Page 5 of 5 · 80%

Fridun yenə təşəkkür etdi. Şəmsiyyə kiçik bir padnosla üç stəkan çay, şokolad və başqa şirniyyat gətirdi. Onları balaca stolun üstünə düzüb oturdu:

– Hə, darıxmısınız ki?

Fridun, yenə sınayıcı nəzərlərlə Südabəyə baxdı. Qız dərhal, bayaqdan bəri danışdığı bir sərbəstliklə:

– Ah, Şəmsiyyə xanım, darıxmaq nədir? Belə bir tanışlıq üçün təşəkkür edirəm!


Payızdan xeyli keçdiyinə baxmayaraq, cənub günəşi günorta zamanları yenə isti və cansıxıcı olurdu. Günəş yalnız üfüqlərə yatdığı, evlərin və ağacların kölgəsi bütün küçələri örtdüyü zaman sərin düşürdü. Günün bu vaxtlarında bütün Şərq şəhərlərində olduğu kimi. Tehranda da küçə və bazarlar qaynar bir qazanı andırır, başaçılmaz bir həyat canlanırdı. Bu zamanlar, demək olar ki, bütün əhali küçələrdə olurdu.

Laləzarda yenə böyük izdiham vardı. Kinoların qabağına nümayiş etdirilən filmlərin şəkilləri vurulmuşdu. Bunların əksəriyyəti Amerika filmləri idi. Bir az qabaqda gözünə tanış bir qız dəydi. O yaşlı bir arvadla maşına minmək istəyirdi. Arvadın qolundan tutub, maşına oturtdu və özü də qalxmaq istəyəndə üzü onlara tərəf düşdü. Fridun onu tanıdı. Bu Südabə idi.

Südabə də Fridunu gördü. Fridun onun maşına oturub gedəcəyini zənn etdi. Lakin o dayandı. Yaşlı arvada nə isə deyib, Friduna tərəf gəlməyə başladı.

– Salam, Südabə, nə xoş təsadüf!

Qızın qapqara gözləri yenə şam kimi şölələndi:

– Siz vədə xilaf çıxdınız, zəng etmədiniz. Mən isə gözlədim.

Südabə ona ağzını açmaq üçün macal vermədi, əlavə etdi:

– Bəlkə dəftəri itirmisiniz, bir də yaza bilərəm.

– Yox, itirməmişəm, cibimdədir. Lakin sizə əziyyət vermək istəmədim.

Qız onun qolundan tutaraq:

– Gəlin, gəlin, sizi anamla tanış edim! – dedi. – Belə ana dünyada tapa bilməzsiniz. Bir qüdsiyyət ilahəsidir. Məhəbbət və mehribanlıq heykəlidir.

Fridun qıza “bütün qızlar anaları haqqında bu fikirdədirlər” demək istədi. Lakin Şəmsiyyənin sözlərini xatırlayaraq, anasının onun üçün yeganə təsəlli olduğunu düşündü və susdu. Qız onu anasına təqdim etdi:

– Ana can, ağayi Fridunla tanış ol, həmyerliniz budur.

Arvad yerindən tərpənmək istədi. Fridun tez maşının içinə əyilib, ona salam verdi. Arvad ona bir vəzir xanımından çox azca şəklini dəyişmiş xalis bir kəndli qadını təsirini bağışladı. Arvad heyrətlə soruşdu:

– Necə yəni həmyerlimiz?..

Südabə gülümsədi:

– O da sizin Azərşəhərin güllü-çiçəkli bağlarının ab-havası ilə böyümüşdür. Mənə oranın gözəlliklərindən çoxlu hekayətlər, nağıllar danışmışdır. İndi mən elə bilirəm ki, əsl cənnət oradır.

– Ana səhv etmir, Azərşəhr doğrudan da Azərbaycanın dilbər bir guşəsidir.

Südabə gözlərini süzdürərək ona baxdı:

– Qismət olsa görərik.

Fridun bu baxışlardakı mənanı başa düşmədi.

Ana Südabəyə yavaşca:

– Qızım, Fridunu qonaq çağırsana, – dedi.

Südabə ona döndü:

– Anam sizi qonaq çağırır.

– Çox sağ olun. Mütləq gələrəm.

– Xudahafiz!

Onlar maşına oturdular. Fridun qapını örtdü, maşın hərəkət edib uzaqlaşdıqda geri döndü. Laqeyd və laübalı nəzərlərlə sağına-soluna baxınaraq, İstambul küçəsinə çıxdığı yerdə, sərtib Səlimi ilə qarşılaşdı. Sərtib onu görüncə, hərbi qiyafeli müsahiblərilə vidalaşıb, yanına gəldi. Siyasi vəziyyətin getdikcə gərginləşdiyini, ingilis və Amerikanın dövlətə öz təzyiqlərini artırdıqlarını ona söylədi:

– Gələcəkdə zəhərli meyvələr bitirəcək toxumlar əkilməkdədir. Lakin hələ gərdişin bizi haraya sürüklədiyini demək çətindir. Dövlətlər, ölkələr arasındakı münasibət elə cərəyana düşür ki, hadisələrin aqibətini görmək mümkün deyil. Sanki hər şey taleyin, fələyin, gərdişin ixtiyarına buraxılmışdır.

