlərin dəyişməsindən asılı olmayaraq, həmişə İran siyasətinin halqalarını əlində saxlayan bu adam, Pəhləvinin qarşısında yarpaq kimi əsir, başını, hər an enməyə hazır olan bir qılıncın altında hiss edərək, özünün bir varlıq, bir vücud olduğunu xatırından çıxarırdı.
Nəhayət, əlahəzrət ona:
– Qalx, irəli gəl! – dedi...
Həkimülmülk irəli sıçradı. Hökmdar başını qaldırmadan, nəyə isə baxdığı halda:
– Güzariş¹ ver görək nə var? – deyə əmr etdi.
Həkimülmülk pis bir vəziyyətə düşdüyündən pul kimi qızardı. Dodaqları titrədi. Boğuq səslə:
– Əlahəzrət, sənədləri gətirməmişəm, – deyə bildi.
Rza xan qəzəbli nəzərlərlə ona baxdı:
– Bəs niyə zəhmət çəkib təşrif gətirmisən, ağayi Həkimülmülk? Bəlkə, elə bilirsən ki, o mübarək sifətini görməyəndə ürəyimiz darıxır? Vəhşisiniz, vəhşi! Altmış ilin eşşəyisən, yenə yerişini bilmirsən.
– Bağışlayın, əlahəzrət, günahkaram.
– Bağışlayın! Bağışlayın! Qulağının o birisini də mən kəsərəm, onda bilərsən bağışla nədir!
Həkimülmülk, dən dəyirman daşının altında əzilən kimi, bu sözlərin və qəzəbli baxışların altında əzilirdi. Lakin eşşək sözü şahın yadına nə isə gülməli bir şey saldı. Həkimülmülk altdan-altdan baxırkən, onun dodağının qaçdığını gördü. Şah Həkimülmülkün yüz dəfə dediyi məşhur bir beyti xatırlamağa çalışırdı:
¹ Məlumat Xəri... xəri... xəri...
Heç vəchlə xatırlaya bilməyəcəyini gördükdə Həkimülmülkün üstünə qışqırdı:
– De görüm şair necə deyib?
Həkimülmülk tez şeri söylədi:
“Xəre-İsa gərəş be Məkkə bərənd,
Çün beyayəd həmin xər əst ki, bud”¹.
Şah güldü:
– Şair sənin kimi eşşəkləri görüb yazıbdır!..
– Əlahəzrət-hümayün tamamilə düz buyururlar.
– Bir də oxu.
Həkimülmülk şeri bir də təkrar etdi. Şah bir də güldü.
– Get, sənədləri gətir!
Həkimülmülk qayıdıb özünü qapıdan çölə atdı. “İlahi, şükür, yaxşı qurtardım” deyib sənədlərin dalınca qaçdı.
Rza xan gah pəncərə qabağında duraraq qeyri-müəyyən bir nöqtəyə baxır, gah da hakim addımlarla otaqda gəzinir və düşünürdü. Onun beynini məşğul edən məsələ dövlətlər arasındakı qeyri-sabit münasibətlər, mürəkkəb diplomatik əlaqələr, məmləkətin daxili və xarici vəziyyəti idi. Bu vəziyyət ona dumanlı görünür və ürəyində təşviş oyadırdı.
Xalqın əhvali-ruhiyyəsi, gizli narazılıqlar, nəhayət, buraxılan vərəqələr, həmişəlik cilovlandığını zənn etdiyi gizli, həm də güclü bir qüvvənin indi daha da artıq gücləndiyini ona hiss etdirirdi. Rza xan savadsız, elmsiz və avam saydığı xalq kütlələrini böyük şəxsiyyətlərin əlində tarixi işlər görmək üçün bir vasitə, kor-koranə tabe olmağa alışmış şüursuz bir şey hesab edərdi. İndi bu kor qüvvə sanki özünü göstərməyə başlayır və onun fikrində bir qorxu yaradırdı. O, bu vaxta qədər bu qüvvəni əbədi itaət altında saxlamaq üçün möhkəm və pozulmaz bir dəstgah düzəltdiyini güman edərdi. Yeni zabitləri, silahları və hərbi qaydaları olan ordu, nəzmiyyə və ədliyyə, vəzarətlər, bundan başqa, məmləkətin iqtisadi tərəqqisini təyin edən tacirlər, ərbablar, fabrik-zavod sahibləri, bu şüursuz başıpozuq qüvvənin fəaliyyətini faydalı səmtə salmaqda onun istinadgahı idi. O bu ağaları özünə söykənəcək saydığı kimi, onlar da Rza xana inanırdılar. Onun, məmləkətdə “başsızlıq”, “hərc-mərclik” yaranmasına, “lat-lütün” ayaq almasına yol verməyəcəyinə inandıqları üçün sərt rəftarına, təhqirlərinə dözür və hər şeyi “qüdrətli şəxsiyyət” olmasına bağışlayırdı. Dağıdıcı hərəkətin ilk əlamətləri görünən bu qorxulu selin qabağını indidən almasa, istinad etdiyi nöqtələrin də ayağı altından qaçacağını hiss edirdi: elə bir dəqiqədə birinci olaraq onun üzünə duran, “çəkil, bizə başqa hökmdar lazımdır!” – deyən həmin tacirlər, karxana sahibləri, ərbablar olacaqdır. Lakin o, buna yol verməyəcəkdi!..
