Page 1 of 5

Dünya hadisələri heyrətamiz bir sürətlə inkişaf edir, insanları hər gün yeni bir vaqiə qarşısına buraxırdı. Avropanın şərqində qızışmış müharibə alovu Polşanın ortadan çıxmasilə sanki soyumağa yatmağa başlayırdı. Lakin əsl həqiqətdə o, yerini dəyişirdi. Daha güclü bir yanğınla bütün Avropanı bürüyəcəyinin əlamətləri göz qabağında idi. Polyakları qızışdırıb ortalığa salan və bərk ayaqda köməksiz buraxan İngiltərə hakim dairələri, indi də Fransanı qabağa verməkdə idilər. Sanki onlar mağarasından çıxıb, ov axtaran həris və dəhşətli bir yırtıcının ağzına atmaq üçün yeni bir tikə, yeni bir qurban axtarırdılar. Onlar bu vəhşini Şərqə – Sovetlər İttifaqının üstünə salmaq planlarının baş tutmadığını gördükdə, Avropanı parça-parça onun ağzına atmaqla fəlakəti özlərindən uzaqlaşdırmağa və vaxt qazanmağa cəhd edirdilər. Hitler sözdə yenə sülhdən, Almaniyanın artıq heç bir tələbi olmadığından danışır, əməldə isə hərbi qüvvələrini bütün Avropanı fəth etməyə hazırlayırdı. Dünyanın bütün xalqları, Münhendə zəncirdən buraxılmış bu vəhşinin Avropa ilə kifayətlənməyəcəyini duyur, dərin bir əndişə və iztirabla gələcəyi gözləyirdi. Dövlətlər və məmləkətlər arasındakı münasibətdə daimi və sabit bir şey gözə dəymirdi. Sanki dünyanın çarxı öz məhvərindən qopmuş və naməlum bir istiqamətə yuvarlanmaqda idi. Tarix, sahilini aşan fırtınalı dəniz kimi tufanlar, təlatümlər dövrünə qədam qoymuşdu. On beş illik Rza xan istibdadının yaratdığı və iranlıların bir çoxuna əbədi görünən qanun-qaydalar, tarixin bu təlatümü önündə çatdaq-çatdaq olmağa başlayırdı. Yavaş-yavaş cəmiyyətin düşüncəsində bu üsulun tezliklə dağıla biləcəyi fikri oyanırdı. Hər gün artmaqda olan zülm və terrorun yaratdığı vahimə və əndişə, insanların qəlbində və beynində oyanan bu fikrin təzahürünü ləngitsə də, tamamilə onun qarşısını almaqda aciz idi.

Hikmət İsfahani də qəlbən Pəhləvi səltənətinin dağılmasını gözləyənlərdən biri idi. Lakin o bu səltənətin əsaslandığı bünövrəni, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi. Əksinə, belə bir şeyi fikirdən keçirdikdə onu vahimə basırdı. Pəhləviyə qarşı çevrilmiş hər hansı mübarizənin tərəfdarı olan o, mövcud münasibətlər əleyhinə olan hər şeyin düşməni idi. Qanlı Pəhləvi hakimiyyətinə qarşı mübarizə labüddən ictimai çevriliş xasiyyəti alacağından, o ziddiyyətli bir vəziyyətə düşürdü. Lakin sövq-təbiilikdən doğan bir hiss onu ictimai mübarizəyə yox, Pəhləvinin təhqir və təzyiqinə dözməyə çəkirdi. Çünki bir neçə malikanəni Pəhləviyə qurban vermək, bütün qazanc və gəlirləri itirmək təhlükəsindən daha yaxşı idi. Bu fikir onda, xüsusilə son zamanlar möhkəmlənməkdə idi. Latviya, Litva, Estoniya kimi xalq hərəkatının qalib gəldiyi ölkələrə baxdıqca o, daxili bir vahimənin təsirilə Rza xan istibdadını daha da möhkəmlətmək ehtiyacını duyurdu. “İş, çörək və azadlıq istəyirik!” kitabı, dünya hadisələrini diqqətlə izləyərək belə bir fikri böhran keçirdiyi günlərdə onun əlinə çatdı. Kitabı oxuduqca o, əsəbiləşir və qızışırdı. Bəlkə də, Rza xanın təhqir, şübhə və təzyiqlə dolu on beş illik hakimiyyəti dövründə onun bu qədər əsəbiləşdiyi olmamışdı. “Ey dadi-bidad! Biz yatmışıq, sel az qalıb gələ bizi basa! – deyə düşünürdü. – Müharibə etmək lazım idi. İranı alt-üst edə biləcək bu əqidələri maqqaşla qaşımaq, qızmış dəmirlə yandırmaqdan başqa çarə yox idi”.