Fridun güldü:

– Tale, fələk, gərdiş!.. Bağışlayın, sərtib, bu sözlər heç sizin kimi açıqfikirli bir adama yaraşmır...

– Düz deyirsən, oğlan, heç mən özüm də bu sözləri, inandığım və ya xoşuma gəldiyi üçün demirəm. Acizlikdən, çıxış yolu tapmadığımdan deyirəm. Bilirsənmi, mövhumat, xurafat nədir? Cahil və qorxaq insanın yeganə təsəllisi.

Fridun: “Siz ki nə cahil, nə də qorxaq deyilsiniz!” – demək istədi, ancaq sərtibə hörməti ucundan bu sözləri ağzına almadı. Lakin sərtib onu hiss etmiş kimi:

– Mən də həyatın yaramazlığını görən, lakin onu dəyişməkdən qorxan adamlardanam, – dedi. – Necə dəyişməyi də bilmirəm, bu da cəhalətdir.

– Doğrudan, sərtib, İranda sizin kimi bir-iki yüz adam yoxdurmu, yığışa və vətənin yaralarını sağaltmaq üçün bir tədbir tökə?..

– Niyə yoxdur, oğlan, var!.. Nəinki iki yüz, hətta iki yüz min də var. Lakin onların qabağını qalın bir divar kəsmişdir. Səsləri əlahəzrətə gedib çıxmır.

– Görəsən bu divarı uçurtmaq olmazmı?.. Heç belə bir təşəbbüs etdinizmi?

– Yox, etmədik, lakin mən o divarı uçuracağam.

O, Rza şahın yanına gedəcəyini, satqın vəzir və ərbabların onu necə aldatdıqlarını, məmləkəti kor qoyduqlarını başa salacağını həvəslə Friduna nağıl etdi. Fridun bu namuslu adamı dəhşətli bir xatadan qorumaq istədi:

– Sərtib, siz elə bilirsiniz ki, o, bu hasardan xəbərsizdir və siz deyən kimi onu uçuracaq?!

– Siz şübhə edirsiniz?!

– Yox, mən şübhə ilə yaşamağı sevmirəm. Mənim qəti etiqadım var ki, bütün bu fəlakətləri yaradan istibdad rejimidir. Şahlıq dövrü keçmişdir. O məmləkət ki, öz ixtiyarını bir müstəbidə tapşırmağı rəva görür, onun, doğrudan da, taledən, gərdişdən, fələkdən başqa bir ümidi qalmır!..

Açıq danışmağı sevən sərtib açıq danışan adamları da sevirdi. Bu adamlar, səmimi bir ürəklə onun etiqad və fikirlərinin əleyhinə çıxsalar belə, yenə acıqlanmazdı. Odur ki, Fridunun cəsarətlə və ürəkdən söylənmiş sözlərini, özünə qarşı böyük bir etiqad və sədaqətin ifadəsi sandı.

– Sənin cəsarətini təqdir edirəm. Sözlərinin mənasını isə yox.

Fridun:

– Mən də sizin kimi bir adamın xülya ilə yaşamasına təəssüf edirəm, – dedi və sözü dəyişmək istədi.

– Neft məsələsi düzdürmü? Yeni peymanlar bağlanacaqmı?

– Hamısı düzdür. İngilis və amerikanlar şimalda dəmir istehkamlar düzəltmək fikrindədir. Sovetlər əleyhinə ruznamələrin hay-küylərinə də səbəb budur. Yenə zindanların, məhbəslərin sayı artacaqdır! Artıq bunun ilk əlamətləri görünməkdədir. Dünən Təbrizdən bir dəstə məhbus gətirilmişdir. Ərdəbildə də böyük həbslər gözlənilir.

Fridun həyəcanlı bir səslə soruşdu:

– Orada niyə?

– Sərhəng mövqeyini möhkəmlətmək üçün bütün Ərdəbil əhalisini qırmağa hazırdır. Hikmət İsfahaninin kəndində baş verən hadisələr hələ də yaddan çıxmamışdır və bu da sərhəngin boynunda bir töhmət olaraq qalır. Sərhəng Səfailər öz canlarının dərdindən bütün məmləkəti qılıncdan keçirtməkdən çəkinmirlər. Musa kişi adlı birisinin bütün əmlakının müsadirə edilməsi və ailəsinin kənddən sürgün olunması həqqında əmr verilmişdir.

Bu xəbərdən Fridun sarsıldı. Musa kişini, onun körpələrini, Gülnazı düşündü. Onları bir müsibət gözlədiyini hiss etdi. Daxilində onlara kömək etməyi tələb edən hakim bir səs eşitdi. Dayanmaq olmazdı. Kəndə, onların köməyinə qaçmaq lazım idi.

Böyük bir gərginliklə şaşqınlığını, həyəcanını və iztirablarını boğaraq, sərtiblə vidalaşdı. Artıq bütün varlığı, “kənd, kənd” deyib dururdu. Heç bir təhlükə, heç bir qorxu onu qərarından döndərə bilməzdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yeddinci fəsil

Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.

11 min
Səkkizinci fəsil

– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:

31 min
Doqquzuncu fəsil

Fridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.

34 min
Onuncu fəsil

Rza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.

34 min

Poems by other poets