O, savadsız bir adam olduğunu, lap ilk gəncliyindən başlayaraq soldat çəkmələri və nizami² paltardan başqa, bir şey görmədiyini, küt soldat beyni üçün yaranmış nizam qaydalarından başqa, heç bir elmi, heç bir kitabı əsaslı surətdə öyrənmədiyini hamıdan gözəl bildiyi halda, yenə də özünü böyük bir insan sayırdı. Hətta onda bilmədiyi şeylərə daxili bir nifrət də vardı. O qəti olaraq belə fikirdə idi ki, həqiqi elm yalnız silahı təbliğ edən, güc və qüvvəyə sitayiş edən elmdir. Qüdrətli şahlar və yorulmaz fatehlərdən danışmayan tarix beyinləri çaşdırdığı üçün zərərli idi. Heç bir qüdrəti və amansızlığı təbliğ etmədiyi, insanın ürəyində bəşəri hisslər oyatdığı üçün sənət və ədbiyyat millət üçün tiryəkdən pis idi. Yer üzündə təzim etməli bir şey varsa, o da qolun qüdrəti idi. Heç də təəccüblü deyildi ki, hər səhər yuxudan durarkən hərbi hissələri yoxlamaq İranda iyirminci əsr “zillullahının” adəti olmuşdu. Az-çox məntiqi bir söz danışan, yeni bir fikir deyən hər kəs onun qəzəbinə səbəb olurdu. O, həm öz aləmində, həm də başqalarının yanında “İnsan zülmə tabedir, güc olmayan yerdə həqiqət yoxdur” deyə təkrar edərdi. Belə bir əqidə onun hədsiz despotik təbiətilə həmahəng idi, bəlkə də, bu təbiətdən doğmuşdu. Hər halda bütün onunla oturub-duranların və on beş illik hakimiyyətini müşahidə edənlərin hamısı bu məsələdə eyni fikir söyləyirlər. Amansız və ənənəvi Şərq hakimiyyətinə əsaslanan bu müstəbid təbiətli adam eyni zamanda bir küçə qalmaqalçısı qədər ağzıyava, tərbiyəsiz və şaşqaçəkən idi. İran burjuaziyası əməkdarları ilə birlikdə yolu üzərinə çıxan bütün maneələri gah alçaq hiyləgərliklə, gah ikiüzlülük və yalançı vədlərlə, fürsət düşəndə də terror və ölümlə aradan qaldıraraq, bütün İranı hakimiyyəti altına keçirdikdən sonra onun müstəbid təbiəti və hüdudsuz xudbinliyi daha böyük qüdrətlə meydana çıxdı. Bu zamandan etibarən
¹ İsanın eşşəyini Məkkəyə aparsalar da, qayıdanda elə eşşək olaraq qalır
² Hərbi o özü də, həmməsləki olan ağalar da onun xırda bir şərq despotu deyil, böyük bir adam olduğuna inanmağa başladı. Bu etimad onda məmləkətin mənafeyi və gələcəyi üçün zərərli olan fikirlərin bilatəxir yerinə yetirilməsi həvəsini oyatdı. Hətta onda Allah qüvvəsi olduğunu iddia edən yaltaqlarla özünün də ciddi surətdə razılaşdığı məlumdur. Bu xəstə müxəyyələ, nəinki hazırkı, hətta keçmiş əməllərini də nəzərində böyüdürdü. Mazəndəranda keçmiş uşaqlıq dövrü, ailələrinə başçılıq etmiş əmisi Nəsrulla xanın səyilə 1900-cü ildə Lyaxovun kazak dəstəsinə girməsi, orada soldatlarla sərt və amansız rəftarı sayəsində getdikcə hərbi rütbəsinin artması bir-bir gəlib gözü önündən keçirdi. Nəhayət, 20-ci illər! Bu illərdə demokratik xalq qüvvələri ilə həyasız irtica və ingilis-Amerika mənbələri arasında oynadığı riyakar işlər, Seyid Ziyaəddin ilə birlikdə təşkil etdiyi dövlət çevrilişi, əsl böyüklüyün bir ifadəsi kimi, xəyalından keçirdi. Nagahani telefon zəngi onu bu xəyallarından ayırdığı üçün qəzəbləndi və zəng edənin mütləq bədxah adam olduğu fikrilə dəstəyi götürüb, nərə çəkdi.
Bu zaman tələsik öz otağından qayıdan Həkimülmülk sərhəng Səfaiyə və maliyyə vəzirinə rast gəldi. Onlar pıçıltı ilə:
– Əlahəzrət nə haldadır? Çox əsəbi deyil ki? – deyə soruşdular.
Həkimülmülk onların həyəcan və qorxudan saralmış üzünə baxıb, cavab vermək əvəzinə, şahın sarayı bürümüş nərəsinə işarə ilə:
– Bu haldadır! – dedi və tez onlardan ayrılıb, nə isə gətirmək bəhanəsilə geri qayıtdı.
Vaxt keçsin, şahın qəzəbi soyusun deyə, otağına girdi. Yalandan qurdalandı. Qayıdıb gəldikdə hələ də onları qapıda gözləyən gördü. İçəridən yenə də şahın əsəbi və qəzəbli səsi eşidilirdi. Xidmətçilər əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər. Hamının gözündə küt, vahimə ilə dolu bir ifadə hakim idi. İçəri girdikdə hər üçü yerə qədər əyilib təzim etdi. Şah müqəddiməsiz-filansız dişlərini qıcayaraq:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-on-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
İyirmi birinci fəsilKərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.