Bu fikirlərdən tamamilə ayrılmamışdı ki, Həkimülmülk zəng etdi. Onun səsini eşidən kimi Mazəndəran malikanəsi yadına düşdü, sözünü deməyə macal verməyib:

– Ağayi vəzir, – dedi, – hüzuri-şərifinizə ərz edim ki, hər şey hazırdır, əlahəzrətdən xahiş edin ki, acizanə olaraq təqdim etdiyimiz bir hədiyyəni bizdən qəbul buyursunlar.

Həkimülmülk özünü tülkülüyə vurdu:

– Bu nə xəcalətdir, ağayi Hikmət İsfahani, bu nə xəcalətdir. Ancaq hazırda məsələ malikanə məsələsi deyil. Əlahəzrətin daha mühüm bir tapşırığı var. O gün ovqattəlxlik oldu, deyə bilmədim. Yadımdan çıxdı.

Hikmət İsfahani: “Görəsən indi gözü nəyə düşüb” deyə daxili bir iztirabla:

– Buyurun, aciz qullarıyıq, – dedi.

Həkimülmülk kitab və onu yazanlar haqqında Rza xanın göstərişlərini bildirdikdə, o yüngül bir nəfəs aldı.

– Bizdən arxayın ol, əzizim, nə lazımdır yazarıq. Bəlkə, elə bu axşam fövqəladə vərəqə buraxdıq. Arxayın ol.

Trubkanı götürüb, Sofi İranpərəsti yanına çağırtdırmamışdı ki, Haroldun təşrif gətirdiyini söylədilər. O, tələsik yerindən durub, qapıya qaçdı. Amerikalı dostunu pillərdə qarşılayıb, onun qoluna girdi.

– Mister Harold, bizi şərəfyab buyurmusunuz! Bu gəlişlə başımızı uca etdiniz. Buyurun, buyurun içəri!

Mister Harold ticarət məsələləri haqqında Hikmət İsfahaniyə sevindirici xəbərlər gətirmişdi. Amerikadan onun adresinə maşınlar, qənd və sənaye malları göndərildiyini, yun və meyvə qurusunun qıyməti haqqında təkliflərinin qəbul edildiyini söylədi.

– Amerika alış-verişdə səxavətlidir. Xüsusilə geridə qalmış və köməyə ehtiyacı olan sizin vətəniniz kimi məmləkətlərlə o, alicənab rəftar etmək fikrindədir...

Hikmət İsfahani baş əydi:

– Mütəşəkkirik, mister Harold, mütəşəkkirik! Biz bütün gələcək ümidlərimizi Amerikanın köməyinə bağlamışıq. Bizim məmləkət kimi zəif və yoxsul bir məmləkətin Amerika kimi əlindən tutanı olmasa batıb gedər. Mister Harold, sözün açığını bilmək istəsəniz, belimiz sizə bağlı olmasa, biz bu boyda işlərə iqdam edə bilmərik. Nəhəng kimi qonşularımızla oyun oynamarıq.

Mister Harold güldü:

– Mənimlə diplomat kimi danışmayın, ağayi Hikmət İsfahani! Hər şeyi açıq danışaq, qonşularımızla yox, qonşumuzla. Siz Sovetləri nəzərdə tutursunuz...

– Allah Amerikanı da, İranı da sizə çox görməsin, mister Harold! Sözün açığı elədir. Elə bir müsibətə düşmüşük ki, nə qaçmaqla, nə də köçməklə qurtarmaq mümkün deyil.

– Nə qaçmaq, nə də köçmək lazım deyil. Möhkəm durmaq və mübarizə etmək lazımdır. Bu kitabı görmüsünüzmü?

– Bəli, görmüşəm.

– Siz də yazın. Siz də hay salın, dünyanı köməyə çağırın. Bolşeviklərin balaca bir dövləti məhv etmək istədiyini car çəkin. Elə edin ki, bizim də əlimizdə sizə kömək etməyə bir bəhanə olsun. Bu barədə meclis də gərək fikrini desin...

Mister Haroldun fikrini bir sözdən anlamağa adət etmiş Hikmət İsfahani:

– Mister Harold, mənim bu gözlərim üstə. Məclisin bu yığıncağında özüm bir nitq deyim ki, səsi bomba kimi dünyanı titrətsin. Bir hay salım, bir qışqırıq qoparım ki, bütün İran ayağa qalxsın. Vallah, lap camaatı cahada çağıraram. Deyərəm qalxın, rus bizi yedi, bolşeviklər bizdə din-iman qoymadı. Baydaq götürüb, bütün məclisi küçəyə çıxarım ki, Amerika, amandır, gəl bizə kömək elə!..

Sofi İranpərost uzun boynunu içəri saldı. Mister Haroldu gördükdə qayıtmaq istədi. Hikmət İsfahani onu çağırdı:

– Gəl, gəl, qulaq as. Bəlkə, bir şey qanasan. Yediyimiz çörəyə də dəyməzsiniz!..

Sofi İranpərəst:

– Ağa nəyə işarə edirlər? – deyə soruşdu.

– Nəyə işarə edəcəyəm, qurumsaq kişi? Bu boyda həngaməni görmürsən? Görmürsən ki, bu kitab rusların işidir, görmürsən ki, bunu yazan rus səfarətxanasıdır, görmürsən ki, Moskva bizim işlərimizə qarışır? Bunların heç birini görmürsən? Görürsən, bəs niyə ağzına su alıb oturmusan, kişi? Mən axı o ruznaməyə hər ay bir xalvar pul xərcləyirəm. Axı sənin bir insafın olsun, sən də ortalığa bir fikir at.

O danışdıqca Sofi İranpərəst uzun boynunu tərpədir, gözlərini döyərək qulaq asır və “bəli, bəli” deyib dururdu.

Nəhayət, mister Harold söhbətə qarışmaqla Sofi İranpərəsti onun əlindən qurtardı. Onlar fövqəladə vərəqə buraxmağın məsləhət olmadığı, bunun daha artıq bir çaşqınlıq törədəcəyi qərarına gəldilər. “Səda”nın sabahkı nömrəsində xüsusi məqalələr çap etməyi daha əlverişli gördülər. Bu qərarla da Sofi İranpərəstin yaxasından əl çəkdilər.

Mister Harold getmək istədikdə Hikmət İsfahani onu saxladı. Zorla Şimrana, bir yerdə nahar etməyə apardı.

Sofi İranpərəst tər basmış halda çıxıb, öz otağına getdiyi yerdə Kürd Əhmədə rast gəldi və ürəyini boşaltdı:

– Yenə ağa dədəmi yandırdı, dişinin dibindən çıxanı dedi.

Kürd Əhməd onun sözlü olduğunu görüb, qolundan tutdu:

– Buyur otağa, burda min qulaq var, belə sözlərin yeri deyil.

Otağa keçib, qapını örtdülər. Kürd Əhməd qartal gözlərini Sofi İranpərəsti tutdu:

– Nə olub, niyə acığı tutmuşdu?

– Sirkə küpü kimi pıqqıldayırdı. Barıt anbarından da qorxulu idi. Heç yaxın düşmək mümkün deyildi.

O, Hikmət İsfahaninin tapşırıqlarını, mister Haroldun dediklərini nağıl etdi:

– Bunlar hamısı bu amerikalıların, ingilislərin işidir. Yoxsa, bizim ağalarda o beyin hanı? – dedi və öz sözündən qorxmuş kimi, ətrafına baxıb əlavə etdi:

– Ağa, bu sözləri bircə sizə deyirəm ha! Öz aramızda qalacağına əminəm.

– Tamamən arxayın ola bilərsiniz! Məni ki tanıyırsınız.

– Bu şəhərdə sizdən başqa kişi görməmişəm. Bilirəm ki, öz yerinizi isti eləmək üçün özgəsinin evini yıxmazsınız!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yeddinci fəsil

Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.

11 min
Səkkizinci fəsil

– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:

31 min
Doqquzuncu fəsil

Fridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.

34 min
Onuncu fəsil

Rza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.

34 min

Poems by other poets